Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3490/2021 28.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət tərəfindən aztəminatlı ailələrə verilən ikinci (aprel ayı üçün) 190 (bir yüz doxsan) manat birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 2020-ci ilin iyul ayı üçün nəzərdə tutulmuş 190 (bir yüz doxsan) manat birdəfəlik yardımın (ödəmənin) ödənilməsi öhəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, subaydır və tək yaşayır. X1 Mərkəzinə müraciət etsə də onu işlə təmin etməmişlər. Ona qohumları kömək edir. Onun heç yerdən qazancı yoxdur. Sərt karantin müddətində şəhərlərarası ictimai nəqliyyat işləmədiyinə görə onlar da köməklik edə bilmirlər. Ona görə də onun maddi vəziyyəti çətinləşmişdir. Elə gün olmuşdur ki, onun çörək almağa belə pulu olmamışdır. Qonşular da ona kömək edirlər. Sərt karantin müddətində dövlət tərəfindən aztəminatlı ailələrə verilən 1-ci 190 manat birdəfəlik ödəməni 04 may 2020-ci il tarixində poçt vasitəsi ilə almışdır. 2-ci ödəməni isə bank tərəfindən verilən plastik kart ilə almalı idi. O, bir neçə gün gözləmişdir ki, onun mobil telefonuna kartı hansı bankdan alacağı barədə məlumat göndərilsin, lakin ona sms göndərilməmişdir. O, məcbur olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikyinin 142 çağrı mərəkəzinə məlumat almaq üçün zəng etmiş və ona bildirilmişdir ki, sistemdə «Kapitalbank» qeyd olunmuşdur, onun həmin banka müraciət etməsi tövsiyə edilmişdir. O da banka müraciət etmiş, lakin ona bildirilmişdir ki, onun adına plastik kart yoxdur. Ona Minəçevir şəhərində yerləşən digər banklara da müraciət etməsi tövsiyə edilmişdir. O da vaxt itkisinə baxmayaraq, növbəyə dayanmış, digər banklardan məlumat almağa çalışmışdır. O, yenidən 09.06.2020-ci il tarixində saat 09:18-də 142 çağrı mərkəzinə zəng etmişdir. Ona bu dəfə «Kapitalbank»dan məlumat alması bildirilmişdir. O, Kəlbəcər rayonundan olduğuna görə fikirləşmişdir ki, bəlkə Kəlbəcər filialına göndərilmişdir. Oradan da ona bildirmişlər ki, onun adına kart yoxdur. Yenidən o, 142 çağrı mərkəzinə zəng etmiş, ona bildirilmişdir ki, Mingəçevir filalına müraciət etsin və kartı oradan alsın. O, iyun ayının 23-də kartı bankdan almışdır. Sonradan kartı bankamata salaraq orada pulun karta yüklənmədiyini görmüşdür. Bu barədə 25 iyunda 142 Çağrı mərkəzinə məlumat vermişdir. Ona bildirmişlər ki, o, hər gün kartı bankomatda yoxlamalıdır, pul yüklənəcəkdir, 09 iyul tarixində pul onun kartına yüklənmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, iddiaçının müraciəti əsasında müvafiq informasiya sistemlərindən əldə edilmiş məlumatlara əsasən 190 manat birdəfəlik ödəmə iddiaçıya aprel, may, avqust və dekabr ayları üçün ödənilmişdir. Lakin iddiaçı təyin olunmuş ödəməni almadığına görə iyul ayı üçün olan 190 manat birdəfəlik ödəmə ödənilməmişdir. İddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə məhkəmə baxışı iclasında baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 PHŞ 20 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 06.10.2020-ci il tarixli məktubda qeyd olunur: Sizin müraciətiniz əsasında müvafiq informasiya sistemlərindən əldə edilmiş məlumatlara əsasən 190 manat birdəfəlik ödəmə Sizə aprel, may və avqust aylar üçün təyin olunmuşdur. Lakin Siz iyun ayı üçün təyin olunmuş ödəməni almadığnıza görə iyun ayı üçün olan 190 manat birdəfəlik ödəmə dayandırılmışdır. Sizə işlə təmin olunmanızla bağlı boş (vakant) iş yerləri ilə tanış olmaq üçün «e-sosial» portalı vasitəsilə X5 (MAS) mövcud olan vakansiyaları mütəmadi izləmək və ya Mərkəzlə əlaqə saxlayaraq əlavə məlumat almanız tövsiyə olunur. İş materiallarında olan Elektron informasiya sistemindən Təyinatın göndərilməsi barədə çıxarışdan görünür ki, İddiaçı 2020-ci ilin aprel, may, avqust və dekabr aylarında birdəfəlik ödənişlər edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın: 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir; 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; 1.3-ci bəndinə əsasən birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4-ci bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir; 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir; 2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın təsdiq edilməsi barədə» 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının: 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilsin. 2-1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 2020-ci il 25 aprel tarixinə qüvvədə olan redaksiyasının 1-ci hissəsində göstərilən müddətlərə uyğun olaraq, xüsusi karantin rejiminin tətbiq edildiyi dövrü əhatə edir və cari ilin aprel və may ayları üçün ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında» 2020-ci il 23 iyun tarixli 216 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsinin birdəfəlik şəkildə həyata keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında» 2020-ci il 07 avqust tarixli 283 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsinin birdəfəlik şəkildə həyata keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında» 2020-ci il 23 dekabr tarixli 506 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsinin birdəfəlik şəkildə həyata keçirilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən 2020-ci ilin aprel, may, avqust və dekabr ayları üçün 190 manat məbləğində birdəfəlik ödəmə verilmiş, iyul ayı üçün isə verilməmişdir. İddiaçıya əvvəlki və sonrakı iki ay ödəmə verilmişdir, yəni ödəmənin verildiyi bütün müddət üçün əsaslar olmuşdur, bir ay üçün əsasın aradan qalxması isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadı, eyni zamanda cavabdeh inzibati orqan bir ay üçün 190 manat məbləğində birdəfəlik ödəmənin verilməməsinin əsaslarını məhkəməyə təqdim edə bilmədi. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddia təmin edilsin. Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar ödənilən birdəfəlik ödəmə qismində bir ay üçün 190 manat məbləğində birdəfəlik ödəmənin İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3490/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3490/2021
28.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver