Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3491/2024 31.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, iddiaçının nümayəndəsi Nümayəndə (Bakı şəhərində qeydiyyatdadır, İddiaçı MMC-də maliyyə və hüquq məsələləri üzrə məsləhətçi işləyir),cavabdehin nümayəndəsi X7 (Sumqayıt şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquqşünas vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05 oktyabr 2023-cü il tarixli, **********036300 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti
1. İddiaçı MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05 oktyabr 2023-cü il tarixli, **********036300 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının şəxsi hesab vərəqinə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, **********036300 nömrəli qərarla 2022-ci il üçün 8536,06 manat əlavə mənfəət hesablanmış və müəssisənin şəxsi hesab vərəqinə işlənmişdir.Müəssisə vergi orqanına tələb olunan sənədləri təqdim edərək obyektiv aradırma aparılmasını xahiş etsə də müraciəti təmin edilməmişdir.Müəssisəyə 2022-ci il üçün əlavə mənfəət vergisinin hesablanmasına səbəb isə 2022-ci ildə fiziki şəxslər X12, X8, X11 ilə ümumilikdə 42833,65 manat məbləğində bağlanmış müqavilələr və elektron qaimə faktura əsasında aparılmış tikinti və təsərrüfat mallarının alınması ilə bağlı əməliyyatların 41053,20 manat hissəsinin vergi orqanları tərəfindən əmtəəsiz əməliyyatlar kimi müəyyənləşdirilməsi olmuşdur.Müəssisəyə 2022-ci il üçün əlavə mənfəət vergisinin hesablanmasına səbəb 2023-cü ildə yuxarıda göstərilən fiziki şəxslərin riskli vergi ödəyicisi hesab edilməsi olmuşdur. Həmin fiziki şəxslərlə mal, iş və xidmətlərin alqı-satqı əməliyyatları aparılarkən onların riskli vergi ödəyicisi olması barədə iddiaçının məlumatı olmamışdır.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 3.Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki,əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə-fakturalar üzrə 41053,2 manat təqdim edilmiş, 2022-ci il mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır.Belə ki,X11, X8, X12, X3 tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalarda əks edilmiş mallar vergi ödəyicilərinin alışında və ya idxalında müəyyən edilməmişdir.Bundan əlavə vergi ödəyicisi tərəfindən 2022-ci il ərzində əldə edilmiş elektron qaimə faktura məbləği, idxal məbləği və alış aktı məbləğlərinin cəmi ilə təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində qeyd edilmiş “Əsas vəsaitlərin dəyəri” sətirinin “Dövr ərzində daxil olmuşdur” məbləğindən “Kapitallaşma üçün aktivlər” sətirinin “Təqdim edilmişdir”, “Silinmişdir”, “Ləğv edilmişdir” məbləğlərinin cəmi çıxılmaqla və “Ehtiyatlar” sətirinin “Dövr ərzində daxil olmuşdur” məbləğinin toplanması nəticəsində yaranan məbləğ arasında 50009,2 manat fərq yaranmışdır.Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli uyğunsuzluq məktubu göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 8536,06 manat əlavə vergi məbləği hesablanaraq, xx.xx.2023-cü il tarixli, **********036300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir.Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). 5.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ.Tərəflərin çıxışları və tədqiq edilmiş sənədlər
6.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 8.Məhkəmə iş materiallarında olan: Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********036300 nömrəli qərarına əsasən 2022-ci il üzrə mənfəət vergisi üzrə iddiaçıya kameral vergi yoxlaması nəticəsində cəmi 8536,06 manat əlavə vergi hesablanmışdır, əlavə verginin hesablanmasının səbəbi kimi 2022-ci il ərzində əldə edilmiş elektron qaimə -fakturalar üzrə 411053,2 manatın iddiaçı tərəfindən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşmanın yaranması göstərilmişdir; xx.xx.2022-ci il tarixli, 021 nömrəli, xx.xx.2021-ci il tarixli,111 nömrəli, xx.xx.2022-ci il tarixli, 29/22 nömrəli alqı-satqı müqavilələrinə əsasən iddiaçı müvafiq olaraq fiziki şəxslər X8, X12, X11 ilə mal alqı-satqı müqavilələri bağlamışdır,aparılmış alqı-satqı əməliyyatları ilə bağlı elektron qaimələr təqdim edilmiş, alqı-satqıya görə hesablaşmalar bank vasitəsilə aparılmlşdır; “Riskli vergi ödəyiciləri barədə məlumat”a əsasən X5 riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar xx.xx.2022-ci ildə, X4 riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar xx.xx.2023-cü ildə, X9 riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar xx.xx.2023-cü ildə, X2 riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar xx.xx.2023-cü ildə qəbul edilmişdir;
İV. Məhkəmənin mövqeyi
9..Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 15.1.8-ci maddəsinə əsasən vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. Həmin Məcəllənin 53.3.-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur.Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 10.Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13-cü maddəsinin 13.2.82-ci bəndinin 5 dekabr 2023-cü il tarixli, 1033-VİQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilənə qədər (mübahisələndirilən qərar qəbul edilən zaman) qüvvədə olmuş redaksiyasına əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; 11.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.1–ci bəndinə əsasən, bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. Həmin Meyarların 1.3.-ci bəndinə əsasən, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4.-ci bəndinə əsasən, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 13.İşin faktiki hallarına əsasən iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş X8 ilə alqı-satqı müqaviləsini xx.xx.2022-ci il bağlamış, həmin şəxs xx.xx.2023-cü ildə riskli vergi ödəyicisi hesab edilmişdir, X12 ilə alqı-satqı müqaviləsini xx.xx.2021-ci il tarixdə bağlamış,həmin şəxs xx.xx.2023-cü ildə riskli vergi ödəyicisi hesab edilmişdir, X11 ilə alqı-satqı müqaviləsini xx.xx.2022-ci il tarixdə bağlamışdır, həmin şəxs xx.xx.2022-ci ildə riskli vergi ödəyicisi hesab edilmişdir. Yəni iddiaçı yuxarıda sadalanan şəxslərlə müqavilə bağlayan zaman onlar riskli vergi ödəyicisi olmamışlar. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə riskli vergi ödəyici olmayan fiziki şəxslərlə aparmışdır.İddiaçıda həmin şəxslərin riskli vergi ödəyicisi olması barədə məlumat ola bilməzdi, belə ki, vergi orqanı tərəfindən müqavilələrin bağlanması anında həmin şəxslərin riskli vergi ödəyiciləri olması barədə məlumat dərc edilməmiş, iddiaçıya bu bardə xəbərdarlıq edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, alqı-satqı müqavilələrinin X4, X9, X5 riskli vergi ödəyicisi barədə qərar qəbul edilməsindən öncə aparılması cavabdeh tərəfindən də mübahisələndirilmir. 14.“İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. 15.Məhkəmə hesab edir ki, cavabdeh hal-hazırda iddiaçının mübahisələndirdiyi qərarın mövcud qanunvericiliyə uyğun olmasını, qanuni və əsaslı olmasını sübut edə bilməmişdir. Əksinə inzibati işin materialları ilə sübuta yetirilmişdir ki,iddiaçı mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olmuş hal kimi cavabdehin istinad etdiyi X8, X12, X11 ilə alqısatqı müqavilələrinin bağladığı zaman həmin şəxslər cavabdeh tərəfindən riskli vergi ödəyiciləri siyahısına daxil edilməmişdirlər, X3 adlı şəxslə isə iddiaçının ümumiyyətlə müqavilə münasibətlərinin olmasına dair sübut təqdim edilməmişdir, cavabdeh isə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3,24.4-cü maddələrinin tələblərinə zidd olaraq qeyd olunan halları araşdırmadan, iddiaçının xeyrinə olan halları nəzərə almadan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05 oktyabr 2023-cü il tarixli, **********036300 nömrəli qərar qəbul etmiş, bununla da yuxarıda sadalanan normaların tələblərini pozmuşdur. 16.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 17.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin iddia tələbi təmin edilməli, iddiaçı barədə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05 oktyabr 2023-cü il tarixli, **********036300 nömrəli qərar ləğv edilməlidir. 18.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 19.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. 20.Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 32ci, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı MMC barədə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05 oktyabr 2023-cü il tarixli, **********036300 nömrəli qərar ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova