Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3490/2022 15.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məhkəmə qərarı əsasında təyin edilmiş pensiyanın dayandırılmasına dair DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı iddia tələbi təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə ona işlədiyi peşənin dəniz şəraitində olduğundan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarına əsasən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən 1 saylı siyahısına müvafiq olaraq 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının, həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004- 2005-ci illər orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin məbləğinin birdəfəlik ödənilməsi vəzifəsi Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdehin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2134/17 saylı 05.09.2017-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Cavabdehin verdiyi kassasiya şikayəti də təmin edilməmişdir. Qərar qanuni qüvvəyə minmiş və ona pensiya təyin edilmişdir. Lakin 2020-ci ilin yanvar ayından ona pensiyanın verilməsi dayandırılmışdır. Pensiya ödənişinin dayandırılmasının səbəbi barədə ona rəsmi məlumat verilməmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, pensya ödənişi bərpa edilməmişdir. O, dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirliyinə, DSMF-nin Xətai rayon şöbəsinə, Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Lakin onun pensiyası bərpa olunmamışdır. Eyni zamanda yazdığı məktubların heç birinə cavab verilməmişdir. Ona pensiya məhkəmə qərarı əsasında təyin edilmişdir, onun dayandırılması qanunsuzdur. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə qərarı icra olunmur. Onun hüquqlarının pozulması davam edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində deyilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Ona bu günə kimi pensiya ödənişinin dayandırılmasının səbəbləri, araşdırmanın nə qədər davam edəcəyi barədə məlumat verilmədiyinə görə məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Cavabdeh onun pensiyasını dayandırsa da ona hər hansı bir məlumat verməməsi onun tərəfindən qanunsuz hərəkət hesab olunmalıdır. O, üç ilə yaxın pensiya almışdır. Əgər cavabdeh pensiyanın təyinatında hər hansı bir qanunsuzluq olduğunu hesab edirsə bu barədə qanunla nəzərdə tutulan tədbirlər görməli idi. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaya dair yazılı etirazı məhkəmə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümküün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. İPM-nin 2.2.4-ci maddəsinə görə inzibati orqanının inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Məhkəmə iddiaçının izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: “ASAN 4” tərəfindən 10.06.2017-ci ildə verilmiş AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1957-ci ildə Lerik rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı İnzibati Məhkəməsinin 07.02.2022-ci il taixli 2-1(112)-159/2017 saylı qərardadından müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, onun 29.11.1980-cı il tarixdən 13.04.1999-cu il tarixədək Neft daşlarında və 19.11.2002-ci il tarixdən hal-hazıradək 28 May NQÇİ-də dənizdə işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla 25.05.2007-ci il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3159/2017 saylı, 06 iyul 2017-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 29.11.1980-ci il tarixdən 13.04.1999-cu il tarixədək Neft daşlarında və 19.11.2002-ci il tarixdən hal-hazıradək 28 May NQÇİ-də dənizdə işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla 25.05.2007-ci il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2134/2017 saylı, 05 sentyabr 2017-ci il tarixli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3159/2017 saylı iş üzrə qəbul etdiyi 06 iyul 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-100/2018 saylı, 10 yanvar 2018-ci il tarixli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (103)- 2134/2017 saylı, 05 sentyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3159/2017 saylı, 06 iyul 2017-ci il tarixli qərarı 01 mart 2018-ci il tarixli məktubla icra olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə göndərilmişdir. 21 may 2018-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3159/2017 saylı, 06 iyul 2017-ci il tarixli qərarı təkrarən icra olunması üçün cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsi tərəfindən məhkəməyə ünvanlanan 08 iyun 2018-ci il tarixli məktubda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3159/2017 saylı, 06 iyul 2017-ci il tarixli qərarının artıq icra olunduğu bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 07.02.2022-ci il taixli 2-1(112)-159/2017 saylı qərardadından müəyyən olunur ki, 22.06.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə İPM-nin 13-cü maddəsinin tələbi baxımından iddiaçıya 23 dekabr 2021-ci il tarixdə məktub ünvanlayaraq İPM-nin 103.1 və 103.2-ci maddələrinin tələblərinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilə bildiyi hallar izah olunmaqla nəzərə alınması xahiş edilmiş, lakin ərizəçi tərəfindən müvafiq hərəkət edilməmişdir. Məhkəmənin 07.02.2022-ci il tarixli 2-1(112)- 3159/2017 saylı qərardadı ilə ərizə mümkün sayılmamışdır. Qeyd olunan iş üzrə məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 05 aprel 2021-ci il tarixli **********1 saylı məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar olaraq, İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılması məqsədilə adıçəkilən şəxsə əmək pensiyasının ödənişi 04.02.2020-ci il tarixindən dayandırılmışdır. İddiaçı pensiya ödənişinin bərpa edilməsi barədə bu günədək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala hər hansı məlumat daxil olmamışdır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 15 fevral 2022-ci il tarixli **********1 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş aşağıdakı sənədlərdən: Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xətai rayon Şöbəsi tərəfindən qeydə alınmış 017560 saylı pensiya işinə əlavə olunmuş 12 mart 2018-ci il tarixli 1616 saylı qərarın surətindən müəyyən olunur ki, İddiaçı 25.05.2007-ci il tarixdən ömürlük 289,89 manat məbləğində pensiya təyin olunmuşdur. Daha sonra İddiaçı əmək pensiyası Pensya miqdarının dəyişdirilməsi haqqında 10.05.2018-ci tarixli sərəncamı ilə yenidən hesablanaraq 563,21 manat, daha sonra yenidən 04.07.2018-ci il tarixli sərəncamla hesablanaraq 1114,20 manat müəyyən olunmuşdur. İddiaçı hazırki tələblə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, müraciətinə cavab verilməmişdir. Hazırda iddiaçı təyin olunmuş pensiyanın ödənilməsinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab olunmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəindinə əsasən isə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən heç bir qanuni əsas olmadan iddiaçıya pensiyanın ödənilməsi dayandırılmışdır. İddiaçıya təyin olunmuş pensiyanın dayandırılması barədə cavabdeh inzibati orqan tərəfindən müvafiq qərarın qəbul edilib-edilməməsi ilə bağlı heç bir sənəd məhkəməyə təqdim olunmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda, həmin halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ödənilən əmək pensiyasının dayandırılması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsində nəzərdə tutulmuş heç bir əsas (sübut) məhkəməyə təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı-İddiaçı yaşa görə güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyanın dayandırılmasına dair cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilsin və dayandırılmış pensiya ödənişinin dayandırıldığı 04.02.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3490/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3490/2022
15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver