Məhkəmə qərarları › İş №2-1(112)-3498/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3498/2021

25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3498/2021 25.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, iddiaçı “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, iddiaçı “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” məhdud məsuliyyətli cəmiyyəti (bundan sonra mətndə “xxxx” MMC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 23.11.218-ci il tarixli **********33593 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (keçmiş Vergilər Naziriyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti) “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 04.10.2018-ci il tarixli qərarı ilə “xxxx” MMC-yə məxsus Bakı şəhəri Xətai rayonu N.Rəfiyev 29 ünvanda obyektdə operativ vergi nəzarəti həyata keçirilmiş və operativ verginin nəticəsi 18.10.2018-ci il tarixli 009370 saylı Aktla rəsmiləşdirilmişdir. Qeyd edilən akta əsasən Bakı şəhəri Xətai rayonu N.Rəfiyev 29 ünvanında 2 ədəd yeni binanın tikintisində (yarım tikintiyə istifadə olunan və binanın üzərində olan materiallara hesablama aparılmışdır) istifadə olunmuş malların alışını təsdiq edən qaimə-faktura və elektron qaimə faktura və ya elektron hesab faktura sənədi olmadan 1 352 282 manat malların olduğunu müəyyən etmiş və buna əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 23.11.2018-ci il tarixli **********33593 saylı qərarla 135 928.20 (bir yüz otuz beş min doqquz yüz iyirmi səkkiz manat iyirmi qəpik) manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin qərardan məlumatları olmamışdır. Həm də həmin qərar rəsmi qaydada cəmiyyətin ünvanına göndərilməmişdir. Göstərilən akt və qərar tam əsassız və qanunsuzdur. Bununla əlaqədar, İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına tərəflərindən müraciət olunmuş, lakin hazırki vaxtadək nəticə barədə bir qərar çıxarılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. 09.02.2021-ci il tarixdə məhkəməyə Bakı şəhəri LGBİ-nin iddianın mümkün sayılmamasına dair yazılı vəsatəti daxil olmuşdur. Vəsatətdə göstərilmişdir ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüş və müddətin bərpası üçün məhkəməyə hər hansı müraciət edilməmişdir. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.1-ci və 24.2-ci maddələrinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı İnzibati Prosessual Məcəllənin 5-ci fəslinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Hüquqi şəxs “xxxx” MMC 13.03.2017ci il tarixində qeydiyyatda olduğu vergi orqanına ərizə ilə müraciət etmiş, “Elektron sənəd mübadiləsi haqqında müqavilə" bağlayaraq vergi orqanı tərəfindən ona məktubların, aktların, qərarların və digər sənədlərin elektron üsulla göndərilməsinə dair razılığını ifadə etmişdir. İddiaçının mübahisələndirdiyi 23.11.2018-ci il tarixli, **********3593 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar 26.11.2018-ci il tarixində "Məsuliyyət qərarının və tələbnamənin göndərilməsi haqqında” bildiriş vasitəsilə elektron qaydada göndərilmiş, həmin tarixdə də iddiaçı tərəfindən oxunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsinə görə inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır (mad 62.2). İddia müddətinin axımının dayandırılmasını nəzərdə tutan İnzibati Prosessual Məcəllənin 38.3cü maddəsi də tətbiq oluna bilməz. Belə ki, həmin maddəyə əsasən iddia müddətinin axımının dayandırılması üçün şərt şikayətin müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma (hazırki halda İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına) “İnzibati icraat haqqında” Qanunun 73.1 və ya 73.2-ci maddəsində təsbit olunmuş müddətlərdə verilməsidir. İddiaçının bildirdiyinə görə müvafiq şikayət 02.09.2020-ci il tarixində ünvanlanmışdır. Göründüyü kimi, İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına ünvanlanan şikayətin verilməsi üçün müvafiq müddət ötürülmüşdür. Bu səbəbdən, iddia müddətinin axımının dayandırılması üçün də hər hansı əsas mövcud deyil. 19 may 2021-ci il tarixdə iddiaçı xxxx” MMC tərəfindən məhkəməyə ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə təqdim edilərək, göstərilmişdir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (keçmiş Vergilər Naziriyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti) tərəfindən “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 04.10.2018-ci il tarixli qərarı ilə “xxxx” MMC-yə məxsus Bakı şəhəri Xətai rayonu N.Rəfiyev 29 ünvanda obyektdə operativ vergi nəzarəti həyata keçirilmiş və operativ verginin nəticəsi 18.10.2018-ci il tarixli 009370 saylı Aktla rəsmiləşdirilmişdir. Qeyd edilən Akta əsasən Bakı şəhəri Xətai rayonu N.Rəfiyev 29 ünvanında 2 ədəd yeni binanın tikintisində (yarım tikintiyə istifadə olunan və binanın üzərində olan materiallara hesablama aparılmışdır) istifadə olunmuş malların alışını təsdiq edən qaimə-faktura və elektron qaimə faktura və ya elektron hesab faktura sənədi olmadan 1 352 282 manat malların olduğunu müəyyən etmiş və buna əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 23.11.2018-ci il tarixli **********33593 saylı qərarla 135 928.20 (bir yüz otuz beş min doqquz yüz iyirmi səkkiz manat iyirmi qəpik) maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərarın ləğv edilməsi ilə əlaqədar tərəflərindən məhkəməyə müraciət edilmişdir, lakin ötürülmüş müddətin bərpa edilməsi ilə əlaqədar ərizə təqdim edilməmişdir. 12.11.2018-ci il tarixdən “xxxx” MMC-də direktor vəzifəsinə keçirilmişdir, səhhəti ilə əlaqədar olaraq, (xəstəliknən əlaqədar çıxarış əlavə olunur) 23.11.2018-ci il tarixli **********33593 saylı qərarın ləğv edilməsi ilə əlaqədar vaxtında tərəflərindən müraciət edilməmişdir. Məhkəməyə müraciət etməyi ilə əlaqədar hüquqi müdafiə vasitələrindən istifadə etməmişdir. Eyni zamanda bildirmişdir ki, dünya üzrə baş vermiş Covid-19 epidemiyasının yayılması ölkədən də yan keçməmişdir. Bunun nəticəsində məhkəməyə müraciət etmə müddəti ötürülmüşdür. Hesab edir ki, istər səhhətində olan problem istərsə də Covid-19 epidemiyasının yayılması halları qarşısı alınmaz hadisə kimi qiymətləndirilməli məhkəmədə hüquqi müdafiəsi bərpa edilməlidir. Məhkəmə iclasında iddiaçı “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X5 iddia tələbini və ötürülmüş müddətin bərpasına dair ərizəsini müdafiə edərək, müddətin ötürülməsinin üzürlü hesab olunmaqla bərpa olunmasını və iddianın onun təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri LGBİ-nin nümayəndəsi X3 vəsatət uyğun izahat verərək, vəsatətdə qeyd olunanların nəzərə alınmaqla, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki; - Vergillər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti (hazırda Bakı şəhəri LGBİ) tərəfindən vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə faktura və ya elektron qaimə faktura və ya elektron vergi hesab faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərə nəzarət məsələsi üzrə “xxxx” MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, N.Rəfibəyli 29 ünvanda yerləşən MTK-da X1 iştirakı ilə operativ vergi nəzarəti keçirilmiş və 009370 №-li 18.10.2018-ci il tarixli akt tərtib olunmuşdur. - Vergillər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyə cəlb edilməsi haqqında” **********3593 № li 23.11.2018-ci il tarixli qərar qəbul edilmişdir. - Bakı şəhəri LGBİ tərəfindən mübahisələndirilən 23.11.2018-ci il tarixli qərar 26.11.2018-ci il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və həmin qərar iddiaçı tərəfindən 26.11.2018-ci il tarixdə oxunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfındən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, mübahisələndirmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın təqdim edildiyi vaxtdan sayıldığından iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra, yəni müvafiq olaraq mübahisələndirilən qərarın ona təqdim olunduğu müddətdən 1 (bir il) 06 (altı) ay il keçdikdən sonra, yəni 06.08.2020-ci il tarixdə yuxarı inzibati orqana, 2 (iki) il 1 (bir) aydan çox vaxt keçdikdən sonra, yəni 11.01.2021-ci il tarixdə məhkəməyə müraciət olunaraq, iddia müddəti ötürülmüş, bununla da iddiaçı həmin qərarı mübahisələndirmək imkanını itirmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddiaçı hazırda baxılan mübahisə üzrə iddia müddətini ötürdüyündən, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.

Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar