Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3487/2024 19.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialın pensiyasının məbləğinin 3240,33 manatdan 2241,13 manata endirilməsi barədə 2021-ci ildə qəbul etdiyi qərarın ləğv edib, buna əsasən pensiyasının yenidən hesablanması və 2021-ci ilin may ayından ona ödənilməyən pul vəsaitlərinin bank hesabına köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü ildən əlilliyə görə DSMFnin Yasamal rayon şöbəsi vasitəsilə pensiya almışdır. 2021-ci ilin aprel ayının 30-dan yenidən komissiyadan keçirilməyimlə bağlı pensiyanın verilməsi dayandırılmışdır. Komissiyasadan keçdikdən sonra pensiya 30 aprel 2021-ci il tarixdən bərpa olunmuşdur. Həmin vaxt pensiya işi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına köçürülmüşdür. Filialda keçirilmiş araşdırma nəticəsində pensiyanın məbləği 3240,03 manat məbləğindən 2241,13 manata endirilmişdir. 25 avqust 2023-cü il tarixdə mən ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filiala müraciət edərək pensiyamın məbləğinin endirilməsi barədə qəbul etdiyi qərarın ləğv edilməsini və ona çatmalı olan pul vəsaitinin kart hesabına köçürüb, qərarın ləğv olunmasını nəzərə alaraq hazırki pensiya məbləğini yenidən müəyyən edilməsini xahiş etmişdir. 21 sentyabr 2023-cü il tarixli 3-17-1/2- J-219031/2023 saylı məktubla Mərkəzi Filial ona imtina etmiş, həmin məktub 14 oktyabr 2023-cü il tarixdə ünvanına çatdırılmışdır. Pensiyasının məbləğinin endirilməsi əsassızdır. Belə ki, Mərkəzi Filialın 11 fevral 2022-ci il tarixli **********8 saylı məktubundan görünür ki, onun pensiyasının məbləğinin endirilməsinə səbəb kimi işdən çıxdıqda 1996, 1999, 2000, 2004, 2006-cı illərdə istifadə etmədiyi məzuniyyətlərə görə 14565,96 manat, 2001, 2002, 2003, 2005 illərə görə isə 9856 manat məbləğində məzuniyyətə görə müavinətin ödənilməsinin pensiyasında düzgün olmayaraq nəzərə alınması göstərilmişdir. Həmin illərdə istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiyanın və məzuniyyətlərə görə müavinətlərin vaxtında verilməməsi onun günahından baş verməmişdir. Həmin pul vəsaitləri qeyd edilən illərdə vaxtında ona ödənilsəydi, həmin vaxtlardada pensiya fonduna bu məbləğlərdən lazımı pul vəsaitləri köçürülərdi. Həmin illər üzrə qeyd edilən pul vəsaitləri o işdən çıxdıqda ödənilmiş və bu puldan pensiya fonduna ödənişlər həmin vaxt keçirilmiş, qeyd edilən pul vəsaitləri onun pensiyasına hesablanmalıdır. Bundan başqa Mərkəzi Filialın yuxarıda göstərilən məktubundan görünür ki, onun pensiyasının məbləğinin azaldılmasına səbəb kimi vəzifə üzrə orta aylıq əmək haqqının artım məbləğinin 80 fayızdan 54 fayıza endirilməsi göstərilmişdir. Buna əsas kimi Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması» Qaydasının 2.3-cü bəndi göstərilmişdir. O, pensiyanı 01 aprel 2014-cü il tarixdən alır və həmin vaxtdan mövcud olan qaydalara görə iş stajını nəzərə alıb haqlı olaraq orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi hesablanmışdır. Məlum olduğu kimi həmin Fərman Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli Fərmanı ilə ləğv edilmişdir. Buna görə də Mərkəzi Filialın qərarı bu hissədə də ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. İddaiçı xx.xx.2024-cü il tarixdə məhkəməyə dəqiqləşmə ərizəsi təqdim edərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialın pensiya məbləğinin 3240,33 manatdan 2241,13 manata endirilməsi barədə 09 avqust 2021-ci il tarixdə qəbul etdiyi qərarını ləğv edib, bundan sonrakı pensiya artırımların qeyd edilən qərarın ləğv olunmasını nəzərə almaqla yenidən hesablanması və 2021-ci ilin may ayından ödənilməyən pul vəsaitlərinin bank hesabına köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, pensiya işinə aid sənədlərdə iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən 3 aprel 2014-cü il tarixindən prokurorluq orqanlarının sabiq əməkdaşı kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 3 aprel 2014-cü il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 880,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi - 396,00 manat, rütbəyə görə əlavəsi 130,00 manat, digər növ əlavələri 1230,25 manat olmaqla orta aylıq əmək haqqı 2636,25 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasının 20.8.3-cü maddəsinə əsasən 16 il 4 ay 1 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (2636,25 manat) 80 faizi-2109,00 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 98982,40 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 142587,40 manat ödənilmişdir. Buna görə də həmin dövr üzrə iddiaçıya 43605,00 manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 16 il 4 ay 1 gün iddiaçının qulluq stajına görə əmək pensiyasının hesablanılması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 54 faiz təşkil edir. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən etibarən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 970,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 436,50 manat, rütbəyə görə əlavəsi 130,00 manat, digər növ əlavələri 1344,44 manat olmaqla orta aylıq əmək haqqının 2880,94 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (2636,25 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (2880,94 manat) arasındakı fərq məbləğinin (244,69 manat) 54 faizi-132,13 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (2109,00 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 2241,13 manat hesablanmalı olduğu halda, 3240,03 manat müəyyən edilməklə xx.xx.2018-xx.xx.2021 -ci il tarixləri arasındakı dövr ərzində hər ay müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr üzrə ona 37958,20 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 81563,20 manat artıq pul vəsaiti ödənilib. Əlillik müddətinin bitməsi ilə əlaqədar pensiya ödənişinin xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Eyni zamanda bildiririk ki, təkrar müayinədən keçməsi ilə əlaqədar Mərkəzi Filiala müraciətinin əsasında əmək pensiyası 2021-ci ilin avqust ayında bərpa edilib. Həmçinin xx.xx.2014-xx.xx.2021 -ci il tarixləri arasındakı dövr ərzində ona 81563,20 manat artıqödəmə, 2021-ci ilin may, iyun və iyul ayları üzrə isə ödənilməli olan 6723,39 manat pul vəsaiti hesablanıb. Ödənilməli olan 6723,39 manatın iddiaçıya artıq ödənilmiş pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilməsi nəticəsində qalıq borcunun 74839,81 (81563,20-6723,39) manat təşkil edib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Göstərilən maddəyə əsasən iddiaçıya artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 81563,20 manatdan 35960,40 manata azaldılıb. Prokurorluq orqanları işçilərinin vəzifə maaşlarının artırılması, 2022-ci il ərzində ödənilən aylıq maddi yardımın pensiyanın tərkibinə aid edilməsi, həmçinin cari il üzrə pensiya məbləğlərinin indeksləşdirilməsi nəzərə alınmaqla əmək pensiyası 3401,86 manata artırılıb, həmçinin 2022-ci ilin dekabr və cari ilin yanvar ayları üzrə ödənilməli olan 955,76 manat fərq məbləği hesablanıb. Həmin artıq ödənilmiş 35960,40 manat pul vəsaitdən ona ödənilməli olan 955,76 manat pul vəsaiti çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş pul vəsaiti 35004,64 (35960,40-955,76) manat təşkil edir. Bundan başqa, ona maddi yardım üzrə 2022-ci ilin dekabr ayı üzrə ödənilməli olan 45,51 manat pul vəsaiti hesablanıb. Həmin vəsait cari ilin fevral ayında əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülüb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci abzasına (sonuncu) əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir. Belə ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca "bona fides", yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada -“qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bildiririk ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən inzibati orqan tərəfindən maraqlı şəxslərin əlverişli mövqeyinə olan etimadı qorunmalıdır. Buna görə də qanunverici məhkəmələrə tam səlahiyyət verir ki, 67.5-ci maddənin ilkin şərtlərinin ödənilib- ödənilmədiyini yoxlasınlar. Başqa sözlə qanunsuz əlverişli inzibati akt “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları nəzərə alınmaqla ləğv edilə bilər. Bu müddəalarda müəyyən edilmiş qanunçuluq və hüquqi sabitlik, yəni etimad hüququnun qorunması prinsipləri arasında ortaq mövqe tapılmalı və bu iki prinsipin izlədiyi mövqe tarazlaşıdırıİmaqla qərar qəbul edilməlidir. Bu nöqteyinəzərdən yanaşdıqda görürük ki, 67.5-ci maddədə etimad hüququna istinad edilə bilməyən halları müəyyən edən şərtlər də nəzərdə tutulur. Məhkəmələr təyin edilmiş əmək pensiyasının dayandırılması barədə qərar qəbul edərkən həmin istisna halları da hər bir halda nəzərə almalıdırlar. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olubolmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fidesw prinsipi ilə bağlı bu qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməli idi. “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Belə ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Məhkəmə sorğusuna əsasən təqdim edilmiş pensiya işi və inzibati icraat materaillarından görünür ki: - Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsinin xx.xx.2014-cü il tarixli 950 saylı qərarına əsasən İddiaçı xx.xx.2014-cü il tarixindən prokurorluğa görə pensiya təmin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********9 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən İddiaçı təyin edilmiş hazırkı pensiya 3240.03 manat, yenidən hesablanmış pensiya məbləği 2241.13 manat, pensiya faiz 54% təşkil edir. Ötən dövrlər üzrə təyin olunmuş pensiya məbləği xx.xx.2014-cü il tarixi üzrə 2109 manat, xx.xx.2018-ci il tarixdən 2241.13 manat pensiya məbləği təyin olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-1926/2023 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərarına əsasən İddiaçı təyin edilmiş hazırkı pensiya 2241.13 manat, yenidən hesablanmış pensiya məbləği 2696.75 manat təşkil edir. Ötən dövrlər üzrə təyin olunmuş pensiya məbləği xx.xx.2018-ci il tarixi üzrə 2241.13 manat, xx.xx.2022-ci il tarixi üzrə 2696.25 manat, xx.xx.2023-cü il tarixdən 3401.86 manat pensiya məbləği təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Baş Prokurorluğun xx.xx.2014-cü il tarixli 15/465 nömrəli arayışından görünür ki, verilir İddiaçı ondan ötrü ki, həqiqətən o may 2010-cu ildən aprel 2012-ci il tarixə kimi Gəncə şəhər prokurorluğunun böyük müstəntiqi vəzifəsində işləmiş, illər üzrə aşağıdakı kimi maddi yardımlar almışdır: 2010-sentyabr ayı 100%, dekabr ayı 100% əmək haqqı həcmində maddi yardım; 2011-mart ayı 100%, sentyabr ayı 100%, noyabr ayı 100%, dekabr ayı 100%, əmək haqqı həcmində maddi yardım; 2012-fevral ayı 100%, mart ayı 100%, aprel ayı 100% əmək haqqı həcmində maddi yardım: Bundan başqa, 2010- avqust ayı məzuniyyətə çıxarkən 200% əmək haqqı həcmində müavinət, sentyabr ayı xəstəliyə görə müalicə pulu 200% əmək haqqı həcmində; 2011- dekabr ayı məzuniyyətə çıxarkən 200% əmək haqqı həcmində müavinət, oktyabr ayı xəstəliyə görə müalicə pulu 200% əmək haqqı həcmində; 2012- mart ayı xəstəliyə görə müalicə pulu 200% əmək haqqı həcmində, aprel ayı məzuniyyətə çıxarkən 200% əmək haqqı həcmində müavinət verilmişdir. Bununla əlaqədar olaraq, ona iyun 2012-ci il tarixdə 1996, 1999, 2000, 2004, 2006-cı illərdə istifadə etmədiyi məzuniyyətlərə görə 14565,96 (on dörd min beş yüz altmış beş, qəp.96) manat məbləğində kompensasiya, may 2014-cü il tarixdə 2001, 2002, 2003, 2005-ci illərə görə 9856,00 (doqquz min səkkiz yüz əlli altı, qəp.00) manat məbləğində məzuniyyətə görə müavinət ödənilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 2-2-200/2-259/2024 nömrəli məktubunda bildirilmişdir ki, prokurorluğun sabiq işçisi İddiaçı xx.xx.1996-cı il tarixli 02L/a №-li əmrlə prokurorluq orqanlarına işə qəbul olunub Füzuli rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajçı təyin edilmiş, xx.xx.1997- xx.xx.1999-cu il tarixlərdə Füzuli rayon prokurorluğunun müstəntiqi, xx.xx.1999- xx.xx.2001-ci il tarixlərdə Lənkəran qarnizonu hərbi prokurorluğunun müstəntiqi, xx.xx.2001-xx.xx.2001-ci il tarixlərdə Lənkəran hərbi prokurorluğunun müstəntiqi, xx.xx.2001-xx.xx.2003-cü il tarixlərdə Sumqayıt hərbi prokurorluğunun müstəntiqi, xx.xx.2003-xx.xx.2004-cü il tarixlərdə Sumqayıt hərbi prokurorluğunun böyük müstəntiqi, xx.xx.2004-xx.xx.2006-cı il tarixlərdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, xx.xx.2006-xx.xx.2007-ci il tarixlərdə Kəlbəcər rayon prokurorluğunun müstəntiqi vəzifəsini icra edən (xx.xx.2007-ci ildən Gəncə şəhər prokurorluğuna ezam edilmişdir), xx.xx.2007-xx.xx.2008-ci il tarixlərdə Kəlbəcər rayon prokurorluğunun müstəntiqi, xx.xx.2008-xx.xx.2008-ci il tarixlərdə Gəncə şəhər prokurorluğunun müstəntiqi, xx.xx.2008-xx.xx.2012-ci il tarixlərdə Gəncə şəhər prokurorluğunun böyük müstəntiqi vəzifələrində işləmiş, Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2012- ci il tarixli 10/52-11/115-k Nə-li əmri ilə intizam məsuliyyətinə cəlb edilərək prokurorluq orqanlarından xaric edilmişdir. Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2005-ci il tarixli 09/76- k nömrəli əmri ilə ona kiçik ədliyyə müşaviri xüsusi rütbəsi verilmiş və prokurorluq orqanlarından xaric edilərkən həmin rütbədən məhrum edilməmişdir. Həmin məktuba əlavə eidlmiş arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2010-cu il tarxdən xx.xx.2012-ci il tarixədək olan dövr üzrə hesablanmış 56426,17 manat ödənişlərə həmçinin, 2012-ci ilin iyun ayında hesablanmış 14565,96 manat istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləğinə və 2014-cü ildə hesablanmış (2001, 2002, 2003, 2005-ci illər üzrə ) 9856.00 manat məzuniyyət görə 2 aylıq əmək haqqı məbləğində pul təminatına görə DSMF-yə məcburi dövlət sosial sığorta haqları hesablanmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 2-2-200/2-294/2024 nömrəli məktubunda bildirilmişdir ki, prokurorluğun sabiq işçisi İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək olan dövr üzrə hesablanmış 56426,17 manat ödənişlərə, həmçinin 2012-ci ilin iyun ayında hesablanmış 14565,96 manat istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləğinə və 2014-cü ildə hesablanmış (2001, 2002, 2003, 2005-ci illər üzrə) 9856,00 manat məzuniyyətə görə iki aylıq əməkhaqqı məbləğində pul təminatından DSMF-yə məcburi dövlət sosial sığorta haqqları tutulmuş və ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-İ- 219031/2023 nömrəli məktubda bildirilmişdir ki, pensiya işinizə aid sənədlərdə sizə Fondun Yasamal rayon şöbəsi tərəfindən 3 aprel 2014-cü il tarixindən prokurorluq orqanlarının sabiq əməkdaşı kimi İİİ dərəcəli əlilliyə gorə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur Aparılan araşdırma nəticəsində pensiya məbləğiniz 2021-ci ilin avqust ayından qanunvericiliyin tələblərinə uyğunlaşdırılaraq 2241 13 manat məbləğində müəyyən edilib. Bu barədə sizə 11 fevral 2022-ci il tarixli **********8 nömrəli məktubla ətraflı məlumat verilib. Eyni zamanda bildiririk ki. prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının 1 dekabr 2022-ci il tarixindən artırılması ilə əlaqədar əmək pensiyanız həmin tarixdən yenidən hesablanaraq 2696,25 manat məbləğində, maddi yardımın pensiyanın tərkibinə daxıl edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023cü il tarixindən isə 3401.86 manat məbləğində müəyyən edilib. Əlavə olaraq bildiririk ki, ötən dövr üzrə hazırda ümumilikdə artıqödəməniz 35004,64 manat təşkil edir. Həmin artıq ödənilmiş 35004.64 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mahiyyət üzrə qismən əsaslıdır. İş materiallarından görünür ki, iddiaçıya xx.xx.2014-cü il tarixdən prokurorluq işçisi kimi, artım faizi 80 % olmaqla, Baş Prokurorluğun xx.xx.2014-cü il tarixli arayışı əsasında pensiya təyin edilmişdir. İddiaçının pensiyası xx.xx.2021-ci il tarixli, **********9 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə xx.xx.2018-ci il tarixdən etibarən pensiya məbləği artım faizi 54.00 % olmaqla yenidən hesablanmışdır. Eyni zamanda həmin qərarla pensiya yenidən hesablanarkən pensiya təyin edilməsi zamanı əsas götürülmüş Baş Prokurorluğun təqdim etdiyi arayışda göstərilən 2012-ci il tarixdə istifadə edilməyən məzuniyyətə görə kompensasiyaya və 2014-cü il tarixdə ödənilmiş məzuniyyət görə müavinət məbləği nəzərə alınmamışdır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -20.8. Bu Qanunun 20.1.5-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.8.3. prokurorluq orqanlarında 10 ildən yuxan qulluq etmiş prokurorluq işçilərinə prokurorluq işçisi kimi aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə 20.8.3-cü maddə ləğv edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın: -1.1-ci bəndinə görə bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. -1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. -2.3.-cü bəndinə görə Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əməkhaqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə – orta aylıq əməkhaqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. İşin hallarından görünür ki, iddiaçıya prokurorluq işçisi kimi ilkin olaraq 2014-cü ildə 16 il 04 ay 1 gün qulluq stajına görə ƏMP-nun 20.8.3-cü maddəsinə uyğun olaraq 10 ildən yuxarı qulluq stajına görə 55%+10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından artıq olmamaqla ümumilikdə məvacibin 80% miqdarında əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası qəbul edilmişdir. Qaydanın tələbinə əsasən ƏPQ-nun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği iki halda yenidən hesablanır:
1. əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə;
2. həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı artırıldıqda. Qeyd edilməlidir ki, göstərilən iki haldan birinin olması kifayətdir ki, pensiya təyinatını aparan orqan tərəfindən qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği Qaydanın tələbinə uyğun olaraq yenidən hesablansın. Dolayısı ilə adıçəkilən Qayda xx.xx.2017-ci ilədək pensiya təyin edilmiş şəxslərin pensiyasının yenidən hesablanmasını pensiya təyin edən orqanın mülahizəsinə və ya pensiyaçının seçiminə buraxmamış, yenidən hesablamanın imperativ qaydasını müəyyən etmişdir. Göstərilən normaları işin halları ilə müqayisəli təhlil etdikdə müəyyən olunur ki, iddiaçıya 2014-cü ildən ilkin olaraq məvacibin 80 % faizi miqdarında prokuroqluq işçisi kimi əmək pensiyası təyin edilmiş, daha sonra Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən etibarən Azərbaycan Respublikası Prezidentinin yuxarıda adıçəkilən 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun olaraq iddiaçının əmək pensiyası yenidən hesablanmış, bu zaman Qaydanın 2.3-cü bəndinə əsasən pensiya mələği faizi 54 %-lə hesablanmışdır. Belə ki, adıçəkilən Qaydanın 2.3-cü bəndindəki hesablama qaydasına uyğun olaraq pensiya artım faizi 15 il qulluq müddətinə görə 50%+ 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, məvacibin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 54 %- faiz təşkil edir. İddiaçı barəsində qulluq stajına görə əlavənin faiz dərəcəsinin hesablanmasından görünür ki, xx.xx.2014-cü il tarixində vəzifə maaşı 880 manat, qulluq stajına görə əlavə 396 manat, rütbəyə görə əlavə 130 manat, məzuniyyət 1017.58 manat, mükafatlar 1230.25 manat, cəmi dövlət məvacibi 3653.83 manat, pensiya məbləği 2923.06 manat, pensiya faizi 80% təşkil etmişdir. xx.xx.2014-cü il tarixində vəzifə maaşı 880 manat, qulluq stajına görə əlavə 396 manat, rütbəyə görə əlavə 130 manat, məzuniyyət 1170.22 manat, mükafatlar 1230.25 manat, cəmi dövlət məvacibi 3806.47 manat, pensiya məbləği 3045.18 manat, pensiya faizi 80% təşkil etmişdir. xx.xx.2018-cü il tarixində vəzifə maaşı 970 manat, qulluq stajına görə əlavə 436.5 manat, rütbəyə görə əlavə 130 manat, mükafatlar 1344.44 manat, cəmi dövlət məvacibi 2880.94 manat, pensiya məbləği 2241.13 manat, pensiya faizi 54% təşkil etmişdir. xx.xx.2022-ci il tarixində pensiya faizi 54% vəzifə maaşı 1280 manat, qulluq stajına görə əlavə 576 manat, rütbəyə görə əlavə 130 manat, mükafatlar 1737.75 manat, cəmi dövlət məvacibi 3723.75 manat, pensiya məbləği 2696.25 manat, 10% maddi yardım 2965.88 manat, indeksasiya faizi 14.7%-3401.86 manat, 11.2% indeksasiya faizi tətbiq olunmaqla 3782.87 manat təşkil etmişdir. Beləliklə, işin sadalanan hallarından müəyyən edilir ki, iddiaçıya təyin edilmiş prokuorluq əməkdaşı kimi əmək pensiyası xx.xx.2017-ci il tarixdən sonra Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”na uyğun olaraq əmək pensiyası yenidən hesablanmış, yenidən hesablama zamanı pensiya artım faizi 54% müəyyən edilmiş, cavabdeh tərəfindən pensiya məbləğinin hesablanmasında kənarlaşma müəyyən edilməmişdir. Odur ki, mübahisələndirilən qərar pensiyanın artım faizi hissəsində əsaslıdır. Cavabdehin pensiyanın yenidən hesablanması zamanı nəzərə almadığı hissəiddiaçıya iyun 2012-ci il tarixdə 1996, 1999, 2000, 2004, 2006-cı illərdə istifadə etmədiyi məzuniyyətlərə görə 14565,96 (on dörd min beş yüz altmış beş, qəp.96) manat məbləğində kompensasiya, may 2014-cü il tarixdə 2001, 2002, 2003, 2005-ci illərə görə 9856,00 (doqquz min səkkiz yüz əlli altı, qəp.00) manat məbləğində məzuniyyətə görə ödənilmiş müavinətin pensiya hesablanarkən nəzərə alınmaması ilə bağlı məhkəmə razılaşmır. Belə ki, işin hallarından görünür ki, iddiaçıya pensiya təyinatı son 24 ayın, yəni xx.xx.2010-xx.xx.2012-ci il tarixlərdə aldığı məvacib əsasında pensiya hesablanmışdır. Baş Prokurorluğun verdiyi xx.xx.2014-cü il tarixli arayışından da görünür ki, iddiaçıya 1996, 1999, 2000, 2004, 2006-cı illərə aid istifadə etmədiyi məzuniyyətlərə görə hesablanmış məzuniyyət kompensasiyası 2012-ci ilin iyun ayında və 2001, 2002, 2003, 2005-ci illərə aid olan məzuniyyətə görə müavinət 2014-cü ilin mayında iddiaçıya ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya vaxtilə ödənilməli olan məbləğin sonradan xidmət keçdiyi qurum tərəfindən ödənilməsi iddiaçının heç bir halda zərərinə şərh olunmamalı, həmin məbləğin onun pensiyaya çıxarkən hesablanmalı məvacibin tərkibində pensiya təminatında nəzərə alınmasını istisna etməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli qərarında Məhkəmə qərara almışdır ki: 1.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. 2.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Beləliklə, məhkəmə Konstitusiya Məhkəməsinin mövqeyini hazırkı işə tətbiq edərək hesab edir ki, iddiaçı ərizəsində göstərdiyi əlavələri işlədiyi dövrdə aldığından və həmin ödənişlər məcburi dövlət sosial sığortasına cəlb olunduğundan iddiaçının ona pensiya hesablanarkən həmin məbləğlərin nəzərə alınmasını tələb etmək hüququ da mövcuddur. Məhkəmə sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun arayışlarından görünür ki, iddiaçıya xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək olan dövr üzrə hesablanmış ödənişlərə həmçinin, 2012-ci ilin iyun ayında hesablanmış istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləğinə və 2014-cü ildə hesablanmış məzuniyyətə görə 2 aylıq əmək haqqı məbləğində pul təminatına görə DSMF-yə məcburi dövlət sosial sığorta haqları hesablanmış və ödənilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin mübahisələndirilən qərarını qeyd edilən məzuniyyət kompensasiyası və məzuniyyətə görə pul təminatı hissələri çıxılmaqla yenidən hesablanması hissəsində əsassız hesab edir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçınınAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********9 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı qismən ləğv edilməli, iddiaçıya iyun 2012-ci il tarixdə 1996, 1999, 2000, 2004, 2006-cı illərdə istifadə etmədiyi məzuniyyətlərə görə 14565,96 manat məbləğində kompensasiya, may 2014-cü il tarixdə 2001, 2002, 2003, 2005-ci illərə görə 9856,00 manat məbləğində məzuniyyətə görə müavinət nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 52, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********9 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı qismən ləğv edilsin. İddiaçı iyun 2012-ci il tarixdə 1996, 1999, 2000, 2004, 2006-cı illərdə istifadə etmədiyi məzuniyyətlərə görə 14565,96 manat məbləğində kompensasiya, may 2014-cü il tarixdə 2001, 2002, 2003, 2005-ci illərə görə 9856,00 manat məbləğində məzuniyyətə görə ödənilmiş müavinət nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova