Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3489/2024 05.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “uyğusuzluqların aradan qaldırılaraq texniki pasportun verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 841 saylı bağ sahəsində yerləşən 0,16 ha torpaq sahəsinin JN seriyalı 26522H nömrəli (3672 nömrəli qeyd) şəhadətnamədə qeyd olunan koordinatlarla faktiki koordinatlar arasında yaranmış uyğusuzluqların aradan qaldırılması və torpaq sahəsinin faktiki mövcud koordinatların uyğun yeni plan və cizginin (texniki pasportun) hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə vətəndaş X1 arasında notarial qaydada bağlanmış 22 oktyabr 2005-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən Bakı şəhəri, Vişnyovka-1 bağ massivində 841 saylı sahədə yerləşən 0,16 ha torpaq sahəsini almışdır. İddiaçıya həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə dair JN seriyalı 26522H nömrəli (3672 nömrəli qeyd) şəhadətnamə verilmişdir. Sonradan həmin torpaq sahəsində iddiaçı şəhərsalma və tikinti tələblərinə uyğun fərdi yaşayış evini tikmişdir. Tikilmiş fərdi yaşayış evə və onun altında yerləşən torpaq sahəsinə mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi məqsədilə iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh mülkiyyət hüquqlarının qeydiyyata alınmasını təsdiq edən "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" (Qeydiyyat nömrəsi: **********; Qeydiyyat tarixi: xx.xx.2023-cü il) almışdır. Çıxarışdan göründüyü kimi, sözügedən 0,16 torpaq sahəsi onun mülkiyyətindədir. Lakin, çıxarışın alınması ilə bərabər iddiaçı ona texniki pasportun təqdim edilməsinə dair müraciət etsə də, cavabdeh texniki pasportun verilməsindən imtina etmişdir. Cavabdeh 06 aprel 2023-cü il tarixli **********40 nömrəli imtina məktubunda qeyd etmişdir ki, JN - 26522H saylı şəhadətnamənin yerləşməsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq mövcud olduğundan, plan ölçünün tərtib edilməsi mümkün olmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddiaçı xx.xx.2024-cü il tarixli elektron ərizə ilə məhkəməyə müracitə edərək bildirmişdir ki, sözügedən mübahisə məhkəmədənkənar qaydada həll edilmiş və bütün zəruri sənədlər iddiaçıya təqdim edilmişdir. Bu səbəbdən, iddia ərizəsinə baxılmasının zəruriyyəti aradan qalxmışdır. İddiaçı qeyd olunanları nəzərə alaraq iddia tələbi təmin olunduğundan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
4. Cavabdeh tərəfindən elektron qaydada məhkəməyə təqdim olunan xx.xx.2024-cü il tarixli ərizədə bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 841 saylı bağ sahəsinə torpaq sahəsinin planı və ölçüsünün verilməsi ilə bağlı ********** qeydiyyat nömrəsi ilə müraciət etmişdir. Aparılmış inzibati icraat zamanı məlum olmuşdur ki, iddiaçının tələbi təmin olunmuş torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır.
5. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçının və cavabdehin məhkəməyə ünvanlanmış ərizələrini, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir.
7. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
8. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisəsi artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
9. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva