Məhkəmə qərarları › İş №2-1(112)-3474/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3474/2022

17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3474/2022 17.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı, onun vəkili Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən ona güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı 20 sentyabr 2017-ci il tarixdən həmin Qanunun İV fəslində müəyyən edilmiş “Pensiyaların hesablanması” qaydasında güzəştli şərtlərlə pensiya təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona 57 yaşının tamam olduğu 20.09.2017ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx xxxxxxxx 1960-cı il tarixdə doğulmuşdur, 1975-1978-ci illərdə Peşə təsili məktəbində oxumuşdur, 1978-ci ildə əmək fəaliyətinə başlamışdır, 1979-1981-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıgdan sonra yenidən əmək fəaliyətinə başlamışdır və hal-hazıra qədər işləməklə ümumilikdə 40 ildən yuxarı əmək stajına malikdir və həmin əmək stajından 14 il 5 ay 22 gün zərərli əmək şəraitində işlədiyi dövrü əhatə etməklə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən əmək stajına aiddir. Qanunvericiliklə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququ əldə etmişdir. Ona görə də müvafiq sənədlərlə ona 57 yaşdan etibarən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Müraciətinə cavab olaraq göndərilmiş 26.05.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala 18 mart 2021-ci ildə daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə ayidiyəti üzrə baxılmışdır. ‘'Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin,vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr (35) bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi sənədlərində 09.01.1988-01.05.1997-ci ıl tarixləri arasındakı dövr ərzində “Azərətsüd” X11 Birliyinin texnoloji sexində kompressor maşinisti vəzifəsində işlədiyi qeyd edilmişdir. Adı çəkilən müəssisə tərəfindən ona dair 30 dekabr 2020-ci il tarixli 1/33 nömrəli arayışda kompressor maşinisti vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələr onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Qeyd olunan məlumatlar müvafiq arayışda əks olunaraq, Mərkəzi Filiala təqdim edildikdən sonra ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı məsələsinə baxılacaqdır. Bundan sonra məktubda tələb olunan, qüzəştli şərtlərlə pensiya hüququ verən məlumatlara dair müvafiq rəsmi arayışları o cümlədən, “Azərkontrakt” SC-nin “Azərətsüd” X11 Birliyinin 17 iyun 2021-ci il tarixli 1/26 saylı, həmin Birliyin 30 dekabr 2020-ci il tarixli 1/33 saylı, Fövqəladə Hallar Nazirliyinin DMEA-nin “Qala” Kombinatının 16 avqust 2019-cü il tarixli, "xxxx" ASC-nin 30.09.2020-ci il tarixli arayışlarını, əmək kitabçasının təsdiq olunmuş sürətini cavabdeh inzibati orqana ünvanlanmış ərizəyə əlavə edib, göndərmişdir. Həmin arayışlarla təsdiq olunur ki, 09.01.1988-ci ildən 01.05.1997-ci ilədək işlədiyi “Azərətsüd” X11 İdarəsində güzəştli şərtlərlə əmək stajı 9 il 3 ay 23 gün, yenidən həmin idarədə işlədiyi 01.03.2004-cü ildən 01.02.2005-ci ilədək müddətdə 11 ay, həmçinin Fövqəladə Hallar Nazirliyinin DMEA-nin “Qala” Kombinatında işlədiyi 06.02.2012-ci ildən 04.04.2016-cı ilədək 4 il 2 ay 29 gün, ümumilikdə 14 il 5 ay 22 gün güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı vardır. Müraciətinə cavab olaraq güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında cavabdeh inzibati orqanın 14 sentyabr 2021-ci il tarixli məktubda göstərilir ki, ərizəyə və ona əlavə olunmuş sənədlərə ayidiyəti üzrə baxılmışdır. Məktubda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinad olunmaqla, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddinin qanunvericiliyə uyğun olaraq, ona münasibətdə 39.000,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi 26.274,58 manat təşkil etməsinə əsaslanmaqla, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Texniki peşə məktəbində təhsil aldığı müddət və həqiqi hərbi xidmətdə olduğu müddət onun ümumi əmək stajına daxil edilməklə 40 ildən artıq müddətə əmək stajına malik olduğundan ona əmək pensiyası 57 yaşdan, yəni 20 sentyabr 2017-ci il tarixdən əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. Cavabdeh inzibati orqanın hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddinin qanunvericiliyə uyğun olaraq, ona münasibətdə 39.000,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi 26.274,58 manat təşkil etməsinə əsaslanmaqla ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etməsi əsassızdır. Belə ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermə anlayışı 10 mart 2017-ci il tarixdə “Əmək Pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əlavə edilmişdir. O, isə 01 yanvar 2006-cı ilədək, yəni “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olduğundan, ona yaşa və staja görə əmək pensiyası əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 02 noyabr 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəməyə təqdim etdiyi iddiaya dair 10.01.2022-ci il tarixli **********6 №li yazılı etirazında göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Ümumi peşələr bölməsində (35) təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Azərkontrakt” Səhmdar Cəmiyyətinin 30 dekabr 2020-ci il tarixli 1/33 №li və 17 iyun 2021-ci il tarixli 1/26 №li arayışlarda 09.01.1988-ci il tarixdən 01.05.1997-ci il tarixlər arasındakı dövrlər ərzində “Azərətsüd” X11 Birliyinin texnoloji sexində kompressor qurğuları maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi İddiaçı işlədiyi vəzifə qeyd olunan 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri vəzifəsinə uyğun deyildir. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 06 aydan az (04 il 01 ay 28 gün (06.02.2012-04.04.2016-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. İddiaçı-İddiaçı və onun vəkili Vəkil məhkəmə iclasında ayrı-ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X8 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiasının təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, onun vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1960-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. НЗ ******* №-li hərbi biletin təsdiq və tərcümə edilmiş surətindən müəyyən olunur ki, İddiaçı 30.04.1979-cu ildən 20.06.1981-ci ilədək hərbi xidmətdə olmuşdur. 27 iyul 1978-ci ildə verilmiş A 782368 №-li Diplomun təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 1975-ci ildə Bakı şəhəri 68 nömrəli orta Texniki Məktəbə daxil olmuş və 1978-ci ildə aşpazçılıq peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir (əmək kitabçasında olan qeydlərə əsasən: 01.09.1975-ci il tarixindən 20.07.1978-ci il tarixinədək təhsil almışdır). ИТ-İ ******* №li 04.09.1978-ci il tarixli əmək kitabçasının tərcümə və notarial qaydada təsdiq olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı: - “Zaqulba” pansionatına işə qəbul edilməzdən əvvəl aşbaş ixtisası üzrə 68 saylı orta peşə məktəbində 01.09.1975-ci il tarixindən 20.07.1978-ci il tarixinədək təhsil almışdır. - 01.08.1978-ci ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin 4-cü şöbəsinin nəzdində “Zaqulba” pansionatına 4-cü dərəcəli mövsümü aşpaz vəzifəsinə təyin olunmuş, 01.09.1978-ci ildə tutduğu vəzifədən azad edilmişdir. - 22.09.1978-ci ildə Nərimanov rayon X6 birliyi 25 saylı yeməkxanaya 4-cü dərəcəli aşbaz vəzifəsinə qəbul edilmiş, 18.04.1979-cu ildə hərbi xidmətə çəğırılması ilə əlaqədar işdən azad edilmişdir. - 28.07.1981-ci ildə Nərimanov rayon X6 birliyi fabrik-mətbəxə 4-cü dərəcəli aşbaz vəzifəsinə təyin edilmiş, 11.01.1983-cü ildə həmin yerdə 5-ci dərəcəli aşbaz kimi təsdiq edilmiş, 22.09.1983-cü ildə Gəncə rayonunda həmin vəzifəyə (aşbaz) təyin olunmuş, 11.11.1983-cü ildə 11 saylı yeməkxanada həmin vəzifəyə (aşbaz) keçirilmiş, 25.08.1984cü ildə işdən çıxarılmışdır. - 25.10.1984-cü ildə “Azərelektromaş” İstehsalat Birliyi BEMZ-də 30-cu sahəyə (qarışıq tullantıların toplanması və atılması üçün sənaye sahələrinin təmizlənməsi) 2-ci (ikinci) kateqoriyalı köməkçi işçi kimi qəbul edilmiş, 11.05.1986-cı ildə 18-ci sahəyə metal konstruksiyaların yığımı üzrə 1-ci dərəcəli çilingər ixtisası verilmiş, 19.10.1987-ci ildə işdən azad edilmişdir. - 06.01.1988-ci ildə “Azərətsüdticarət” idarəsinin texnoloji sexinə yükdaşıyan vəzifəsinə qəbul edilmiş, 09.01.1988-ci ildə 1 №li kompressor sexinə 3-cü dərəcəli kompressor qurğularının maşinisti vəzifəsinə keçirilmiş, 01.11.1988-ci ildə həmin sexdə 4cü dərəcə verilmiş, 17.06.1992-ci ildə 5-ci dərəcə verilmiş, 01.05.1997-ci ildə tutduğu vəzifədən azad edilmişdir. - 21.05.1997-ci ildə “Bakı Soyuducu kombinatı”na kompressor sexinə 5-ci dərəcəli maşinist qəbul edilmiş, 01.04.2000-ci ildə işdən azad edilmişdir. - 01.10.2002-ci ildə Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 121 saylı MKİS-ə süpürgəçi qəbul edilmiş, 10.02.2002-ci il tarixdə işdən azad edilmişdir. - 07.02.2003-cü ildə “X9” ATSC-də kompressor üzrə maşinist vəzifəsinə qəbul edilmişdir. 29.03.2003-cü ildə “X9” ATSC ləğv olunub “X5 Bazası” ASC yaradılmışdır. 01.04.2003-cü ildə “X5 Bazası” ASC-də “Kompressor üzrə maşinist vəzifəsinə” qəbul edilmişdir. 20.02.2004-cü ildə tutduğu vəzifədən azad edilmişdir. - 01.03.2004-cü ildə “Azərətsüd” X2 vəzifə maaşı əmək müqaviləsinə uyğun olaraq 1 №li kompressor sexinə soyuducu qurğuların təmirçi-çilingəri vəzifəsinə təyin edilmiş, 01.02.2005-ci ildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - 15.05.2006-cı ildə "xxxx" ASC-də SC-nin maya zavoduna kompressor üzrə maşinist vəzifəsinə qəbul edilmiş, 14.06.2008-ci ildə işdən azad olunmuşdur. 01.11.2009cu ildə həmin zavoda eyni vəzifəyə təyin olunmuş, 23.11.2010-cu ildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - 06.12.2012-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X1 Bakı şəhəri, “Qala” kombinatının Soyuducu anbarının soyuducu qurğunun maşinisti vəzifəsinə təyin edilmiş, 04.04.2016-cı ildə tutduğu vəzifədən azad edilmişdir. - 04.03.2016-cı ildə “İpək Yol” firmasında pivə zavoduna kompressor maşinisti vəzifəsinə qəbul olunub, 04.04.2019-cu ildə işdən azad edilmişdir. - 09.04.2019-cu ildə "xxxx" ASC-də əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə uyğun olaraq üç ay müddətinə iki həftə sınaq müddəti ilə Texniki istismar və təsərrüfat departamentinin Texniki şöbəsinə kompressor üzrə operator peşəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyəti “Azərətsüd” X11 Birliyinin 1/33 №li 30 dekabr 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı “Azərətsüdticarət” idarəsinin texnoloji sexinə 06.01.1988-ci ildə yükdaşıyan vəzifəsinə qəbul olunub, 09.01.1988-ci ildə 1 №li kompressor sexinə 3-cü dərəcəli kompressor qurğularının maşinisti (zərərli əmək şəraitində) vəzifəsinə keçirilib, 01.11.1988-ci il tarixdə kompressor qurğuları maşinistinə (zərərli əmək şəraitində) 4-cü dərəcə verilib, 17.06.1992-ci il tarixdə kompressor qurğuları maşinistinə (zərərli əmək şəraitində) 5-ci dərəcə verilib, 01.05.1997-ci il tarixdə tutduğu vəzifədən azad olunmuşdur. Yenidən 01.03.2004-cü il tarixdə “Azərətsüd” X3 1 №li kompressor sexinə soyuducu qurğuların təmirçi-çilingəri vəzifəsinə qəbul olunub. Əmək müqaviləsi 01.02.2005-ci il tarixdən ləğv edilib. Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyətinin 16.01.1998-ci il tarixli 6 saylı əmrinə və Dövlət qeydiyyatı haqqında 05.02.1998-ci il tarixli D-127 saylı şəhadətnaməyə əsasən “Azərətsüdticarət” idarəsi “Azərətsüd” X7 hesab edilmişdir. İşlədiyi müddət ərzində zərərli əmək şəraitində işlədiyinə görə əmək haqqının 24 faiz əlavə və 13 təqvim günü əlavə məzuniyyət verilmişdir. Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyəti “Azərətsüd” X11 Birliyi tərəfindən verilmiş 1/26 №li 17 iyun 2021-ci il tarixli arayışda Birlik tərəfindən verilmiş 1/33 №li 30 dekabr 2020-ci il tarixli məktubda göstərilmiş məlumatlar bir daha təsdiqlənməklə, əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi haqqında 12 №li qərarının “Ümumi peşələr” bölməsində ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuları maşinisti kimi güzəştli pensiya almaq hüququ var. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X1 Bakı şəhəri, “Qala” kombinatı tərəfindən verilmiş 16 avqust 2019-cu il tarixli arayışda göstərilmişdir ki, İddiaçı həmin Kombinatda 06.02.2012-ci il tarixdən 04.04.2016-cı il tarixə qədər soyuducu qurğunun maşinisti vəzifəsində işləmişdir. Soyuducu qurğulara xidmət edən kompressor sexi ammonyakla işlədiyinə görə zərərli sex sayılırdı. Zərərli sex olduğu üçün əmək haqqının 12 %-i zərərə görə hesablanıb və əmək məzuniyyətinə 6 gün əlavə verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarının 35-ci maddəsinin “Ümumi peşələr” siyahısında “Ammonyaklı soyuducu qurğuların maşinistləri” 40-cı bəndinə uyğundur. "xxxx" ASC tərəfindən verlmiş 30.09.2020-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı 09.04.2019-cu il tarixdən Cəmiyyətin Texniki istismar və təsərrüfat departamentinin Texniki şöbəsində kompressor vəzifəsində işləyir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 15 dekabr 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş Ticarət Nazirliyinin Bakı şəhər Ticarət və İctimai İaşə Baş İadrəsinin Səbail rayon Ticarət-Tədarük Birliyinin bazasında keçmiş Dövlət Əmlak Komitəsinin 02.03.1998-ci il tarixli 401 saylı sərəncamı ilə “X9” ASC yaradılmışdır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 30.11.2000-ci il tarixli, 2-1267/2000 saylı qətnaməsi ilə “X9” ASC-nin yaradılması haqqında keçmiş Dövlət Əmlak Komitəsinin 02.03.1998-ci il tarixli, 401 saylı sərəncamı və bununla əlaqədar keçirilmiş ixtsaslaşdırılmış çek hərraclarının nəticələri etibarsız hesab edilmiş və ləğv edlmiş “X9” ASC-nin bazasında keçmiş DƏİE üzrə DK-nin 16.05.2007-ci il tarixli 87 saylı əmri ilə "xxxx" MMC təsis olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Verg Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 18 fevral 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, “Bakı Soyuducu Kombinatı” 07.09.1994-cü il tarixdə KOL-1643 nömrəsi ilə dövlət qeydiyyatına alınmış və “Azərsənayetikinti” DŞ-nin tərkibinə daxil edilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Verg Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 01 mart 2022-ci il tarixli məktubu ilə "xxxx" MMC-nin və Bakı Soyuducu Kombinatının təsis sənədlərinin təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunmuşdur. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətlərə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 26.05.2021-ci il tarixli **********4 №li və 14 sentyabr 2021-ci il tarixli **********4 №li imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Ümumi peşələr bölməsində (35) təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Azərkontrakt” Səhmdar Cəmiyyətinin 30 dekabr 2020-ci il tarixli 1/33 №li və 17 iyun 2021-ci il tarixli 1/26 №li arayışlarda 09.01.1988-ci il tarixdən 01.05.1997-ci il tarixlər arasındakı dövrlər ərzində “Azərətsüd” X11 Birliyinin texnoloji sexində kompressor qurğuları maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi İddiaçı işlədiyi vəzifə qeyd olunan 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri vəzifəsinə uyğun deyildir. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 06 aydan az (04 il 01 ay 28 gün (06.02.2012-04.04.2016-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq müraciətçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (22.12.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 01.01.2006cı il tarixədək mövcud olmalıdır. İddiaçının ümumi iş stajı işin mübahisələndirilməyən hallarındandır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazında bildirmişdir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən ....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil (01.09.1975-20.07.1978=2 il 10 ay 19 gün) və hərbi xidmət dövrləri (30.04.1979-20.06.1981 = 2 il 01 ay 20 gün) də nəzərə alınmaqla 01.01.2006-cı il tarixədək 25 ildən artıq ((işlədiyi dövrlər 01.08.1978-01.09.1978; 22.09.1978-18.04.1979; 28.07.1981-25.08.1984; 25.10.1984-19.10.1987; 06.01.1988- 01.05.1997; 21.05.1997-01.04.2000; 01.10.2002-10.02.2002; 07.02.2003-20.02.2004; 01.03.2004-01.02.2005 = cəmi 20 il 02 ay 14 gün)) 25 il 02 ay 23 gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçının güzəştli iş stajı ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №li Qərarı ilə (23.01.2007-ci il tarixədək qüvvədə olmuş)“Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: “Ümumi peşələr” fəsli, kod 23200000; 23200000—14341 ilə qeyd olunmuş ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinistləri və 23200000—33775 ilə qeyd olunmuş təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq (09.01.1988-01.05.1997; 21.05.1997- 01.04.2000; 07.02.2003- 20.02.2004 = 13 il 2 ay 15 gün) güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Bu zaman məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə hazırki halda iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması şərti nəzərdə tutulmamışdır Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı 20.09.2017-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 57 yaşdan, yəni 20.09.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), 01.07.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Məhkəmə, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. İddia ərizəsindən və iş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 26 may 2021-ci il tarixli **********4 №li “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 2021-ci ilin mart ayının 18-də müraciət etmişdir. Eyni zamanda iddiaçı tərəfindən həmin tarixdən əvvəlki dövrlərdə hazırki tələblə cavabdeh inzibati orqana hər hansı üzürlü səbəbdən müraciət etməməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya ödəniləcək pensiya cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (18 mart 2021-ci il) əvvəlki illər üçün, yəni 2018-ci ilin mart ayının 18-dən hesablanaraq, ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü İddiaçı 57 yaşdan, yəni 20.09.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar