Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3499/2020 29.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə” iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi məhkəmə baxışı keçirilmədən baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının 24 yanvar 2020-ci ildə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti araşdırılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydaları»nın 4.1-ci bəndində nəzərdə tutulan hər hansı hal müəyyən edilmədiyindən Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, ******* saylı qərarı, yəni ona verilən cavab qanuna uyğun olmayan qərəzli hesab edilməlidir. O, doğularkən atası da, anası da Azərbaycan Respublikasının vətəndaşı olmuşlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən iddiaya dair yazılı münasibət məhkəməyə daxil olmamışdır. İddiaçının nümayəndəsi və vəkili X1 29 dekabr 2020-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, onun iştirakı olmadan yekun məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli məlumatında, həmçinin, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilməsi inzibati məhkəmələrə tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda göstərilmiş hüquqi tövsiyəsi, iddiaçı tərəfin yazılı razılığı, işin yekun məhkəmə qərarının qəbul edilməsi üçün kifayət qədər hazırlandığı nəzərə alınaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 16.2-ci maddəsinə əsaslanaraq, şifahi dinləmələr keçirilmədən müvafiq məhkəmə qərarının qəbul edilməsi mümkün hesab edilmişdir Məhkəmə işdə olan sənədləri tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək hesab edir ki,iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* saylı, 24 yanvar 2020-ci il tarixli qərarının surətindən müəyyən edilir ki, 13 may 1967-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmaması qərara alınmış, əsas kimi şəxsin "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunun qüvvəyə mindiyi günədək (1998-ci il 7 oktyabr tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2020-ci il tarixli, 018-9782-1220 saylı məktubunda bildirilmişdir ki, 13 may 1967-ci il təvəllüdlü İddiaçı ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli, 33/3478 saylı məktubda bildirilmişdir ki, İddiaçı dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İşdə olan AЗ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, İddiaçı 13 may 1967-ci ildə Azərbaycan SSR-nin ərazisində anadan olmuşdur. İşdə olan AИ seriyalı, 832488 saylı attestatın surətindən görünür ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı 1984-cü ildə Bakı şəhəri Lenin rayonu 148 nömrəli orta məktəbin tam kursunu bitirmişdir. Məhkəmə qeyd edir ki, Genovezevin Maltaya qarşı işində (Genovese v. Malta) 53124/09 saylı, 11 oktyabr 2011-ci il tarixli) Avropa İnsan Hüquqları Məhkəməsi Malta vətəndaşı olmayan qadının və Malta vətəndaşlığı məhkəmə yolu ilə tanınmış kişinin nikahdan kənar doğulmuş uşağının Malta vətəndaşlığı əldə etmək müraciətinə rədd cavabının verilməsi məsələsinə baxmışdır. Vətəndaşlığın verilməməsi məsələsi ayrılıqda götürülmüş 8-ci maddənin pozulması kimi qiymətləndirilməsə də, Məhkəmə hesab etmişdir ki, bu məsələnin iddiaçının sosial özünəməxsusluğuna təsiri daha geniş xarakter daşıdığından o, 8-ci maddənin əhatə dairəsinə düşür və rədd cavabının əsassız və diskriminativ xarakteri Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsi ilə birlikdə 8-ci maddəsinin də pozulmasına dəlalət edir. Odur ki, məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə məsələnin iddiaçının sosial özünəməxsusluğuna təsirinin daha geniş xarakter daşıdığı baxımdan təqdim edilmiş sübutların tədqiqinə həssaslıqla yanaşaraq müəyyən etdi ki, 13 may 1967-ci ildə Azərbaycan SSR anadan olmuş Rusiya Federasiyasının vətəndaşı İddiaçıun onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi barədə 39157/m saylı, 21 yanvar 2020-ci il tarixli vəsatətlə cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* saylı, 24 yanvar 2020-ci il tarixli qərarla iddiaçının Azərbaycan Respublikasının mənsubiyyətinin tanınmaması qərara alınmış, imtinaya əsas kimi isə şəxsin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək, yəni 07 oktyabr 1998-ci il tarixədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətlə bağlı münasibətlər tənzimləyən 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinin tələbinə əsasən həmin qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslərin, Azərbaycan Respublikasının vətəndaşları sayılması üçün Azərbaycan Respublikasının vətəndaşı həmin Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olma əsas şərtdir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 2.2.1-ci yarımbəndinə görə «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olması şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsasdır. Həmin «Qaydalar»ın 4.1.1-ci yarımbəndinə əsasən, həmin Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. İstinad olunan müddəalardan göründüyü kimi, qanunverici şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan əsas diqqətini onun özünə daimi yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, şəxs Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda və bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir. Lakin, iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat aparılan zaman məlum olmuşdur ki, iddiaçı qanunda göstərilən müddətdə Azərbaycan Respublikası ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmamışdır. Bundan başqa, iş materiallarından da göründüyü kimi, iddiaçı 5-ci maddənin birinci hissəsinin 2, 3 və 4-cü bəndlərində təsbit olunmuş şəxslər kateqoriyasına da düşmür. İş materialları ilə müəyyən edilir ki, iddiaçı vaxtilə doğuldugu, təhsil aldığı Azərbaycan SSR-nin ərazisini tərk etmiş və daimi yaşayış yeri Rusiya Federasiyası olmuş, Rusiya Federasiyasının vətəndaşılığını qəbul etmişdir. Bu isə o deməkdir ki, vətəndaşı oldugu ölkə qarşısında şəxsin uzun müddət ərzində yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, habelə siyasi hüquqi və bu cür digər öhdəlikləri yaranmışdır. Belə ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşı oldugundan həmin dövlətin «Rusiya Federasiyasının vətəndaşlığı haqqında» Federal Qanununun 3-cü maddəsinə əsasən Rusiya Federasiyasının vətəndaşlığı olan şəxsi kimi Rusiya Federasiyası ilə, onların qarşılıqlı hüquq və vəzifələrinin ümumiliyində ifadə olunan möhkəm hüquqi bağlılığı yaranmışdır. Həmin Qanunun 6-cı maddəsinə əsasən eyni zamanda digər vətəndaşlığı olan Rusiya Federasiyasının vətəndaşı, Rusiya Federasiyasının beynəlxalq müqaviləsində və federal qanunda nəzərdə tutulmuş hallar istisna edilməklə, yalnız Rusiya Federasiyasının vətəndaşı hesab edilir (1). Rusiya Federasiyası vətəndaşının digər vətəndaşlıq əldə etməsi Rusiya Federasiyası vətəndaşlığının xitamına səbəb olmur (2). Beləliklə, Rusiya Federasiyası öz vətəndaşının digər dövlətlərin vətəndaşlığına mənsubiyyətini, həmin dövlətlərlə bağlanmış müqavilələrdə və federal qanunlarda nəzərdə tutulmuş hallar istisna edilməklə, tanımır. Bu isə o deməkdir ki, Rusiya Federasiyası özünün vətəndaşı hesab etdiyi şəxsdən vəzifələrin/öhdəliklərin (o cümlədən, həmin dövlətin qəbul etdiyi yeni qanunlarla müəyyən edilən vəzifə və öhdəliklərin) icrasını istənilən vaxt tələb edə bilər. İddiaçının Rusiya Federasiyası ilə möhkəm bağlılığı və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn öhdəlikləri onun Rusiya Federasiyasının vətəndaşlığına xitam verildiyi vaxtadək qüvvədə qalır. Beləliklə məhkəmənin araşdırması ilə belə müəyyən olunur ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, qəbul edilmiş müvafiq qərar nəticəsində onun hüquqları və qanunla qorunan maraqları pozulmamış, hüquq və azadlıqlarının həyata keçirilməsinə maneçilik yaradılmamışdır. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə” iddiası təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci,69-cu, 85-ci,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan tam formada rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3499/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3499/2020
29.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver