Məhkəmə qərarları › İş №2-1(112)-3471/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3471/2025

10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3471/2025 10.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkilu iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, X1 və İstismarı Birliyinin 06 sentyabr 1988-ci il tarixli, 16106 saylı müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 872 nömrəli 0,25 hektar torpaq sahəsinə xüsusi mülkiyyət hüququna dair hüququn ölmüş şəxs X3 məxsus olmasına dair çıxarışın (arayışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “Ləhiş bağ massivində yerləşən 872 saylı 0,2265 ha torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququna dair hüququn ölmüş şəxs X3 məxsus olmasına dair çıxarışın (arayışın) verilməsi” kimi dəqiqləşdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, X1 və İstismarı Birliyinin xx.xx.1988-ci il tarixli 16106 saylı Müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsindən ibarət 872 saylı bağ sahəsi mərhum atası X3 ayrılmışdır. Qeyd edilən torpaq sahəsi 36 ildən artıq müddətdir ki, sahiblik və istifadələrindədir. Qanun üzrə atasının vərəsəsi o olduğundan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsinə dair hüququn ölmüş şəxs X3 məxsus olmasına dair çıxarışın (arayışın) ona İddiaçı verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə torpaq sahəsinə dair bütün hüquqmüəyyənedici sənədlər əlavə edilməklə ərizə ilə müraciət etmişdir. Bu günədək cavabdeh tərəfindən müraciəti cavablandırılmamışdır. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət edir. Göründüyü kimi, cavabdehin müraciətin icrasından imtina edilməsinə əsaslandığı hal əsassızdır, torpaq sahəsinin istifadəsinə ayrılması barədə müqavilə mülkiyyət hüquqlarının qeydiyyatı üçün mötəbər qiymətləndirilməlidir. Göründüyü kimi cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş səlahiyyətlərini yerinə yetirməmiş, qanunsuz və əsassız olaraq mülkiyyət hüquqlarının qeydiyyata alınmasını təmin etməmişdir.

4. Cavabdehin iddiaya dair yazılı etirazını onunla əsaslandırılmışdır ki, İddiaçı “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququna dair hüququn ölmüş şəxsə X3 məxsus olmasına dair çıxarışın (arayışın) verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. Bununla əlaqədar olaraq bildiririk ki, iddiaçı müvafiq iddia ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmamasını xahiş edirik.

5. Cavabdehin iddiaçıya olan imtina məktubunda qeyd edilmişdir ki, idarənin arxiv əsaslarında mövcud olan təqdim edilmiş icarə müqaviləsinin arxiv nüsxəsində torpaq sahəsinin ölçüsü barədə məlumat qeyd olunmamışdır. Həmçinin idarənin arxiv əsaslarında mövcud olan sənədlər arasında torpaq sahəsinin nömrəsində uyğunsuzluq mövcuddur. Belə ki, həmin müqavilədə, eləcə də mərhum X4 ilə bağlanılmış ilkin xx.xx.1968-ci il tarixli müqavilədə bağ sahəsinin nömrəsi “872" kimi, xx.xx.1972-ci il tarixli aktda və xx.xx.1972-ci il tarixdə tərtib edilmiş cizgidə bağ sahəsinin nömrəsi “872/798”, xx.xx.1988-ci il tarixli aktda isə “798" kimi göstərilmişdir. Bundan başqa, qeyd olunan əmlaka dair Bakı İnzibati Məhkəməsinin icraatında 2-1(112)- 3471/2025 saylı iş üzrə məhkəmə işi mövcuddur və qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır.

6. İddiaçının cavabdehin etirazına dair yazılı münasibətini onunla əsaslandırılmışdır ki, cavabdeh orqan etirazını onunla əsaslandırır ki, bağ sahəsinin nömrəsində uyğunsuzluq mövcuddur. Belə ki, mərhum X4 ilə bağlanılmış ilkin xx.xx.1968-ci il tarixli müqavilədə bağ sahəsinin nömrəsi “872” kimi, xx.xx.1972-ci il tarixli aktda və xx.xx.1972-ci il tarixdə tərtib edilmiş cizgidə bağ sahəsinin nömrəsi “872/798”, xx.xx.1988-ci il tarixli aktda isə “798” kimi göstərilmişdir. İmtinanın əsası sadəcə bundan ibarətdir. İlk öncə qeyd etmək istəyir ki, istər 1968-ci il tarixli müqavilə, istərsə ondan sonrakı aktlar hamısı 1 saylı Bakı Ərazi İdarəsinin arxivində mövcuddur. Bunu cavabdeh öz məktubunda qeyd etmişdir. Həmçinin iddiaçının mərhum atasının həmin torpaq sahəsini 1968-ci il tarixdən istifadə etməsi və artıq 50 ildən çoxdur ki, onların istifadəsində olması işin mübahisəsiz halıdır. İkinci olaraq qeyd etmək istəyir ki, bağ sahəsinin aktlarda olan nömrəsi “872/798”, sonradan isə “798” olaraq göstərilsə də, bu imtina üçün əsas ola bilməz. Çünki aktların hər birində həmin aktın “16106” nömrəli Müqaviləyə məxsus olması qeyd edilmişdir. Yəni bağ nömrəsi hətta fərqli göstərilsə də, müqavilə eyni “16106” nömrəli müqavilə olmuş və torpaq sahəsinin ərazisi və ölçüsü naturada dəyişdirilməmişdir. Həmçinin əlavə olaraq qeyd etmək istəyir ki, hazırkı mübahisələrə dair Azərbaycan Respublikası Ali Məhkəmənin də kifayət qədər analoji qərarları mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş 2- 1(102)-815/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, belə ki, cavabdeh yenə də təkrarlayır ki, “iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsi “2909” saylı bağın ərazisinə uyğundur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, bağların bölgüsünə dair sxematik xəritənin tərtib edilməsi iddiaçının səlahiyyətinə aid olmayan məsələdir, bu cavabdehin və onun hüquqi sələflərinin vəzifəsidir və burada iddiaçını nədəsə günahlandırmaq tam əsassızdır. Digər tərəfdən, cavabdehin “torpaq sahəsi “2909” saylı bağın ərazisinə uyğundur” yazması da hər hansı hüquqi məna kəsb etmir. Belə ki, o zamanlar bağlar standart ölçüdə 0,25 hektar və şəkildə (formada) istifadəyə verilirdi ki, buna görə də bağların ərazilərin, məhz sxematik qaydada biribirinə uyğun gəlməsi təbiidir. Yuxarıda göstərilənlərə əsasən və cavabdeh tərəfindən verilmiş etiraza münasibət bildirərək bir daha qeyd etmək istəyir ki, cavabdeh orqanın hazırkı inzibati iş üzrə mövqeyi qanuni deyildir. Kifayət qədər əsaslandırılmadan və hüquqi məna kəsb etmədən tərtib edilmişdir. Bütün yuxarıda sadalananlara əsasən, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

7. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhər İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı Trestinin bağ və binaların uzunmüddətli icarəyə verilməsi barədə xx.xx.1968-ci il tarixli 16106 saylı müqaviləsi əsasında Ləhiş qəsəbəsində yerləşən 0,25 ha olan 872 saylı bağ sahəsi X3 icarəyə verilmişdir.

8. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhər İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı Trestinin bağ və binaların uzunmüddətli icarəyə verilməsi barədə xx.xx.1988-ci il tarixli 16106 saylı müqaviləsi əsasında Ləhiş qəsəbəsində yerləşən 872 saylı bağ sahəsi X3 icarəyə verilmişdir.

9. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş İV-ЖГ seriyalı 452733 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir.

10. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Ədliyyə Nazirliyinin ünvan ünvanlandığı xx.xx.2024-cü il tarixli 136 nömrəli məktubunda qeyd edilmişdir ki, Abşeron rayon Digah qəsəbəsində 25. 01.1966-cı ildə anadan olmuş İddiaçı müraciətinə əsasən xx.xx.1995-ci il tarixdə vəfat etmiş mərhum X2 adına vərəsəlik işi açılmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində 872 nömrəli sahədə yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsinə dair arayışı (FORMA 37) sorğunu təqdim etmiş şəxs vasitəsilə Abşeron rayon 2 saylı notariat ofisinə göndərilməsi xahiş olunmuşdur.

11. Cavabdeh tərəfindən təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətinin əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktına qeyd edilmişdir ki, Bakı şəhəri Ləhiş bağ massivi 872 saylı bağ sahəsinin sərhədləri şərtidir. Bağ sahəsinin faktiki ölçüləri 0,2265 ha təşkil edir.

12. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

15. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

17. İddia mümkündür. İİ. Məhkəmənin mövqeyi

18. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.1988-ci il tarixli 16106 saylı müqavilə əsasında Ləhiş bağlar massivində yerləşən 872 saylı bağ torpaq sahəsi X3 ayrılaraq onun istifadəsinə verilmişdir. X2 xx.xx.1995-ci il tarixdə vəfat etməsi ilə əlaqədar Abşeron rayonu 2 saylı Notariat ofisində vərəsəlik işi açılmışdır. Notariat ofisi tərəfindən cavabdehə məktub ünvanlanaraq sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquq müəyyənedici sənəd verilməsi xahiş edilmişdir.

19. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.

22. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

23. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

24. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

25. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

26. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

27. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

29. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

30. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

31. Məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.1968-ci il tarixli 16106 saylı müqavilə əsasında Ləhiş bağlar massivində yerləşən ümumi sahəsi 0,25 ha olan 872 saylı bağ sahəsi X3 ayrılmışdır. Torpaq sahəsinin faktiki ümumi ölçüsü 0,2265 ha təşkil edir.

32. Cavabdehin imtinasında göstərdiyi əsas dəlili ondan ibarətdir ki, idarənin arxiv əsaslarında mövcud olan sənədlər arasında torpaq sahəsinin nömrəsində uyğunsuzluq mövcuddur. İlkin xx.xx.1968-ci il tarixli müqavilədə bağ sahəsinin nömrəsi “872" kimi, xx.xx.1972-ci il tarixli aktda və xx.xx.1972-ci il tarixdə tərtib edilmiş cizgidə bağ sahəsinin nömrəsi “872/798”, xx.xx.1988-ci il tarixli aktda isə “798" kimi göstərilmişdir. Həmçinin qeyd olunan əmlaka dair Bakı İnzibati Məhkəməsinin icraatında 2-1(112)-3471/2025 saylı iş üzrə məhkəmə işi mövcuddur və qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır.

33. Məhkəmə cavabdehin göstərilən dəlilinə münasibətdə qeyd edir ki, bağ sahəsinin nömrəsində uyğunsuzluq təşkil etməsi iddiaçının iradəsindən asılı deyil və bu uyğunsuzluğun aradan qaldırılması cavabdehin səlahiyyətindədir.

34. Belə ki, aktların hər birində həmin aktın 16106 nömrəli müqaviləyə məxsus olması qeyd edilmişdir. Bağ nömrəsində dəyişiklik edilsə də, eyni 16106 nömrəli müqavilə olmuş və torpaq sahəsinin ərazisi və ölçüsü naturada dəyişdirilməmişdir.

35. Bununla yanaşı qeyd edilməlidir ki, məhkəmə sorğusu nəticəsində əldə olunan bağ sahələrinin sxematik xəritəsinin və qonşuluqda yerləşən bağ sahələrinin ortofotosunun qarşılaşdırılması zamanı iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin “872” saylı bağ sahəsinə uyğunluğu müəyyən olunur.

36. İnzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü verilməlidir.

37. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

38. Məhkəmə cavabdehin imtinasının digər dəlili - Bakı İnzibati Məhkəməsinin icraatında 2- 1(112)-3471/2025 saylı iş üzrə məhkəmə işi mövcud olması və qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamasına münasibətdə qeyd edir ki, sozügedən 2- 1(112)-3471/2025 saylı iş hazırkı mübahisəyə aiddir.

39. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

40. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

41. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

42. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

43. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində ümumi sahəsi 0,2265 ha olan 872 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar