Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3474/2024 17.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi Məmmədova Faiqə etibar qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1971-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işlədiyi dövrdə qüvvədə “qulluq stajına görə təyin olunmuş əmək pensiyasının” azaldılması barədə qərarın əsassız olması əsası ilə ləğv edilməsi və 2003-cü ildən təyin edilmiş pensiyanın bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək, məhkəmədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/3- 7-13589/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının ləğv ediməsi və ona təyin olunmuş pensiyanın bərpa edilməsi və ödənilməyən pensiyanın hesablanıb ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1953-cü ildə anadan olmuşdur və əsgəri xidmətindən sonra ilk əmək fəaliyyətinə 1970-ci ildə başlamışdır. xx.xx.1970-ci ildən xx.xx.1971-ci ilə kimi “Elektomantaj” zavodunda işləmişdir. xx.xx.1971ci ildən xx.xx.2003-ci ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə və müxtəlif sahələrdə işləmişdir. 2003-cü ildə 37 il 02 ay 23 gün əmək stajı ilə pensiyaya çıxmışdır. xx.xx.2006-cı ildə o, Azərbaycan Respublikası Dövlət Neft ŞjrkətiniTəhlükəsizlik İdarəsində “X8 Xilas etmə Hərbiləşdirilmiş hissəsində işə daxil olmuş və xx.xx.2020-ci ildə SOCAR Sənaye Təhlükəsizlik İdarəsinin Əməyin və X6 və X2 əməyin mühafizəsi və təhlükəsizlik texnika üzrə böyük mühəndis vəzifəsindən yaşa görə pensiyaya çıxması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 15.03. 2006-cı ildən xx.xx.2020-ci ilədək Dövlət Neft Şirkətində işlədiyi 14 il 03 ay müddətində aldığı əmək haqqından qanunla müəyyən edilmiş məbləğdə təxminən 53.000 manat ödənilmiş sığorta kapitalnın Pensiyasına əlavə edilməklə ödənilməsi və ya sığorta kapitalının iddiaçıya birdəfəyə qaytarılmasının Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala həvalə edilməsi barədə Qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3295/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia ərizəsi təmin edilmişdir. Həmin işdən cavabdeh tərəf apellyasiya şikayəti vermişdir. Cavabdeh sonradan yəni, 2023-cli ilin fevral ayında məhkəməyə müraciət edərək onun pensiyasının yenidən hesablanması barədə qərar qəbul etdiyini, güya iş üzrə Bakı İnzibati Məhkəməsinin qərarını icra etdiyini bildirmiş və ona görə də Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın xx.xx.2023-cü il tarixli 2-1(103)-l 82/2023 saylı Qərardadı ilə işin icraatına xitam verilmişdir. Mübahisəli iş üzrə cavabdeh tərəfindən Apellyasiya Məhkəməsinə təqdim etdiyi Qərarda göstərilir ki, iddiaçıya hesablanmış pensiya üzrə azaltmalar tətbiq etməklə ilkin olaraq ona hesablanmış pensiya həddində yenidən hesablamaları tətbiq etməklə ona yeni pensiya müəyyən etmişdir. İddiaçı hesab edir ki, cavabdehin ona vermiş olduğu cavab əsasızdır və iddiaçının hüququnun pozulması kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmuşdur. Etiraza əsasən, vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı mütəmadi olaraq aparılan araşdırılmalar nəticəsində İddiaçı əmək pensiyasının vaxtilə yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Adıçəkilən şəxsə dair daxil olmuş yeni məlumat vərəqinə əsasən ödənilən pensiya məbləğinin artıq olması faktı aşkar edilib. Belə ki, M.Mtəllimovun vaxtilə xidmət etdiyi vəzifə maaşı hazırda 504 manat olduğu halda, adıçəkilən şəxsə ödənilən əmək pensiyasının hesablanması zamanı vəzifə maaşının məbləğinin 745 manat olaraq nəzərdə tutulduğu müəyyən edilib. Bununla əlaqədar adıçəkilən şəxsin əmək pensiyası 2.463,01 manatdan 1.765,85 manatadək azaldılıb. Beləliklə, M.Mütəəllimova ümumilikdə ödənilməli olan 6676,17 manat (5.793,27 + 882,90 (xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındaki dövr ərzində əmək pensiyasının tutulma) pul vəsaiti xx.xx.2024-xx.xx.2027-ci il tarixləri arasındaki dövr üzrə hər ay 151,73 manat olmaqla, adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə görə, o, Azərbaycan Respublikasının vətəndaşıdır və xx.xx.1953-cü il təvəllüdlüdür. xx.xx.1970-ci il tarixli əmək kitabçasının surətinə görə, iddiaçı xx.xx.1970-ci ildən xx.xx.1971-ci ilə qədər “Elektromontaj” zavodunda, xx.xx.1971-ci ildən xx.xx.2003-cü ilə qədər Daxili İşlər Nazirliyində xidmət etmiş, xx.xx.2003-cü ildən xx.xx.2004-cü ilə qədər "xxxx" Birgə Müəssisədə yanğın təhlükəsizliyi nəzarətçisi vəzifəsində, xx.xx.2006-cı ildən xx.xx.2020-ci ilə qədər “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təhlükəsizlik İdarəsi fontana qarşı dağmədən xilasetmə hərbiləşdirilmiş hissəsində rayon mühəndisi vəzifəsində işləmişdir. 29283 nömrəli DİN seriyalı Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsinin surətinə görə, polkovnik leytenant hərbi rütbəsi olan iddiaçı Baş Dövlət Yanğından Təhlükəsizlik İdarəsinin Şöbə Rəisinin Müavinəti vəzifəsində işləmiş, xx.xx.2003-cü ildə hərbi xidmətdən tərxis edilmiş, xx.xx.2003-cü il tarixdə pensiya təyin edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin xx.xx.2024cü il tarixli məktubuna əsasən sabiq əməkdaş İddiaçı xx.xx.2003-cü il tarixdə DİN-in BDYTl-nin Azərbaycan Dövlət Neft Şirkəti obyektləri üzrə Yanğın Təhlükəsizliyi İdarəsinin xidmət və hazırlıq şöbəsinin rəis müavini vəzifəsindən xidmətdən xaric olunmuşdur. Onun xidmətdən xaric olunduğu tarixə təminat xərcliyi 541.833 köhnə azərbaycan manatı təşkil etmişdir (vəzifə maaşı-109.000, rütbə maaşı-90.000, ərzaq payı əvəzinə kompensasiya - 123.733, fasiləsiz xidmət illərinə görə verilən əlavə -126.450, dəniz şəraitində işə görə əlavə-54.500, məharət dərəcəsinə görə verilən əlavə-38.150). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 499 nömrəli Fərmanına əsasən 1 yanvar 2007-ci il tarixindən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı və digər ödənişləri ilə bağlı funksiyalar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirilir. Filialdan alınan şifahi məlumata əsasən İddiaçı pensiya təminatı hazırda: vəzifə maaşı - 504,0 manat, rütbə maaşı - 154,0 manat, fasiləsiz xidmət illərinə görə 50 faiz əlavə - 329,0 manat, məharət dərəcəsinə görə 35 faiz əlavə - 176,40 manat, dəniz şəraitinə görə 50 faiz əlavə - 252,0 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası - 64,0 manat olmaqla, 1479,40 manat aylıq pul təminatından (xx.xx.2022-ci il tarixindən sonra əmək pensiyası təyin olunmuş əmək pensiyaçılarına vəzifə maaşının 20 faizi məbləğində əlavə maddi yardım və xx.xx.2023-cü il tarixindən tətbiq edilmiş əmək pensiyasının sosial hissəsinin 14.7 faizi artım nəzərə alınmaqla) 1765,85 manat təşkil edir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 2-17-1/3-7-13583/2023 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, iddiaçının pensiya məbləği vəzifə maaşının dəqiqləşdirilməsi nəticəsində yenidən hesablanaraq 2.463,01 manatdan 1.765,85 manata azaldılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 17 dekabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzi Filiala göndərilmiş İddiaçı dair 29283 nömrəli məlumat vərəqində qeyd olunan vəzifə ilə vəzifə maaşı arasında uyğunsuzluğun olduğu müəyyən edilib. Bununla əlaqədar tərəfimizdən adıçəkilən şəxsə dair məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə xx.xx.2023-cü il tarixli 3-17-1/2- 85855/2023 nömrəli məktubla sorğu göndərilib. Müvafiq sorğunuza cavab olaraq göndərilən 0337 nömrəli yeni məlumat vərəqinə əsasən ödənilən pensiya məbləğinin artıq olması faktı aşkar edilib. Belə ki, İddiaçı vaxtilə xidmət etdiyi X5 Xidmətində idarə tərkibində şöbə rəisinin müavini vəzifəsi üzrə vəzifə maaşı hazırda 504,00 manat olduğu halda, adıçəkilən şəxsə vaxtilə göndərilmiş məlumat vərəqində qeyd olunan məlumatlar əsasında ödənilən əmək pensiyasının hesablanması zamanı Bakı Regional idarə rəisinin müavini vəzifəsi üzrə vəzifə maaşının 745,00 manat olaraq nəzərə alındığı müəyyən edilib. İddiaçı hazırda cavabdehin onun əmək pensiyasını yenidən hesablayaraq məbləğini azaltması ilə razılaşmayaraq hazırkı iddianı qaldırmışdır. Məhkəmə qeyd edir ki: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.1.Əmək pensiyası dedikdə bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişi başa düşülür. 1.0.3. Hərbi qulluqçular dedikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslər başa düşülür. 1.0.5 Təminat xərcliyi (pul təminatı) dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ başa düşülür. 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş və buraxılmış əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər. 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın:
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X4 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir.
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 161-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır. Göründüyü kimi, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılan hərbi qulluqçuların, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilməklə, xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə məlumat vərəqəsi qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib edilir. Xidmət illəri hesablandıqdan sonra hərbi qulluqçuya bu barədə elan edilir. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı əmək fəaliyyətini həyata keçirdiyi X5 Xidmətində tutduğu vəzifə Yanğın Təhlükəsizliyi İdarəsinin xidmət və hazırlıq şöbəsinin rəis müavini olmuş və tarif cədvəlinə əsasən şöbə rəisinin müavini vəzifəsi üzrə müəyyən edilmiş əməkhaqqı 504,00 manat təşkil etmişdir. Lakin iddiaçının pensiyası idarənin tərkibində şöbə rəsinin müavini vəzifəsi üzrə deyil, yanlış olaraq Bakı Regional idarə rəisinin müavini vəzifəsi üzrə 745,00 manat məbləğ əsasında hesablanmış, nəticədə yüksək məbləğdə pensiya hesablanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qeyd olunan normaların tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya əmək pensiyasının məbləği düzgün hesablnmadığından, cavabdeh həmin məbləği yenidən hesablamaqda haqlı olmuş, bu zaman hər hansı bir normanın tələbini pozmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova