Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3473/2022 11.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “məlumat vərəqinin göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2021-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə (bundan sonra - Cavabdeh) müraciət edərək, hərbi xidmət dövrü (2 il 10 gün), iki ali təhsil müəssisəsində ali təhsil aldığı dövr-3 il 6 ay və Dövlət Gömrük Komitəsində xidmətdən azad olunduğu günədək xidmət illəri-17 il 03 ay 21 gün olmaqla, cəmi 22 il 10 ay 01 gün xidmət stajı və təminat xərcliyi (sonrakı artımlar da) nəzərə alınmaqla “Məlumat vərəqi”nin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 135 saylı Qərarına uyğun formada hazırlanaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi üçün müvafiq göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış 1000-180/1xx-xx/014900 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirmişdir ki, "Əmək pensiyaları haqqında” xx.xx.2006-cı il tarixli Azərbaycan Respublikası Qanununun 9.5.1-ci və 9.5.3-cü maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların, hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12,6 ayını hərbi xidmətdə keçirmiş şəxslərin hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının gömrük orqanlarında xidmət illəri 17 il, 03 ay, 19 gün, müddətli həqiqi hərbi xidmət illəri isə 1 il, 10 ay, 11 gün (cəmi xidmət illəri 19 il, 02 ay, 0 gün) təşkil edir. Qeyd edilən normativ hüquqi aktların tələbləri nəzərə alınaraq iddiaçının xahişini yerinə yetirmək imkan xaricindədir. Bunan sonra xx.xx.2021-ci il tarixdə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqanın imtinası qanunsuz sayılmaqla, Dövlət Gömrük Komitəsində xidmətdən azad olunduğu günədək-həqiqi hərbi xidmət dövrü (2 il 10 gün), iki ali təhsil müəssisəsində ali təhsil aldığı dövr-3 il 6 ay və Dövlət Gömrük Komitəsində xidmətdən azad olunduğu günədək xidmət illəri-17 il 03 ay 21 gün olmaqla, cəmi 22 il 10 ay 01 gün xidmət stajı və təminat xərcliyi (sonrakı artımlar da) nəzərə alınmaqla “Məlumat vərəqi”nin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 135 saylı Qərarına uyğun formada hazırlanaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdeh orqana həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 22 yanvar 2022-ci il tarixli, 2-1(112)-3473/2022 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçı 26 mart 2002-ci ildən 17 iyul 2019-cu il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində müxtəlif vəzifələrdə xidmət etmiş, xx.xx.2019-cu il tarixdə öz xahişi ilə gömrük orqanından xidmətdən azad olunmuşdur. Gömrük orqanlarında xidmət illəri 17 il 03 ay 21 gün təşkil etmişdir. Bununla yanaşı, Dövlət Gömrük Komitəsində xidmətə qəbul olunmazdan əvvəl 1983-1989-cu illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda əyani təhsil almışdır. xx.xx.1985-ci ildən xx.xx.1987-ci il tarixədək (2 il 10 gün) həqiqi hərbi xidmətdə olmuşdur. 1996-1999-cu illərdə Odlar Yurdu Universitetində ali təhsil almışdır. Dövlət Gömrük Komitəsində xidmətə qəbul edilənədək 2 ali məktəbdə təhsil aldığı illər (Azərbaycan Dövlət İncəsənət institutunda 4 il əyani təhsilin yarısı-2 il, Odlar Yurdu Universitetində 3 il təhsilin yarısı-1 il 6 ay), hərbi xidmət dövrü (2 il 10 gün) və xx.xx.2002-ci ildən xx.xx.2019-cu ilədək DGK-də xidmət illəri nəzərə alınmaqla, Dövlət Gömrük Komitəsində xidmətdən azad olunan günədək 20 ildən çox hərbi xidmət illəri (5 il 6 ay 10 gün +17 il 3 ay 21 gün-22 il 10 ay 01 gün) nəzərə alınmaqla, “xüsusi rütbəli şəxs” kimi güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Cavabdeh orqan isə məlumat vərəqini aidiyyəti orqana təqdim etməməklə onun pensiya hüququndan faydalanmasına qanunsuz maneə yaratmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli, 1000-210/2xx-xx/019342 saylı iddiaya etirazında göstərmişdir ki, mövcud qanunvericiliyə əsasən təhsil müddəti sığorta stajının hesablanması zamanı nəzərə alınmışdır. Yalnız əvvəl qüvvədə olan və xx.xx.2006-cı il tarixdə hüquqi qüvvəsini itirmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanuna əsasən təhsil müddəti sığorta stajının hesablanması zamanı nəzərə alınırdı. Lakin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu iddiaçının tələbinin təmin edilməsindən ötrü tətbiq edilə bilməz, çünki iddiaçı barəsində “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanunun müddəalarının tətbiq edilərək, təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsindən ötrü tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olmalı idi. Həmçinin qanunvericilik normalarının tələbindən görünür ki, hərbi xidmət keçirmiş şəxslər hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların, hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərin hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. İşin mübahisəsiz hallarından da görünür ki, İddiaçı gömrük orqanlarında xidmət illəri 17 il, 3 ay, 19 gün, müddətli həqiqi hərbi xidmət illəri isə 1 il, 10 ay, 11 gün, ümumilikdə isə xidmət illəri 19 il, 2 ay təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etiraza uyğun çıxış etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan ПВ № 007608 nömrəli, 01 iyul 1989-cu il tarixli Diplomun surətindən görünür ki, İddiaçı 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olmuş və dövlət imtahan komissiyasının 30 iyun 1989-cu il tarixli qərarı ilə ona kütləvi tamaşalar rejissoru ixtisası verilmişdir. A № 047324 nömrəli, 1999-cu il tarixli Diplomun surətindən görünür ki, Odlar Yurdu Universitetinin dövlət atesstasiya komissiyasının 22 iyun 1999-cu il tarixli qərarı ilə İddiaçı Hüquqşünaslıq ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. İşdə olan Н3 № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1985ci ildə həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.1987-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılaraq hərbi uçota götürülmüşdür. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixli, 157ş nömrəli əmrlə Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə şöbəsinin inspektoru təyin edilmiş, xx.xx.2003-cü il tarixli, 116ş nömrəli əmrlə həmin İdarənin Maliyyə-tarif şöbəsinin böyük inspektoru keçirilmiş, xx.xx.2018-ci il tarixli, 100/1185ş nömrəli əmrlə Bakı Baş Gömrük İdarəsinin Gömrük əməliyyatları İdarəsinin böyük inspektoru təyin edilmişdir. xx.xx.2019-cu il tarixli, 1000/747ş nömrəli əmrlə öz təşəbbüsü ilə 15 iyul 2019-cu il tarixdən xidmətinə xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2002-ci il tarixli 158Ş nömrəli əmrindən görünür ki, Komitənin Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə şöbəsinin inspektoru İddiaçı ilkin gömrük xidməti baş leytenantı xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli, 1000- 210/2xx-xx/018645 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının gömrük orqanlarında xidmət illəri 17 il, 03 ay, 19 gün, müddətli həqiqi hərbi xidmət illəri isə 1 il, 10 ay, 11 gün (cəmi xidmət illləri 19 il, 02 ay, 0 gün) təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli, 768- İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 7-ci hissəsinə əsasən gömrük orqanlarına xidmətə qəbul olunan vətəndaşlara və gömrük orqanlarının vəzifəli şəxslərinə gömrük orqanının aşağıda göstərilən xüsusi rütbələri verilir (bundan sonra “xüsusi rütbə” adlanacaq): 1) gömrük xidməti giziri; tibb xidməti giziri; 2) gömrük xidməti baş giziri; tibb xidməti baş giziri; 3) gömrük xidməti kiçik leytenantı; tibb xidməti kiçik leytenantı; 4) gömrük xidməti leytenantı; tibb xidməti leytenantı; 5) gömrük xidməti baş leytenantı; tibb xidməti baş leytenantı; 6) gömrük xidməti kapitanı; tibb xidməti kapitanı; 7) gömrük xidməti mayoru; tibb xidməti mayoru; 8) gömrük xidməti polkovnik-leytenantı; tibb xidməti polkovnik-leytenantı; 9) gömrük xidməti polkovniki; tibb xidməti polkovniki; 10) gömrük xidməti general-mayoru; tibb xidməti general-mayoru; 11) gömrük xidməti general-leytenantı; 12) gömrük xidməti general-polkovniki; 13) Azərbaycan Respublikasının həqiqi dövlət gömrük xidməti müşaviri. Həmin Əsasnamənin 3-cü hissəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin tutduqları vəzifələr və bu vəzifələrə müvafiq xüsusi rütbələr aşağıdakılara bölünür: 1) kiçik heyət (gömrük xidməti giziri, gömrük xidməti baş giziri; tibb xidməti giziri, tibb xidməti baş giziri; 2) orta rəis heyəti (gömrük xidməti kiçik leytenantı, gömrük xidməti leytenantı, gömrük xidməti baş leytenantı, gömrük xidməti kapitanı; tibb xidməti kiçik leytenantı, tibb xidməti leytenantı, tibb xidməti baş leytenantı, tibb xidməti kapitanı); 3) baş rəis heyəti (gömrük xidməti mayoru, gömrük xidməti polkovnik-leytenantı, gömrük xidməti polkovniki; tibb xidməti mayoru, tibb xidməti polkovnik-leytenantı, tibb xidməti polkovniki); 4) ali rəis heyəti (gömrük xidməti general-mayoru, gömrük xidməti general-leytenantı, gömrük xidməti general-polkovniki, Azərbaycan Respublikasının həqiqi dövlət gömrük xidməti müşaviri, tibb xidməti general-mayoru). ƏPQ-yə əsasən: - maddə 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; - maddə 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; - maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. - maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - maddə 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. - maddə 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; - maddə 9.6. Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. - maddə 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 499 nömrəli 22 dekabr 2006-cı il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən həmin Qanunun 1.0.3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti nəzərdə tutulur. Həmin Fərmanın 2.4-cü bəndinə əsasən həmin Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. Azərbaycan Respublikası Nazilər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na əsasən: - 1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - ...Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - ...Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, ... xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. - 2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. - 3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən xüsusi rütbəli şəxslər, o cümlədən Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşları hərbi qulluqçular kimi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmişlərsə, onların güzəşli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin şəxslərə pensiya təyin edilməsi üçün ilkin olaraq şəxsin əmək pensiyası hüququ yarandığı tarixdən onun müraciəti əsasında sonuncu xidmət keçdiyi orqan tərəfindən xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi tərtib edilərir və bu məlumat vərəqi elektron qaydada qeydiyyata alınması məqsədilə Fonda ötürülür. İş materiallarından görünür ki, iddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli əməkdaşı olmuş və o, xidmət müddətinin 20 ildən artıq olduğunu iddia edərək xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqinin Fonda ötürülməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə onun ƏPQ-nin 9.5.1.-ci maddəsinə əsasən əmək pensiyası hüququnun yaranmadığını, yəni xidmət müddətinin 20 ildən az, cəmi 19 il 2 ay olmasını bildirmişdir. İşdən müəyyən olunur ki, tərəflər arasındakı əsas mübahisə iddiaçının ali təhsil müəssisəsində təhsil aldığı dövrün xidmət müddətinə daxil edilməsi ilə bağlı yaranmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli Qərarının 1-ci hissəsində göstərilmişdir ki, “müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: Gömrük orqanlarının kiçik heyət, orta, baş, ali rəis heyəti vəzifələrində xidmətə təyin olunma günündən... Zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir.” Göründüyü kimi, qanunverici şəxsin mülki ali təhsil müəssisələrində təhsil aldığı dövrü də pensiya təyin edilməsi üçün uzun müddət xidmətə daxil etmişdir. İşdən görünür ki, iddiaçı 1983-1989-cu illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda, 1996-1999-cu illərdə isə Odlar Yurdu Universitetində təhsil almışdır. İstinad olunan normaların tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı dövr də bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilməlidir. Lakin qanunverici təhsil müddətini xidmətə daxil edərkən onu 5 il müddət ilə məhdudlaşdırmışdır. Yəni şəxsin müvafiq qurumda xidmətə götürülməzdən əvvəl mülki ali məktəbdə təhsil aldığı müddətdən asılı olmayaraq həmin təhsil vaxtının beş ilədək müddəti bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Görüdüyü kimi, hər bir halda təhsil müddəti uzun müddət xidmətə daxil edilərkən bu müddət 2 il 6 aydan artıq olmayacaqdır. Belə olan halda iddiaçının mülki ali təhsil məktəbində təhsil aldığı dövr onun xidmət müddətinə daxil olunmalıdır. Lakin bu zaman bütün təhsil müddəti deyil, bu müddətin yalnız 5 ili, hər il 6 ay olmaqla uzun müddət xidmətə daxil edilməlidir ki, bu da 2 il 6 ay edir. Belə olan halda müəyyən olunur ki, iddiaçının gömrük orqanlarında xidmət müddəti 17 il, 03 ay, 19 gün, müddətli həqiqi hərbi xidmət illəri 1 il 10 ay, 11 gün, uzun müddət xidmətə daxil edilən təhsil müddəti 2 il 6 ay olmaqla, cəmi xidmət illləri 21 il, 08 ay təşkil edir. Deməli, iddiaçının ƏPQ-nin 9.5.1-ci maddəsinə əsasən pensiya hüququ yaranmış və buna müvafiq olaraq məlumat vərəqinin aidiyyəti orqana göndərilməsini tələb etmək hüququ mövcud olmuşdur. Lakin cavabdeh bu halları nəzərə almamış, iddiaçının müraciətini təmin etməkdən imtina etməklə onun hüquqlarının pozulmasına yol vermişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı məlumat vərəqi göndərilərkən sonrakı artımlar nəzərə alınmaqla təminat xərcliyinin göndərilməsini xahiş etmişdir. Halbuki ƏPQ-nin 1.0.5-ci madəsindən də göründüyü kimi təminat xərcliyinin özü elə sonrakı artımlar da nəzərə alınmaqla hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı hərbi xidmət dövrü - 1 il 10 ay 11 gün, ali təhsil müəssisəsində təhsil aldığı dövr -2 il 6 ay və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində xidmət illəri -17 il 03 ay 19 gün olmaqla, cəmi 21 il 8 ay xidmət müddəti və təminat xərcliyi nəzərə alınmaqla məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-3473/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3473/2022
11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver