Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3494/2025 04.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, şəhər şossesi 6 ünvanında yerləşən 1111,575 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfin sonuncu ərizəsi nəzərə alınaraq, məhkəmənin xx.xx.2025ci il tarixli qərardadı ilə iddia tələbi “İcarə hüququ əsasında iddiaçıya məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi 6 ünvanda yerləşən 0,1052 ha torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” kimi dəyişdirilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesində yerləşən 0,20949 ha torpaq sahəsi 4995 saylı, xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən ona icarəyə verilmişdir. Dövlət reyestr xidmətinin ********** qeydiyyat nömrəli çıxarışına əsasən icarə hüququ dövlət reyestrində qeydə alınmış və bu barədə çıxarış verilmişdir. Elə həmin ildə icarəsində olan torpaq sahəsində 475.60 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi inşa etdirməklə, dövlət reyestrində qeydiyyata aldırmış və tikiliyə dair müvafiq çıxarış almışdır. İddiaçı tərəfindən icarəsində olan 0,20949 ha torpaq sahəsində ümumi sahəsi 1111,575 kv.metrdən ibarət anbar inşa edilmişdir, qeyd edilən anbarın sahəsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 tərəfindən 26.1-.2023-cü il tarixdə obyektin texniki vəziyyəti haqqında protokol, "xxxx" MMC tərəfindən hesabat, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 tərəfindən xx.xx.2024-cü il tarixdə anbarın istismara yararlı olmasına dair ekspertiza rəyi və inşa etdiyi anbarın layihəyə uyğunluğuna dair texniki rəy verilmişdir. İddiaçı inşa etdiyi anbarın dövlət reyestrində qeydə alınması məqsədi ilə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair məhkəməyə təqdim edilmiş sonuncu yazılı münasibətdə bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş tikilinin söküldüyü və yerində yeni tikilinin inşa edildiyi və iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin faktiki olaraq 1052 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, icarə müqaviləsində qeyd edilmiş 2094 kv.m sahə qeyri-yaşayış binasının tikintialtı sahəsi daxil olmaqla qarşısı və yanındakı asfalt örtüklü ərazini əhatə edir. Faktiki koordinatlar yeni tikilmiş tikilinin tikintialtı sahəsidir. Yerdə qalan sahə avtomobil yoluna və avtomobil dayanacağına düşür. Elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə neft kəmərinin mühafizə zolağında yerləşməklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə bildirilmişdir ki, İddiaçı bağ sahəsinə dair çıxarışın verilməsinə dair müraciət etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi 104 ünvanında yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Azərbaycan Respublikasının 06 may 2011-ci il tarixli 105-İVQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, UQE-LANSER PTİ.LTD və ARDNŞ-in X4 arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanuna əsasən "X2" LTD Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. İddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatların WGS 84/UTM zona 39N koordinat sistemində yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, sözügedən 1775 m2 torpaq sahəsinin qeyd olnunan koordinatlarda olan 877 m2 hissəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 06 may 2011-ci il tarixli 105-İVQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X2” LTD Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində, müvafiq koordinatlarda olan 898 m2 hissəsi neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 06 may 2011-ci il tarixli 105-İVQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə əsasən "X2" LTD Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində olmaqla, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 1392 nömrəli sərəncamı ilə "Dağıstani" şirkətinə təhkim edilmiş ərazinin hüdudları daxilində yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, yerquruluşu planında göstərilən koordinatlarda yerləşən torpaq sahəsi ləğv olunmuş 41191 saylı neft-qaz quyusunun 2,2 metrlik, 41193 saylı neft quyusunun - 2,8 metrlik, 41228 saylı neft-qaz quyusunun - 12,8 metrlik, 41143 saylı neft-qaz quyusunun - 13,2 metrlik və digər neft-qaz quyularının (mühafizə zonasında, həmçinin SOCAR-m "Neft Kəmərləri" İdarəsinin istismarında olan Sabunçu-Böyükşor D-219 mm-lik (Balaxanı ağır) və Sabunçu-Böyükşor D-219 mm- lik (Balaxanı yüngül) neft kəmərlərinin mühafizə zonası daxilində yerləşir. Torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edilməsi nəticəsində, həmin torpaq sahəsində tərəfindən neft və qaz hasilatı üzrə fəaliyyətin həyata keçirilməsinə maneçilik yaradılır, "X2 Ltd" Şirkəti tərəfindən Saziş üzrə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaradır. Bu da öz növbəsində neft və qaz hasilatını aşağı salaraq, dövlətin gəlirlərinin azalmasına səbəb olur. Bu isə ölkənin iqtisadiyyatına mənfi təsir edən amildir, eyni zamanda qanunun aliliyi prinsipinə xələl gətirir. Bu kimi halların artması ayrılıqda kiçik bir məsələ kimi görünə bilər, lakin neft-qaz əməliyyatlarının aparılması üçün Dövlət Neft Şirkətinin qanuni istifadəsinə verilmiş torpaq sahələrinin səlahiyyətləri olmadığı halda müvafiq inzibati aktlarla vətəndaşlara ayrılması hallarının artması, nəticə etibarilə dövlət üçün zərər hesabına başa gəlir. Neft sektoru ölkə iqtisadiyyatında əhəmiyyətli sahə olduğuna görə hər bir dövlət qurumu müvafiq inzibati aktlar qəbul edərkən torpaq sahəsinin təyinatı və hüqiuqi rejimi diqqətlə araşdırılmalı və müvafiq qurumun həmin torpaq sahəsinin ayrılmasına səlahiyyətli olub-olmamasma xüsusi diqqət yetirilməlidir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı hazırkı tələbi ilə bağlı əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, arzuladığı məqsədə nail ola bilmədiyindən tərəflər arasında inzibati mübahisə yaranmışdır. Məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüququnun olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (ilkin müraciətin olması) də cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin və digər üçüncü şəxs ƏMDX-nin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili iddiaya qarşı təqdim edilmiş etirazı müdafiə edərək, tələbin təmin edilməməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi 6 ünvanında yerləşən torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsinə dair müraciətinə baxılmış və torpaq sahəsinin neft kəmərinin mühafizə zolağında yerləşdiyindən plan və ölçünün tərtib edilməsinin mümkün olmadığı bildirilmişdir. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi 6 ünvanında yerləşən 475.60 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ, 0,209490 ha torpaq sahəsi üzərində icarə hüququ qeydiyyata alınmışdır. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi 6 ünvanında yerləşən 0,20949 ha torpaq sahəsi 4995 saylı, xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən, icarə hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Yüklülüyün müddəti xx.xx.2023-cü ildən xx.xx.2025-ci il tarixədək qeyd olunmuşdur. -cavabdeh DƏDKR 1 saylı BƏİ tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi 6 ünvanında yerləşən torpaq sahəsi icarə müqaviləsinə əsasən 2094,9 kv.m olsa da, sahənin bir hissəsi yolun genişləndirilməsi ilə əlaqədar azalmış, digər tərəfdən hasar sökülmüşdür. Ərazidə yerləşən qeydiyyatdan keçmiş tikili sökülmüş, tikintialtı sahəsi 1052 kv.m olan tikili inşa edilmişdir. Məktuba qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları əlavə edilmişdir. Müvafiq sorğu ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi, 6 ünvanında yerləşən torpaq sahəsinə dair iddiaçının adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsi üçün əsas olmuş sənədlərin və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında iddiaçının mülkiyyətində olan qeyriyaşayış sahəsinin arxiv qovluğunda olan sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: -Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1991-ci il tarixli, 288 nömrəli sərəncamı ilə “Aygün” kooperativinə “Leninneft” NQÇİ-nin 09.09.91-ci il tarixli razılıq məktubu ilə Sabunçu qəsəbəsi, Şəhər şossesi 6 ünvanında avtomobillərə texniki məntəqəsinin tikilməsi üçün torpaq sahəsi ayrılmışdır. -Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1392 nömrəli sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesində “Aygün” şirkətinə məxsus olan avtomolbillərin texniki xidmət məntəqəsinin tutduğu ərazi mövcud istifadə vəziyyətində “Dağıstani” şirkətinə təhkim edilmiş, “Aygün” şirkətinə torpaq sahəsi ayrılması haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1991-ci il tarixli, 288 nömrəli qərarı ləğv edilmişdir. -“Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 4995 nömrəli müqavilə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 86 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi 6 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 2094,9 kv.m torpaq sahəsi icarəçi İddiaçı icarəyə verilmişdir. Müqavilənin İV bəndindən göstərilmişdir ki, bu müqavilə ilə icarə müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək müəyyən edilir (4.1). Müqavilənin müddəti qurtardıqdan sonra icarəçi torpaq sahəsini istifadə etdiyini nəzərə alaraq, müqavilə eyni müddət üçün uzadılmış hesab edilir (icarəyəverənin etirazı olmadıqda) (4.2). -xx.xx.2009-cu il tarixli, **********48-06301 reyestr nömrəli Texniki Pasportdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi 6 ünvanında yerləşən qeyri-yaşayış binasının texniki göstəriciləri qeyd olunmuş, ərazinin ümumi faktiki torpaq sahəsi 0.20949 ha göstərilmişdir. -Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, qeyd edilən ünvanda yerləşən torpaq sahəsinin istifadəçisi İddiaçı tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlər (qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ barədə xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarış və xx.xx.2009-cu il tarixli, **********48-06301 nömrəli texniki pasport) nəzərə alınaraq, onunla Xidmət arasında xx.xx.2023-cü il tarixli, 4995 nömrəli icarə müqaviləsi bağlanılmışdır. Bununla əlaqədar olaraq, sorğu edilən xx.xx.2023-cü il tarixli, 4995 nömrəli icarə müqaviləsinin, xx.xx.2023-cü il tarixli, 86 nömrəli sərəncamın və onun qəbul edilməsinə əsas olmuş sənədlərin surətini, həmçinin icarəyə verilmiş torpaq sahəsinin koordinatları barədə məlumatlar məhkəməyə təqdim edilmişdir. Hazırkı işin araşdırılan hallarından məlum olur ki, AR ƏMDX-nın xx.xx.2023-cü il tarixli, 86 nömrəli sərəncamına uyğun olaraq, xx.xx.2023-cü il tarixli, 4995 nömrəli müqavilə üzrə ƏMDX arasında xx.xx.2023-cü il tarixli, 4995 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi 6 ünvanındakı qeyriyaşayış binasının yerləşdiyi 2094,9 kv.m torpaq sahəsi iki il müddətinə iddiaçıya icarəyə verilmişdir. Qeyd olunan müqavilə əsasında sözügedən torpaq sahəsi üzərində iddiaçının icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bu barədə ona xx.xx.2023-cü il tarixli müvafiq çıxarış verilmiş, lakin həmin sahənin plan-ölçü sənədləri tərtib edilməmişdir. İddiaçının hazırkı tələbi üzrə məqsədi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi 6 ünvanında yerləşən 2094,9 kv.m torpaq sahəsinin 1052 kv.m sahəsinin plan-ölçü sənədinin verilməsindən ibarətdir. Bununla bağlı cavabdehə müraciəti təmin edilməmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən aşağıdakı əsaslarla imtina etmişdir: -Torpaq sahəsinin faktiki ölçüsünün 1052 kv.m təşkil etməsi; -Torpaq sahəsinin neft kəmərinin mühafizə zolağında yerləşməklə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olan əraziyə aid olması. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 10-cu maddəsində hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısı göstərilmişdir: -10.1-ci maddəyə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəyə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: -10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; -10.2.2. torpaq sahəsinin planı və ölçüsü; -10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; -10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli 553 nömrəli Fərmanı ilə “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir. Sənədin 4-cü bəndinə görə plan və ölçüdə aşağıdakılar göstərilir: Komitənin, habelə onun strukturuna daxil olan, plan və ölçünü verən qurumun adı, torpaq sahəsinin ünvanı, ünvan olmadıqda isə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq onun yerləşdiyi ərazi vahidi, torpaq sahəsi üzərində hüquq sahibi haqqında məlumat, torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı), torpaq sahəsinin mülkiyyət növü, torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan hüququn növü, torpaq sahəsinə daşınmaz əmlak obyekti kimi verilən reyestr nömrəsi, torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərdə əksini tapmış sahəsi (hektarla), torpaq sahəsinin inventarlaşdırılma (çöl ölçmə) işləri nəticəsində müəyyən edilmiş faktiki sahəsi (hektarla), torpaq sahəsində mövcud olan servitutlar barədə məlumat, plan və ölçünün tərtib edilməsi üçün əsas olan sənədin rekvizitləri, plan və ölçünün tərtib edilməsi tarixi, torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı), torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr, torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış, şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri), torpaq sahəsinin qonşu sərhədləri, torpaq sahəsinin ölçüsünə müvafiq miqyasda tərtib olunmuş torpaq sahəsinin planı, plan və ölçünün X3 Kitabında uçota alındığı nömrə və tarix (üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinə dair tərtib edilən plan və ölçü istisna olmaqla), Komitənin strukturuna daxil olan qurumun möhür yeri, vəzifəli şəxsinin imzası, soyadı, adı, atasının adı, plan və ölçünü tərtib etmiş icraçının imzası, soyadı, adı, atasının adı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəlləninn 66.1-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Göründüyü kimi, icarə müqaviləsi əsasında iddiaçının istifadəsinə verilmiş torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, həmin torpaq sahəsinin planı və ölçüsünün tərtib olunması təmin edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə bildirir ki, dəqiqləşdirilmiş iddia tələbindən göründüyü kimi, iddiaçı hazırda 2094,9 kv.m torpaq sahəsinin deyil, cavabdehin faktiki göstərici kimi təqdim etdiyi 1052 kv.m torpaq sahəsinə plan və ölçünün tərtib edilərək verilməsinə iddia edir. Odur ki, sahənin qalan hissəsi ilə bağlı cavabdehin qeyd etdiyi xüsusatlara baxılan iddia çərçivəsində fikir bildirməyə zərurət qalmır. Digər imtina əsası ilə bağlı, yəni torpaq sahəsinin neft kəmərinin mühafizə zolağında yerləşməsi, ərazidə neft quyularının olması və sairə ilə bağlı nəzərə alınmalıdır ki, hazırkı halda iddianın predmeti Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi 6 ünvanda yerləşən torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması deyil, artıq üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahəsinə dair, texniki sənədin- plan və ölçünün verilməsindən ibarətdir. Bu mənada irəli sürülən dəlil hüquqların dövlət reyestrində qeydiyyatının aparılması zamanı yoxlanılmalı və hüquqi qiymət verilməli məsələ olduğundan indiki mübahisənin müqəddəratının həll edilməsi baxımından əhəmiyyətli rol oynamır və imtina üçün əsas sayıla bilməz. Nəticə etibarı ilə şəxs hüquqları qeydiyyata alınmış sahənin texniki sənədlərini əldə etmək hüququ, cavabdehin isə bu sənədin tərtib edilərək təqdim edilməsi vəzifəsi vardır. Məhkəmə üçüncü şəxsin dəlillərini əsaslı saymayaraq bildirir ki, yuxarıda vurulandığı kimi, iddia tələbi üzərində icarə hüququ dövlət reyestrində qeydiyyata alınmış və həmin qeydin ləğv edilməsi barədə hər hansı sübut təqdim edilməyən torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi ilə bağlıdır. Hansı ki, bu sahə zəbt edilməmiş və dövlət mülkiyyəti torpağına sərəncam vermək səlahiyyəti olan dövlət qurumu ilə bağlanmış icarə müqavilə əsasında iddiaçıya ayrılmış, həmin hüquq müvafiq reyestrdə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İcarə müqaviləsinin müddətinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2023-cü il tarixli, 4995 nömrəli müqavilənin 4.2-ci bəndindən göründüyü kimi, müqavilənin müddəti qurtardıqdan sonra, icarəyəverənin etirazı olmadığı halda, icarəçi torpaq sahəsini istifadə etdiyini nəzərə alaraq, müqavilə nəzərdə tutulmuş eyni müddət üçün uzadılmış hesab edilir. Hazırkı halda, sözügedən icarə müqaviləsinin müddətinin uzadılması ilə bağlı icarəyəverənin etirazına, narazılığına dair cavabdeh təfərindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş, eləcə də iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş ƏMDX tərəfindən də belə bir halın mövcudluğu bildirilməmişdir. Bu isə tərəflər arasında torpaq sahəsinə dair icarə münasibətlərinin davam etdiyini deməyə əsas verir. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki, torpaq sahəsinin üzərində iddiaçının adına dövlət reyestrində qeydiyyat, bu barədə çıxarış mövcuddur və qüvvədədir, torpağın plan-ölçüsü cavabdeh tərəfindən şərtsiz tərtib edilməlidir. Digər tərəfdən, hüquqların qeydiyyatı zamanı belə torpaq sahəsinin planı və ölçüsü sənədi olmadıqda, cavabdeh inzibati orqanın Əsasnaməsinin tələbinə görə belə sənədi tərtib edib vermək onun vəzifəsi idi. Məhkəmə göstərilənləri ümumiləşdirərək cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır və torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsünün tərtib edilərək iddiaçıya verilməsi cavabdehin vəzifəsi olduğundan iddiaçını tələbində haqlı sayır. Belə olan halda iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi 6 ünvanda yerləşən 0.1052 ha torpaq sahəsinə dair plan və ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi 6 ünvanda yerləşən 0.1052 ha sahədən ibarət, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış üzrə İddiaçı məxsus olan torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-3494/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3494/2025
04.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver