Məhkəmə qərarları › İş №2-1(112)-3480/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3480/2022

30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3480/2022 30.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanda qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X4 (hüquqşünas, ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti) çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin xx.xx-2021-ci il tarixli **********80 saylı məktubla imtina etməsini əsassız hesab edilməsi və iddiaçının hal-hazırda yaşadığı Bakı şəhəri, X.Şuşinski küçəsi, 60 saylı evin, 16 saylı mənzilin özəlləşdirməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının hal-hazırda yaşadığı Bakı şəhəri, X.Şuşinski küçəsi, 60 saylı evin, 16 saylı mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması və dövlət reyestrindən müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Bakı şəhəri, X.Şuşinski küçəsi, ev 60, 16 nömrəli mənzili Bakı ŞİH Aparatının MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır. Mənzilin sahibi (icarədarı) mərhum atası X3 olmuşdur. Atası xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Mənzilə dair order icarədar tərəfindən itirildiyindən və sonuncu da vəfat etdiyindən, mənzilin özəlləşdirilməsi bu günədək mümkünsüz olmuşdur. İddiaçı qeyd olunan mənzildə anadan olandan bu günədək yaşayır. Mərhum atasına məxsus 16 nömrəli mənzilin yerləşdiyi Nərimanov rayonu, Xan Şuşinski küçəsi 60 saylı yaşayış binası "xxxx" Dövlət Şirkətinə məxsus olmuş və bina sonradan Bakı ŞİH xx-xx-2001-ci il tarixli 193 saylı və Mənzil Kommunal Təsərrüfat Departamentinin xx-xx-2001-ci il tarixli 46 saylı Sərəncamları ilə Bakı ŞİH Aparatının MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. Anadan olan gündən yaşadığı və daimi qeydiyyatda olduğu və Bakı şəhəri, X.Şuşinski küçəsi ,ev 60, 16 saylı mənzilində yaşadığı üçün mütəmadi olaraq bütün kommunal xərcləri ödəyir. Bu faktlar Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatlar Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 115 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 165 saylı arayışı ilə və onun adına açılan şəxsi hesab vərəqəsilə də təsdiq edilmişdir. Bu faktla əlaqədar 2 saylı Xüsusi Təyinatlı MTKB Bakı şəhəri, X.Şuşinski küçəsi , 60 saylı evin, 16 saylı -dan iddiaçıya həmin mənzildə yaşamaq, istifadə etmək kimi hüquqlarının departament tərəfindən tanınması və bu barədə hüquqmüəyyənedici sənədin təqdim edilməsi barədə ərizə ilə müraciət etmiş və onunla 25 avqust 2021-ci il tarixdə 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqına” Birtipli Müqavilə bağlanmışdır. Həmin mənzili özəlləşdirmək məqsədilə (kirayə müqaviləsiz), qeyd olunan mənzildə uzun müddət yaşadığını, qeydiyyatda olduğu barədə MKİS tərəfindən verilən arayışı və mənzil sahibi kimi adına olan X18 1 saylı Bakı Ərazi idarəsinə ilk dəfə xx.xx.2017-ci il tarixdə təqdim etmişdir. Onuda qeyd edir ki, cavabdehə ünvanladığı ərizəyə orderin və orderlə bağlı sərəncamın axtarışına üzün müddət sərf etdiyini sübüt edən bütün arxiv arayışları və cavablarını əlavə etmişdir. Cavabdehin xx.xx.2017-ci il tarixli **********51 saylı ünvanına daxil olan cavab məktubunda göstərilmişdir ki, mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Lakin, konkret olaraq hansı sənədlərin təqdim edilmədiyini açıqlanmamışdır. Bundan əlavə, bildirilmişdir ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlər arasında olan mənzil kirayə müqaviləsinin, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. İddiaçı cavab məktubunda göstərilən “mənzil kirayə müqaviləsini” sənədlərə əlavə edib yenidən xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Lakin cavabdehin xx.xx.2021-ci il tarixli **********80 saylı imtina məktubunu əsassız sayır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə bildirilir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, ünvan 3 evin, 16 saylı mənzilinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, **********80 saylı, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən mənzilə yerli baxışın keçirilməsi mümkün olmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198- İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1 -ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin – vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 59.4-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə (48-108-ci maddələrə) əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu sosial təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Lakin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 979 nömrəli xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14,09.1999-cu il tarixli, 149 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahı üzrə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 266 saylı Sərəncamına əsasən "xxxx" Dövlət Şirkətinə məxsus olmuş, ünvan 3 ünvanda yerləşən yaşayış binası mövcud vəziyyətdə balansa qəbul edilmişdir. Hal-hazırda qeyd edilən yaşayış binası dövlət mənzil fonduna aid olmaqla 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Yekun müddəalarına əsasən: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ―İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Məcəllənin qeyd olunan normalarından göründüyü kimi, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunu vətəndaşlara 1 oktyabr 2009-cu il tarixdən sonra verilən dövlət mənzil fondunun yaşayış sahələrinə münasibətdə şamil olunmur. Belə yaşayış sahələrinin özəlləşdirilməsi yalnız qanunla nəzərdə tutulduğu hallarda mümkün ola bilər. İş materiallarında olan 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında” xx.xx.2021-ci il tarixli Birtipli Müqavilədən görünür ki, Bakı şəhəri, Xan Şuşinski küçəsi, 60 saylı evin, yaşayış sahəsi 29.22 kv.metr olan 16 saylı mənzilinə 2 İddiaçı adına kirayə müqaviləsi bağlanılması və onun, həmin mənzilin kirayəçisi hesab olunması göstərilmişdir. Müqavilədən görünür ki, həmin müqavilə xx.xx.1977-ci il tarixli 174584 saylı Order əsasında bağlanılmışdır. İş materiallarında olan 115 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş qeydiyyat kartoçkalarından görünür ki, X3 xx.xx.1978-ci il tarixdən, X6, X7, X8, X11 Bakı şəhəri, Xan Şuşinski küçəsi, 60 saylı evin, 16 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarından görünür ki, X3 xx.xx.2016-cı il tarixdə və X6 xx.xx.2014-cü il tarixdə vəfat etmişdirlər. İş materiallarında olan 115 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 165 nömrəli xx.xx.2021-ci il tarixli arayışına əsasən İddiaçı ünvan 4 ünvanında yerləşən 16 saylı mənzildə yaşayır (2001-ci ildən qeydiyyatdadır), bina 2 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinə məxsusdur. X1 vəfat edib. İş materiallarında olan X2 və X9 tərəfindən notarial qaydada veilmiş ərizələrindən görünür ki, ünvan 5 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmirlər. İşin faktiki hallarından göründüyü kimi, “Özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinin sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlərinin yerli icra hakimiyyəti orqanlarının, aidiyyəti üzrə müvafiq təşkilatların balansına verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.09,1999-cu il tarixli 149 nömrəli qərarına əsasən vaxtilə "xxxx" Dövlət Şirkəti tərəfindən tikilmiş və tikintisi yarımçıq qalmış yaşayış binaları Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Həmçinin, iddiaçının kirayəçisi hesab olunduğu mənzil onun atasına "xxxx" Dövlət Şirkəti tərəfindən ayrıldığından, iddiaçının həmin mənzili müvafiq qanunvericiliyə uyğun olaraq özəlləşdirmək hüququ olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisə predmeti olan mənzilə dair kirayə müqaviləsinin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə bağlaması, həmin mənzilin yerləşdiyi binanın 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmasına dəlalət edir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan mənzilin yerləşdiyi binanın Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verildiyindən, həmin mənzilin iddiaçının istifadəsinə Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 1 oktyabr 2009-cu ildən əvvəl verildiyindən, həmçinin iddiaçının faktiki olaraq həmin mənzildə yaşaması işin mübahisələndirilməyən halı olduğundan və iddiaçı ilə mənzil fondunun mülkiyyətçisi arasında mənzil kirayə müqaviləsi bağlandığından, həmin Məcəllənin 146.2-ci maddəsinin tələbinə əsasən iddiaçının “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna (6-cı maddə) istinadla özəlləşdirmə qaydasında mənzilə mülkiyyət hüququna dair çıxarış almaq hüququ olmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmiş mənzilinin özəlləşdirilməsi ilə bağlı iddiası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinin və «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə zidd deyildir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 9-cu maddəsinin 1-ci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir (12.1). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (12.2). İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır (12.3). İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir (12.4). Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir. Məhkəmənin qənaətinə görə, iddiaçı mübahisə predmeti olan mənzildə ailəsi ilə birlikdə doğulduğu vaxtdan yaşadığından və 2001-ci ildən həmin ünvana qeydiyyata alındığından, Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmiş mənzilinin özəlləşdirilməsi ilə bağlı iddiası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinin və «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olmadığından, hazırkı iddia əsaslıdır və cavabdeh inzibati orqanın imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçının hal-hazırda yaşadığı Bakı şəhəri, X.Şuşinski küçəsi, 60 saylı evin, 16 saylı mənzilə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydin aparılması və dövlət reyestrindən müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçının hal-hazırda yaşadığı Bakı şəhəri, X.Şuşinski küçəsi, 60 saylı evin, 16 saylı mənzilə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydin aparılması və dövlət reyestrindən müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar