Məhkəmə qərarları › İş №2-1(112)-3477/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3477/2025

01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3477/2025 01.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Ekologiya və Təbii Sərvətlər Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə inzibati işə 01 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfində, Baksol massivində yerləşən 2500 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(112)-3477/2025 nömrəli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və X8 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-3477/2025 nömrəli qərardadı X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi hissəsində ləğv edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsi ərazisində 0,25 ha torpaq sahəsi mülkiyyət hüququ ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən iddiaçıya satılmışdır. Belə ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsi ilə arasında xx.xx.2015-ci il tarixdə Torpaqların alqı- satqısına dair akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-(81)-4498/2014 saylı xx.xx.2014-ci il tarixli qərarının icrasına Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin iclasında baxılmış və Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin ərazisindən 0,25 ha torpaq sahəsinin satılması barədə 30 dekabr 2014-cü il tarixli 36/05 saylı qərar qəbul olunmuşdur. Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsi ilə bağlanmış xx.xx.2015-ci il tarixli Torpaqların alqı-satqısına dair aktın 2-ci bəndində tərəfindən "xxxx" ASC bankının **********101 saylı hesabına əvvəlcədən 5600 manat tələb olunan məbləğin BYB 225719 nömrəli qəbzlə ödədiyi qeyd olunmuşdur. Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsi ilə bağlanmış xx.xx.2015-ci il tarixli Torpaqların alqı-satqısına dair aktı mənim tərəfimdən imzalanmış, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri X11 tərəfindən imzalanmış və bələdiyyənin möhürü ilə təsdiq olunmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Binəqədi şossesinin sağ tərəfində, Baksol massivində yerləşən və M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2004cü il tarixli, 589 saylı qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə mülkiyyət hüququ əsasında vətəndaş X3 adına rəsmiləşdirilmiş, sonradan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi xx.xx.2014-cü il tarixli, 2-(81)-4498/2014 saylı qərarına əsasən onun adına dəyişdirilmiş 2500 kv.m torpaq sahəsinin yerləşdiyi ərazinin planı Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin bələdiyyə mülkiyyətinə nəzarət şöbəsinin memarı tərəfindən tərtib edilmiş, həmin bələdiyyənin sədri tərəfindən təsdiq edilmişdir. Ərazinin planı əsasında vətəndaş X6 mülkiyyət hüququ ilə satılmış və istifadəsində olan torpaq sahsi ona mülkiyyət hüququ ilə verilmişdir. Qüvvəyə minmiş 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Binəqədi şossesinin sağ tərəfində, Baksol massivində yerləşən 5.000 kv.metr torpaq sahəsi Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 589 saylı qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün X4 mülkiyyətinə verilmişdir. Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarına və Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 15 saylı qərarına əsasən X3 adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi üçün xx.xx.2005-ci il tarixdə 225719 saylı kassa mədaxil qəbzi ilə bələdiyyə büdcəsinə ödənilmiş 56.000.000 AZM (11.200 AZN) pul məbləğinin 28.000.000 AZM (5600 AZN) məbləğində olan hissəsi iddiaçının adına tanınmışdır. Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2012ci il tarixli 15 saylı qərarına əsasən X3 adına rəsmiləşdirilmiş torpaq sahəsinin 2500 kv.metr sahəsinə iddiaçı X9 ilə bələdiyyə arasında xx.xx.2012-ci il tarixdə torpaq alqı-satqı müqaviləsi bağlanmışdır. Torpaq sahəsində inşaat, tikinti işləri aparılmışdır. X7 torpaq sahəsini və üzərində tikdiyi tikililəri ona satmışdır. X3 torpaq sahəsini və tikililəri ona satması ilə əlaqədar olaraq Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin 27.04. 2012ci il tarixli 15 saylı qərarı ilə X1 2500 kv. metr torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı üçün adına sənədləşdirilməsinə dair ərizə ilə müraciət etmişdir. Ərizə Binəqədi rayonu, M. Ə. Rəsulzadə Bələdiyyəs tərəfindən təmin olunmamışdır. Torpaq sahəsinin X3 adından onun adına keçrilməsindən imtina olunmuşdur. X9 iddia ərizəsi ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2012ci il tarixli, 15 saylı qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə X3 adma sənədləşdirilmiş 2500 kv.metr torpaq sahəsi eyni təyinatla İddiaçı adıma rəsmiləşdirilməsi vəzifəsinin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinə həvalə edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-(81)-4498/2014 saylı qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 15 saylı qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə X3 adına sənədləşdirilmiş 2500 kv.metr torpaq sahəsinin eyni təyinatla İddiaçı adıma rəsmiləşdirilməsi vəzifəsi Bakı şəhəri, Binəqədi rayonu, M. Ə. Rəsulzadə Bələdiyyəsinə həvalə edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi xx.xx.2014-cü il tarixli, 2-(81)- 4498/2014 saylı qərarının icra olunması üçün Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsi 30 dekabr 2014-cü il tarixli, 13 saylı protokolu ilə 36/05 saylı qərar qəbul etmiş, Binəqədi rayonu, M. Ə. Rəsulzadə Bələdiyyəsi ilə mənim aramda 17.

01. 2015-ci il tarixdə Torpaqların alqı-satqısına dair akt təıtib edilməklə mülkiyyət hüququ ilə onun adına rəsmiləşdirilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Binəqədi şossesinin sağ tərəfində, Baksol massivində yerləşən əvvəlcədən X9 tərəfindən və sonradan Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən ona verilmiş torpaq sahəsində tərəfindən tikinti-quraşdırma işləri aparılmış, istehsalat sahələri yaradılmışdır. İstehsalat sahəsi üçün Torpaq sahəsində X9 tərəfindən çəkilmiş elektrik xətləri, quraşdırılmış trasfarmator yenilənmiş, "xxxx" ASC-yə müraciət edib 13.09. 2018-ci il tarixdə TX-18/0887 saylı texniki şərt alınmışdır. Ərazidə sex inşa edilmiş, anbar sahələri yaradılmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə 16.04. 2024-cü il tarixdə ərizə ilə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfində, Baksol massivində yerləşən 2500 kv. metr torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın verilməsinini xahiş etmişdir. Ərizəsinə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair əsas olan və tələb olunan sənədləri əlavə etmişdir. Cavabdeh tərəfindən 03 iyun 2024-cü il tarixli məktubla torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından imtina olunmuşdur.

Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, təqdim edilmiş alqı-satqı aktı Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir və təqdim olunmuş yerləşmə cizgisində istinadlar, məsafələr və koordinatlar göstərilməmişdir. Bundan başqa, təqdim olunan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 36/05 saylı qərarı xx.xx.2014-cü il tarixli olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Əlavə olaraq, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.6-cı maddəsinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Qeyd olunanlarla yanaşı, sənədlər toplusuna əlavə olunmuş məhkəmə qərarlarına əsasən İdarə məhkəmə işinə tərəf qismində cəlb olunmamış və İdarənin üzərinə icra ediləcək hər hansı öhdəlik qoyulmamışdır. Elektron kadastr məlumatına əsasən göstərilən sahə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adına verilmiş yerquruluşu planı tərtib edilmiş ərazinin daxilində və bütövlüklə Böyükşor gölünun mühafizə zolağında yerləşir. Həmçinin göstərilən sahə dövlət mülkiyyəti torpağı olmaqla, bir hissəsinə X2 müraciətləri daxil olmuşdur. Əlavə olaraq, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad, istinad məsafələri və perimetrik ölçülər qeyd olunmamışdır. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış və inventarlaşdırma işləri aparılan zaman sahənin faktiki ölçüsünün 3660 kv.m olduğu və 1.0 metr məsafəsində transformatorun mövcud olduğu müəyyən olmuşdur.

Üçüncü şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyi iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir.

Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İştirak etməməsinin səbəbləri ilə bağlı məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Faktiki hallar və sübutlar: Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 589 saylı qərarı ilə M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfindən, Baksol massivindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə ayrılmış 5000 kv.m. torpaq sahəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin İş №2-inz“81”-2152/2011 inzibati iş üzrə xx.xx.2011-ci il tarixli qərarına əsasən bələdiyyənin xx.xx.2012-ci il tarixli, 15 saylı qərarına uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vətəndaş X13 adına (2500 kv.m.), vətəndaş X3 adına (2500 kv.m.) rəsmiləşdirilmişdir. Sonradan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin İş № 2-(81)-4498/2014, xx.xx.2014-cü il tarixli qərarına əsasən M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfində, Baksol massivində yerləşən və vətəndaş X3 adına olan 2500 kv.m. torpaq sahəsi eyni təyinatla bələdiyyənin xx.xx.2014-cü il tarixli, 36/05 saylı qərarından çıxarışına əsasən vətəndaş İddiaçı adına rəsmiləşdirilmişdir. M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən 2500 kv.m torpaq sahəsinin vətəndaş İddiaçı adına rəsmiləşdirilməsi barədə qəbul olunmuş xx.xx.2014-cü il tarixli, xx.xx.2014-cü il tarixli, 36/05 saylı qərarından çıxarışın, eləcə də həmin qərarın qəbul edilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsinə gəlincə isə qeyd edirik ki, sözügedən qərar və onun qəbul edilməsinə əsas olan sənədlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən daimi saxlanmalı sənəd olaraq mühafizə olunması üçün Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir; Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş: - Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 15 nömrəli qərarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2inz“81”-2152/2011 nömrəli qərarının icrasını təmin etmək məqsədilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin X4 adına verdiyi xx.xx.2004-cü il tarixli, 589 nömrəli qərarı dəyişdirilərək 5000 kv.m-dən 2500 kv.m-i X13, 2500 kv.m-i isə X15 oölunun adına rəsmiləşdirilmişdir; - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-ci il tarixli, 2-(81)-4498/2014 saylı qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 15 nömrəli qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Ə.R.Səfərovun adına sənədləşdirilmiş 2500 kv.m torpaq sahəsinin eyni təyinatla İddiaçı adına rəsmiləşdirilməsinin M.Ə.Rəsulzadə bələdiyyəsinə həvalə edilməsi qərara alınmışdır; - Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 36/05 nömrəli qərarından çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfində, Baksol massivində yerləşən 2500 kv.m torpaq sahəsinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vətəndaş İddiaçı verilmişdir; - xx.xx.2015-ci il tarixli “Torpaqların Alqı-Satqısına dair Akt”ın surətindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-ci il tarixli, 2-(81)-4498/2014 saylı qərarının icrası məqsədilə Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən xx.xx.2014-cü il tarixli, 36/05 nömrəli qərar qəbul edilmiş, İddiaçı tərəfindən haqq ödənilmişdir; Sözügedən sənədlərə ərazinin planı əlavə edilmişdir.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ...

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ...

Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada): 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; ... 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyin alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli Fərmanı: Bənd. 2. Həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada):

7. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

Məhkəmənin mövqeyi: Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. İddiaçı Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 36/05 nömrəli qərarına istinad edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfində, Baksol massivində yerləşən 2500 kv.m torpaq sahəsinə dair hüququn dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi tələbini irəli sürmüşdür. Cavabdehin etirazının əsasını alqı-satqı aktının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməməsi, təqdim olunmuş yerləşmə cizgisində istinadlar, məsafələr və koordinatlar göstərilməməsi, Rəsulzadə Bələdiyyəsinin 36/05 saylı qərarının xx.xx.2014-cü il tarixli olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə cavab verməməsi, göstərilən sahənin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adına verilmiş yerquruluşu planı tərtib edilmiş ərazinin daxilində və bütövlüklə Böyükşor gölünun mühafizə zolağında yerləşməsi, dövlət mülkiyyəti torpağı olmaqla, bir hissəsinə X2 müraciətinin daxil olması, yerləşmə cizgisində dəqiq istinad, istinad məsafələri və perimetrik ölçülər qeyd olunmaması, faktiki ölçüsünün 3660 kv.m olması və 1.0 metr məsafəsində transformatorun mövcud olması təşkil edir. İnzibati orqanın tələbin təmin olunmasından imtinasının əsaslarından biri olan torpaq sahəsinə dair keçmiş DTXK tərəfindən təsdiq edilmiş alqı-satqı aktının əlavə olunmamasına münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından aydın olduğu kimi torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması, DTXK tərəfindən alqı-satqı aktının təsdiq edilməsi bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin DTXK tərəfindən alqı-satqı aktının təsdiq edilməməsi maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. Bundan başqa, torpaq sahəsinin mülki qanunvericiliklə nəzərdə tutulmuş məqsədlər üçün maraqlı subyektlərə ayrılması ilə bağlı icra hakimiyyəti orqanlarının və bələdiyyələrin fəaliyyəti publik-hüquqi fəaliyyət sayılır və sahəvi xüsusi qanunvericilik normaları ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunla nəzərdə tutulmuş ümumi prosedur qaydalara və prinsiplərə uyğun olaraq həyata keçirilməlidir. Həmin Qanunun tələblərinə görə, torpaq sahəsinin qeyd edilən məqsədlər üçün ayrılması ilə bağlı maraqlı şəxsin səlahiyyətli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə (inzibati orqana) müraciəti əsasında müvafiq inzibati icraat həyata keçirilməli və icraatın yekununda torpaq sahəsinin ayrılması və ya ayrılmasından imtina barədə inzibati akt - qərar qəbul olunmalıdır. İnzibati icraatda obyektiv araşdırma prinsipi hakimdir və həmin prinsipin tələbinə görə icraat zamanı və icraat çərçivəsində torpaq sahəsinin ayrılması ilə bağlı halların tam və hərtərəfli araşdırılması inzibati orqanın xidməti vəzifəsidir. Başqa sözlə, icraat zamanı tələb olunan, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş müəyyən işlərin görülməsi, müvafiq sorğuların göndərilməsi və rəylərin alınması, razılaşdırmaların həyata keçirilməsi, habelə plan – ölçünün hazırlanması torpaq sahəsinin ayrılması ilə bağlı inzibati icraatın tərkib hissəsi kimi nəzərdən keçirilməli və icraat nəticəsində obyektiv qanunauyğun qərarın qəbulu məqsədlərinə xidmət edən tədbirlər kimi dəyərləndirilməlidir. İctimai maraqlara xidmət edən həmin tədbirlərin görülməsi torpağı ayırmaq səlahiyyətinə malik olan inzibati orqanın xidməti vəzifəsinə və məsuliyyət sferasına aid edilməlidir. Maraqlı şəxsə münasibətdə isə icraat gedişində həyata keçirilmiş həmin tədbirlər deyil, yalnız inzibati icraatın nəticəsində qəbul edilmiş qərar müstəqil xarici hüquqi təsirə malikdir və şəxs üçün hüquqi nəticələr yaradır. İnzibati icraat çərçivəsində qərarın (inzibati aktın) qəbul edilməsinədək tələb olunan razılaşmaların həyata keçirilməməsi, rəylərin alınmaması və s. bu kimi hərəkətlər xarici hüquqi təsir effektinə malik olmadığından inzibati akt hesab olunmurlar və öz təbiətləri etibarilə inzibati icraat nəticəsində qərarın (konkret halda torpağın ayrılması barədə) qəbulunda iştirak xarakteri daşıyırlar. Xarici hüquqi təsir əlaməti belə qərarların inzibati akt kateqoriyasına aid edilməsində həlledici əhəmiyyət daşıyır. Bunun səbəbi onunla bağlıdır ki, inzibati orqanların daxili idarəçiliklə bağlı fəaliyyət sahəsini dövlət-vətəndaş münasibətlərinin yarandığı əsas hüquqlar sahəsindən fərqləndirmək üçün məhz həmin əlamətdən istifadə olunur. Bu baxımdan, inzibati icraatın gedişində qanunvericiliklə nəzərdə tutulmuş müəyyən razılaşdırmalar aparılmadan inzibati orqan tərəfindən torpağın ayrılması barədə qərarın qəbul edilməsi məsuliyyətini və riskini də məhz həmin inzibati orqan daşıyır. Torpaq ayrılması ilə bağlı qərar qəbul edilənədək qanunvericiliyin tələblərinə riayət edilib-edilmədiyinin yoxlanılması və ümumən bu fəaliyyətin həyata keçirilməsi üzərində qanunçuluğa nəzarət inzibati orqanların təşkilati sistemi daxilində mövcud olan nəzarət xarakterli hüquqi mexanizmlər vasitəsilə təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə əsasən inzibati aktın etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildirsə, inzibati orqan tərəfindən geri çağırılmadığı və ya qanunla müəyyən edilmiş qaydada ləğv edilmədiyi hallarda, maraqlı şəxsə ünvanlanmış həmin qərar formal hüquqi baxımdan qanunsuz olmasına rəğmən etibarlı sayılmalı və qeydiyyat üçün hüquqi əsas kimi qəbul edilməlidir. Belə yanaşma publik-hüquqi fəaliyyətin həyata keçirilməsi ilə bağlı səlahiyyətlər bölgüsü, etimad hüququnun qorunması və hüquqi təhlükəsizlik prinsiplərinin tələblərinə riayət olunmasına əsaslanır. Hüquqi dövlətdə publik idarəçilik sahəsində nəzərə alınmalı olan prinsiplərdən biri də şəxsin inzibati orqanın fəaliyyətinə - qərar və ya hərəkətlərinə olan etimadın qorunması prinsipidir. İnzibati icraatla bağlı qanunvericilikdə təsbit edilmiş şərtlər daxilində “contra leqem” etimadın qorunması imkanı tanınmalıdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, onun qəbul etdiyi inzibati aktı (və ya etdiyi hərəkəti) qanunauyğun və düzgün hesab etmək, onun məzmununa uyğun davranmaq və ona “a priori” etimad göstərmək haqqına malik olmalıdır. Şəxsin mövcud hüquqi vəziyyətə etimad göstərməsi və ona uyğun davranması həmin şəxs üçün neqativ nəticələrə səbəb olmamalıdır. Əksinə, inzibati orqanın qərar və hərəkətləri hüquqi təhlükəsizliyin və sabitliyin təmin olunmasına xidmət etməlidir. Bunun əsasında inzibati orqanın öz fəaliyyətində Konstitusiyaya və qanuna bağlılığı prinsipi dayanır. İş materiallarından göründüyü kimi torpaq sahəsinin ilkin satılması və sonradan dəyişdirilməsinə dair inzibati orqan tərəfindən inzibati icraat başlanılmış və nəticədə vətəndaşın xeyrinə əlverişli inzibati akt qəbul edilmiş və həmin akta torpaq sahəsinin yerləşdiyi ərazi planı əlavə edilmişdir. Həmin inzibati akt bugünkü günədək qüvvədədir. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Digər dəlillərlə bağlı məhkəmə qeyd edir ki, həmin torpaq sahəsinin iddiaçının qanuni istifadəsinə verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh torpaq sahəsinin cizgisində istinadlar olmadığını bildirərək mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Göründüyü kimi, iddiaçının qanuni istifadəsindəki torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Həminin yerləşmə cizgisinin tam oxunmaması və cizgidə koordinat və perimetrik ölçülərin olmaması iddiaçının məsuliyyət sferasına aid edilə bilməz. Qərarının xx.xx.2014-cü il tarixli olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə cavab verməməsi dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsinin ilkin olaraq ayrılması bələdiyyənin xx.xx.2004-cü il tarixli, 589 nömrəli qərarı ilə həyata keçirilmişdir. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən torpağın ayrılması qanunauyğun olmuşdur. Torpaq sahəsi sonradan həmin qərar əsasında və məhkəmə qərarlarının icrası məqsədilə sonuncu iddiaçı olmaqla başqa şəxslərin adlarına dəyişdirildiyindən sonuncuya münasibətdə yeni qanunvericiliyə istinad edərək qərarın tələblərə cavab vermədiyinin qeyd edilməsi əsaslı deyildir. Digər tərəfdən cavabdeh torpaq sahəsinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adına verilmiş yerquruluşu planı tərtib edilmiş ərazinin daxilində və Böyükşor gölünün mühafizəsində yerləşdiyini bildirir. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, göstərilən sahənin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adına verilmiş yerquruluşu planı tərtib edilmiş ərazinin daxilində və Böyükşor gölünun mühafizə zolağında yerləşməsinə dair iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər hansı münasibət bildirməmişdir. Bununla belə məhkəmə qeyd edir ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsinin iddiaçı ilə analoji sənədlər əsasında qeydiyyatına dair mübahisə ilə bağlı, həmçinin oxşar digər bir iş (2-1(102)-2117/2022, xx.xx.2022-ci il tarixli qərar) üzrə kassasiya instansiyası məhkəməsi artıq “Böyükşor gölünün mühafizəsi” ilə bağlı dəlillərə münasibət bildirmişdir. Məhkəmə kassasiya instansiyası məhkəməsinin mövqeyini əsas götürərək qeyd edir ki, müvafiq torpaq sahəsi ilkin olaraq Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı əsasında ayrılmış, iddiaçının xeyrinə isə Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2014-cü il tarixli qərarı qəbul edilmişdir. Böyükşor gölünün və onun mühafizə zonasının sərhədlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı isə 23 may 2017-ci il tarixdə qəbul olunmuşdur. Göründüyü kimi iddiaçının torpaq sahəsinə hüququ daha əvvəl yaranmışdır. Qeyd olunduğu kimi, Böyükşor gölünün mühafizə zonasının yaradılmasına iddiaçıya bələdiyyə orqanı tərəfindən hələ torpaq sahəsinin ayrılmasından uzun müddət sonra başlanılmış və bu hal iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnu məhdudlaşdırmır. Həmçinin, torpaq sahəsinin mühafizə zolağında yerləşməsi torpaq üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtinaya əsas deyildir (bunu qadağan edən imperativ norma mövcud deyildir). Torpaq sahəsinin mühafizə zolağında yerləşməsi yalnız mühafizə zolağının müəyyən etdiyi rejimə uyğun istifadə edilməsi ilə nəticələnir ki, cavabdehin torpaq sahəsinin mühafizə zolağında yerləşməsinə görə həmin torpaq sahəsi üzərində hüquqların qeyd alınmasından imtina edilməsi ilə bağlı mövqeyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8 və 15-ci maddələrinin tələblərinə ziddir. Cavabdehin X2 müraciətinin olması ilə bağlı dəlilinə münasibətdə qeyd edilir ki, məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(112)-3477/2025 nömrəli qərardadı ilə iş üzrə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə araşdırması zamanı tərəflər və üçüncü şəxs X2 nümayəndələri və cavabdehin mütəxəssis tərəfindən iddiaçının və X2 iddia etdiyi torpaq sahələrinə baxış keçirilmiş və onların koordinatları müəyyən edilmişdir. Təqdim edilmiş koordinatlar və xərətədən çıxarışdan aydın olmuşdur ki, torpaq sahələri heç bir hissə üzrə üst-üstə düşmür. Buna görə də məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(112)-3477/2025 nömrəli qərardadı X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi hissəsində ləğv edilmişdir. Cavabdehin torpaq sahəsinin faktiki ölçüsünün 3660 kv.m olması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı faktiki sahə üzrə deyil, sənəd üzrə göstərilən sahənin qeydiyyata alınmasını tələb edir. Faktiki sahənin iddiaçının tələb irəli sürdüyü sahədən daha çox olması imtina əsası ola bilməz. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfində, Baksol massivində yerləşən 2500 kv.m torpaq sahəsinə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfində, Baksol massivində yerləşən 2500 kv.m torpaq sahəsinə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar