Məhkəmə qərarları › İş №2-1(112)-3481/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3481/2022

07.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3481/2022 07.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi İddiaçı, üçüncü şəxslər X2 və X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X15, X22, X8, X7, X4, X5, X16, X18, X19, X9, X11, X6) «qeydiyyatın ləğv edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı Bakı İnzibati Məhkəməsinə cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək bildirmişdir ki, ünvan 1 ünvanındakı ev 1961-ci ildə tikilmişdir və iddiaçı uşaqlıqdan qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Evə mülkiyyət hüququna dair reyestrdən çıxarış verilmişdir. 1972-ci ildə tikilinin (evin) yarısını iddiaçının valideyni qonşuya satmışdır. Əvvəlki dövrdən iddiaçıya məxsus hissə “51”, qonşuya məxsus hissə isə “51A” kimi qeydiyyata alınmışdır. Son illər heç bir tutarlı səbəb olmadan qəsəbə nümayəndəliyi evin hər hissəsinin öz sahibi və ünvanı olmasına baxmayaraq, evi bir ünvan (ev 51) kimi nişanlayıb. Bu da öz növbəsində müxtəlif anlaşılmazlıqlar yaradıb (onların ünvanına göndərilən məktublar, bildirişlər bizə gəlir və s.). Bu yaxınlarda qonşu X5 öz hissəsini satmağı planlaşdırıb və iddiaçıya bildirdiyinə görə öz hissəsində qeydiyyatda olan çoxsaylı bacı və qardaşlarını və onların övladlarını qeydiyyatdan çıxarıb. İddiaçı 16 sentyabr 2021-ci il tarixdə Bakıxanov qəsəbəsində yerləşən 4 saylı "Asan Xidmət"-dən evin iddiaçıya məxsus hissəsində qeydiyyatda olanlar haqqında arayış alınarkən, məlum olmuşdur ki, iddiaçının özü ilə birlikdə 12 nəfər (özü və ailəsi, uzun illər başqa-başqa ünvanlarda yaşayıb, yaşadıqları evlərdə də qeydiyyatda olan bacı və qardaşları və onların övladlarının da) nədənsə ona məxsus hissədə qeydiyyatdadırlar. Bu səhvin necə baş verdiyini soruşub düzəlişini tələb etdikdə, ona məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Ev iki hissədən ibarətdir, hər hissənin öz elektrik, qaz və su sayğacı var. İki yaşayış hissəsinə bir nömrə verildiyindən qeydiyyatda belə problemlər yaşanır. İddiaçıya məxsus olan hissədə qanuni qeydiyyatda olan 5 nəfər ailə üzvünü adları təqdim edilən arayışda əksini tapmışdır. Qalan 12 nəfərin iddiaçıya məxsus hissəyə heç bir aidiyyatı yoxdur. Belə səhv iddiaçıya qanuni şəxsi əmlakından istifadədə bir sıra problemlər yaradır. Qonşu bu vəziyyətdə özünə məxsus hissəni başqasına satsa, onun ailə üzvləri (12 nəfər) yenə də iddiaçıya məxsus hissədə qanunsuz qeydiyyatda qalacaq. Gələcəkdə ona məxsus hissədə şəxsi əmlakımı alqı-satqı, bağışlama etmək istəsə, nə qədər absurd səslənsə də, arayışda adıçəkilən şəxslərin razılığı tələb olunacaq. Ona görə də bu problem həll olunmalıdır. Yuxarıda qeyd edilən 12 nəfərin iddiaçının yaşayış sahəmdəki qeydiyyatı ləğv olunmalıdır. Məhkəmədən xahiş olunur ki, bu işə cavabdeh məsul şəxslərin əvvəlki normal ev nömrələmə sistemini ləğv edib, heç bir əsası olmayan nömrələmə üsulunun tətbiqi ləğv edilsin. Evin iddiaçıya məxsus hissəsi əvvəlki kimi “51”, qonşuya məxsus hissə “51A” kimi nömrələnməsi bərpa olunsa, problem həll olunar, hər kəs öz hissəsində qeydiyyatda olardı. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X15, X22, X8, X7, X4, X5, X16, X18, X19, X9, X11, X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə İPM-in 13, 52-ci maddələrinin tələblərini rəhbər tutaraq, iddia ərizəsində tələbin aydın ifadə olunmamasını formal xəta kimi qiymətləndirmiş və iddia tələbini «qeydiyyatın ləğv edilməsi» kimi qəbul etmişdir. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və üçüncü şəxslər X5, X4 gəlmişlər, cavabdeh tərəf və digər üçüncü şəxslər gəlməmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X5 və X4 iddianın təmin olunmamasını xahiş edilər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə görə yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. İş materiallarından olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 14 avqust 2007-ci il tarixli MH seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 51 ünvanındakı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X3 (1/2 hissə), İddiaçı (1/2 hissə) adlarına daşınmaz əmlakın dövlət reyesrində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 51 ünvanındakı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı (1/2 hissə), X2 (1/2 hissə) adlarına daşınmaz əmlakın dövlət reyesrində qeydiyyata alınmışdır. Hazırkı məhkəmə icraatında iş materiallarından və prosesdə iştirak edən şəxslərin izahatlarından müəyyən edilir ki, ünvan 3 ünvanındakı ev paylı mülkiyyətdədir. Hazırkı iddiaçı evin 1/2 hissəsinin mülkiyyətçisi digər payçını və sonuncunun ailə üzvləri və digər yaxın şəxslərinin sözügedən evə qeydiyyatdan çıxarılmasını tələb edir. Belə olan halda, məhkəmənin qənaətinə görə evə münasibətdə İddiaçı və üçüncü şəxs X5 bərabər statusla çıxış etdiklərindən, onların yaşadığı ev müvafiq reyestrdə vahid ünvan üzrə qeydiyyata alındığından, eləcə də evə onların və digər üçüncü şəxslərin qeydiyyata alınmasının qanunsuz əsaslarla aparılması müəyyən edilmədiyindən, hazırkı inzibati mübahisə mahiyyəti baxımından formal xarakterlidir. İddiaçı və üçüncü şəxslərin arasında yaranmış mübahisə yaşayış yeri üzrə qeydiyyatın ləğvi deyil, paylara bölünmüş müvafiq evə ayrı-ayrı ünvan verilməsi vasitəsilə həllini tapa bilər. Bu məsələ isə, digər aidiyyəti qurumun səlahiyyətindədir. Cavabdeh inzibati orqan Bakı şəhəri Sabunçu Rayon Polsi İdarəsi isə, iddiaçının iddia tələbində qaldırılan məsələ ilə bağlı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmış olmur. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar