Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3484/2020 15.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 nömrəli şəhər poliklinikası 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, adına olan 2709003AAC4D4 nömrəli forma 88 göndərişin Xidmət tərəfindən qəbul olunması, göndəriş əsasında ona düşən İİİ dərəcəli əlillik təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, sağ gözündə olan nasazlıqlarla əlaqədar (3 faiz görmə) əlillik dərəcəsinin qiymətləndirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət etmişdir. 8 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş forma 088 natamam doldurulduğundan və ixtisaslaşdırılmış müayinələrə və müalicəyə ehtiyacı olduğundan TSEK-də qəbul olunmamış və ona əlillik dərəcəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 nömrəli şəhər poliklinikası 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin xx.xx.2019-cu il tarixli 2709003AACD4 saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən göndərişin təhlili göstərdi ki, xəstəlik xx.xx.1992-ci il tarixdə başlamışdır. Əsas diaqnoz kimi “Monokulyar korluq, OD-astiqmatizm, ambliopiya, Vİs.OD-0.03 k/et (yüzdə üç). Vİs.OS-0.9 (onda doqquz)”, ağırlaşma kimi isə “Astiqmatizm, OD-mürəkkəb hipermetropik astiqmatizm” və “Ağırlaşmış katarakta, OD- fəsadlı yetişməmiş katarakta” xəstəlikləri göstərilmişdir. Göndərişdə xəstənin görmə itiliyi "Vİs.OD-0.03 k/et.(yüzdə üç). Vİs.OS-0.9 (onda doqquz)” şəklində göstərilmişdir. Oftolmoloqun müayinəsi “Göz dibi: duman içində, görmə siniri məməciyi normal, makulofoveolyar refleks zəifləyib, periferiya normal. OS- ön şöbə normal, göz dibi patalogiyasızdır” şəklində verilmişdir. Qeyd edilmiş müayinə problemin yalnız gözün ön kamerasında, büllurda olmasını göstərir. Diaqnozdan da məlum olur ki, büllurda yetişməmiş katarakta var ki, bu da spesifik müayinə ilə aradan qalxa bilər və görmə itiliyi bərpa oluna bilər. Buna görə də əsaslı olaraq əlillik təyinatı aparılmamış və ixtisaslaşmış müayinə aparılması tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2.bəndinə görə “Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7. bəndinə görə isə “Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” İddiaçı səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamış, əlilliyin təyininə əsas verən ağırlaşmalar qeyd edilməmişdir. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq imtina qərarları verilmişdir. İddiaçı əlilliyin təyini istiqamətində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və tabeli tibbi-sosial ekspert komissiyaları tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş tərəflər və 3-cü şəxs müvafiq olaraq məhkəmə iclasına gəlmədiklərindən və məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etmədiklərindən, 3-cü şəxs gəlmədikləri barədə məhkəməyə məlumat vermədiyindən, iddiaçı və cavabdeh isə ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirdiklərindən, məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3 və 16.2-ci maddələrinin tələblərinə əsasən işə tərəflərin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçı iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən göstərilənlərin nəzərə alınmaqla iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2014-cü il tarixdə Asan1 tərəfindən verilmiş AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1986-cı ildə Ağsu şəhərində doğulmuş İddiaçı Bakı şəhəri Nərimanov rayonu, PY/UA 38/10, 44 ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki; Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 №li şəhər poliklinikası tərəfindən xx xxxx 2019-cu il tarixli 2709003AACD4 saylı göndərişlə göndərilmiş İddiaçı aid № 088 saylı arayışda- xəstəliyin başlanma tarixi xx.xx.1992-ci il; xəstəliyin gedişi xroniki; əsas diaqnoz –H54.4 xəstəliyin adı “Monokulyar korluq, OD-astiqmatizm, ambliopiya, Vİs.OD-0.03 k/et (yüzdə üç). Vİs.OS-0.9 (onda doqquz)”, ağırlaşma –H52.2 xəstəliyin adı “Astiqmatizm, OD-mürəkkəb hipermetropik astiqmatizm” və H26.2 “Ağırlaşmış katarakta, OD- fəsadlı yetişməmiş katarakta”; yanaşı xəstəliklər H52,0 Hipermetropiya OS-zəif dər. hipermetropiya; TSEK-ə göndərilməsi üçün əsas Ümumi xəstəlik göstərilmişdir. Həmin arayış əsasında aparılmış qiymətləndirmə nəticəsində, cavabdeh orqan tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtinaya səbəb: Dövlət səhiyyə müəssisəi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur, Həkimin rəyi: Diaqnozu təstiqləyən müayinələr tam aparılmayıb. İxtisaslaşdırılmış müayinə, müalicəyə ehtiyacı var. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 nömrəli şəhər poliklinikasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək yeni göndərişin (forma № 088) verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin 2-1(112)- 2336/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qeyd olunan iş üzrə məhkəməyə daxil olmuş Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 nömrəli şəhər poliklinikasının iddiaya dair etirazında göstərilmişdir ki, Bakı şəhəri Baş Səhiyyə İdarəsi tərəfindən təsdiqlənmiş Əsasnaməyə uyğun olaraq, poliklinika öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Səhiyyə Nazirliyinin və Bakı Baş Səhiyyə İdarəsinin əmr və sərəncamlarını rəhbər tutur. İddiaçı xx.xx.2018-ci ildə Ak. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinə olunmuş “OD-fəsadlı yetişməmiş katarakta, mürəkkəb hipermetropik astiqmatizm” diaqnozları qoyulmuş və 5816 nömrəli tibbi rəy verilmişdir. 27.02.-xx.xx.2019-cu il tarixində xəstə Bakı şəhəri 3 saylı ŞKX-da stasionar müalicə olunmuşdur. Tibbi-sosial ekspert komissiyasının göndərişlərin verilməsi qaydalarına uyğun olaraq xx.xx.2019-cu il tarixində yenidən Ak. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə müayinəyə göndərilmiş və onun 2828 nömrəli Tibbi rəy verilmişdir. “OD-fəsadlı yetişməmiş katarakta, mürəkkəb hipermetropik astiqmatizm, Ambliopiya, OS-zəif dərəcəli hipermetropiya” diaqnoz qoyulmuşdur. Göndərişin keyfiyyət dərəcəsi xəstənin diaqnozunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələblərinə cavab verməsi nəzərdə tutulur. Bütün müayinlərdən sonra İddiaçı xx.xx.2018-ci il tarixində F88/u Tibbi-sosial ekspert komissiyasına göndərilmiş (2709003AACD4) onlayn sistemə daxil edilmişdir. Həmin göndərişdə xəstənin bütün müraciətləri, stasionar müayinə və müalicələri, labarator analizləri, Ak.Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində aparılmış və xəstəyə əlilliyin təyini üçün əsas verə bilən bütün müayinələr ətraflı qeyd edilmişdir. İddiaçı göndərişində onun diaqnozu Nazirlər Kabinetinin 413 saylı qərarının 2.5.14 bəndinə uyğundur və ona əlillik verilməsinə əsas verir. Hazırda iddiaçı ona əlillik dərəcəsinin təyin olunmasını istəyir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsi tərəfindən verilmiş 397 KEŞ saylı (ekspertizanın başlanma tarixi xx xxxxxxxx 2020-ci il, başa çatma tarixi xx xxxxxxx 2020-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün 8 №li şəhər poliklinikasında İddiaçı adına xx.xx.2019-cu il tarixli göndəriş düzgün tərtib edilmişdir. İddiaçı aparılmış müayinələr ona təyin edilmiş diaqnoza uyğun olmuşdur. İddiaçı mütəxəssis müayinəsi zamanı onun sağ gözündə büllur bulanması-anadangəlmə kataraktanın olduğu müəyyən edilmişdir. Bununla əlaqədar cərrahiyyə əməliyyatı icra olunsa belə, xəstədə görmə itiliyi artmayacaq, çünki göz tam tənbəlləşmiş və dərin ambilopiya əmələ gəlmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi Ruslan Həsənov xx.xx.2020-ci il tarixdə məhkəməyə ünvanladığı ekspert rəyinə dair mülahizəsində (etiraz) göstərmişdir ki, qeyd olunan rəylə razı deyillər. Çünki, İddiaçı barəsində 2709003AACD4 saylı göndəriş xx.xx.2019-cu il tarixdə tərtib edilmiş, komissiya tərəfindən göndəriş natamam doldurulması səbəbi ilə xx.xx.2019-cu il tarixdə geri qaytarılmışdır. Rəydə isə xx.xx.2020-ci il tarixdə Briz-L Göz Klinikasının müayinə nəticəsinə istinad edilərək, göndərişin düzgün doldurulması bildirilir. Bu yolverilməzdir və iddianın əsaslı sayılması üçün məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. Əksinə göndərişin natamam doldurulmasının mübahisə predmeti olduğu nəzərə alınarsa, Briz-L Göz Klinikasında xx.xx.2020-ci ildə keçirilmiş müayinənin qeyd olunduğu rəy iddianın əsassız olduğunu təsdiq edir. İşin qeyd olunan hallarını nəzərə alaraq aşağıda qeyd olunan əsaslara görə məhkəmə cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də (iddiaçının əlilliklə bağlı inzibati orqana müraciət etdiyi zaman qüvvədə olmuş redaksiyada) aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-cü bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “X1 Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X4 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. - 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.3-cü bəndində göstərilmişdir ki, üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əsasnamənin 2.5.14-cü bəndində göstərilmişdir ki, tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyinin korreksiya ilə 0,04 və ondanaz olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54.4). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamə” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Cavabdehin iddiaya dair etirazında qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin dəlillər ekspert rəyi ilə təkzib olunur. Məhkəmə cavabdehin ekspert rəyinə dair mülahizəsində qeyd etdiyi dəlilləri də əsassız hesab edir. Belə ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29-1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddələrinin tələblərinə əsasən xüsusi bilik tələb olunan sualları izah etmək üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında qoyulan sulların həlli məqsədilə sonuncuya hazırki iş üzrə iddiaçı olan İddiaçı canlı müayinəsinin həyata keçirilməsi həvalə olunmuşdur. Ekspertiza rəyindən də göründüyü kimi, ekspert tərəfindən məhkəmə qərardadı ilə ona həvalə edilmiş göstərişlər qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməklə (iddiaçı canlı müayinə olunmaqla), nəticə verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı xx.xx.1986-cı ildə Ağsu şəhərində doğulmuş İddiaçı üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 nömrəli şəhər poliklinikası tərəfindən verlmiş xx.xx.2019-cu il tarixli 2709003AAC4D4 nömrəli forma 88 göndərişi əsasında üçüncü qrup əlillik dərəcəsinin təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1986-cı ildə Ağsu şəhərində doğulmuş İddiaçı üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2709003AAC4D4 nömrəli forma 88 göndərişi əsasında üçüncü qrup əlillik dərəcəsinin təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3484/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3484/2020
15.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver