Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3485/2022 04.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “şəxsin adının “1997-ci il avqustun 2-dək ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”na əlavə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 adının “1997-ci il avqustun 2-dək ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”na əlavə edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əri X6 xx.xx.1992-ci il tarixində Sədərək rayonunun ərazisində gedən döyüşlərdə şəhid olmuşdur. Bununla bağlı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci bəndinə: “1997-ci il avqustun 2dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilsin.” əsaslanaraq sığorta şirkətinə müraciət etmişdir. Sığorta şirkətindən ona bildirilmişdir ki, əri X4 şəhid olması barədə bütün lazım olan sənədləri olsa belə, ərinin şəhid kimi sistemdə qeydiyyatda olmadığı və bunula bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyini tövsiyə etmişlər. O, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yazılı surətdə iddia ərizəsinə sübut kimi əlavə etdiyi sənədləri həmin ərizəyə əlavə edərək müraciət etsə də, müraciətinə xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon şöbəsinin uçot sənədlərində mərhum X4 Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılması, xidmət keçməsi, eləcə də döyüş əməliyyatlarında hərbi qulluqçu kimi həlak olması və şəhid hərbi qulluqçu hesab edilməsi barədə heç bir məlumat yoxdur. Həmçinin Xidmətin Aparatına hərbi idarəetmə orqanları tərəfindən təqdim edilmiş 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçuların siyahılarında Abdulla Əsgərovun adı keçmir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı müraciəti əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən araşdırma aparılmış və məlum olmuşdur ki, Xidmətin Sədərək rayon şöbəsinin uçot sənədlərində mərhum X4 Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılması, xidmət keçməsi, eləcə də döyüş əməliyyatlarında hərbi qulluqçu kimi həlak olması və şəhid hərbi qulluqçu hesab edilməsi barədə heç bir məlumat yoxdur. Həmçinin Xidmətin Aparatına hərbi idarəetmə orqanları tərəfindən təqdim edilmiş 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçuların siyahılarında X4 adı keçmir. X4 “şəhid” (mülki şəhid) olması danılmazdır, lakin o, hərbi qulluqçu olmadığı üçün cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən əsaslı olaraq onun adının adıçəkilən siyahıya salınmasında imtina edilmişdir. Həmçinin iddiaçının istinad etdiyi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4388/2021 nömrəli (iddiaçı X3) analoji qərarına əsasən bildirilir ki, həmin iş üzrə iddiaçının mərhum övladı X5 barədə Xidmətin Sədərək rayon şöbəsində və Xidmətin Aparatına Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik idarəsindən təqdim edilmiş “1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”nda V.N.Səfərzadənin xx.xx.1992-ci il tarixdə həlak olması barədə məlumatlar olduğu üçün iddia tələbi təmin edilmiş və bu səbəbdən tərəflərindən məhkəmə qərarından şikayət verilməmişdir. Cavabdeh qeyd olunanları nəzərə alaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin iddiaçıya təqdim etdiyi 002560 nömrəli, xx.xx.2021-ci il tarixli vəsiqədən görünür ki, vəsiqəni təqdim edən şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır; 12 avqust 1992-ci il tarixli, İV-ЖГ 322716 nömrəli “Ölüm haqqında Şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.1992-ci il tarixdə 37 yaşında ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 30 № ilə qeyd edilmişdir. Ölümün səbəbi: Döş qəfəsinin dəlib keçən güllə yarası; Sədərək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 sentyabr 2021-ci il tarixli 174 nömrəli arayışın surətindən görünür ki, X6 01 aprel 1955-ci ildə Şərur rayon Sədərək kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1955-ci il tarixdə Sədərək kənd İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyi tərəfindən 47 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası: X14, anası X2r; Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 1 №-li Fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və polis orqanları əməkdaşlarının vərəsələrinə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilir. Belə ki, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon şöbəsinin uçot sənədlərində mərhum X4 hərbi xidmətə çağırılması, xidmət keçməsi, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi qulluqçu kimi həlak olması və şəhid hərbi qulluqçu kimi uçotunun aparılması barədə heç bir məlumat yoxdur. Həmçinin Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd olunan Fərmanının icrası ilə əlaqədar Xidmətin Aparatına hərbi idarəetmə orqanları tərəfindən təqdim edilmiş 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçuların siyahılarında da Abdulla Əsgərovun adı keçmir. Bu səbəbdən X4 adının yuxarıda qeyd olunan Fərmanla nəzərdə tutulmuş siyahıya daxil edilməsi hazırda mümkün deyil. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 12 yanvar 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Təşkilat Səfərbərlik İdarəsindən daxil olmuş “Döyüş əməliyyatları başladığı gündən qaytarılmaz itkilərin şəxsi heyətinin siyahısı” qovluğunda (əsas: səh 94, sıra 546, məlumatda xidmət etdiyi hərbi hissənin nömrəsi və həlak olma səbəbi qeyd edilməmişdir) xx.xx.1992-ci il tarixdə Şərur RHK-dan çağırılmış, xx.xx.1955-ci il təvəllüdlü sıravi X4 xx.xx.1992-ci il tarixdə Sədərək rayonunda həlak olması və xx.xx.1992-ci il tarixdə Sədərək rayonunda dəfn olunması barədə məlumat vardır; Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən təqdim edilən Sədərək Rayon Xalq Məhkəməsinin 03 noyabr 1994-cü il tarixli, 2-22-1994 №-li qətnaməsinin təsdiq olunuş surətindən görünür ki, vəsatət təmin edilmiş, … X4 … şəhid hesab edilməsi faktı müəyyən edilmişdir; Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək Rayon Şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 18 nömrəli arayışdan görünür ki, X6 xx.xx.1974-cü il tarixdən, xx.xx.1976-cı il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1992-ci ildə “döş qəfəsini dəlib keçən güllə yarası” diaqnozu ilə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı həlak olmuşdur. (Əsas: 03 noyabr 1994-cü il tarixli Sədərək rayon Xalq Məhkəməsinin qətnaməsindən çıxarış). Naxçıvan Muxtar Respublikası X8 Korpusunun arxivinə edilmiş müvafiq sorğuya əsasən, X4 xidmət illəri barədə məlumat X9 Komitəsinin əmrlər kitabında aşkarlanmadığı üçün onun adı “1997-ci il avqustun 2-dək ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısına” əlavə edilməmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin 30 aprel 2022-ci il tarixli məktubu ilə təqdim edilmiş İddiaçı xx.xx.2021-ci il tarixində 002560 nömrəli “Şəhid ailəsi üzvünün vəsiqəsi”nin verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki, həmin vəsiqənin verilməsi üçün əsas Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 6 nömrəli arayışı olmuşdur. İşin faktiki hallarından görünür ki, iddiaçının oğlu Sədərək rayonu uğrunda gedən döyüşlərdə həlak olmuş və şəhid olması faktı qüvvədə olan məhkəmə aktı əsasında müəyyən olunmuşdur. Məhkəmə diqqətə alır ki, qeyd edilən fakt Sədərək XDS icraiyyə komitəsinin və Sədərək rayon hərbi komissarlığının müraciəti əsasında müəyyən olunaraq şahid ifadələri, hərbi hissədən, polisdən, Sədərək rayon hərbi komissarlığından, Sədərək rayon Mərkəzi Xəstəxanasından alınmış arayışlarla təsdiq olunmuşdur. İddiaçı “şəhid ailəsi vəsiqəsi” ilə təmin edilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr Cavabdeh orqanın imtinası iddiaçının oğlunun hərbi qulluqçu olmaması faktı ilə bağlı olmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinin və 3-cü maddəsinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333cü maddəsinin şərh edilməsinə dair 26 oktyabr 2001-ci il tarixli Qərarına əsasən, vətəndaşların hərbi xidmətə daxil olması Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi hissə komandirlərinin (hərbi tədris müəssisələri rəislərinin), onların hərbi hissələrin (hərbi tədris müəssisələrin) şəxsi heyətinin siyahısına daxil etmələri və bütün təminat növləri (ərzaq, pul, əşya və s.) üzrə təminata götürmələri haqqında əmrləri ilə həyata keçirilir. Müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar hərbi hissə komandirinin onların hərbi hissə şəxsi heyətinin siyahısına daxil olunmaları və bütün təminata götürülmələri haqqında əmrləri imzalandığı gündən hərbi qulluqçu statusuna malik olurlar. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 12 yanvar 2022-ci il tarixli məktubu ilə də təsdiq edilmişdir ki, xx.xx.1992-ci il tarixdə Şərur RHK-dan çağırılmış, xx.xx.1955-ci il təvəllüdlü sıravi X6 xx.xx.1992-ci il tarixdə Sədərək rayonunda həlak olmuş və xx.xx.1992-ci il tarixdə Sədərək rayonunda dəfn olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın şəxsin hərbi qulluqçu olmaması ilə bağlı dəlilləri təkzib olunduğundan, imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, X4 adının “1997-ci ilin avqustun 2-dək ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”na əlavə edilməsi öhdəliyi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X4 adının “1997-ci ilin avqustun 2-dək ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”na əlavə edilməsi öhdəliyi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-3485/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3485/2022
04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver