Məhkəmə qərarları › İş №2-1(112)-3492/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3492/2020

10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3492/2020 10.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əmrdə dəyişiklik edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ********** saylı, xx xxxxxx 2020-ci il tarixli əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə - Zəngilan rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə bərpa olunması, işdən azad olunduğu xx xxxxxx 2020-ci ildən işə bərpa olunacağı günə kimi məcburi buraxılmış günlərə görə əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********8 saylı, xx.xx.2020-ci il tarixli əmrinin və həmin əmrə dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********3 saylı əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə - Zəngilan rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə bərpa olunması, xx.xx.2020-ci ildən işə bərpa olunacağı günədək buraxılmış günlərə görə ona əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Sonradan iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli əmrinin və həmin əmrə dəyişiklik eilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********3 saylı əmrində dəyişiklik edilməsi - əmrdə İddiaçı öz xahişi ilə işdən azad olunması qeydinin edilməsi (digər iddia tələblərindən imtina edir) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 30 ildir ki, bu sahədə müxtəlif vəzifələrdə çalışmışdır. xx xxxxxx 2017-ci ildən Zəngilan rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləyir. İşlədiyi müddət ərzində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmişdir. Bu müddət ərzində bir dəfə olsun heç bir inzibati tənbeh almamışdır. Zəngilan rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə təyin olunduqdan və Mərkəz yeni binaya köçdükdən sonra o, dəfələrlə Dövlət X3 Nazirliyin Mərkəzləşdirilmiş İnformasiya sisteminə qoşulmaq üçün müraciət etmişdir. Lakin bu müddət ərzində barədə heç bir tədbir görülməyib. xx xxxxxx 2020-ci ildə Cavabdeh yanında Dövlət Məşğulluq Xidmətindən ona zəng edib bildirmişlər ki, ərizə yazıb öz xahişi ilə işdən çıxsın və bunun ardınca həmin gün saat 11:12-də (050)-333-44-40 nömrəli telefonla (Məşğulluq Xidməti baş İdarəsinin sektor müdiri Əli Bürcəliyev) onun mobil telefonuna ərizənin formasını yazıb göndərmiş və bildirdirmişlər ki, bu formada ərizə yazmasa onu işdən azad edəcəklər. Bundan bir gün sonra Cavabdehndən auidit yoxlaması göndərmişlər. Cavabdeh **********9 saylı, xx xxxxxx 2020-ci il tarixli “Auidit qrupunun yaradılması haqqında” əmrdə göstərilmişdir ki, Cavabdeh yanında Dövlət Məşğulluq Xidmətinin Şuşa şəhər və Zəngilan rayon Məşğulluq Mərkəzinin xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən və işsizlikdən sığorta fondundan ayrılan vəsaitlərin icrası vəziyyətinin auditi məqsədilə audit yoxlaması keçirilsin. Auidit yoxlamasından sonra həm Əmək Məcəlləsinin, həm də "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Belə ki, yoxlamanın nəticəsi olaraq ondan izahat alınmamışdır. Bundan sonra onun işdən azad olunmağı barədə **********8 saylı, xx xxxxxx 2020-ci il tarixli əmr verilmişdir. Barəsində verilmiş bu əmr qanunsuz və əsassızdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxx 2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə) əsasən işdən azad edilmişdir. İddiaçı işdən azad edilməsinə əsas Cavabdeh Aparatının Daxili nəzarət və audit şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, **********2 nömrəli arayışı olmuşdur. Məruzədən görünmüşdür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli, **********9 nömrəli əmrinə əsasən Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Zəngilan rayon Məşğulluq Mərkəzinə xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən və işsizlikdən sığorta fondundan ayrılan vəsaitlərin icrası vəziyyətinin auditi keçirilmişdir. Audit tədbirinin keçirilməsi zamanı seçmə qaydada təqdim olunmuş göstəricilərin dövlət büdcəsindən və işsizlikdən sığorta fondundan ayrılmış vəsaitlər üzrə istifadəsinin təsdiq edilmiş göstəricilərə və müvafiq qanunvericilik aktlarına uyğunluğu, işsizlik müavinətləri, işsizlikdən sığorta ödənişlərinin təyinatı və ödənişinin aparılması, özünüməşğulluq proqramı çərçivəsində aktivlərin paylanması və istifadə vəziyyəti, peşə hazırlığı kurslarının təşkili, tədbirlərin keçirilməsi, daxil olmuş müraciətlərə baxılması və əvvəlki nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması vəziyyəti yoxlanılmışdır. Bununla bağlı iddaçının yazılı izahatı alınmışdır və izahatda əməllərini etiraf etmişdir. Yoxlama nəticəsində aşkar olunmuş pozuntular səbəbi ilə İddiaçı dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən xitam verilmişdir. İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli **********8 nömrəli əmrdə texniki səhv olduğundan xx xxxxxx 2020-ci il tarixli **********3 nömrəli əmrlə dəyişiklik edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianı rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Ermənistan, Amasiya rayonunda xx.xx.1959-cü il tarixdə doğulmuşdur. - İddiaçıya məxsus xx.xx.1980-ci il tarixli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixindən əmək fəaliyyətinə başlamış, xx.xx.2016-cı ildən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Zəngilan rayon Məşğulluq Mərkəzinin direktor vəzifəsində işləmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Zəngilan rayon Məşğulluq Mərkəzinin direktoru İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri E.Məcidova ünvanlanmış xx.xx.2018-ci il tarixli, 132 №-li, xx.xx.2018-ci il tarixli, 144 №-li məktubların surətlərindən görünür ki, Zəngilan rayon X8 rayonu, Q.Qarayev prospekti 125 ünvanında (“Xalqlar dostluğu” metro stansiyasının yanında) yerləşdirilmişdir. Köhnə ünvanı - Dərnəgüldəki S.Bəhlulzadə küçəsi 44 idi. Mərkəzin Nazirliyin Bazasına və internetə qoşulmasına köməklik göstərilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Zəngilan rayon Məşğulluq Mərkəzinin direktoru İddiaçı tərəfindən Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayevə ünvanlanmış xx.xx.2018-ci il tarixli, 143 №-li məktubun surətindən görünür ki, Zəngilan rayon X8 rayonu, Q.Qarayev prospekti 125 ünvanında (“Xalqlar dostluğu” metro stansiyasının yanında) yerləşdirilmişdir. Köhnə ünvanı - Dərnəgüldəki S.Bəhlulzadə küçəsi 44 idi. Mərkəzin Nazirliyin Bazasına və internetə qoşulmasına köməklik göstərilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Zəngilan rayon Məşğulluq Mərkəzinin direktoru İddiaçı tərəfindən Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayevə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 13 №-li məktubun surətindən görünür ki, Zəngilan rayon Məşğulluq Mərkəzi tərəfindən yeni ünvana köçürüləndən bəri adlan aşağıda qeyd olunan məsul şəxslərə göndərdiyləri bildiriş və məktublarda; xx.xx.2018-ci il tarixdə DMX-nın rəisi cənab Anar Bədəlbəyliyə, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixlərində İnformasiya texnologiyaları şöbəsinin müdiri cənab Elnur Məcidova, xx.xx.2018-ci il tarixdə DMX-nın rəisi cənab F.Musayevə, Mərkəzin Nazirliyin Mərkəzləşdirilmiş İnformasiya sisteminə qoşulması üçün müvafiq tədbirlər görülməsi xahiş edilmişdir. Buna baxmayaraq bu sahədə heç bir nəticə əldə olunmamışdır. Göstərilən məsələnin müsbət həlli üçün köməklik göstərilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********9 №-li, xx.xx.2020-ci il tarixli əmrinin surətindən görünür ki, Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Şuşa şəhər və Zəngilan rayon Məşğulluq Mərkəzində xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən və işsizlikdən sığorta fondundan ayrılan vəsaitlərin icrası vəziyyətinin auditi məqsədi ilə audit qrupu yaradılmış və audit müddəti xx xxxxxx 2020-ci il tarixdən 12 (on iki) gün müddətinə müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Zəngilan rayon Məşğulluq Mərkəzinə dövlət büdcəsinə və işsizlikdən sığorta fondundan ayrılan vəsaitlərin icrası vəziyyətinin auditinə dair xx.xx.2020-ci il tarixli aktından görünür ki, Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Zəngilan rayon Məşğulluq Mərkəzində xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əhatə olunan dövr üzrə dövlət büdcəsindən və işsizlikdən sığorta fondundan ayrılan vəsaitlərin icrası vəziyyətinin aiditi aparılmışdır. Audit tədbiri xx.xx.2020-ci il tarixdə başlamış, xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Audit aktın bir nüsxəsi Mərkəzin direktoru İddiaçı tərəfindən imza edilməklə qəbul edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Nazirlik yanında Dövlət Məşğulluq Xidməti Zəngilan rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləyən İddiaçı tərəfindən yazılmış xx.xx.2020-ci il tarixli izahatdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Zəngilan rayon Məşğulluq Mərkəzinin xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrünün araşdırılması zamanı Mərkəz üzrə bir sıra nöqsanlar aşkar edilmişdir. Həmin nöqsanlarla tam razıdır və qeyd edilən nöqsanları qısa müddət ərzində aradan qaldırıcağına və gələcəkdə təkrarlanmamasına söz verir. Araşdırma onun iştirakı ilə aparılmış və araşdırmanın gedişatından heç bir irad və etirazı yoxdur. - “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Zəngilan rayon Məşğulluq Mərkəzinə dövlət büdcəsinə və işsizlikdən sığorta fondundan ayrılan vəsaitlərin icrası vəziyyətinin auditin nəticələri barədə” Daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli, **********9 nömrəli əmrinə əsasən Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Zəngilan rayon Məşğulluq Mərkəzinə (bundan-sonra Mərkəz) xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən və işsizlikdən sığorta fondundan ayrılan vəsaitlərin icrası vəziyyətinin auditi keçirilmişdir. Auditin nəticəsində müəyyən edilmişdir ki, araşdırılan dövrdə rayon üzrə fəaliyyəti olan hüquqi şəxslərin sayına nisbətdə mərkəzə boş (vakant) iş yerləri barədə hesabat təqdim edilən müəssisələrin sayında fərqlər mövcud olmuşdur. Təqdim edilmiş məlumatlara əsasən Mərkəzə hesabat təqdim etməyən müəssisələrə hesabatların təqdim edilməsi məqsədilə auditin əhatə etdiyi dövr ərzində heç bir müəssisəyə bildiriş göndərilməmiş və qanunvericiliyə uyğun cərimə tətbiq edilməmişdir. “İşaxtaran vətəndaşların qeydiyyatı kitabı”ndakı rekvizitlər tam doldurulmamış, bəzi hallarda düzəlişlərə yol verilmişdir. Bundan əlavə bir neçə halda işaxtaran vətəndaşların fərdi qeydiyyat vərəqələrində müvafiq əmrlər qeyd edilməmiş və Mərkəzin möhürü ilə təsdiq edilməmişdir. İşsizlik müavinətinin təyin edilməsi və ödənilməsi zamanı xx.xx.2018ci il tarixədək qüvvədə olmuş “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 3cü maddəsinin tələbi nəzərə alınmamış, nəticədə əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminə əsasən işlədikləri dövrdə 3 nəfərə 1908,97 manat məbləğində artıq vəsait ödənilmişdir. Artıq ödənilmiş həmin vəsaitdən 1360,0 manatın nağd qaydada bərpası təmin edilmişdir. xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 4.5.2-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2002-ci il tarixli, 14 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşsizlərin qeydiyyata alınması Qaydaları”nın 3.2.1-ci bəndinin tələbləri nəzərə alınmadan 2 halda vətəndaşın əlilliyə görə əmək pensiyası hüququ yarandığı halda Mərkəz tərəfindən işsizlik statusu təyin edilərək 1515,55 manat məbləğində artıq işsizlik müavinəti ödənilmişdir. Artıq ödənilmiş həmin vəsaitdən 228,0 manatın nağd qaydada bərpası təmin edilmişdir. İşsizlik müavinətinin məbləği düzgün müəyyələşdirilməməklə xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinin tələbləri nəzərə alınmamış, belə ki, vətəndaşın axırıncı iş yeri üzrə orta aylıq əmək haqqı düzgün müəyyən edilməmiş, nəticədə 1 halda 62,40 manat artıq vəsait ödənilmişdir. Artıq ödənilmiş həmin vəsaitin tam olararaq nağd qaydada bərpası təmin edilmişdir. İşsizlik müavinətinin təyin olunması məqsədilə 1 halda təqdim olunmuş arayışda qeyd olunan əmək haqqı barədə məlumatlar Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində təsdiqini tapmamış, nəticədə 540,0 manat artıq ödənişə yol verildiyi müəyyən edilmişdir. Beləliklə işsizlik müavinətlərinin təyin edilməsi, hesablanması və ödənilməsinin seçmə üsulla araşdırılması nəticəsində cəmi x xxxxx 4026,92 manat artıq vəsaitin ödənildiyi müəyyən edilmiş, həmin vəsaitdən 1650,40 manatın nəğd qaydada bərpası təmin edilmiş, qalan 2376,52 manat vəsaitin bərpa olunması üçün Mərkəzin rəhbərliyinə müvafiq tapşırıq verilmişdir. Qeyd olunanlarla yanaşı bəzi hallarda işsizlik müavinəti təyin olunan şəxslərin fərdi qeydiyyat vərəqələrində iş yerinə göndərilşlərin verilməsi, işsizlik müavinətinin təyin olunması və ödənilməsi barədə müvafiq qeydlər aparılmamış və fərdi qeydiyyat vərəqələri Mərkəzin direktoru tərəfindən imzalanmamışdır. Aktivləri almış şəxslərin təsərrüfatlarının seçmə qaydada 23-nün monitorinqi zamanı 3 nəfər ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurmaqla və ya həmin əmlakdan təyinatı üzrə istifadə etməməklə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsinin tələbinə əməl etməmişdir (qeyd olunan şəxslərdən 1 nəfərə verilmiş 8 baş xırdabuynuzlu, 1 nəfərə verilmiş 2 baş xırdabuynuzlu və 1 nəfərə verilmiş 1 baş iribuynuzlu heyvanın tələf olduğu bildirilmiş, bu barədə müvafiq sənədləşmə işləri aparılmamışdır). Özünüməşğulluğa cəlb olunmuş və aktivlərlə təmin olunmuş 3 nəfərə işlədiyi dövrdə (əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminə əsasən) aktivlərin verildiyi müəyyən olunmuş, bununla da “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinin tələbi nəzərə alınmamışdır. İşlədiyi dövrdə aktivlərlə təmin olunmuş şəxslərə verilmiş aktivlərin dəyərinin (12249,0 manat) mövcud qanunvericiliyə müvafiq qaydada bərpasının təmin edilməsi Mərkəzin rəhbərliyinə tapşırılmışdır. Məşğulluq Mərkəzi tərəfindən bəzi hallarda özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət etmiş şəxslərin proqrama uyğun olub-olmadığını təsdiq edən baxış aktları tərtib edilməmişdir. Auditlə əhatə edilən dövr ərzində Mərkəz tərəfindən özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərə təhvil verilmiş aktivlər “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1.4-cü maddəsinin tələbinə əsasən 2 illik müddətdən sonra şəxslərin mülkiyyətinə keçməli olduğu üçün verilmiş aktivlər həmin müddət bitənədək Mərkəzin balansında uçota alınmalı olduğu halda bununla bağlı heç bir tədbir görülməmişdir. Vətəndaşların özünüməşğulluq proqramına cəlb olunması zamanı bəzi hallarda növbəlilik prinsipinə və üstünlük meyyarlarına əməl olunmamışdır. - Qeyd olunan arayışdan həmçinin görünür ki, Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinə əmək funksiyalarının icrasında yol verdiy nöqsanlara görə Mərkəzin direktoru İddiaçı, baş məsləhətçi-mühasib X1, baş məsləhətçi X2 və məsləhətçi X6 barəsində müvafiq intizam tədbirlərinin tətbiqi ilə bağlı məsələlərin həll edilməsi təklif edilmişdir. - Cavabdeh **********8 №-li, xx.xx.2020-ci il tarixli əmrinin surətindən görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsinə əsasən əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Zəngilan rayon Məşğulluq Mərkəzində direktor vəzifəsində qulluq keçən İddiaçı xx.xx.2020-ci il tarixdən öz arzusu ilə tutduğu vəzifədən azad edilmiş və onunla xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - Cavabdeh **********3 №-li, xx.xx.2020-ci il tarixli “İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında” Cavabdeh xx xxxxxx 2020-ci il tarixli, **********8 nömrəli əmrində dəyişiklik edilməsi haqqında” əmrinin surətindən görünür ki, “İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında” Cavabdeh xx xxxxxx 2020-ci il tarixli, **********8 nömrəli əmrinin 1-ci hissəsindən “öz arzusu ilə” sözləri çıxarılmışdır. - Cavabdeh **********8 №-li, xx.xx.2020-ci il tarixli əmrinin surətindən görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsinə əsasən əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Zəngilan rayon Məşğulluq Mərkəzində direktor vəzifəsində qulluq keçən İddiaçı xx.xx.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 214 №-li, xx.xx.2011-ci il tarixli əmrdən çıxarışdan görünür ki, ünvanlı dövlət sosial yardımın və sosial müavinətlərin təyin olunması zamanı qanunvericiliyin tələblərinə tam əməl edilmədiyinə, nəticədə artıq və əksik verilmələrə yol verildiyinə, komissiyanın müzakirəsinə nöqsanlı işlər çıxarıldığına və mərkəzin fəaliyyətində buraxılmış digər nöqsanlara görə mərkəzin direktor-müavini İddiaçı "Dövlət qulluğu haqqında “ Azərbaycan Respublikası Qanununun 25.2.1-ci maddəsinə əsasən töhmət verilmişdir. - Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Zəngilan rayon Məşğulluq Mərkəzinin direktorunun qulluq funksiyalarından görünür ki, direktor Mərkəzin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir; tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir; Mərkəzin qarşısında duran vəzifələrin yerinə yetirilməsini, Dövlət Məşğulluq Xidmətinin rəhbərliyinin tapşırıqlarının vaxtında və keyfiyyətlə icrasını təmin edir; özünüməşğulluğun təşkili ilə bağlı işsiz kimi qeydiyyata alınmış şəxslərə iş axtarışı və işlə təmin edilməsi imkanlarının müəyyən olunması məqsədilə məsləhətlər və məlumatlar verir; Mərkəzə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsinə nəzarət edir; Mərkəzdə əmək intizamına ciddi riayət olunmasını təmin edir, işçilərin mükafatlandırılması, həvəsləndirilməsi, eləcə də əmək və icra intizamını pozmuş işçilərin inzibati qaydada cəzalandırılması haqqında Dövlət Məşğulluq Xidmətinin rəhbərliyi qarşısında məsələ qaldırır; Mərkəzin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin digər strukturlarından zəruri məlumat və sənədləri alır; Mərkəzə məxsus inventar və avadanlıqların qorunub saxlanmasına, səmərəli istifadə olunmasına məsuliyyət daşıyır və s.; Mərkəz üzrə daxil olan məktub, ərizə, şikayət və təkilflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir; Mərkəzin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir; Mərkəzdə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir; Mərkəzin fəaliyyəti barədə hesabat verir; Rəhbərliyin tapşırığı ilə tədbirlərdə Nazirliyi təmsil edir; vətəndaşların qəbulunu təşkil etmək, daxil olmuş ərizə, təklif və şikayətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasını təmin etmək, o cümlədən internet saytı vasitəsilə cavablandırmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada digət tədbirlər görmək; fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Zəngilan rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli, **********9 №-li əmrinə əsasən Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Zəngilan rayon Məşğulluq Mərkəzində xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən və işsizlikdən sığorta fondundan ayrılan vəsaitlərin icrası vəziyyətinin auditi aparılmış, aiditin nəticələri ilə bağlı akt tərtib edilmişdir. Aktda aşkar edilmiş nöqsan və pozuntular qeyd olunmuşdur. İddiaçı aktla tanış olaraq müvafiq izahat vermiş və izahatında həmin aktda onunla bağlı olan xüsusatları təkzib etməmişdir. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Zəngilan rayon Məşğulluq Mərkəzinə dövlət büdcəsinə və işsizlikdən sığorta fondundan ayrılan vəsaitlərin icrası vəziyyətinin auditin nəticələri barədə” Daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli arayışda göstərilən nöqsanlara əsasən cavabdeh tərəfindən İddiaçı dövlət qulluğuna Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsinə istinad edilməklə xitam verilmişdir. Cavabdehin İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli, **********8 nömrəli əmrində texniki səhv olduğundan xx xxxxxx 2020-ci il tarixli, **********3 nömrəli əmrlə həmin əmrə dəyişiklik edilmişdir. İddiaçı ilk öncə cavabdeh tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, **********8 nömrəli əmri mübahisələndirərək ləğv edilməsini xahiş etsə də sonradan həmin əmrin dəyişdirilərək “öz xahişi ilə işdən azad olunması” qeydinin edilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. - 33.1-ci maddəsinə əsasən, bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə dövlət qulluğuna xitam verilə bilər. - 25.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu bu Qanunun 18, 20 və 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində dövlət qulluğundan azad edilməsi (25.2.6) intizam tənbeh tədbiri tətbiq edilə bilər; - 25.6-cı maddəsinə əsasən, bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud (1) və ya mütəmadi olaraq pozuntulara yol verildikdə (2) və ya bu qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə (3) tətbiq oluna bilər; - 25.11-ci maddəsinə əsasən, dövlət qulluqçusu «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Qeyd edilən normaların tələbindən göründüyü kimi, dövlət qulluqçusu tərəfindən dövlət qulluqçusu vəzifələrinin icrası zamanı kobud və ya mütəmadi pozuntulara yol verildikdə və qanunla nəzərdə tutulmuş məhdudiyyətlərə əməl olunmadıqda dövlət qulluqçusu dövlət qulluğundan azad edilə bilər və bu halda onun dövlət qulluğuna xitam verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: - (e) işçi tərəfindən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi. Göründüyü kimi, qanunvericilik əmək vəzifələrinin kobud şəkildə pozulması hallarından biri kimi işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquqpozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsini göstərmişdir. İşəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyi dedikdə, onların qanunla müəyyən edilən və mühafizə olunan şəxsi, əmlak və işgüzar nüfuzu ilə bağlı olan tələbatları başa düşülməlidir. Başqa sözlə, işçi tərəfindən yol verilmiş səhvlər nəticəsində işəgötürənin qanuni mənafeyinə, yəni şəxsi, əmlak və işgüzar nüfuzuna ciddi xələl gətirilməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinə əsasən dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: - 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirmək; -18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirmək; - 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etmək. İstinad olunan Qanunun tələblərinə görə qanunvericiliyin və normativ hüquqi aktların həyata keçirilməsi, rəhbərlik tərəfindən verilmiş göstərişlərin yerinə yetirilməsi və dövlət orqanında müəyyən olunmuş daxili qaydalara əməl edilməsi dövlət qulluqçularının vəzifələrinə aid edilmişdir. İşin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının tutduğu vəzifənin icrası ilə bağlı aparılmış yoxlama nəticəsində aşkar edilmiş pozuntular hüquqi şəxslərin sayına nisbətdə mərkəzə boş iş yerləri barədə hesabat təqdim edən qurumların uçotunun dəqiq aparılmaması, müvafiq hesabat təqdim etməyən müəssisələrə bildiriş göndərilməməsi və onlara qanunvericiliyə uyğun cərimə tətbiq edilməməsi, qeydiyyat kitabındakı rekvizitlərin tam doldurulmaması, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə düzgün riayət edilməməsi nəticəsində artıq ödəmələrin aparılması, sənədləşdirilmə işlərinin tələb olunan səviyyədə tərtib edilməməsindən ibarət olmuşdur. Göründüyü kimi iddiaçının xidməti vəzifəsinin icrası ilə bağlı yol verdiyi nöqsanlar xidmətin qarşısında qoyulan məqsədlərin və vəzifələrin tələb olunan səviyyədə yerinə yetirilməsinə yönəlməmişdir və bu istiqamətdə kobud pozuntu xarakteri daşıyır. Nəzərə alınmalıdır ki, xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş “Cavabdeh yanında Dövlət Məşğulluq Xidməti haqqında” Əsasnaməyə əsasən Xidmətin fəaliyyət istiqamətləri Azərbaycan Respublikasında sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsi və işsizliyin yaranması hallarının qarşısının alınması, əhalinin məşğulluğunun təmin olunması sahəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etməkdən; qanunla müəyyən olunmuş qaydada işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması məqsədilə aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsini təmin etməkdən; qanuna uyğun olaraq, sığorta ödənişinin təyin olunmasını təmin etməkdən və ödənilməsini təşkil etməkdən; qanunvericiliyə uyğun olaraq müəssisə və təşkilatlarda kvotaya müvafiq olaraq müəyyən edilmiş iş yerləri hesabına sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin işlə təmin edilməsi məqsədi ilə müvafiq tədbirlər həyata keçirməkdən; işəgötürənlərdən boş (vakant) iş yerləri haqqında məlumat toplamaqdan və bu məlumatı istifadə etməkdən; işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədi ilə aktiv məşğulluq tədbirlərinin (əmək yarmarkaları, əmək birjaları və s.) həyata keçirilməsindən ibarət olmuşdur. Həmin Əsasnaməyə əsasən Xidmətin vəzifələri - Azərbaycan Respublikasının “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” qanunları ilə müəyyən edilmiş vəzifələrin həyata keçirilməsini təmin etmək; Xidmətin illik fəaliyyətini müəyyən edən respublika məşğulluq proqramının layihəsini müvafiq qaydada hazırlayıb Cavabdehnə təqdim etmək; əmək bazarında mövcud vəziyyəti öyrənməklə, iş qüvvəsinə olan tələb və təklifləri təhlil etmək, əmək ehtiyatlarına, işçi qüvvəsinin hərəkətinə dair proqnozlar hazırlamaq, təkliflər vermək; işsizlikdən sığortanın müntəzəmliyinə dövlət təminatı üçün tədbirlər görmək; işsizlikdən sığorta ödənişinin və şəxsin peşə hazırlığına cəlb olunduğu dövrdə təqaüdün vaxtında ödənilməsini təmin etmək; işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi tədbirlərinin maliyyələşdirilməsinə dair proqnozlar hazırlamaq və müvafiq proqramlarda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək; sığortaolunanlara və sığortaedənlərə işsizlikdən sığorta ilə bağlı ödənişsiz məlumat vermək; məşğulluq növünü, iş yerini və iş rejimini seçmək məqsədi ilə sığortaolunanlara peşəyönümünə, peşə hazırlığına və əlavə təhsilə dair pulsuz məsləhət vermək; “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məşğulluğa kömək məqsədilə şəxslərin işaxtaran və işsiz kimi qeydiyyata alınmasını təmin etmək; “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, işaxtaran və işsiz şəxslər üçün aktiv məşğulluq tədbirləri həyata keçirmək; işaxtaran və işsiz vətəndaşlar üçün реşəуönümü və məsləhət xidməti, regional tədris mərkəzləri tədris kabinələri və əmək birjaları yaratmaq, özünüməşğulluğa kömək göstərmək; yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə işaxtaranların müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə mülkiyyət formasından asılı olmayaraq müəssisələrdə həmin şəxslərin müqavilələr üzrə ödənişli ictimai işlərə cəlb olunmasını təmin etmək; sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin və sosial müəssisələr yaratmaq və məqsədli proqramlar həyata keçirmək; “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda sığorta ödənişinin dayandırılması ilə bağlı tədbirlər görmək; işsizlikdən sığorta vəsaitini idarə etmək, həmin vəsaitdən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məqsədlər üçün və təyinatı üzrə istifadəni təmin etmək; sığorta ödənişlərinin, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirlərin maliyyələşdirilməsini təmin etmək; “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar izahatlar vermək; əhalinin məşğulluğu və əmək bazarının vəziyyəti barədə kütləvi informasiya vasitələrində məlumatlar dərc etdirmək; qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh tədbirlərinin tətbiqini, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş hallarda təyinatı üzrə müvafiq vəsaitin köçürülməsinə nəzarəti təmin etmək; əhalinin məşğulluğu haqqında statistik hesabatlan aidiyyəti üzrə müvafiq dövlət orqanlarına təqdim etmək; Xidmətin maddi-texniki bazasının möhkəmləndirilməsi, о cümlədən müasir informasiya texnologiyaları ilə təmin edilməsi barədə təkliflər vermək; vətəndaşların qəbulunu təşkil etmək, ərizə, təklif və şikayətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasını təmin etmək; qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirməkdən ibarətdir. Yuxarıda qeyd olunanlara əsaəsən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində mübahisəli əmr qəbul edilərkən qanunvericiliyin normalarına riayət edilmiş, hər hansı bir maddi hüquq normalarının düzgün tətbiq edilməməsi halı müəyyən edilməmişdir. Məhkəmə həmçinin iddiaçının “öz xahişi ilə işdən azad edilməsi barədə əmrə dəyişiklik edilməsinin cavabdehə həvalə edilməsinə” dair gətirdiyi dəlillə bağlı qeyd edir ki, mübahisələndirilən əmr verilənədək iddiaçı belə məzmunlu ərizə ilə işəgötürənə müraciət etmədiyindən bu hal iddia tələbini əsaslandıran formal mülahizə kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinin tələbinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın qəbul etdiyi qərar qanuna zidd olmadığından və iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar