Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3489/2020 02.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, iddiaçı Abdullayev Vaqif Abdulla oğlunun iştirakı ilə İddiaçı Abdullayev Vaqif Abdulla oğlunun cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ iddiaçının 16 yanvar 1994-cü il tarixdən 27 fevral 1994-cü il tarixə kimi Füzuli rayonunun “Əhmədbəyli, “Çükürbəyli” və “Kərimbəyli” kəndlərində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etməyi barədə yazılı məlumatın (arayışın) verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına” dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Abdullayev Vaqif Abdulla oğlu cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ iddiaçının 16 yanvar 1994-cü il tarixdən 27 fevral 1994-cü il tarixə kimi Füzuli rayonunun “Əhmədbəyli, “Çükürbəyli” və “Kərimbəyli” kəndlərində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etməyi barədə yazılı məlumatın (arayışın) verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı öz təşəbbüsü ilə 1994-cü ilin yanvar ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə müraciət etmiş, bir həftəlik təlim keçmək üçün Gəncə şəhərində yerləşən “Nizami” poliqonuna göndərdilər. Təlim keçdikdən sonra iddiaçının və onunla olan digər şəxsləri Füzuli rayonuna N saylı polka hava hucumundan müdafiə qoşununda döyüşməyə göndərdilər. 16 yanvar 1994-cü il tarixdən 27 fevral 1994-cü il tarixə kimi Füzuli rayonunun “Əhmədbəyli”, “Şükürbəyli” və “Kərimbəyli” kəndlərində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Hərbi bilet Binəqədi rayon Hərbi Komissarlığında qaldığına görə hərbi biletində erməni işğalçıları ilə gedən döyüşlərdə iştirak etməsi barədə heç bir məlumat qeyd edilməyib. İddiaçı onun 16 yanvar 1994-cü il tarixdən 27 fevral 1994-cü il tarixə kimi Füzuli rayonunun “Əhmədbəyli”, “Şükürbəyli” və “Kərimbəyli” kəndlərində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etməsi barədə yazılı məlumatın (arayışın) verilməsi barədə ərizə ilə cavabdehlərə müraciət etmişdir. Cavabdeh SHXÇDX-nin Binəqədi rayon İdarəsi bildirdi ki, Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi arxivinin 26.09.2019-cu il tarixli 9/2 -14103 saylı məktubunda iddiaçının hərbi hissəyə daxil olması göstərilməyərək 25.01.1994-cü il tarixdə hərbi hissəni özbaşına tərk etməsi barədə məlumat var. Füzuli Hərbi Prokurorluğunun 21.11.2019-cu il tarixli 17/5325 saylı məktubunda hal-hazırda iddiaçı barəsində təsdiqləndirici material və cinayət işi qeyd olmadığı da qeyd edilmişdir. İddiaçı hesab edir ki, hərbi hissəyə daxil olması barədə məlumat olmasa da lakin hərbi hissəni tərk etməsi barədə məlumatın olması onu göstərir ki, o, həqiqətən də sözügedən hərbi hissədə xidmətdə olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi iddiaya dair etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçı ona müharibə zamanı xidmət keçməsi haqqında arayışın verilməsini tələb edir. Döyüşlərdə iştirak etməsini dəqiqləşdirmək məqsədilə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sorğu edilmişdir. Mərkəzi Arxivin 26.09.2019-cu il tarixli 9/2- 14103 saylı məktubunda İddiaçı hərbi hissəyə daxil olması göstərilməyərək 25.01.1994-cü il tarixində hərbi hissəni özbaşına tərk etməsi barədə məlumat vardır. Məhkəmə tərəfindən xidmət etməsini sübut edən hüquqi əhəmiyyətli fakt olarsa bu barədə qərar qəbul etdiyi təqdirdə arayış verilməsi məsələsinə baxıla bilər. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia ərizəsinə etirazında bildirmişdir ki, hərbi hissənin arxivində mövcud olan sənədlərdə (əmrlər, əlifba qeydiyyat kitabı) göstərilənlər Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş arxiv arayışında öz əksini tapır. Arxivdə mövcud olmamış sənədlər əsasında arayışın verilməsi mümkünsüzdür. Tələbdə qeyd edilmiş müddətdə hərbi hissə döyüşlərdə iştirak etmədiyindən bu barədə arayışın verilməsi tələbi də əsassız olur. İddiaçının göstərdiyi tarixlərdə (16.01.1994-27.02.1994) N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməyib. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.3. –cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1. –ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddia tələbinin predmeti iddiaçının 16.01.1994-27.02.1994-cü il tarixədək Füzuli rayonun “Əhmədbəyli, “Çükürbəyli” və “Kərimbəyli” kəndlərində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etməyi barədə yazılı məlumatın (arayışın) verilməsi tələbidir. Qeyd etmək lazımdır ki, cavabdehlər tərəfindən belə bir arayışın iddiaçıya verilməsi yalnız arxiv fondunda saxlanılan sənədlər, məlumatlar əsasında mümkün ola bilərdi.Lakin arxiv fondunda saxlanılan, mühafizə edilən sənədlərdə dəyişiklik edilməsi, yolverilməzdir və qanunverici tərəfindən verilmiş “arxiv işi” anlayışına ziddir. Belə ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində göstərilmişdir ki, arxiv işi - arxivlərin komplektləşdirilməsi, mühafizəsi, uçotu və arxiv xidmətinin təşkilidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Lakin hazırda iddiaçı cavabdehlər tərəfindən onun hüquqlarının pozulması, yəni cavabdehlərdə iddiaçının 16.01.1994-27.02.1994-cü il müddətdə Füzuli rayonun “Əhmədbəyli, “Çükürbəyli” və “Kərimbəyli” kəndlərində erməni işğalçılarına qarşı gedən döyüşlərdə N saylı hərbi hissəsinin tərkibində iştirak etməyi barədə müvafiq sənədlər (nizami hissə əmrləri, əlifba qeydiyyatı kitabı və s. ) olduğu halda həmin sənədlərin mövcudluğunun gizlətməsi barədə məlumatı məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddiaçının hüquqları sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Belə olan halda məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdehlər tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Abdullayev Vaqif Abdulla oğlunun cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiaçının 16 yanvar 1994-cü il tarixdən 27 fevral 1994-cü il tarixə kimi Füzuli rayonunun “Əhmədbəyli, “Çükürbəyli” və “Kərimbəyli” kəndlərində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etməyi barədə yazılı məlumatın (arayışın) verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 35-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiaçı Abdullayev Vaqif Abdulla oğlunun cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiaçının 16 yanvar 1994-cü il tarixdən 27 fevral 1994-cü il tarixə kimi Füzuli rayonunun “Əhmədbəyli, “Çükürbəyli” və “Kərimbəyli” kəndlərində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etməyi barədə yazılı məlumatın (arayışın) verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3489/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3489/2020
02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver