Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3474/2025 21.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq : TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidova küçəsi, ev 21a saylı binanın giriş 3, sahəsi 33,4 kv.m olan 44 nömrəli mənzilin iddiaçının adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüquqları yaranmış, bu hüquqlarının yaranmasının əsasında iddiaçının adına verilmiş sərəncam dayanır. İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********96 xaricolma nömrəli məktubla cavab verilmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 21a saylı evin, 44 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 120 saylı sərəncamı xx.xx.2011-ci il tarixdə verilmişdir. Həmçinin iddiaçı bir dəfə mənzil özəlləşdirmək hüququndan istifadə etmişdir. Belə ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi 13 saylı evin, 93 saylı mənzilinin qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı adına xx.xx.1998ci il tarixdə qeydiyyata alındığı müəyyən olunmuşdur. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı mənzilin faktiki ümumi sahəsinin 68,6 kv. m təşkil etdiyi müəyyən olunmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “ASAN 3” tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən Bakı şəhəri, ünvan 1 ünvanında İddiaçı, X1, X3 və X5 yaşayış yeri üzrə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və ANQSİHİ Respublikası Komitəsinin birgə iclasının xx.xx.2010-cu il tarixli, 3 №-li protokolundan çıxarış ilə ünvan 2 ünvanında, giriş 3, mərtəbə 4, 2 otaqdan ibarət 33,4 kv.m. yaşayış sahəsi olan 44 nömrəli mənzil İddiaçı qeydiyyatda olduğu Sahil qəsəbəsi, M. Seyidov küçəsi, ev 1 -də, 1 otaqdan ibarət yaşayış sahəsi 16,59 kv.m. olan 93 nömrəli özəl mənzil nəzərə alınmaqla 5 nəfərdən ibarət ailə tərkibinə ayrılmışdır. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 120 saylı, 04 noyabr 2011-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublikası Komitəsinin Sahil qəsəbəsi M.Seyidov küçəsi, 21a ünvanında yeni inşa edilmiş 9 mərtəbəli 126 mənzilli yaşayış evinin H.Əliyev adma Dərin Özüllər zavodunun 48 nəfər işçilərinə mənzil sahəsi verilməsi haqqında 20 aprel 2010-cu il tarixli birgə qərarı təsdiq edilmiş (20 aprel 2010-cu il tarixli 3 № -li protokol); Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 21 a, 3-cü giriş, 4-cü mərtəbə, 2 otaqlı, sahəsi 33,4 kv.m olan 44 saylı mənzil 5 nəfər (İddiaçı, X1, X6, X4 və X5) ailə tərkibinə verilmişdir. X5, X4, X1 və X6 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, onların mənzilin iddiaçının adına özəlləşdirilməsinə etirazlarının olmadığını bildirmişdirlər. Müayinə aktından görünür ki, mənzil 9 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir. Blok 3, soldan 1-ci qapı Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, sözügedən ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, qeyd olunan mənzilə dair Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 120 saylı sərəncamı xx.xx.2011-ci tarixində verilmişdir. SOCAR tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı SOCAR-ın Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu üzrə 15 fevral 1991-ci il tarixdən mənzil uçotuna götürülüb. SOCAR-ın rəhbərliyi və Azərbaycan Neft və X9 Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə iclasının 20 aprel 2010-cu il tarixli 3 nömrəli protokoluna əsasən, İddiaçı 5 nəfər ailə tərkibi ilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 21 a, giriş 3, mərtəbə 4, 2 otaqdan ibarət, yaşayış sahəsi 33,4 kv.m. olan 44 nömrəli mənzillə, təmin olunmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, imtina məktubunun və yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmaması üçün aşağıdakı halları əsas gətirmişdir: -Mənzilə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi; -İddiaçının bir dəfə mənzil özəlləşdirmək hüququndan istifadə etdiyi; -Mənzilin ümumi sahəsinin 68,6 kv.m təşkil etməsidir. Məhkəmə cavabdeh tərəfindən verilmiş imtinanın əsaslı olub-olmaması istiqamətində dəyərləndirmənin aparılmasını aşağıdaki qanunvericiliyin və normativ hüquqi aktların müddəaları ilə həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair. 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Bəhs edilən qanunvericiliyin müddəalarından göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. İddiaçı isə mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatına əsas olan həmin sənədlərə malik olmuşdur. Belə ki, iş materialları ilə də aydın olur ki, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınmasından imtinanın əsasını məhz yerli icra hakimiyyəti orqanının sərəncamının xx.xx.2009-cu ildən sonrakı tarixə aid olması təşkil edir. Cavabdeh tərəf imtina barədə təqdim etdiyi məktubda və etirazlarında məhz bu aspekti vurğulamış, lakin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 120 nömrəli, xx.xx.2011-ci il tarixli sərəncamının iddiaçının xx.xx.1991-ci ildən mənzil növbəsində olması ilə bağlı qəbul edildiyini nəzərə almamışdır. Məhkəmə, eyni zamanda, nəzərə çatdırır ki, iddiaçının mənzil növbəsinə götürülməsi, növbədən çıxarılması və yaşayış sahəsi ilə təmin olunması “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”na əsasən tənzimlənmişdir. Lakin bu proses onun yaşayış yeri üzrə deyil, bilavasitə iş yeri üzrə mənzil növbəsinə qəbul edilməsi əsasında həyata keçirilmişdir. Mübahisəyə səbəb olan mənzil 2011-ci ildə iddiaçıya ayrılmış olsa da, onun hüquq münasibətlərinin əsası 1991-ci ildən, yəni iş yeri üzrə mənzil növbəsinə götürüldüyü vaxtdan formalaşmışdır. Bu fakt hüquqi qiymətləndirmədə mühüm əhəmiyyət kəsb edir. Belə ki, iddiaçının həmin dövrdə mənzillə təmin edilməməsi onun iradəsindən asılı olmayan obyektiv hal olmuşdur ki, şəxsin gec mənzillə təmin olunması onun mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını istisna edə bilməz. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi Konstitusiya Məhkəməsi Avropa Məhkəməsinin də müvafiq qərarlarını də nəzərə almaqla hesab etmişdir ki, inzibati orqan tərəfindən, daha doğrusu inzibati orqanın məsul əməkdaşları tərəfindən yol verilən səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz. İndiki halda isə cavabdeh iddiaçının gec mənzil növbəsi ilə təmin edilməsini, şəxsin ziyanına şərh edir. Beləliklə Məhkəmə hesab edir ki, hazırki iddia üzrə mübahisənin həllində hüquq münasibətlərinin yarandığı anın müəyyən olunması mühüm rol oynamışdır.(Bu mövqeyi bir çox oxşar mübahisələrdə əks olunmuşdur: Azərbaycan Respublikası Ali Məhkəmə tərəfindən qəbul edilmiş 2-1(102)-722/2021 saylı qərarı) İddiaçının köçürülən mənzilə hüquqları 2009-cu il oktyabrın 1-dək yaranması müvafiq olaraq onun iş yeri üzrə mənzil növbəsinə götürülməsi ilə əlaqədar olduğundan, məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 120 nömrəli xx.xx.2011-ci il tarixli sərəncamı hüquqmüəyyənedici sənəd kimi qəbul olunmalıdır. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin: Maddə 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Məhkəmə cavabdehin digər imtina əsasına münasibətdə qeyd edir ki, cavabdeh iddiaçının özəlləşdirməklə bu hüququndan artıq bir dəfə istifadə etdiyinə əsaslanaraq ona münasibətdə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin müddəalarını tətbiq etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, mübahisəli mənzil dövlət və ya ictimai mənzil fonduna aid mənzili deyil, hüquqi şəxsin – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansında olmaqla xüsusi mənzil fonduna aid mənzil olmuşdur. X13 Şirkətinin xx.xx.2010-cu il tarixli, 03 nömrəli protokol qərarı ilə sözügedən mənzilin iddiaçıya verilməsi qərara alınmışdır. Qeyd olunmalıdır ki, mülkiyyət formasından asılı olaraq mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusundan ibarət xüsusi mənzil fondundan, mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusundan ibarət dövlət mənzil fondundan və mülkiyyət hüququ əsasında bələdiyyələrə məxsus olan yaşayış sahələrinin məcmusundan ibarət bələdiyyə mənzil fondundan ibarətdir. Bu mənada iddiaçıya ayrılmış mənzil istinad olunan norma baxımından hüquqi şəxsin – Dövlət Neft Şirkətinin xüsusi mənzil fondunun mənzili olaraq qəbul edilməlidir. Bu səbəbdən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları, xüsusən həmin Qanunun 7-ci maddəsi sözügedən mənzillə bağlı hazırkı mübahisəyə münasibətdə tətbiq edilə bilməz. Belə ki, istinad olunan həmin normaya görə, əvəzsiz özəlləşdirmək hüququndan istifadəyə qoyulmuş (yalnız bir dəfə istifadə ilə bağlı) məhdudiyyət yalnız dövlət və yaxud ictimai mənzil fondu mənzillərinə münasibətdə nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Azərbaycan X2 Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2010-cü il tarixli, 03 nömrəli protokol qərarına əsasən, iddiaçıya ayrılmış mənzilə hüquqtəsdiqedici sənədin verilməsi üçün onun uçot qovluğunun Qaradağ Rayon İcra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır. Bu mənada həmin protokol qərarının təsdiq edilməsi barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 120 nömrəli sərəncamı yuxarıda istinad olunan normada (Qanunun 8.0.1- ci maddəsində) nəzərdə tutulmuş akt anlamında qəbul olunmalıdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1233/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Azərbaycan X2 Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2012-ci il tarixli, 09 nömrəli protokol qərarına əsasən, iddiaçıya ayrılmış mənzilə hüquqtəsdiqedici sənədin verilməsi üçün onun uçot qovluğunun Səbail Rayon İcra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır. Bu mənada həmin protokol qərarının təsdiq edilməsi barədə Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamı hazırkı qərarın 20-ci bəndində istinad olunan normada (Qanunun 8.0.1ci maddəsində) nəzərdə tutulmuş akt anlamında qəbul olunmalıdır” Məhkəmə, cavabdehin mənzilin ümumi ölçüsünün 68,6 kv.m təşkil etməsi ilə bağlı dəlilə münasibətdə qeyd edir ki, bu barədə məhkəmə iclasında müzakirə aparılmış, iddiaçı mülkiyyət hüquqlarının qeydiyyatının məhz qanunla ona ayrılan mənzilə münasibətdə aparılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı hər hansı əlavə tikiliyə yox, hüquqmüəyyənedici sənəd ilə ona ayrılan sahəyə münasibətdə tələb irəli sürüb ki, bu da cavabdehin imtinasının həmin hissədə də əsassız olduğuna dəlalət edir. Eyni zamanda Məhkəmə onu da nəzərə alır ki, mənzildə faktiki yaşayan və qeydiyyatda olan şəxslər (X5, X4, X1 və X6) notarial qaydada təsdiq olunmuş ərizə ilə mənzilin iddiaçının adına özəlləşdirilməsinə etirazlarının olmadığını bildirmişdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidova küçəsi, ev 21a saylı binanın giriş 3, sahəsi 33,4 kv.m olan 44 nömrəli mənzilin İddiaçı adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-3474/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3474/2025
21.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver