Məhkəmə qərarları › İş №2-1(112)-3499/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3499/2024

03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3499/2024 03.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 02 oktyabr 2023-cü il tarixli, İQ-61/5 nömrəli qərarının ləğv edilməsi, qaçqın statusu verilməsi haqqında vəsatətin təmin edilməsi, iddiaçı və ailə üzvlərinə (arvadına və uşaqlarına) "Qaçqın vəsiqəsi"nin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsinə “qaçqın statusu verilməsi haqqında” vəsatətlə 06 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Cavabdeh isə vəsatəti təmin etməmiş və buna dair 02 oktyabr 2023-cü il tarixli, İQ- 61/5 nömrəli qərarı qəbul etmişdir. İddiaçı hesab edir ki, cavabdehin 02 oktyabr 2023-cü il tarixli, İQ-61/5 nömrəli imtina qərarı ləğv edilməli və vəsatətin təmin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçı vəsatəti onunla əsaslandırmışdır ki, vətəndaşı olduğu Respublikada iddiaçı və ailəsinin həyatı təhlükəsizliyinin təminatı yoxdur, hətta təhdid edilirlər. Pakistan hökuməti isə molla rejiminin qərarlarına qarşı heç bir iş görmək iqtidarında deyil. Cavabdeh orqan iddiaçının vəsatətinin dəlillərini görməməzlikdən gəlmiş, hətta iddiaçının dediklərini təhrif etmişdir. Halbuki, iddiaçı və ailəsi Pakistanda hər addımda təqib, təhdid altında yaşamaq məcburiyyətində qaldığından Azərbaycan Respublikasına gəlmək məcburiyyətində qalmışdır.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, iddia tələbinin heç bir hüquqi əsası yoxdur. İddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli İQ-61/5 nömrəli qərar qəbul edilmişdir. Hesab edir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: 1. Münaqişə sosial-ailə zəminində baş vermişdir, 2. “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır; Bununla da müəyyən etmək olar ki, iddiaçının Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən yuxarıda sadalanan 5 əsasa görə təqib olunması müəyyən edilməmişdir. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. İddiaçı xx.xx.2014-cü il tarixdə həbs olunan zaman X4 partiyasının üzvü olduğunu və İmran Khanın tərəfdarı olduğu üçün həbs olunduğunu bildirmişdir. Halbuki, İmran Khan həmin dövrdə X2 sədri idi ki, həmin partiyanın adı urdu dilində Pakistan Tahrik-İ İnsaf partiyası gedirdi. Yəni, iddiaçının mənsub olduğu partiya digər partiya ilə eyni deyildir. Etiraza əlavə olunmuş sərhədkeçmə məlumatlarından görünür ki, o 2019-cu ildən cari vaxtadək bir neçə dəfə təqib olunduğunu iddia etdiyi Pakistana səfər etmişdir. Bununla yanaşı, şəxs ilk dəfə ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazəni təhsil əsasında almış, sonradan MMC-nin təsisçisi əsasında MYİ müddətinin uzadılması üçün müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. Bu səbəbdən şəxs ölkə ərazisində yaşamaq üçün hazırki iddianın predmetinə uyğun olaraq qaçqın statusunun verilməsi məqsədilə DMX-yə müraciət etmişdir. Şəxsin ölkə ərazisinə ilk dəfə 2019-cu ildə daxil olmasına, müvəqqəti yaşamaq üçün icazə almasına baxmayaraq həmin 2019-cu il tarixdə deyil, yalnız 4 ildən sonra qaçqın statusunun verilməsi üçün Xidmətə müraciət etmişdir. Odur ki, cavabdeh orqan yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

4. “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli Qərara əsasən Pakistan İslam Respublikası vətəndaşı İddiaçı 17 avqust 2022-ci il tarixli müraciəti təmin edilmişdir. Pakistan İslam Respublikası vətəndaşı İddiaçı Azərbaycan Respublikasının ərazisində etibarlılıq müddəti 29 avqust 2022-ci il tarixdən 30 aprel 2023-cü il tarixədək müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Pakistan İslam Respublikası vətəndaşı İddiaçı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi barədə etibarlılıq müddəti 29 avqust 2022-ci il tarixdən 30 aprel 2023-cü il tarixədək olan Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilmişdir.

5. “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli Qərara əsasən İddiaçı 30 aprel 2023-cü il tarixli müraciətindı Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsi əsasında ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazənin müddətinin uzadılmasını xahiş etmişdir. Pakistan İslam Respublikası vətəndaşı İddiaçı 30 aprel 2023-cü il tarixli müraciəti təmin edilməmişdir. Pakistan İslam Respublikası vətəndaşı RV1798863 nömrəli pasporta malik olan İddiaçı üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq ödəliyi qoyulmuşdur.

6. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərarına əsasən Pakistan İslam Respublikasının vətəndaşı, hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı (Pasport: № RV1798863) ailə üzvləri (arvad; - xx.xx.1990-cı il təvəllüdlü Tanzila Furqan, oğlu- xx.xx.2012-ci il təvəllüdlü İrfan Haider, qızları- xx.xx.2018ci il təvəllüdlü İrha Noor və xx.xx.2022-ci il təvəllüdlü Zayesha Furqan) ilə birlikdə 6 iyul 2023-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, onun və ailə üzvlərinin adına 81-2023 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla və ailə üzvü ilə müsahibə keçirilmişdir. İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasında anadan olduğunu, dini etiqadına görə müsəlman (sünni) olduğunu, Sialkot şəhərində orta təhsil aldığını, xüsusi bir peşəsinin olmadığını, 2014-cü ilə qədər fəhlə işlədiyini, 2014-cü ildən taksi sürücüsü kimi çalışdığını söyləmişdir. Ailə vəziyyəti barədə məlumat verərək ərizəçi evli olduğunu, valideynlərinin, 1 qardaş və 3 bacısının Pakistanın Sialkot şəhərində yaşadığını, arvadı və 3 uşağının isə hazırda onunla birlikdə Azərbaycan Respublikasında yaşadıqlarını qeyd etmişdir. Qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən ərizəçi 2011-ci ildə Tanzila Furqan ilə öz istəyi ilə ailə qurduğunu, dini nikah bağladığını, lakin arvadı sünni təriqətinin əhli hədis qoluna mənsub olduğu üçün, arvadının qohumlarının bu evliliyə etiraz etdiklərini, bu səbəbdən də arvadının qohumları ilə aralarında narazılıqlar yarandığını söyləmişdir. İddiaçı bu səbəbdən də 2012-ci ildə Kəraçi şəhərinə köçdüklərini, təxminən 5 il orada yaşadıqdan sonra Lahor şəhərinə getdiklərini, 4-5 il orada yaşadıqdan sonra Azərbaycan Respublikasına gəlmək qərarına gəldiklərini, 31 may 2023-cü il tarixdə ailə üzvləri ilə birlikdə ölkəyə daxil olduqlarını bildirmişdir. Ərizəçinin arvadı Tanzila Furqan ilə keçirilən müsahibə zamanı o, ərinin dediklərini təsdiq edərək öz qohumlarının onun evliliyindən narazı olduqlarını, aralarında yaranan bu narazılıq səbəbindən də ölkəsinə qayıtmaq istəmədiyini bildirmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün və ailə üzvlərinin pasportlarını təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını, doğulduğu yerləri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçinin ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı dediklərindən ölkəsində yaşadığı müddət ərzində heç bir ciddi təhdid və təzyiqə məruz qalmadığı, ailə münaqişəsi zəminində arvadının qohumları ilə münasibətlərinin yaxşı olmaması səbəbindən ölkəsində yaşamaq istəmədiyini bildirmişdir. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, dininə, siyasi əqidəsinə görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə və ailə üzvlərinə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 2 oktyabr 2023-cü il tarixli, 18 saylı protokolu).

7. Qaçqın statusunun verilməsi haqqında vəsatətə (Ərizə-anketə) əsasən İddiaçı izahatında bildirmişdir ki, iddiaçı İslam dininin Sünni təriqətinə mənsubdur. Həyat yoldaşı isə məsaliki Əhli-hədis təriqətinə mənsubdur. Pakistanda bu iki təriqət bir-birinə düşməndir. Ailələr evlikliklərini qəbul etmirlər, iddiaçı sonra eşitmişdir ki, ailələri iddiaçı, arvadı və övladlarını öldürmək istəyirlər. İddiaçı və ailə üzvləri Pakistanda olarkən daim gizlənmək məcburiyyətində qalmışdır. Bu vəziyyət iddiaçının, həyat yoldaşının və uşaqlarının psixolojik vəziyyətinə təsir edir. Bu səbəbdən iddiaçı Pakistanı tərk etmək qərarına gəlmişdirlər. Odur ki, iddiaçı özünə və ailə üzvlərinə Azərbaycanda qaçqın statusunun verilməsini xahiş etmişdir.

8. İş materiallarına əlavə olunmuş İddiaçı müsahibə materiallarında qeyd olunmuşdur: Ölkənizi tərk edib Azərbaycana gəlişinizin və qaçqın statusu üçün müraciətinizin səbəbi nədir? İddiaçı 2011-ci ilin oktyabr ayında arvadı ilə müsəlman nikahı etmişdir. Rəsmi nikah etməyə arvadının adamları imkan verməmişdir. Səbəbi nədir? Ailələr arasında dində fərq var. Nə fərqdir? İddiaçı əhli sünnədir, arvadı isə əhli hədisdir. Axı hər ikiniz də sünnisiniz, niyə sizin evliliyinizə razı olmayıblar? Pakistanda dində xırda fərq olduqda belə problemlər yaranır. Pakistanda sizi şəxsən kimsə təhdid edibmi? İddiaçı tərəfindən bu evliliyə heç kəs etiraz etmirdi, amma arvadının qohumları buna kəskin etiraz etmişdirlər. Ona görə də iddiaçı və arvadı təqiblərdən qaçıb yaşadıqları Sialkotdan 2012-ci ilin əvvəlində Kəraçiyə getmişdirlər. Orada 5 il yaşamışdırlar. Sonra həm PAT partiyasının dəstəyinə görə, həm də evlilik səbəbindən məzhəbi problemlərə görə oranı atıb Lahora getmişdirlər. Orada 4-5 il qalmış və eyni təhdidlərlə üzləşib Azərbaycana gəlmişdirlər. Sizi kim təhdid edirdi ki, yaşadığınız şəhərləri dəyişməli olurdunuz? İddiaçının arvadının qardaşı. Onun imkanları böyük idi və o, öz adamları vasitəsilə iddiaçı və ailə üzvlərini tapa bilirdi. Sizə axırıncı dəfə nə vaxt təhdid olub? İddiaçı 2017-ci ildə görmüşdür ki, polisdən heç bir fayda olmayacaq, birbaşa şikayətlə məhkəməyə müraciət etmişdir. Daim təhdid edirdilər. Məhkəmə iddiaçının şikayətini qəbul etmiş, amma iddiaçının arvadının qardaşına qarşı tədbir görməmişdir. Azərbaycana gəlməzdən əvvəl iddiaçıya qarşı təhdid olmamışdır. Təhdidlər elə iddiaçı məhkəməyə şikayət verdiyi müddətdə olmuşdur. Hansı formada olub təhdid? İddiaçının arvadının qardaşı onların qaldığı yeri tapır, ora gəlib iddiaçını və ailəsini təhdid edir, iddiaçıdan arvadını boşamağı tələb edirdir. Bu mənəvi əzablara görə iddiaçının arvadının iki uşağı vaxtından əvvəl doğulub və ölüb. Sizə nə vaxtsa fiziki əzab veriblərmi? Xeyr, ancaq sözlə, hədə-qorxu ilə üstünə gəlmişdirlər. Siz Pakistanda müxtəlif şəhərlərdə qaldığınız dövrdə ailənizi nə ilə dolandırırdınız? İddiaçı həm fəhləlik edir, həm də taksi sürürdü. Yəni, sizə əmək fəaliyyətinizi həyata keçirməkdə heç kəs və heç nə mane olmurdu? Bəli. Bu cəhətdən problem yox idi. İddiaçının ancaq bir problemi var idi – arvadının qardaşı onlardan əl çəkmirdi və ondan boşanmağı tələb edirdi.

9. İş materiallarına əlavə olunmuş Tanzila Furqanın (İddiaçı arvadının) müsahibə materiallarında qeyd olunmuşdur: Ərinizin ölkəni tərk etməsinin səbəbləri sizə məlumdurmu? 2011-ci ilin oktyabr ayında öz istəkləri ilə evlənmişdirlər. Amma Furqan əhli-sünnə və arvadı əhli-hədis olduğu üçün arvadının qohumları bu evliliyə etiraz etmişdirlər. Tanzila Furqanla dini nikah bağlayıb Sialkotdan Kəraçiyə getmişdir. Orada xeyli müddət qalmışdırlar. Amma Tanzilanın qardaşı onları orada da tapmışdır. Lakin oradan Lahora əsasən Kəraçidə iqtisadi vəziyyətin yaxşı olmaması səbəbindən getmişdirlər. Lahorda xeyli müddət qalmış və sonra Furqan onları Azərbaycana gətirmişdir. Onu hansı formada təhdid edirdirlər? Onları sağlığında Tanzilanın atası, sonra da qardaşı, əmisi incidirdilər. Onlar iddiaçının yaşadığı yerə gəlib təhdid edirdirlər ki, boşansınlar. İddiaçını öldürməklə hədələyirdirlər. Belə olduqda sizlər polisə bu təhdidlər barədə şikayət etdinizmi? Bəli, etmişdirlər. Onlar FİR da tərtib etdilər. Amma işin aparılması üçün pul istəmişdirlər, iddiaçı isə pul verməmiş və sonra da onlar heç nə etməmişdirlər.

10. İş materiallarına əlavə olunmuş Arayışda qeyd olunmuşdur ki, X5 X3 ünvanında yaşayan, atasının adı İNAYAT ALİ CASTE ARAİAN olan İddiaçı xx.xx.2014-cü il tarixində Sialkot Rayon Koordinasiya işləri üzrə məmur Nadeem Sarvar-m xx.xx.2014-cü il tarixli HC/1089 saylı əmri ilə 15 gün müddətində ictimai asayişin pozulmasına görə həbs edilmiş və xx.xx.2014-cü ildə Sialkot Rayon Koordinasiya işləri üzrə məmur Nadeem Sarvar-m HC/1140 tarixli əmri ilə həbsdən azad edilmişdir.

11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir.

II. İddianın növü və mümkünlüyü

13. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.

14. Göründüyü kimi, iddiaçı bu iddia vasitəsilə həm ərizəsini rədd edən qərarın ləğv olunmasını, həm də özünün xeyrinə inzibati aktın qəbul olunmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, belə olan halda, hazırkı iddia məhz məcburetmə haqqında iddia növünə aiddir.

15. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.

17. Odur ki, Dövlət Miqrasiya Xidmətinin qərarı qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati aktdır və hazırki iddia məcburetməyə dair iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb tələb edir.

18. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

19. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.

20. “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndinə əsasən şəxsin 5 amil üzrə (müəyyən irqi (etnik,milli) qrupa mənsub olmasına; öz dini əqidəsinə; hansısa konkret dövlətin vətəndaşı olduğuna və ya öz dövlətinin vətəndaşı olmadığına; müəyyən sosial qrupa mənsub olduğuna; siyasi əqidəsinə görə) təqib olunma halı müəyyən edilməlidir.

21. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı və arvadı Tanzila Furqan müsahibə zamanı bildirmişdirlər ki, “İddiaçı 2011-ci ilin oktyabr ayında arvadı ilə müsəlman nikahı etmişdir. Rəsmi nikah etməyə arvadının adamları imkan verməmişdir. Belə ki, ailələr arasında dində fərq var. İddiaçı əhli sünnədir, arvadı isə əhli hədisdir. İddiaçının arvadının qohumları nikaha kəskin etiraz etmişdirlər. Ona görə də iddiaçı və arvadı təqiblərdən qaçıb yaşadıqları Sialkotdan 2012-ci ilin əvvəlində Kəraçiyə getmişdirlər. Orada 5 il yaşamışdırlar. Sonra həm PAT partiyasının dəstəyinə görə, həm də evlilik səbəbindən məzhəbi problemlərə görə oranı atıb Lahora getmişdirlər. İddiaçının arvadının qardaşı onların qaldığı yeri tapır, ora gəlib iddiaçını və ailəsini təhdid edir, iddiaçıdan arvadını boşamağı tələb edirdi, iddiaçını öldürməklə hədələyirdilər. Orada 4-5 il qalmış və eyni təhdidlərlə üzləşib Azərbaycana gəlmişdirlər”.

22. Məhkəmə qeyd edir ki, iddiaçının və arvadının müsahibədəki izahatından aydın olur ki, iddiaçı şəxsən öz dini etiqadına görə cəmiyyət və ya dövlət tərəfindən təqibə məruz qalmamış, evlilikdən sonra isə arvadının qohumları (atası, qardaşı, əmisi) tərəfindən iddiaçıya qarşı məhz nikahları ilə əlaqadar olaraq müəyyən təqiblər olmuşdur. İddiaçı ona və ailə üzvlərinə hər hansı fiziki əzab verilmədiyini, arvadının qohumları tərəfindən yalnız sözlə hədə-qorxu gəlindiyini izahatında təsdiq etmişdir. Eləcə də, bu təqiblərə baxmayaraq 10 il ərzində (2011-2021) Pakistan İslam Respublikasında yaşadığını, işlədiyini (həm fəhlə, həm də taksi sürücüsü) və Azərbaycan Respublikası ərazisinə qanuni qaydada (təyyarə ilə) daxil olduğu izahatda öz əksini tapmışdır.

23. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçı özünün və ailə üzvlərinin dövlət tərəfindən təqibə məruz qalmalarını əsaslandıran hər hansı dəlilə əsaslanmamışdır. İddiaçı dini fərqlilikləri olduğu üçün məhz arvadının ailə üzvləri tərəfindən təqib olunduqlarını iddia edir. Odur ki, qeyd edilən yanaşma heç bir halda şəxsə qaçqın statusunun verilməsi üçün əsas ola bilməz.

24. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2014-cü il tarixdə həbs olunduğunu və bunun səbəbinin həmin vaxt X4 partiyasının üzvü və İmran Khanı tərəfdarı olduğunu bildirmişdir. Bununla bağlı cavabdeh orqan etirazında bildirmişdir ki, İmran Khan həmin dövrdə X2 sədri idi, həmin partiyanın adı isə urdu dilində Pakistan Tahrik-İ İnsaf partiyası gedirdi. Yəni, iddiaçının mənsub olduğu partiya (X4 partiyası) digər partiya (Pakistan Tahrik-İ İnsaf partiyası) ilə eyni deyildir.

25. Məhkəmə nəzərə alır ki, iddiaçının xx.xx.2014-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə Pakistanda həbs olunması ilə bağlı təqdim edilmiş arayışa münasibətdə məhkəmə qeyd edir ki, həmin sənəddə onun dövlət orqanı tərəfindən verilməsini eyniləşdirməyə imkan verən hər hansı etibarlı məlumat və ya rekvizit yoxdur (imza, möhür və s.).

26. Məhkəmə hesab edir ki, İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətinə, milliyətinə, siyasi əqidəsinə və dini etiqadına görə təqib olunmasına dair dəlilləri inandırıcılıq keyfiyyətinə malik deyildir. Odur ki, inzibati orqanın qaçqın statusu verilməsindən imtina etməsi iddiaçının qanunla qorunan hüquqlarının pozulması halı sayıla bilməz.

27. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

28. Odur ki, qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmədiyindən iddia təmin edilməməlidir.

29. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar