Məhkəmə qərarları › İş №2-1(112)-3470/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3470/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3470/2024 15.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “pul məbləğinin penya ilə birlikdə geri qaytarılmasına dair rəyin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “pul məbləğinin penya ilə birlikdə geri qaytarılmasına dair rəyin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizədə göstərilən 48276,36 manat artıq ödəmə məbləğinin və ərizənin təqdim edildiyi gündən ödəmə günü də, daxil olmaqla dövr üzrə hər gecikdirilmiş günə 0,1 % penya ilə birlikdə geri qaytarılmasına dair rəyin verilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərindən “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edilməsinə baxmayaraq, Vergi Məcəlləsinin 87-ci maddəsinə əsasən ərizədə göstərilən artıq ödəmə məbləği 48276,36 manat onlara 45 gün ərzində geri qaytarılmalı idi, lakin bugünədək həmin məbləğ onlara geri qaytarılmamışdır. Odur ki, həmin məbləğ ərizənin təqdim edildiyi gündən ödəmə günü də, daxil olmaqla dövr üzrə hər gecikdirilmiş günə 0.1 % penya ilə birlikdə (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.3-cü maddsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 48 saylı Qərarına əsasən) onlara geri qaytarılmalıdır. Bu barədə Dövlət Gömrük Komitəsinə ünvanladığı şikayət məktubuna da, formal cavab verərək heç bir qanuni tədbir görülməmişdir. Cavab məktubunda rəyin təqdim edilməli olduğu göstərilir, lakin, rəyin təqdim olunması üçün heç bir tədbir görülmür. Ona görə də, cavabdehin üzərinə bu barədə rəyin aidiyyəti maliyyə orqanına təqdim etmə öhdəliyi qoyulmalıdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, artıq ödənilmiş vergilərin və rüsumların qaytarılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması qaydaları” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı ilə təsdiq olunmuş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın müvafiq müddəaları ilə tənzimlənir. Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 2.1-ci bəndinə əsasən vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (Vergi Məcəlləsinin 38.3.3-cü və 38.3.4-cü addələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmş qərarın tarixindən etibarən) 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. İddiaçı MMC tərəfindən gömrük orqanına təqdim edilən **********6178 sorğu nömrəli gömrük bəyannaməsi üzrə yaranmış gömrük borcunun 2018-ci ildə ödənildiyi və həmin müddətdən artıq 5 ildən artıq müddət keçdiyi müəyyən olunmuşdur. İddianın ikinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, Gömrük Məcəlləsinin 267.3-cü mddəsinə əsasən bu Məcəllənin 267.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, gömrük ödənişlərinin qaytarılması gömrük orqanları tərəfindən fazilərin ödənilməsinə səbəb olmur. Həmin Məcələnin 267.4-cü maddəsində göstərilir ki, gömrük ödənişlərinin qaytarılması barədə qərar verildikdən sonra 3 (üç) ay ərzində ödəniş edilmədikdə və bu gecikmə gömrük orqanının (onun vəzifəli şəxslərinin) hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdikdə, gömrük orqanları tərəfindən Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi ilə faizlər hesablanır və şəxsə ödənilir. Faizlər üç aylıq müddətin başa çatdığı tarixdən gömrük ödənişinin qaytarıldığı tarixədək olan müddət üzrə hesablanır. Beləliklə, müəyyən olunur ki, iddiaçı artıq ödəmələrin geri qaytarılması ilə bağlı müraciət müddətini ötürdüyündən və iddia əsassız olduğundan rədd edilməlidir. Eyni zamanda bildirilmişdir ki, həmin pul vəsaiti iddiaçının gömrük orqanına müraciətinə əsasən onun tərəfindən gələcək xarici iqtisadi fəaliyyətində istifadə oluna bilər.

5. İddiaçı tərəfindən cavabdehin etiraz ərizəsinə mülahizə təqdim edilərək bildirilmişdir ki, artıq ödəmə məbləği məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icrası zamanı yaranmışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə icra olunmuş və artıq ödəmə məbləği də, həmin tarixdən yaranmışdır. Onlar artıq ödəmə məbləğinin yaranmasını isə xx.xx.2023-cü il tarixdə bilmişlər və elə həmin gün də, elektron qaydada, sonrakı gün, yəni, xx.xx.2023-cü il tarixdə kağz formatda cavabdehə ünvanlamışlar. Onu da, bildirmişlər ki, məhkəmə prosesinin 5 ildən artıq uzanması onların günahları deyildir. Odur ki, burada müddət xx.xx.2023-cü il tarixdən başladığı aşkardır. Hamıya bəlli olan halların sübuta ehtiyacı yoxdur. Eyni zamanda məhkəmənin nəzərinə çatdırırlar ki, eyni hal vergi orqanına qarşı da, iddiaları olmuşdur, məhkəmə prosesi 7 il davam etmişdir. 7 ildən sonra məhkəmə qərarı icra edildikdən sonra artıq ödəmə məbləğinin qaytarılması üçün onlar ərizə ilə müraciət etmişlər, eynilə olduğu kimi yenidən məhkəmə prosesi başlanılmış və artıq ödəmə məbləği geri qaytarılmışdır.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. “Köçürmənin aparılması haqqında” xx.xx.2018-ci il tarixli bildirişə əsasən İddiaçı tərəfindən Bakı Baş Gömrük İdarəsinin ƏDV sub-uçot hesabına 48276.36 manat məbləğində idxala görə ƏDV köçürülmüşdür.

9. Cavabdeh tərəfindən məhkəməyə inzibati icraat materiallarının təsdiq edilmiş surətləri (iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsi, gömrük bəyannamələri, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-52/2020 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi) məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə barədə iddia növünə aiddir.

11. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

14. Məcburetmə barədə iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

15. Məhkəmə işdə iştirak edən iddiaçının qanuni nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

16. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilən qanunvericiliyin normaları və işin halları ilə əsaslandırır.

17. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.

18. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

19. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

20. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

21. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 87.Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması. 87.1. Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, inzibati cərimələr üzrə borclar istisna olmaq şərti ilə, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. 87.4. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın: 1.1-ci bəndinə Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 266-270-ci maddələrinə əsasən hazırlanmışdır və gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları" ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli, 313 nömrəli Qərarı ilə təsdiq olunmuş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə ilə vergi orqanına, sığortaedən isə artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə vergi orqanına müraciət etməlidir. 3.2-ci bəndinə görə büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. 4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakı artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər.

24. Bəhs edilən qanunvericiliyin müddəalarından görünür ki, vergi qanunvericiliyi vergi ödəyicisi tərəfindən hər hansı səbəbə görə artıq ödənilmiş və ya vergi orqanı tərəfindən artıq tutulmuş vergi məbləğlərinin geri qaytarılması mexanizmini təsbit etmişdir. Artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir. Bu vəzifənin icrası və hüququn həyata keçirilməsi VM-nin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli, 313 nömrəli Qərarı ilə təsdiq olunmuş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın müddəaları ilə tənzimlənir.

25. Hazırkı mübahisə iddiaçı MMC tərəfindən artıq ödənilmiş vergi məbləğinin və gecikdirilmiş hər gün üçün həmin məbləğin 0,1% məbləğində faizin qaytarılması barədə müvafiq rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması ilə bağlıdır.

26. Nəzərə almaq lazımdır ki, inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından vergilərlə bağlı məsələnin həlli ilə əlaqədar hər bir halda inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə, həmin icraatın yekununda qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırılmış qərar qəbul etməyə borcludur. Şəxs inzibati orqanın hansı hallara və qanunvericilik normalarına söykənərək müvafiq qərarı qəbul etdiyini həmin qərardan aydın görmək imkanına malik olmalıdır. Cavabdehin verginin hesablanması yaxud yenidən hesablanması barədə iddiaçıya heç bir əsaslandırma olmadan sadəcə olaraq bidiriş göndərməsi yetərli sayıla bilməz və yolverilməzdir. Belə davranış şəxsin qanunauyğun qərarın qəbuluna, eləcə də obyektiv və lazımi inzibati icraatın aparılmasına olan tələb hüququnun pozulması kimi qiymətləndirilməlidir. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ da tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

27. Bundan əlavə, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla bağlı onun mülahizələrini və arqumentlərini dinləmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

28. Nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən əmlak hüquqlarına qanunsuz müdaxilələrdən qorunmaq üçün vergi ödəyicisini səmərəli hüquqi müdafiə imkanları ilə təchiz etməkdən ibarətdir.

29. Bununla bağlı məhkəmə vurğulayır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərdir. Bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).

30. Hazırkı mübahisəyə münasibətdə qeyd olunmalıdır ki, artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə rəy verilməsi ilə bağlı iddiaçının müraciətinə formal olaraq cavab yalnız qanunvericiliyin normalarının sadalanması ilə verilən cavab inzibati orqan tərəfindən həmin müraciətlər üzrə lazımi icraatın və obyektiv araşdırmanın aparılmadığını, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş inzibati orqanın işin hallarının hərtərəfli araşdırılması vəzifəsini müvafiq qaydada yerinə yetirilmədiyini göstərir.

31. Bundan başqa Məhkəmə qeyd edir ki, iddiaçının artıq ödəmə məbləğinin qaytarılması ilə bağlı cavabdehə müraciət etdiyi xx.xx.2023-cü il tarixdə onun həqiqətən də, qanuni qüvvəsini almış almış məhkəmə qərarı ilə mübahisə edilən məbləğdə (48276,36 manat) artıq ödəməsi mövcud olmuşdur. İddiaçının həmin tarixə artıq ödəməsinin olması işin mübahisəsiz halıdır.

32. Lakin nəzərə alınmalıdır ki, həmin məbləğlər ümumilikdə 2018-ci il üzrə dövrü əhatə edir ki, bu zaman həmin vəsaitin qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək üçün qanunla müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi aydınlaşdırılmalıdır. Bu araşdırmanın aparılması yönündə məhkəmə Vergi Məcəlləsinin müddəalarına istinad edir.

33. Belə ki, Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə yeni məzmunda əlavə edilmiş 1.4-cü maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.

34. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.

35. Göründüyü kimi, vergi qanunvericiliyi vergi orqanı tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququnu müəyyən müddətə məhdudlaşdırılmış və tələb etmə müddətini 5 il müəyyən etmişdir.

36. Yuxarıda göstərilənləri işin faktiki hallarına tətbiq etdikdə məlum olur ki, iddiaçı tərəfindən həmin məbləğ xx.xx.2018-ci il tarixdə ƏDV sub-uçot hesabına köçürülsə də, həmin məbləğin artıq ödəmə kimi təsbit edilməsi qanuni qüvvəsini almış məhkəmə qərarının icrası zamanı, xx.xx.2023-cü il tarixdə yaranmışdır və iddiaçı artıq ödəmə məbləğinin yarandığı gündən bir gün sonra dərhal ona həmin artıq ödənilmənin geri qaytarılması ilə bağlı müraciət ünvanlanmışdır. Göründüyü kimi, iddiaçının artıq ödəməsi xx.xx.2023-cü il tarixdə məhkəmə qərarının icrası nəticəsində müəyyən edildiyindən və o, həmin artıq ödəmənin qaytarılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada xx.xx.2023-cü il tarixdə müraciət etdiyindən və beləliklə, o, həmin vəsait üzrə 5 illik müddəti ötürmədiyindən qeyd edilən artıq ödəniş ona geri qaytarılmalıdır.

37. Məhkəmə bir daha qeyd edir ki, hazırkı iş üzrə iddiaçının cavabdehə müraciət etdiyi tarixdə artıq ödəməsinin olduğu göstərilir və bu hal cavabdeh tərəfindən də, mübahisələndirilmir. Cavabdeh hazırkı, halda yalınz iddiaçının artıq ödənilmiş vergilərin qaytarılması barədə müraciətin edilməsi üçün müddətin ötdüyünə istinad edir ki, bu hala da, artıq məhkəmə tərəfindən qiymət verilmişdir.

38. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçının müraciət etdiyi tarixə 48276.36 manat artıq ödəməsi olduğundan, onun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 87ci maddəsinin tələbləri baxımından artıq ödənilmiş vergiləri tələb etmək hüququna malikdir.

39. İddia tələbinin ikinci hissəsinə münasibətdə Məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə də, əsaslıdır.

40. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli, 313 nömrəli Qərarı ilə təsdiq olunmuş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: 6.1. Vergi ödəyicisi və ya sığortaedən tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə və ya sığortaedənə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. 6.2. Vergi ödəyicisinin və ya sığortaedənin artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə və ya sığortaedənə faiz ödənilmir.

41. Artıq ödənilmiş və ya düzgün tutulmayan verginin geri qaytarılmasının gecikdirilməsi anlayışı dedikdə müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, VM ilə başqa hallar nəzərdə tutulmuş müddətdən gec qaytarılması şəklində vergi hüququ pozuntusu başa düşülürür. Bu əməlin nəticəsi odur ki, vergi ödəyicisinə məxsus olan pul vəsaiti onun sərəncamına müəyyən edilmiş müddətdən gec daxil olur və onun həmin vəsaitə sərəncam vermək imkanı olmur. Pozuntuun subyekti məbləğlərin geri qaytarılması şəklində hərəkətsizlik kimi özünü göstərir. Bu əmələ görə vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz odənilir.

42. Göründüyü kimi qüvvədə olan qanunvericilik artıq ödənilmiş və ya düzgün tutulmayan verginin geri qaytarılmasının gecikdirilməsinə görə vergi orqanını pul məsuliyyətinə cəlb etmiş, hər gecikdirilmiş günə görə vergi məbləğinin 0,1 faizi məbləğində faizin ödənilməsini nəzərdə tutmuşdur.

43. Məhkəmənin qənaətinə görə iddiaçı son olaraq xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət etdiyindən və müraciət etdiyi tarixdən sonra 45 gün müddətində artıq ödənilmiş vergi məbləğinin qaytarılması cavabdeh tərəfindən təmin edilmədiyindən, vergi ödəyicisi qismində çıxış edən iddiaçı gecikdirilmiş hər gün üçün 48276.36 manat məbləğin 0,1% məbləğində faiz borcunu tələb etmək hüququna malikdir.

44. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.

45. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir.

46. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir.

47. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 236/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir. Hazırkı halda iddiaçı tərəfindən artıq vergi məbləğinin ödənilməsi sübut olunduğundan iddia tələbi əsaslıdır. Cavabdeh isə həmin ödəməni qaytarmaqdan imtina edərək öz vəzifələrinin icrasında yayınmış, bununla da iddiaçının hüquqlarını pozmuşdur.”

48. Kassasiya instansiya məhkəməsinin eyni mövqeyi həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-38/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında da əks olunmuşdur. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki, “Hazırkı mübahisəyə münasibətdə qeyd olunmalıdır ki, artıq ödənilmiş vergi borcunun qaytarılması barədə rəy verilməsi ilə bağlı iddiaçının dəfələrlə edilən müraciətlərinə cavabdeh tərəfindən ərizənin düzgün tərtib olunmaması, vergi orqanının adının və ödəmə tarixinin düzgün göstərilməməsi şəklində verilən cavablar inzibati orqan tərəfindən həmin müraciətlər üzrə lazımi icraatın və obyektiv araşdırmanın aparılmadığını, “İnzibati icraat haqqında” Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş inzibati orqanın yardım etmək vəzifəsinin müvafiq qaydada yerinə yetirilmədiyini göstərir.”

49. Göründüyü kimi formalaşmış məhkəmə təcrübəsi ona dəlalət edir ki, əgər artıq ödənilmiş vergi borcunun mövcudluğu təsdiq olunarsa, bu zaman gömrük orqanı inzibati icraat mərhələsində vergi ödəyicisinə yardım etməli, formal mülahizələrə istinad etməməli və inzibati icraatı obyektiv araşdıraraq, bu istiqamətdə yardım etmək vəzifəsinin müvafiq qaydada yerinə yetirməli, vergi ödəyicisinə artıq ödənilmiş vergi məbləğinin qaytarılması ilə bağlı rəy tərtib etməlidir.

50. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

51. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

52. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

53. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

54. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizəsində göstərilən 48276,36 manat artıq ödəmə məbləğinin və ərizənin təqdim edildiyi gündən ödəmə günü də, daxil olmaqla hər gecikdirilmiş gün üçün həmin məbləğin 0,1 %-i məbləğində penya ilə birlikdə geri qaytarılmasına dair rəyin verilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar