Məhkəmə qərarları › İş №2-1(112)-3485/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3485/2021

10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3485/2021 10.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi və s. barədə iddia tələbinə dair inzibati iş üzrə mümkünlük məsələsinə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İV bəndi və Avropa Konvensiyasının 4 saylı Protokolunun 3-cü maddəsi ilə təminat verilən ölkəyə maneəsiz qayıtmaq hüququnun pozuntusunun tanınması, 5 ay ərzində keçirtdiyi mənəvi psixoloji gərginliyə görə dəyən mənəvi zərərə görə 3.000 (üç min) AZN kompensasiyanın ödənilməsi, X3 Respublikası vasitəsilə ödədiyi təyyarə xərclərininin (88 GBP + 237 ABŞ dolları) geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə iki həftəlik Rusiya Federasiyasına getmiş, 2020-ci il 18 mart tarixindən saat 00:00-dan etibarən Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul olunmuşdur. Həmin vaxtdan başlayaraq Azərbaycana qayıtmaq üçün Azərbaycanın Moskvadakı səfirliyinin konsulluq şöbəsi ilə əlaqə saxlamağa çalışsa da, bu mümkün olmamışdır. Ölkəyə qayıtmaq üçün Rusiya-Azərbaycan sərhədinə getməmiş, belə ki, alınan məlumatlardan bunun mümkün olmamasını düşünmüşdür. xx xxxxxx 2020-ci ildə 4 aylıq aradan sonra Türkiyə ilə Rusiya arasında uçuşlar bərpa edilmiş, xx xxxxxx 2020-ci il tarixdə Türkiyəyə qayıtmış, oradan isə xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan geri dönmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı İPM-nin 13-cü maddəsinə əsasən ərizədə yol verilmiş formal xətaları aradan qaldırmaqla, tələbinin dəqiqləşdirilməsi təklif olunmuşdur. Bundan sonra iddiaçı məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdehlər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İV bəndi və Avropa Konvensiyasının 4 saylı Protokolunun 3-cü maddəsi ilə təminat verilən ölkəyə maneəsiz qayıtmaq hüququnun Dövlət Sərhəd Xidməti və Xarici İşlər Nazirliyi tərəfindən pozulduğunun tanınması, 5 ay ərzində keçirtdiyi mənəvi psixoloji gərginliyə görə dəyən mənəvi zərərə görə 3.000 (üç min) AZN, təyyarə biletlərinə ödənilən məbləğ (88 GBP + 237 ABŞ dolları) və yaşayış xərcləri ilə əlaqədar məruz qaldığı maddi zərərə görə 3.000 (üç min) AZN-nin Dövlət Sərhəd Xidməti və Xarici İşlər Nazirliyindən tutularaq, ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqanlara təqdim edilərək, cavabdehlərdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilmələri tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, iddiaçının hazırki iddia ərizəsində qeyd olunan tələblərinin təmsil etdiyi inzibati orqana heç bir aidiyyatının olmamasının və iddiaçı tərəfindən bununla bağlı Xidmətə müraciət olunmadığının nəzərə alınmaqla, iddianın Dövlət Sərhəd Xidmətinə münasibətdə təmin olunmamasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi X6 məhkəməyə təqdim etdiyi iddiaya dair mülahizəsində və məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçının iddia ərizəsində qeyd olunan məsələlərin araşdırılması məqsədilə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyin konsulluq şöbəsi ilə əlaqə saxlanılmışdır. Konsulluq şöbəsinin məsul əməkdaşının verdiyi məlumatdan aydın olmuşdur ki, vətəndaş İddiaçı tərəfindən Səfirliyə müraciət daxil olmamışdır. Koronavirus (COVİD-19) infeksiyasının dünyada sürətlə yayılması ilə əlaqədar Səfirlikdə işləyən əməkdaşların təhlükəsizliyi və sağlamlıqlarının qorunmasına dair müvafiq təlimata uyğun olaraq xx.xx.2020-ci il tarxindən Səfirlik xüsusi iş rejimində fəaliyyət göstərmişdir. Eyni zamanda vətəndaşların suallarını cavablandırmaq üçün 24 saat ərzində işləyən qaynar xətt telefonları fəaliyyət göstərmişdir. Bu barədə məlumat Səfirliyin internet səhifəsində və sosial şəbəkələrdə yerləşdirilmişdir. Qaynar xətt nömrələri fəaliyyət göstərdiyi 2020-ci ilin mart-iyul tarixlərində sərt karantin rejimi şəraitində əməkdaşların binada olmaması səbəbindən Səfirliyin stasionar iş telefonlarına daxil olan zənglərə cavab verilməmişdir Səfirlikdə vətəndaş qəbulunun məhdudlaşdırılmasına baxmayaraq, karantin rejimi dövründə (mart-iyul) qaynar xətt nömrələrinə 155 mindən artıq telefon zəngi daxil olmuş və hər bir müraciət cavablandırlmışdır. Bu zənglərin əksəriyyəti Azərbaycan və Rusiya arasında gediş-gəlişin bərpa edilib-edilməyəcəyi barədə olmuşdur. Vətəndaşlarımızın Rusiyadan Azərbaycana geri dönmələri məqsədi ilə xx.xx.2020-ci il tarixində “evegedirəm.info” portalı fəaliyyəti başlamış və Səfirliyin heç bir müdaxiləsi olmadan həmyerlilərimiz fərdi şəkildə bu portaldan qeydiyyatdan keçməklə Azərbaycana geri dönüş tarixi barədə məlumatlar əldə etmişlər. Azərbaycan Respublikasının Səfirlikləri və Konsulluqları fəaliyyət istiqaməti və mövcud imkanlar daxilində xarici ölkə ərazisində olan Azərbaycan vətəndaşlarına bu və digər hüquqi yardımın göstərilməsi səlahiyyətlərinə malikdirlər. Cavabdehin nümayəndəsi qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın Xarici İşlər Nazirliyinə münasibətdə təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdeh inzibati orqanların nümayəndələrinin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçının ərizəsindən görünür ki, o, iki cavabdeh inzibati orqana qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aşağıdakı üç tələbi irəli sürmüşdür: 1) ölkəyə maneəsiz qayıtmaq hüququnun pozuntusunun tanınması; 2) vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi; 3) vurulmuş maddi zərərin əvəzinin ödənilməsi. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunan zaman hazırkı tələblərlə bağlı cavabdeh inzibati orqanlara müraciət edilməmişdir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə rəsmi qaydada müraciət etmədiyindən, müraciətdən imtina olunması barədə yazılı məlumatı almadığından hazırki iddiaya mövcud vəziyyətdə baxıla bilməz. Bundan əlavə iddia ərizəsindən də göründüyü kimi, iddiaçı ölkəyə qayıtmaq üçün Rusiya-Azərbaycan sərhədinə getməmiş və bunun mümkün olub-olmamasını yoxlamamışdır. Qeyd olunanların nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və İPM-nin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi və s. barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar