Məhkəmə qərarları › İş №2-1(112)-3480/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3480/2020

12.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3480/2020 12.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı məlumat vərəqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona pensiya təyin edilməsi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müvafiq sənədləri təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1967-ci il tarixində Qazax rayonu, Makskənd kəndində anadan olmuşdur. 01.09.1984-cü ildən Bakı Dövlət Universitetində əmək fəaliyyətinə başlamış və 27.06.1986-cı ilə qədər orda çalışmışdır. 27.06.1986-cı il tarixindən 12.06.1988-ci il tarixinədək Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra 25.12.1990-ci il tarixindən yenidən əmək fəaliyyətinə başlamış və 05.03.1995-ci il tarixinədək Seymur kiçik müəssisəsində çalışmışdır. Bu tarixə kimi ümumi əmək stajı 10 ilə yaxındır. 24.01.1997-ci tarixindən Azərbaycan Respublikası Gömrük Orqanında əmək fəaliyyətinə başlamışdır. 21.12.2014-cü ildə iş yerində olan narazılıqlara əsasən öz ərizəsi ilə tutduğu vəzifədən azad olunmuşdur. Əmək fəaliyyətinə başladığı dövrdən 2014-cü ilin dekabr ayına kimi olan dövr ərzində onun ümumi əmək stajı 25 ildən artıq olur. O, Gömrük orqanlarından işdən azad olunduğu tarixdə onun 47 yaşı olmuş və ümumi əmək stajı isə 25 ildən çoxdur. Eyni zamanda bu iş stajının 18 il 11 ay 12 gününü isə gömrük orqanlarında xidmətdə olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət edərək onun pensiya hüququnun müəyyən edilməsinə köməklik göstərilməsini xahiş etsə də ona köməklik edilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 17.02.2020-ci il, №1000-180/180-26/003424 nömrəli məktuba əsasən onun gömrük orqanlarında xidmət illəri 18 il 11 ay 12 gün olduğu üçün ona pensiya hüququ verilə bilməzdir. Onlar “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci maddəsinə istinad etsələr də onun ümumi iş stajı nəzərə almamamışdırlar. O, 1984-cu il tarixdə Bakı Dövlət Üniversitetə qəbul olunmuş, oxuduğu müddət ərzində hərbi xidməti nəzərə alaraq 1991-ci il tarixində universiteti bitirmişdir. Ümumi olaraq o 5 il təhsil almış və həmin müddət onun əmək kitabçasında qeyd olunub. Bundan əlavə olaraq qivabı olaraq 5 il Odlar Yurdu Universitetində Hüquqşünaslıq fakültəsində oxumuş və həmin universiteti bitirmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tədris Mərkəzi tərəfindən təşkil edilmiş 02.03.1998-ci il tarixindən-04.07.1998-ci il tarixədək, yəni 4 aylıq kursları keçmişdir. Təhsili onun əmək stajına hesablanaraq nəzərə alınmamışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Qanunvericilik normaların tələbinə əsasən hərbi xidmətdə keçirmiş şəxslər hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların, hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərin hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının gömrük orqanlarında xidmət illəri (həqiqi hərbi xidmət daxil olmaqla) 18 il 11 ay 12 gün təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, onun əsas xahişi təhsil aldığı müddətin xidmət illərinə daxil edilərək məlumat vərəqəsinin pensiya təyinatı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilməsinin cavabdehə həlavə edilməsi barədə qərar qəbul edilməsidir və tələbinin bu cür qəbul edilərək təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci ildə Qazax rayonu, Markskənd kəndində doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin surətindən görünür ki, iddiaçı 27.06.1986-cı ildən 07.06.1988-ci ilə qədər hərbi xidmətdə olmuşdur. - İddiaçı məxsus ЦВ 831226 №-li diplomun surətindən görünür ki, iddiaçı 1984-cü ildən 1991-ci ilə qədər M.Ə.Rəsulzadə adına X4 Ordeni Bakı Dövlət Universitetində təhsil almışdır. - İddiaçı məxsus 22.07.1998-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, iddiaçı 02.03.1998-ci ildən 04.07.1999-ci ilə qədər Azərbaycan Respublikası Gömrük Komitəsinin Tədris Mərkəzində təhsil almışdır. - İddiaçı məxsus notarial qaydada təstiq edilmiş əmək kitabçasının surətindən görünür ki, iddiaçı 01.09.1984-cü ildən 27.06.1986-cı ilə qədər M.Ə.Rəsulzadə adına X4 Ordeni Bakı Dövlət Universitetində təhsil almış, 27.06.1986-cı ildən 07.06.1988-ci ilə qədər hərbi xidmətdə olmuş, 25.12.1990-cı ildən 16.08.1991-ci ilə qədər M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetində, 17.08.1991-ci ildən 05.03.1995-ci ilə qədər "xxxx" MMC-də, 24.01.1997-ci ildən 21.01.2014-cü ilə qədər Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətində işləmişdir - Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin iddiaçıya ünvanladığı 17.02.2020-ci il tarixli, 180/180-26/003424 saylı məktubdan görünür ki, iddiaçının gömrük orqanlarında xidmət illəri (həqiqi hərbi xidmət daxil olmaqla) 18 il, 11 ay, 12 gün təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı xahişini yerinə yetirmək imkan xaricində olmuşdur. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli, 631 nömrəli Qərarına əsasən zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında siravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsil alma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.8-ci maddəsinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, hazırki qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. Belə olan halda iddiaçının 01.09.1984-cü ildən 16.07.1991-ci il tarixədək təhsil aldığı müddət xidmət ilinə daxil edilməklə onun gömrük orqanlarında iş stajı 21 il 5 ay 12 gündür. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 01.09.1984-cü ildən 16.07.1991-ci il tarixədək təhsil aldığı müddət xidmət ilinə daxil edilməklə “Məlumat vərəqəsi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar