Məhkəmə qərarları › İş №2-1(112)-3497/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3497/2024

06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3497/2024 06.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Əzməmməd qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «çıxarışın verilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Əzməmməd qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «çıxarışın verilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Əzməmməd qızı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Pirallahı rayonu, Gürgan qəsəbəsində icarəsində olan 0.8 ha və 1 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007- ci il tarixli, 976 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Pirallahı rayonu, Gürgan qəsəbəsində istifadəsiz qalmış 0.8 ha torpaq sahəsi 99 il müddətinə abadlaşdırılaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçıya icarəyə verilmişdir. Həmin torpaq sahəsi üzərində icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Daha sonra həmin torpaq sahəsi üzərində inşa etdiyi və ümumi sahəsi 292.8 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarış və texniki pasport verilmişdir. Həmçinin qeyd edir ki, Bakı şəhəri, Xəzər rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 716 nömrəli digər Sərəncamı ilə Bakı şəhəri, Pirallahı rayonu, Gürgan qəsəbəsində istifadəsiz qalmış 1 ha torpaq sahəsi 99 il müddətinə abadlaşdırılaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçıya icarəyə verilmişdir. Həmin torpaq sahəsi üzərində icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Daha sonra həmin torpaq sahəsi üzərində inşa etdiyi və ümumi sahəsi 269.30 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarış və texniki pasport verilmişdir. Həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə etdiyi xx.xx.2023-cü il tarixli müraciətinə, həmin idarədən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubları ilə «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Qanunun 15ci maddəsinə əsasən müraciətinin icrasından imtina edilmişdir. Cavabdeh inzibati orqanın imtinasının əsası ilə bağlı qeyd edir ki, qeyd olunan torpaq sahəsi 15 ildən artıq müddətdir ki, iddiaçının daimi sahibliyində və istifadəsində olmaqla, həmin torpaq sahələri abadlaşdırılaraq yararlı vəziyyətə gətirilmiş, eləcədə həmin torpaq sahələrinin hüdudları daxilində olmaqla, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış iki fərdi yaşayış evi mövcuddur. Həmiçinin qeyd edir ki, həmin torpaq sahəsi ilə bağlı hər hər hansı üçüncü şəxslə də mübahisə yoxdur. Bu səbəbdən də cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli imtina məktubunda göstərilmiş halları əsassız hesab edir və yuxarıda qeyd olunan sənədlər və faktiki vəziyyət həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün kifayət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilmişdir. İddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** və ********** nömrəli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********48 və **********49 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Pirallahı rayonu, Gürgan qəsəbəsi, şimal-qərb ünvanında **********52-11301 reyestr nömrəli bağ evinin yerləşdiyi 0.8 ha və Bakı şəhəri, Pirallahı rayonu, Gürgan qəsəbəsi, - ünvanında **********0211301 reyestr nömrəli bağ evinin yerləşdiyi 1 ha torpaq sahələri üzərində icarə hüquqları İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış bağ evinin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 976 nömrəli xx.xx.2007- ci il tarixli, 716 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamları ilə vətəndaş İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Gürgan qəsəbəsində istifadəsiz qalmış 0.8 ha və 1 ha torpaq sahələri 99 il müddətinə abadlaşdırılaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə icarəyə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - iddiaçının müraciətinə cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3- 30/2-38149/2023 **********49 nömrəli məktub ünvanlayaraq qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış bağ evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 976 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamı ilə vətəndaş İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Gürgan qəsəbəsində istifadəsiz qalmış 0.8 ha torpaq sahəsi 99 il müddətinə abadlaşdırılaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə icarəyə verilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. - iddiaçının müraciətinə cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3- 30/2-38149/2023 **********48 nömrəli məktub ünvanlayaraq qeyd etmişdir ki, daşınmaz əmiakın dövlət reyestrində qeydiyyata alınmış bağ evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015- ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə ediiməsini təsdiq edən sənədlərin” siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 716 nömrəli, xx.xx.2008-ci il tarixli sərəncamı ilə vətəndaş İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Gürgan qəsəbəsində istifadəsiz qalmış 1 ha torpaq sahəsi 99 il müddətinə abadlaşdırılaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə icarəyə verilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. - məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023cü il tarixli məktubu ilə Xəzər RİH-nin arxiv fondu üzrə xx.xx.2007-ci il tarixli, 976 saylı sərəncamının və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş ksero surətləri məhkəməyə göndərilmişdir. - məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli məktubla **********, ********** və ********** qeydiyyat nömrəli çıxarışlara dair arxiv qovluğunda olan sənədlərin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. - Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin “Gürgan qəsəbəsində vətəndaş İddiaçı torpaq sahəsinin icarəyə verilməsi və orada müvafiq tikililərin aparılmasına icazə verilməsi barədə” 976 nömrəli xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən vətəndaş İddiaçı Gürgan qəsəbəsinin şimal-qərbində istifadəsiz qalmış və antisanitariya vəziyyətində olan 0,8 ha torpaq sahəsinin abadlaşdırılaraq istirahət zonası təşkil etmək üçün icarəyə verilmiş, həmçinin orada müvafiq tikililərin aparılmasına icazə verilmişdir. - xx.xx.2007-ci il tarixli İcarə Müqaviləsinə əsasən Xəzər Rayon İcra Hakimiyyətinin 976 nömrəli xx.xx.2007-ci il tarixli Sərəncamı əsasında 0,8 ha boş sahə İddiaçı təmiz sahəyə çevrilərək, istirahət zonası təşkil etmək məqsədilə istifadə etmək üçün, icarəyə verilmişdir. - Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin “Vətəndaş İddiaçı Gürgən qəsəbəsində torpaq sahəsinin icarəyə verilməsi haqqında” 716 nömrəli xx.xx.2008-ci il tarixli Sərəncamına əsasən Gürgən qəsəbəsində «Abşeron» mayakının şimali-qərb tərəfində, dəniz kənarında istifadəsiz 1 ha boş torpaq sahəsinin abadlaşdırılaraq orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə vətəndaş İddiaçı istifadəsinə verilmişdir. - xx.xx.2008-ci il tarixli İcarə Müqaviləsinə əsasən Xəzər Rayon İcra Hakimiyyətinin 716 nömrəli xx.xx.2008-ci il tarixli Sərəncamı əsasında 0,1 ha boş sahə İddiaçı təmiz sahəyə çevrilərək, istirahət zonası təşkil etmək məqsədilə istifadə etmək üçün, icarəyə verilmişdir. - ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin 976 nömrəli xx.xx.2007-ci il tarixli Sərəncamına və xx.xx.2007-ci il tarixli İcarə Müqaviləsinə əsasən Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsi, şimal-qərbi ünvanında yerləşən 0.8 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Gürgan qəsəbəsi ünvanında yerləşən 1.0 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini məhkəmə mümkün hesab etmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsasız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağı icarə hüquqları əsasında verilmiş torpaq sahələrinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir. İş materiallarında olan sənədlərdən və işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı hazırki iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana mürəciət edərək Bakı şəhəri, Pirallahı rayonu, Gürgan qəsəbəsində icarəsində olan 0.8 ha və 1 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının və müvafiq çıxarışın verilməsini xahiş etmişdir. İddiaçının müraciətinə cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktublar ünvanlayaraq qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış bağ evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmin imtinalardan narazı qalan iddiaçı cavabdeh inzibati orqana qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinin əsassız olması ilə bağlı olaraq aşağıdakıları qeyd edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əlavə edilməlidir. İş materialları və məhkəmə tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilir ki, qeyd olunan daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının qeydə alınmasına əsas olan heç bir hüquqmüəyyənedici sənəd mövcud deyildir. İddiaçı iddia tələbini Bakı şəhəri, Xəzər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007- ci il tarixli, 976 nömrəli Sərəncamı və Bakı şəhəri, Xəzər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 716 nömrəli Sərəncamı ilə əsaslandırmışdır. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahələrinin iddiaçının icarəsinə verilməsinə dair Sərəncamlar Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2007-ci il və xx.xx.2008-ci il tarixlərdə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə əsasən müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Qanunun 3-cü madəsinə əsasən icarəyəverənlə icarəçi arasında yaranan hüquqi və iqtisadi əlaqələr torpaq üzərində icarə münasibətləridir. Həmin Qanunun 28-ci maddəsinə əsasən icarəyə götürülmüş torpaqların satın alınması Azərbaycan Respublikasının torpaq və özəlləşdirmə haqqında qanunvericilik aktları ilə tənzimlənir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan torpaq sahələrinin iddiaçının icarəsinə verilməsinə dair Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2007-ci il və xx.xx.2008-ci il tarixli Sərəncamları həmin torpaq sahələri üzərində icarə hüquqlarının qeydiyyata alınması üçün əsas hesab edilir və bu əsasla həmin torpaq sahələri üzərində iddiaçının icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Qeyd edilən icarə hüququ ilə verilmiş Sərəncamlar isə qanunvericilikdə mülkiyyət hüququnun qeydə alınması əsası kimi müəyyən edilməmişdir. Göründüyü kimi, torpağa dair icarə hüququ iddiaçıya verilmişdir, həmin torpaqlar mülkiyyət hüququ ilə verilməmişdir. Qanunvericilikdə də müəyyən olunduğu kimi göstərilən torpaqlara dair mülkiyyət hüququnun qeydə alınması üçün həmin torpaqlar satın alınmalıdır (özəlləşdirilməlidir). Lakin, iddiaçı tərəfindən buna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra—hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra—dövlət reyestri) aparılır. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8. Hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23. Hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanunun normalarına əsasən qeydiyyata alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Göstərilənlərə əsasən məhkəmə Bakı şəhəri, Pirallahı rayonu, Gürgan qəsəbəsində icarəsində olan 0.8 ha və 1 ha torpaq sahələrinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hər hansı sənədin mövcud olmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin imtinası qanunazidd hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Əzməmməd qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Pirallahı rayonu, Gürgan qəsəbəsində icarəsində olan 0.8 ha və 1 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar