Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3490/2025 22.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi, vəkil Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) qarşı “torpaq sahəsi və fərdi yaşayış evinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqların miras qoyan ölmüş şəxs X4 məxsus olması haqqında müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 3-cü şəxs qismində zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 25 iyul 1997-ci il tarixli, 497 saylı sərəncamı ilə iddiaçının atası X4 fərdi yaşayış evi tikilməsi üçün Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində 600 kv.metr ölçüdə torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində iddiaçının atası tərəfindən 1999-cu ildə inşası tamamlanmış fərdi yaşayış evinə dair Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 14 avqust 2002ci il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu tərtib olunmuş və evə Dəmiryolçular küçəsi, ev 2 ünvanı verilmişdir. İddiaçının atası 01 mart 2017-ci ildə vəfat etmiş və ondan qalmış miras əmlak üzrə Bakı şəhəri 3 saylı “Asan Xidmət” mərkəzindəki Notariat ofisi tərəfindən 290 saylı vərəsəlik işi açılmışdır. Miras əmlak (ünvan 1 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsi və fərdi yaşayış evi) üzərində miras qoyan X3 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi barədə cavabdehə rəsmi müraciət etmiş, lakin cavabdeh tərəfindən imtina edilmişdir. Torpaq sahəsi mərhum atasına 1997-ci ildə verilmiş, imtina məktubunda isə torpaq sahəsinin Qobustan Əməliyyat şirkətinə bundan bir il sonra, yəni 1998-ci ildə, yəni artıq torpaq sahəsi yüklü olarkən ayrıldığı bildirilmişdir. Bu onu təsdiq edir ki, torpaq sahəsi birinci olaraq iddiaçının atasına verilmiş və bu zaman həmin torpaq sahəsi dövlət mülkiyyətində olaraq yüklü olmamışdır. Odur ki, iddiaçı imtinanı əsassız hesab edir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı yalnız torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş və xx.xx.2024-cü il tarixli **********41 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) göndərilmiş sorğuya cavab olaraq 14-2/2-2895/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, qeyd olunan torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Cənub-Qərbi Qobustan blokuna daxil olan üç sahənin («Şıxzəgirli», «Şeytanud», «Bürgüt», «Donquzduq», «Nardaran», «İlxıçı», «Qərbi Hacıvəli», «Sundi», «Şərqi Hacıvəli», «Turağay», «Kənizədağ», «Qərbi Duvannı», «Duvannı», «Solaxay» və «Daşgil» yataqlarının), kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən Qobustan Əməliyyat Şirkətinin istifadəsinə verilmiş kontrakt sahələrinin hüdudları daxilində yerləşir. Əməliyyat şirkəti ləğv olunduğundan hazırda onun istifadəsində olan torpaq sahələrinin SOCAR tərəfindən “Azneft” İstehsalat Birliyinə ötürülməsi prosesləri başlanıb. İstehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasına etiraz edilir. Əlavə olaraq qeyd edilmişdir ki, texniki pasportda göstərilən yaşayış evi faktiki mövcuddur, açıq eyvan bağlı eyvana çevrilmişdir. Torpaq sahəsinin faktiki ölçüsü 1138 kv.m təşkil edir. Üçüncü şəxs iddia ərizəsinə dair yazılı etirazında bildirmişdir ki, mübahisəli torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 13 noyabr 1998-ci il tarixli 538-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Cənub-Qərbi Qobustan blokuna daxil olan 3 sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən Qobustan Əməliyyat Şirkətinin istifadəsinə verilmiş kontrakt sahələrinin hüdudları daxilində yerləşir. Bu səbəblərdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması məqsədilə istifadə oluna bilər. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi yazılı etirazı müdafiə etdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının məhkəmə sorğusuna 04 mart 2024-cü il tarixli cavab məktubu ilə iddiaçı barəsində Qaradağ rayon İH-nin arxiv fondu üzrə xx.xx.1997-ci il tarixli, 497 saylı sərəncamının təsdiq edilmiş kserosurəti məhkəməyə təqdim edilmişdir. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 497 nömrəli Sərəncamından görünür ki, Bakı şəhər XDS İcrakomunun xx.xx.1989-cu il tarixli, 13/713 saylı qərarına müvafiq olaraq İddiaçı yaşayış evi tikdirməsi üçün Səngəçal qəsəbəsindən 600 kv.metr torpaq sahəsinin ayrılması qərara alınmışdır. AZ-İ seriyalı, 862072 nömrəli Ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2017ci ildə ölmüşdür. AЗБ seriyalı, 024335 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən iddiaçı xx.xx.1972-ci il tarixdə doğulmuş, atası X5, anası X1r. 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin cavabdehə ünvanladığı 23 fevral 2024-cü il tarixli məktubunda X2 qalmış miras əmlaka (Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ünvanında yerləşən 600 kv/m torpaq sahəsi) dair iddiaçıya hüququn ölmüş şəxsə məxsus olması haqqında elektron arayışın verilməsi məsələsinə baxmağınızı xahiş olunmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin məhkəmə sorğusuna 01 noyabr 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, sözügedən torpaq sahəsinə dair rəy verilməsi və üzərində hüquqların dövlət qeydiyyatına alınmasına münasibət bildirilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən SOCAR-a məktub daxil olmuş və araşdırma nəticəsində müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 13 noyabr 1998-ci il tarixli 538-İQ nömrəli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Cənub-Qərbi Qobustan blokuna daxil olan üç sahənin («Şıxzəgirli», «Şeytanud», «Bürgüt»,«Donquzduq», «Nardaran», «İlxıçı», «Qərbi Hacıvəli», «Sundi», «Şərqi Hacıvəli», «Turağay», «Kənizədağ», «Qərbi Duvannı», «Duvannı», «Solaxay» və «Daşgil» yataqlarının), kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən Qobustan Əməliyyat Şirkətinin istifadəsinə verilmiş kontrakt sahələrinin hüdudları daxilində yerləşir. Məlumat üçün bildirilmişdir ki, Saziş ləğv olunmuş, hal-hazırda kontrakt sahəsinin “Azneft” İstehsalat Birliyinə ötürülməsi prosesləri başlanılmışdır. Belə ki, Sazişdə nəzərdə tutulmuşdur ki, “...Podratçının Azərbaycan Respublikasında Neft-qaz əməliyyatları üçün satın aldığı torpaq sahələri, o cümlədən Podratçının SOCAR-ın təminatı ilə aldığı torpaq sahələri alındığı andan SOCAR-ın mülkiyyəti olur.” Həmçinin, SOCAR-ın Nizamnaməsinin 2.4-cü bəndinə əsasən, SOCAR, hasilatın pay bölgüsü sazişlərinin şərtlərinə əsasən podratçıların Azərbaycan tərəfinə təhvil verdikləri aktivlərin əvəzsiz olaraq mülkiyyətinə qəbul edilməsi, Şirkətin neft-qaz əməliyyatlarında istifadəsini davam etdirmək üçün SOCAR-ın strukturuna daxil olan qurumların balansına ötürülməsi barədə müstəqil qərar qəbul etmək səlahiyyətinə malikdir. Eyni zamanda, Şamaxı Qobustan ərazisində neftin kəşfiyyatı, işlənməsi və hasilatının həyata keçirilməsi layihəsi ilə bağlı 20 sentyabr 2024-cü il tarixində SOCAR ilə "xxxx" Şirkəti arasında memorandum imzalanmışdır ki, iddia olunan torpaq sahəsi Maraq dairəsi (Area of interest) ərazisinin konturlarında yerləşir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktına əsasən Səngəçal qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 0,06 ha, faktiki 0,1138 ha (0,0538 ha artıq) təşkil etmişdir. Torpaq sahəsinin sərhədləri mişar daşları ilə hasarlanmışdır. Bir tərəfi boşluq, üç tərəfi qonşudur. Həyətdə St.a=16,2 kv.metr anbar əlavə olaraq inşa edilmişdir. Təqdim edilmiş texniki pasportda göstərilən A yaşayış evi yerində mövcuddur. Lakin yaşayış evinin otaqlarının daxili ölçüləri ilə faktiki vəziyyət arasında 0,2-0,3 kv.metr fərqlər var. Yaşayış evində açıq eyvan bağlanmışdır. Torpaq sahəsinin giriş hissəsində (hasardan kənarda) 0,0508 ha əlavə torpaq sahəsi istifadə olunur. 0,06 ha torpaq sahəsinin koordinatları təqdim edilmiş texniki pasporta və yaşayış evinin coğrafi yerləşmə mövqeyinə əsasən tərtib edilmişdir. Cavabdehin 16 dekabr 2024-cü il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi sənəd üzrə 0,06 ha olsa da, faktiki olaraq hasardaxili 0,1138 ha təşkil edir. Təqdim edilmiş texniki pasportda göstərilən “A” literli yaşayış evi yerində mövcuddur. Lakin yaşayış evinin otaqlarının daxili ölçüləri ilə faktiki vəziyyət arasında 0,2 və 0,3 metr fərqlər var. Sözügedən yaşayış evində açıq eyvan bağlanmışdır. Faktiki olaraq istifadə olunan sahənin bir hissəsi X3 ********** nömrəli, xx.xx.2024-cü il tarixli müraciəti zamanı təqdim edilmiş texniki pasporta uyğundur. Faktiki olaraq göstərilən 0,1138 ha torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "xxxx"nin hüdudları daxilində yerləşir (Qobusan Əməliyyat Şirkətinin ərazisi). Sahəyə digər fiziki şəxsin müraciəti qeydə alınmamışdır. Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 600 kv.metr olan torpaq sahəsi ilə qonşuluqda yerləşən torpaq sahələrinə dair çıxarış və onun verilməsinə əsas olan sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində “torpaq sahəsi və fərdi yaşayış evinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.8.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.8..). Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir (22.2.). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndində yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar öz əksini tapmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, iddiaçı onun vəfat etmiş atası X4 Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 497 nömrəli Sərəncamı ilə ayrılmış torpaq sahəsinin atasına məxsusluğu barədə arayışın verilməsi üçün cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası ondan ibarət olmuşdur ki, tprpaq sahəsi SOCAR-ın istifadəsində olan ərazidə yerləşir və torpaq sahəsinin faktiki ölçüsü 1138 kv.m təşkil edir. Bununla bağlı qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanının 2-ci bəndində göstərilmişdir ki, Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Göründüyü kimi torpaq sahəsi iddiaçıya 1997-ci ildə ayrılmışdır. Həmin vaxt isə qeyd olunan ərazinin neft şirkətinin istifadəsində olan ərazilərə düşdüyünü sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh is bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd edilməlidir ki, bağ sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və həmin sahə ilə bağlı hər hansı mübahisə mövcud deyildir. Eyni zamanda verilmiş məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən həmin torpaq sahəsi ilə qonşuluqda yerləşən sahələrə dair verilmiş çıxarışlar məhkəməyə göndərilmişdir. Həmin çıxarışlardan da görünür ki, qonşu sahələrdə yerli icra hakimiyyəti orqanlarının verdiyi ilkin hüquqmüəyyənedici sənədlər əsasında vətəndaşların mülkiyyət hüquqları qeydə alınmış torpaq sahələri mövcuddur. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqanın imtina əsası kimi göstərilən hallar formal xarakter daşıyır və yaranan hər hansı ziddiyyətli halların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Bu hallar isə daşınmaz əmlak üzərində hüquqlarının yarandığını istisna etmir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqların miras qoyan ölmüş şəxs X4 məxsus olması haqqında müvafiq arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-3490/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3490/2025
22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver