Məhkəmə qərarları › İş №2-1(112)-35/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-35/2020

07.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-35/2020 07.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlu, iddiaçı - İddiaçı cavabdeh - Bakı Şəhər İcra Hakimiyyətinə 3-cü şəxslər - Maliyyə Nazirliyi və Səbail Rayon İcra Hakimiyyəti qarşı “kompensasiyanın ödənilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (3-cü şəxs Səbail Rayon İcra Hakimiyyəti) Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində mülkiyyət hüququ əsasında 0,06 ha yaşayış məntəqələrinin torpaqlarına aid fərdi yaşayış evinin tikilməsi üçün xx.xx.2006-cı il tarixdə qeydiyyata alınıb və MH seriyalı ******* saylı çıxarışla iddiaçıya məxsus olan torpaq sahəsinin dəyərinə görə 400 000 manat məbləğində kompensasiyanın və mənəvi zərərə görə isə 30.000 manat Bakı Şəhər İcra Hakimiyyətindən alınaraq ona ödənilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə Maliyyə Nazirliyi 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. (hakim E.Məmmədov) Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi “xxxx” MMC-yə həvalə edilmişdir. (hakim E.Məmmədov) xx.xx.2019-cu il tarixdə “xxxx” MMC tərəfindən 98 saylı xx.xx.2019-cu il tarixli Hesabat məhkəməyə təqdim edilmişdir. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. xx.xx.2020-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 4973 nömrəli Ekspert rəyi məhkəməyə daxil olmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə xx.xx.2020-ci il tarixdə yerində müayinə təyin edilmişdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsində uşaq bağçası tikilmişdir və fəaliyyət göstərir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən, MH seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan 0.6 ha torpaq sahəsinin əvəzi olaraq 90000 (doxsan min) manat məbləğində kompensasiyanın ödənilməsinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin həcminin azaldılması barədə ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 1995-ci il tarixli 417 saylı Sərəncamı ilə fərdi yaşayış evi tikintisi üçün Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1055-ci saylı sahədə yerləşən 0.06 ha torpaq sahəsi Bakı şəhər sakini X9 mülkiyyətinə verilmiş və torpaq sahəsinin mülkiyyətə verilməsinə dair adına JN-30946D KOD 00400016 saylı şəhadətnamə tərtib edilərək 75757 nömrə ilə kitabda qeydə alınmışdır. Eyni zamanda X9 mülkiyyətinə verilmiş torpaq sahəsinin yerləşdiyi yerin sxemi həmin şəhadətnamədə öz əksini tapmış və Dövlət X7 tərəfindən X11 həyətyanı sahənin qaiməsi (sertifkatı) təqdim edilmişdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2006-cı ildə (xx.xx.2006) verilmiş 11/1889 saylı arayışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1055 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsinin satıcı X13 ilə iddiaçı arasında AN-İ № ******* saylı xx xxxxxxx 2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən qeyd olunan torpaq sahəsinin X8 26280 manata iddiaçı almış və müqavilənin 4-cü bəndində nəzərdə tutulan qiymətini notarial bankda açılan depozit hesabı vasitəsilə X11 tam ödənilmişdir. Bildirir ki, qeyd etdiyi kimi Bakı şəhəri, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,6 ha yaşayış məntəqələrinin torpaqlarına aid fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq MH seriyalı ******* saylı çıxarışla adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi adına rəsmiləşdikdən sonra qeyd olunan torpaq sahəsi hasara alınmışdır. 2016-cı ilin dekabr ayının axırlarında iddiaçı fərdi yaşayış evinin tikintisinə başlamaq istəyərkən həmin hasara alınmış torpaq sahəsinin yerində 329 saylı orta məktəb və uşaq baxçasının tikilmiş binalarını gördü. Bu məsələ ilə bağlı aidiyyatı qurumlarla maraqlananda məlum olmuşdur ki, Səbail Rayon İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.2011-ci il tarixli məktubla Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova məktub ünvanlanaraq Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “ 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkşafına dair Dövlət Proqramı”na əsasən Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində inşa olunacaq yeni məktəb və uşaq bağçasının binasının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə müvafiq göstəriş verilməsi xahiş edilmiş və təklif olunan torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilmişdir. Həmin məktub əsasında Səbail Rayon İcra Hakimiyyətinə yeni məktəb və uşaq bağçası binasının tikintisinin lahiyələndirilməsi üçün torpaq sahəsinin daimi istifadəyə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.2011-ci il tarixli 283 saylı sərəncam verilmişdir. Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Badamdar qəsəbəsi 3-cü yaşayış massivində cizgidə göstərilən sərhədlər daxilində 1.1280 ha istifadəyə verilən torpaq sahəsinin 11/81 saylı xx.xx.2011-ci il tarixli ayrıc aktı tərtib edilmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti tərəfindən sərəncam verilməsi barədə onun xəbəri olmamışdır. Belə ki, torpağının zəbt olunması ilə bağlı ona heç bir məlumat verilməmiş və yaxud torpağın alınması haqqında sərəncam vermiş icra hakimiyyəti ona rəsmi olaraq məlumat göndərməmişdir. Qanuni mülkiyyətində olan torpağının qanunsuz olaraq alınması ilə bağlı icra hakimiyyəti tərəfindən ona kompensasiya ödənilməmişdir ki, bu da onun mülkiyyət hüququnun kobud şəkildə pozulması ilə nəticələnmişdir. İddiaçı onun torpağının alınması ilə bağlı kompensasiyanın ödənilməsi ilə bağlı xx xxxxxx 2017-ci il tarixdə ərizə ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən isə indiyə qədər etdiyi müraciətə heç bir cavab verilməmişdir. 3-cü şəxs Maliyyə Nazirliyi iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətməyib və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmayıb. Tikinti işlərinin aparılması ilə əlaqədar torpaq sahəsinin istifadəyə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti sərəncam vermişdir və qeyd olunan hüquq pozuntusu ilə əlaqədar məsuliyyəti Bakı Şəhər İcra Hakimiyyəti daşıyır. İPM-in 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İş materiallarından görünür ki, İPM-in bu müddəasının tələblərini və Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrini nəzərə alaraq, icraat iştirakçılarına hazırkı məhkəmə bildirişini aldıqdan sonra 2020-ci il 07 dekabr tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. Həmçinin, tərəflərə bildirilmişdir ki, yazılı qaydada razılıqlarını bildirdikdə və ya təyin olunmuş tarixədək bu məsələyə dair hər hansı münasibət bildirmədikdə, məhkəmə işə şifahi dinləmələr keçirilmədən baxılması üçün tərəflərin razılıqlarının olması kimi qəbul edəcəkdir. Lakin tərəflər yazılı qaydada razılıqlarını məhkəməyə bildirməmiş və təyin olunmuş tarixədək bu məsələyə dair hər hansı münasibət bildirməmişdirlər. Odur ki, məhkəmə Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrini və “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Məlumatını nəzərə alaraq işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X5 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1055 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsini X1. İş materiallarından görünür ki, məhkəmə zamanı əslinə baxış keçirilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi ünvanda yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi X3 mülkiyyətindədir. İş materiallarından görünür ki, AZ-İ seriyalı 201711 nömrəli xx.xx.2019-cu il tarixli Nikah haqqında Şəhadətnaməsinə əsasən X2 ilə X3 xx.xx.2009-cu ildə nikahları bağlanılmışdır. Nikah bağlanıldıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmişdir, lakin cavabdeh onun müraciətinə cavab verməmişdir. İş materiallarından görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 4973 nömrəli Ekspert rəyində göstərilmişdir: “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzinin mütəxəssis rəyinə əsasən, JN-30946D saylı şəhadətnamə əsasında X10 adına olmuş, sonradan alqı-satqı müqaviləsi əsasında İsmayılova (Əliyeva) Sara Nəriman qızının adına olan, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarış, reystr nömrəsi: **********42 koordinatları verilmiş 8521,0 kv.metr ərazinin daxilində yerləşir.” İş materiallarından görünür ki, “xxxx” MMC-nin 98 saylı xx.xx.2019-cu il tarixli Hesabatına əsasən İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı nəticəsində təşəkkül tapan qiyməti: 126 000 (bir yüz min iyirmi altı min) manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi 18/03-8/867 nömrəli xx.xx.2018-ci il tarixli məktubla Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 283 saylı sərəncamı, Səbail Rayon İcra Hakimiyyəti başçısının məktubu və xx.xx.2011-ci il tarixli, 11/81 saylı Ayrıc Aktının təsdiq olunmuş surətləri məhkəməyə göndərilmişdir. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Səbail Rayon İcra Hakimiyyətinə yeni məktəb və uşaq bağçası binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin daimi istifadəyə verilməsi haqqında” xx.xx.2011-ci il tarixli 283 saylı Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011ci il tarixi Sərəncamı ilə təsdiq edilmiş «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinir sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na əsasən, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yeni məktəb və uşaq bağçası binasının tikintisinin layihələndirilməsi üçün 1,1280 ha torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin daimi istifadəsinə verilmişdir. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2011-ci il tarixli 11/81 saylı Ayrıc Aktına əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 283 saylı Sərəncamı ilə Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində cizgidə göstərilən sərhədlər daxilində 1.1280 hektar yeni məktəb və uşaq bağçası binasının layihələndirilməsi üçün və daimi istifadəyə verilib. İşin faktiki hallarından göründüyü kimi, hazırkı iddianın predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən iddiaçıya məxsus torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 283 saylı Sərəncamının təsiri altına düşür. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-İİİQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar “Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsi “Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.” kimi redaksiyada verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsində qeyd olunub ki, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, bələ razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi mülkiyyətdə olan torpaqlar, bələdiyyə mülkiyyətində olan torpaqlar və üzərində istifadə və icarə hüquqları olan dövlət Torpaqları bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən torpaqları dövlət ehtiyacları üçün alan orqan bu Qanunun 9.1-ci maddəsində tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 54.2-ci maddəsinin tələbinə görə kompensasiya alınmanı zəruri edən layihənin hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önər Yıldız Türkiyəyə qarşı” qərarının 139-cu bəndində məhkəmə müəyyən etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır. Həmçinin həmin qərarda qeyd olunur ki, «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edə bilər. Həmçinin, məhkəmə qeyd edir ki, yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsində uşaq bağçası tikilmişdir və fəaliyyət göstərir. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən iddiaçıya məxsus torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 283 nömrəli xx.xx.2011-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin daimi istifadəsinə verilmiş (ayrıc aktında göstərilmiş) 1,1280 hektar torpaq sahəsinin hüdudları daxilində yerləşməsi və həmin torpaq sahəsinə görə İddiaçı hər hansı kompensasiyanın ödənilməməsi işin mübahisələndirilməyən halıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia təmin edilməli və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən, MH seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan 0.6 ha torpaq sahəsinin əvəzi olaraq 90000 (doxsan min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddia təmin edilir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən, MH seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan 0.6 ha torpaq sahəsinin əvəzi olaraq 90000 (doxsan min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulur. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar