Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-348/2023 10.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, X3 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzillə təmin olunma və mənzil kirayəsi haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qəzalı vəziyyətdə olduğuna görə sökülmüş yataqxananın yerində inşa edilmiş yeni binada kompensasiya kimi 1 otaqlı mənzillə təmin olunması və digər sakinlərə ödənilmiş miqdarda kirayə haqqının ona ödənilməsi barədə qərara qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, o, xx.xx.1984-cü ildən “Bakqazmaş Zavod” İstehsalat Birliyində (hal-hazırda "xxxx" ASC) əmək fəaliyyətinə başlamış, həyat yoldaşı X5 isə çilingər vəzifəsində işləmişdir. İşlədiyi dövrdə həmin zavodun yataqxanasında mənzillə təmin olunmuş və 63 saylı otaqda ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla 1993-cü il tarixə kimi yaşamışdır. 1993-cü ildə işdə olduğu vaxt faktiki istifadəsində olan 63 saylı mənzil Zəngilan rayonundan olan məcburi köçkünlər X9 və onun ailə üzvləri tərəfindən (əşyaları mənzildə olduğu halda) zəbt edilmişdir. Məcburi köçkünlərin zəbt etdikləri mənzillərdən çıxarılmasının qarşısının alınması məqsədilə bir sıra qanunvericilik aktları qəbul edilmişdir. Şəxsiyyət vəsiqələrinin surətindən göründüyü kimi, o, ailə üzvləri ilə birlikdə Xəzər rayonu, Buzovna qəsəbəsi, 21/43 saylı məhəllə "xxxx" zavodunun yataqxanasında qeydiyyatdadırlar. MKİS tərəfindən tərtib olunmuş məlumatdan görünür ki, 5 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə həmin siyahının müvafiq olaraq 214-218-ci sıralarında 21/43-cü məhəllədə yerləşən yataqxananın 63 saylı mübahisəli mənzilinin sakinləri kimi göstərilmişlər. Siyahıda Zəngilan rayonundan məcburi köçkün X7 6 nəfərdən ibarət ailə üzvü ilə həmin mənzili zəbt etdiyi qeyd olunmuşdur. Təqdim olunan “Şəxsi hesab vərəqəsi"ndən görünür ki, o, 5 nəfər ailə üzvü ilə birlikdə xx.xx.1984-cü ildən Xəzər rayonu, Buzovna qəsəbəsi "xxxx" Zavodunun yataqxanasında qeydiyyatda olmaqla yaşamış, kommunal və kirayə xərcləri ödəmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllədə yerləşən yataqxana binasının texniki vəziyyəti qəzalı olduğu müəyyən olunmuş, bu səbəbdən binanın istismarının dayandırılması və oradan sakinlərin çıxarılması tədbirlərinin yerinə yetirilməsi zəruri hesab edilmişdir. Qəzalı vəziyyətdə olan binada yaşayan sakinlərin köçürülməsi Cavabdehnə tapşırılmış və onun tərəfindən həyata keçirilmişdir. Bina sökülmüş və hal-hazırda onun yerində “Kristal Abşeron" MTK tərəfindən yeni bina inşa edilməkdədir. Qəzalı binanın sakinlərinin yeni binada mənzillərlə təmin olunması nəzərdə tutulmuş və bina istifadəyə verilənədək sakinlərin müvəqqəti kirayədə yaşaması üçün kirayə haqqı ödənilmişdir. Mübahisəli mənzildə yaşayan məcburi köçkün ailəsi faktiki yaşayan sakin kimi mənzillə təmin edilmişdir. Lakin məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması xüsusi dövlət proqramı sayəsində həyata keçirildiyinə görə onlar faktiki yaşayan sakin hesab olunmamalıdırlar. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində Xəzər rayonu, Buzovna qəsəbəsi, məhəllə 2143 ünvanında yerləşən (keçmiş Bakqazmaş zavodunun yataqxanası) yataqxana binasının Bakı Şəhər Mənzil-Kommunal Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olduğunu, həmin binaya dair Cavabdeh sərəncam vermək hüququnun olmadığını, habelə qəzalı binanın sökülüb yerində yeni binanın inşa edilməsinin Cavabdeh tərəfindən həyata keçirilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun çıxış edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək, iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə qeyd edir ki, inzibati iddialar üzrə iddianın mühüm mümkünlük şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının subyektiv hüququnun müəyyən olunmasıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarını araşdırdıqda aydın olur ki, hazırkı iş üzrə iddiaçının belə bir iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyil. Belə ki, işdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı Bakı şəhəri, Buzovna qəsəbəsi, Bakqazmaş zavodunun yataqxanasında qeydiyyatdadır. AZE seriyalı 08629266 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X5 Bakı şəhəri, Buzovna qəsəbəsi, Bakqazmaş zavodunun yataqxanasında qeydiyyatdadır. X2 məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək «Bakqazmaşzavod» İstehsalat Birliyində çilingər vəzifəsində işləmişdir. İşdə olan "xxxx" ASC-nin 08 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçının əri xx.xx.1959-ci il təvəllüdlü X5 «Bakqazmaşzavod» İstehsalat Birliyində (sonradan "xxxx" ASC-nə cevrilib, 16 avqust 2004-cü il tarixli, 136 к nömrəli əmr əsasında) xx.xx.1984-cü ildən (əmr № 58 к xx.xx.1984) xx.xx.1990-cı ilə qədər (əmr №18k, xx.xx.1990) çilingər vəzifəsində işləmişdir. 1984-cü ildən hal-hazırkı günə qədər "xxxx" zavodunun yataqxanasında pasport qeydiyatındadır. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 584 saylı sərəncamına və Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2009-cu il tarixli 67 saylı sərəncamına əsasən "xxxx" ASC-nin balansında olmuş yaşayış binaları və yataqxana 15 aprel 2016-cı il tarixli akta əsasən 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin tabeçiliyində olan Xəzər rayonunda yerləşən 111 saylı MKİS-nin istismarına verilmişdir. Yataqxanaya aid qeydiyyat forması, borclar haqqında məlumatlar, arxiv sənədləri 1 saylı Xüsusi təyinatlı MKTD-yə təhvil verilmişdir. 63 nömrəli otaqda yaşayanlar barədə heç bir məlumat yoxdur. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 08 saylı, 11 aprel 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı ailəsi ilə birlikdə 1984-cü il tarixdən Xəzər rayonu, Buzovna qəsəbəsi, Məhəllə 2143 ünvanında yerləşən "xxxx" zavodunun yataqxanasında qeydiyyatdadır və 4-cü mərtəbədə yaşayıb. Həyat yoldaşı X5 uzun müddət “Bakqazmaş" zavodunda işləyib. 1993-cü ildə onların yaşadığı mənzil naməlum səbəbdən sahibsiz olduğundan Zəngilan rayonundan olan məcburi köçkünlər həmin otağa yerləşiblər. 2019-cu ildə sözügedən yataqxana qəzalı vəziyyətdə olduğu üçün sökülüb, yerində yeni müasir standartlara uyğun bina tikilib. Binada məskunlaşmış məcburi köçkünlər Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən köçürülüb, həmin yataqxanada daimi qeydiyyatda olan faktiki yaşayan sakinlər mənzillə təmin olunub. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 38 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143 saylı məhəllədə yerləşən yataqxana binasının texniki vəziyyəti qəzalı olduğundan binanın istismarının dayandırılması və oradan sakinlərin çıxarılması tədbirlərinin yerinə yetirilməsi zəruri hesab edilmişdir. İddiaçı hazırda ailə üzvləri ilə birlikdə mübahisəli yataqxana binasında qeydiyyatda olmasına istinad edərək, həmin yataqxananın sökülməsi ilə bağlı mənzillə təmin olunmasını, həmin vaxtadək isə kirayə haqqının ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan və xx.xx.2009-cu ildə qüvvədən düşmüş Mənzil Məcəlləsinə əsasən: - Maddə 106. Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. - Maddə 107. Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Mədəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən. order verilir. Yataqxanada mənzil sahəsi tutmaq üçün order formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. İşi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Məhkəmə qeyd edir ki, işin istinad olunan hallarından görünür ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllədə yerləşən beşmərtəbəli yataqxanaya heç bir hüququ yoxdur. Çünki işin araşdırılan halları ilə iddiaçıya sözügedən yataqxana otağının yuxarıda qeyd edilən həmin dövrdə qüvvədə olmuş mənzil qanunvericiliyinin müəyyən etdiyi qaydada müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə və həmin qərara əsasən mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən müvafiq order əsasında verildiyi müəyyən edilmir. İddiaçı tərəfindən, ümumiyyətlə, iddia etdiyi otağın (mənzilin) ona məxsus olması barədə hər hansı hüquqmüəyyənedici sənəd (müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı və həmin qərara əsasən mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən verilən order) təqdim olunmamışdır. İddiaçının həmin yataqxanaya qeydiyyatına gəldikdə isə işdən görünür ki, bu qeydiyyat formal xarakter daşımışdır. Belə ki, iddia ərizəsindən də görünür ki, 1993-cü ildən sonra iddiaçı həmin mənzildə yaşamamış, 63 saylı otağın boş olması ilə əlaqədar həmin mənzildə məcburi köçkünlər məskunlaşmış və 1993-cü ildən etibarən bina sökülənədək mübahisəli mənzildə iddiaçı və ailəsi deyil, həmin məcburi köçkün ailəsi yaşamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı yalnız yataqxanada qeydiyyatda olması əsası ilə yataqxana otağının “mənzil” kimi qiymətləndirilərək ona kompensasiya kimi mənzil verilməsi barədə iddia irəli sürmək hüququnun sahibi hesab edilə bilməz (bax. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-359/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı). Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının mübahisə açdığı yataqxanaya dair hər hansı hüquqi bağlılığı sübuta yetirilmir, onun həmin yataqxana otağına əşya hüququ təsdiqini tapmır. Belə olan halda, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-348/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-348/2023
10.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver