Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3480/2024 10.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə cavabdehin nümayəndəsi X16 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: X13 və X18) qarşı “arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X3 və X14 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən “Şüvəlan qəsəbəsində yerləşən 2544b nömrəli bağ sahəsinə mülkiyyət hüququnun X7 məxsus olması haqqında Arayışın iddiaçıya verilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismar Birliyi ilə X15 arasında Şüvəlan ərazisindəki 2544b №-li bağın istifadəyə verilməsinə dair xx.xx.2007-ci il tarixli 39994 saylı Müqavilə bağlanmışdır. Əzizbəyov rayonu Şüvəlan ərazisində 0,12 ha torpaq (bağ) sahəsi olan 2544b №-li bağ X4 adma ayrılmışdır. Həmin tarixdən etibarən bağ sahəsi Fəridənin sahibliyində və istifadəsindədir və onun tərəfindən hasarlanmışdır. xx.xx.2007-ci il tarixli 39994 saylı Müqavilə 2 nüsxədə tərtib edilməsinə baxmayaraq X5 və istismarı birliyi ləğv edildiyindən müqavilə imzalanmamışdır. X15 Azərbaycan Respublikasının Daşınmaz Omlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı icarə müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1 1 14/ 2008 saylı,21 may 2008-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək X5 və İstismarı birliyi ilə X15 arasında Şüvəlan ərazisindəki 2544b saylı bağa dair tərtib edilmiş xx.xx.2007-ci il tarixli, 39994 saylı icarə müqaviləsi bağlanmış hesab edilməsi qət edilmişdir. X15 03 sentyabr 2016-cı il tarixdə vəfat etmişdir. Mir- Qasımova Ülviyyənin ərizəsi əsasında Bakı 2 saylı Notariat Ofisi tərəfindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Bakı şəhər 2 saylı Notariat Ofisi məktubunu qoşmaya əlavə edirik. 2544b №-li nömrəli 0,12 ha torpaq (bağ) sahəsinə dair hüquqların dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarış verilməsi üçün cavabdeh orqana müraciət edilmişdir. Lakin cavabdeh olan inzibati orqan 03.08 2023-ci il tarixli imtina məktubu ilə ərizəni təmin etməkdən imtina etmişdir. İmtina məktubunda göstərilir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin qonşu sahələrlə ümumi hasar daxilində olduğu müəyyən edilmişdir. Bundan başqa torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından bağın naturada yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmamışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin qonşu sahələrlə ümumi hasar daxilində olduğu müəyyən edilmişdir. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən ümumi ərazidə 10d/3161 saylı bağ sahəsinə dair plan-sxem məlumatı və X8, X14 müraciəti mövcuddur. Bundan başqa torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından bağın naturada yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmamışdır. Məlumat üçün bildiririk ki, iddiaçı X3 Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və İstismar Birliyi ilə X13 arasında bağlanmış Şüvəlan ərazisindəki 10/3161 saylı bağın istifadəyə verilməsinə dair 37795 saylı müqavilə əsasında X9 məxsus Bakı şəhəri, Əzizbəyov rayonu Şüvəlan ərazisində yerləşən 10/3161 nömrəli 0,06 ha torpaq (bağ) sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddia tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-11142/2023 saylı sərəncamı və iddiaçı X14 Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və İstismarı Birliyi ilə X18 arasında bağlanmış Şüvəlan ərazisindəki 29/3180 saylı torpağın (bağın) istifadəyə verilməsinə dair 37989 saylı müqavilə əsasında X17 məxsus Bakı şəhəri, Əzizbəyov rayonu Şüvəlan ərazisində yerləşən 29/3180 nömrəli, 0.06 ha torpaq(bağ) sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsi nə dair iddia tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 10697/2023 saylı, xx.xx.2023-cü il tarixli sərəncamı İdarəyə daxil olmuşdur. Yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. Əlavə olaraq bildiririk ki, sözügedən müqavilə mərhum X4 adına verilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) iddia ərəzisinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı ŞİH X5 və İstismarı Birliyinin 02 mart 2007-ci il tarixli 39994 nömrəli müqaviləsinə əsasən Şüvəlan ərazisində yerləşən 0,12 ha olan 2544b nömrəli bağ sahəsi X4 icarəsinə verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1114/2008 nömrəli, 21 may 2008-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, X5 və İstismarı Birliyi ilə X15 arasında Şüvəlan ərazisindəki 2544b saylı bağa dair tərtib edilmiş xx.xx.2007-ci il tarixli 39994 saylı icarə müqaviləsi və X5 və İstismarı Birliyi ilə Mir-X10 arasında Şüvəlan ərazisindəki 10d/3161d saylı bağa dair tərtib edilmiş xx.xx.2007-ci il tarixli 39999 saylı icarə müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmişdir. Qətnamə 11 iyul 2008-ci il tarixdə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 2 saylı Notariat Ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X4 03 sentyabr 2016-cı il tarixdə vəfatı ilə İddiaçı 25 fevral 2017-ci il tarixli ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. İmtina məktubundan görünür ki, cavabdeh iddiaçının müraciətinə baxmış və cavab olaraq bildirmişdir ki, torpaq sahəsinin qonşu sahələrlə ümumi hasar daxilində olduğu müəyyən edilmişdir. Bundan başqa torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından bağın naturada yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmamışdır. İdarənin arxivində saxlanılan 19 iyun 2006-cı il tarixli 37795 nömrəli icarə müqaviləsindən görünür ki, həmin müqaviləsi Şüvəlan ərazisində yerləşən 0,06 ha olan 10/3161 nömrəli bağ sahəsinin X3 icarəsinə verilməsi ilə bağlıdır. İdarənin arxivində saxlanılan 29 iyun 2006-cı il tarixli 37989 nömrəli icarə müqaviləsindən görünür ki, həmin müqaviləsi Şüvəlan ərazisində yerləşən 0,06 ha olan 29/3180 nömrəli bağ sahəsinin X14 icarəsinə verilməsi ilə bağlıdır. Bakı İnzibati Məhkəmənin icraatında olan 2-1(112)-10697/2023 və 2-1(112)- 11142/2023 nömrəli işlər üzrə verilmiş ekspert rəylərindən görünür ki, X14 istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 29/3180 saylı 0,06 ha olan bağ sahəsi və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 10/3161 saylı 0,06 ha olan bağ sahəsinin digər şəxslərə məxsus bağ sahələri ilə üst-üstə düşmə halı qeydə alınmamışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, cavabdeh inzibati orqanın imtinasından və iddiaya münasibətdə təqdim olunmuş yazılı etirazdan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün üç əsas gətirir:
1. Torpaq sahəsinin sxematik xəritədə göstərilməməsi;
2. Göstərilən ümumi ərazidə 10d/3161 saylı bağ sahəsinə dair plan-sxem məlumatı və X8, X14 müraciətlərinin olması;
3. Torpaq sahəsinin qonşu sahələrlə ümumi hasar daxilində olmasıdır. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halların əmlaka dair mərhumun adına arayışın verilməsinə maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Daşınmaz əmlaka dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər - hüquqmüəyyənedici sənədlər hesab olunur. Əgər şəxs əmlak ilə bağlı bu sənədlərdən hər hansı birinə malik olarsa, onun həmin əmlak üzərində mülkiyyət hüquqları yaranmış olur və o, həmin əmlakın özəlləşdirilməsini tələb etmək hüququna malik olur. Nəzərə alınmalıdır ki, işin müəyyən olunmuş hallarından görünür ki, torpaq sahəsinin ayrılması icarə müqaviləsi əsasında həyata keçirilmişdir ki, həmin müqavilə hüquqmüəyyənedici sənəd qismində çıxış edir və müqavilənin qüvvədə olduğu görünür. Şəxsə torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənədlərin hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin sənəd qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Bundan başqa müqavilənin mövcud olduğunu və hal-hazırda qüvvədə olduğunu təsdiq edən digər əsas qismində - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1114/2008 nömrəli, 21 may 2008-ci il tarixli qətnaməsi çıxış edir. Həmin qətnamədən də göründüyü kimi həmin mübahisəsinin predmetlərindən biri də Şüvəlan ərazisində yerləşən 0,12 ha olan 2544b nömrəli bağ sahəsi olmuşdur ki, mülki məhkəmə icraatı çərçivəsində baxılan həmin işdə sözügedən bağ sahəsinə dair X5 və İstismarı Birliyi ilə X15 arasında tərtib edilmiş xx.xx.2007-ci il tarixli 39994 saylı icarə müqaviləsi bağlanmış hesab olunmuşdur. Göründüyü kimi adıçəkilən müqavilənin mövcudluğu və hal-hazırda qüvvədə olması şübhə doğurmur. Məhkəmə cavabdehin imtina əsası kimi qeyd etdiyi birinci əsasa (bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi) münasibətdə isə qeyd edir ki, inzibati məhkəmə təcrübəsində bağ sahəsi üzərində vətəndaşın mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı mübahisələr üzrə “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi” əsası cavabdeh inzibati orqanın tez-tez rastlanan imtina əsaslardan biridir. Əlbəttə mövcud məhkəmə təcrübəsi bu qəbildə olan mübahisələrdə bağ sahələrinin “sxematik xəritə ilə uyğunsuzluq təşkil etmə” əsasının vətəndaşların ziyanına şərh etmir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Bəhs edilən maddələrin normalarından aydın olur ki, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Cavabdehin bağ sahəsinin nömrəsinin sxematik xəritədə əks olunmadığına istinad etsə də, Məhkəmə hesab edir ki, bu halın mövcudlluğu hazırki iddia ilə iddiaçının reallaşdırmaq istədiyi hüquqların məhdudlaşdırılmasına yönələ bilməz. Belə ki, bir daha qeyd olunur ki, torpaq sahəsinin mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla torpaq istifadəçilərin mülkiyyətlərinə verilməsi DƏDKR-in vəzifələrindən biridir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1415/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020 -cu il tarixli qərarında qeyd olunmuşdur ki, “hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.” Bu mövqeyi həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2826/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019 -cu il tarixli qərarında da nümayiş olunmuşdur. Göründüyü kimi formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi” göstərilsə də, bu istiqamətdə cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Eyni zamanda Məhkəmə vurğulamağı zəruri hesab edir ki, hazırki mübahisə də olduğu kimi bir çox digər inzibati mübahisələrdə cavabdeh inzibati orqan imtina əsası kimi sxematik xəritə ilə uyğunsuzluq ifadəsi altında iddia olunan bağ nömrəsinin sxematik xəritədə göstərilməməsini nəzərdə tutur. Bununla bağlı qeyd olunmalıdır ki, kassasiya instansiya məhkəməsinin bu növ imtina əsaslarında da formalaşdırdığı mövqeyi məhz vətəndaşın xeyrinə olmuşdur. (Bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 447/2022 saylı, xx.xx.2022-ci il tarixli; 2-1(102)-611/2020 saylı, xx.xx.2020-ci il tarixli). Cavabdehin imtina əsası kimi istinad etdiyi digər əsasa münasibətdə məhkəmə bildirir ki, göstərilən ümumi ərazidə 10d/3161 saylı bağ sahəsinə dair plan-sxem məlumatı və X8, X14 müraciətlərin mövcud olmasıda bilavasitə iddianın təminini istisna etmir. Belə ki, adıçəkilən şəxslər üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdurlar, həmin şəxslərin inzibati məhkəmə icraatı çərçivəsində baxılan “mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı” tələblərin olduğu müəyyən olunmuş və həmin inzibati işlər üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizalarının rəyləri təhlil edilmişdir. Rəylərdən də göründüyü kimi X8 və X14 istifadəsində olan torpaq (bağ) sahələrinin qonşuluqda olan digər fiziki şəxslərin istifadəsində olan torpaq (bağ) sahələri ilə üst-üstə düşməsi müəyyən olunmur. Göstərilən bu hal isə bilavasitə adıçəkilən üçüncü şəxslərin hazırki mübahisə predmetini təşkil edən torpaq (bağ) sahəsi ilə əlaqəli olmadığını göstərir. Odur ki, cavabdehin imtina əsası kimi göstərdiyi həmin hal formal xarakter daşıyır. Məhkəmə imtinanın digər dəlili münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, bağ sahəsinə istifadə müqaviləsinin mövcudluğu həmin əmlaka həm sahibliyi, həm də istifadəni ehtiva edir. Təbii haldır ki, bağ sahəsinə istifadə hüququna malik olan şəxs həmin istifadə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş azad hərəkət etmək səlahiyyətinə malikdir. Məhkəmə hesab edir ki, həmin əmlakın hasarlanması, başqa torpaq daxilində hasarlanması, ayrıca hasarlanması, hasarlanmaması, qismən hasarlanması kimi azad seçim imkanı da istifadə hüququnun tərkib hissəsidir. Bu səbəbdəndir ki, ümumi hasarlama işlərinin aparılmaması qanuni imtina dəlili qismində qiymətləndirilə bilməz və elektron etirazda göstərildiyi kimi iddianın rəddinə əsas ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı iş üzrə mövcud sənədlərə əsasən gözlənilən mülkiyyət hüquqları iddiaçı tərəfindən yox, vəfat etmiş şəxs tərəfindən reallaşdırıla bilməmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınmasına əsaslar mövcud olsa da, yəni mövcud hüquqmüəyyənedici sənədlər olsa da, həmin hüququn reallaşdırılmasından əvvəl şəxsin ölümü təbii haldır ki, həmin hüququn itirilməsi əsası qismində çıxış etmir. Yuxarıda adıçəkilən Qanunun 22.2-ci maddəsində də müəyyən edilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi vərəsə kimi iddiaçı tərəfindən torpaq sahəsinin mərhuma məxsus olması haqqında arayışın qeydiyyat orqanına təqdim edilməsi hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın vərəsəliklə bağlı sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi əsası qismində çıxış edir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Şüvəlan ərazisində yerləşən 0,12 ha olan 2544b nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun X7 məxsus olması haqqında arayışın İddiaçı verilməsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov