Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3496/2021 07.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal RİH-ə qarşı «torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, 24 iyul 2014-ci il tarixdə Yasamal rayonu, Murtuza Muxtarov döngəsi, 14 ünvanında yerləşən, iddiaçının ərinə məxsus olan mülk dövlət ehtiyacları üçün yol infrastrukturuna qatılması məqsədilə Bakı şəhəri Yasamal RİH tərəfindən alqı-satqı müqaviləsinə əsasən satın alınmışdır. 8 oktyabr 2020-ci il tarixdə yuxarda qeyd edilən mülkün altında olan torpağa düşən kompensasiyaya görə o, Bakı şəhəri Yasamal RİH-ə müraciət etmişdir. RİH-dən ərizəni nəzərdən keçirərək, həqiqətən də ona məxsus olmuş, ümumi sahəsi 129,3 kv.m olan torpaq sahəsinin hər kv.m-ə 500 manat miqdarında, ümumi məbləğ 64.650 manat olmaqla kompensasiya düşdüyünü bildirilmişdir. Lakin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədi RİH-ə təqdim etdikdən sonra qurumdan müraciətə yenidən baxılacağı cavabı verilmişdir. İddiaçı da öz növbəmdə adıçəkilən sənədi almaq üçün AR Əmlak Məsələləri Dövlət Komitəsinə və Milli Arxiv İdarəsinə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi mülkiyyətçinin artıq RİH olduğunu və sorğunun adıçəkilən qurum tərəfindən göndərildiyi halda baxılmasının mümkün olmasını bildirmişdir. Lakin Milli Arxiv İdarəsi torpaq mülkünün 1935 – 1936-cı illərə dair başdan-başa vergi uçotu kartoçkasında qeyd olunduğu kimi, M.Muxtarov küçəsi, ev 14 (keçmiş Bekskiy döngəsi) həqiqətən da onun ərinin babası X4 məxsus olmasına dair arxiv arayışı təqdim etdi. Yuxarıda göstərilənlərə əsasən sözügedən ünvanda torpaq sahəsinin hər kv/m-ə 500 manat miqdarında, ümumi məbləğ 64.650 manat olmaqla kompensasiyanın cavabdeh tərəfindən ödənilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdilədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaçının müvafiq müraciətinin olmamasını nəzərə alaraq iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən İddiaçı cavabdeh Bakı şəhəri Yasamal RİH-ə torpaq sahəsi ilə bağlı kompensasiya ödənilməsi ilə əlaqədar müraciət etsə də, həmin müraciətdə kompensasiyanın məbləği konkret göstərilməmişdir. Halbuki, hazırkı iddia ərizəsində kompensasiya məbləği 64.650 manat məbləğində göstərilmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, müvafiq torpaq sahəsi ilə bağlı iddia qaldırmaq üzrə iddiaçının subyektiv hüququ da mövcud deyil. İddiaçının təqdim etdiyi sənədlərə əsasən o, müvafiq vərəqəlik işində mərhum əri X2 vərəsələri dairəsinə daxildir. Arxiv qurumundan alınmış arayışa görə isə, torpaq sahəsi başqa şəxsə məxsus olmuşdur. Beləliklə məhkəmənin qənaətinə görə cavabdeh Bakı şəhəri Yasamal RİH tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3496/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3496/2021
07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver