Məhkəmə qərarları › İş №2-1(112)-350/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-350/2021

03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-350/2021 03.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2, üçüncü şəxs Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər X15, Azərbaycan Respublikası Təhsil Nazirliyi, "xxxx" QSC, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) “Sərəncamın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər X15, Azərbaycan Respublikası Təhsil Nazirliyi, "xxxx" QSC, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin 28.10.2019-cu il tarixli 345 nömrəli Sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, 23.12.2008-ci il tarixində Bakı şəhər İcra Hakimiyyətinin 662 saylı sərəncamı ilə Nəsimi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsi, 3005-ci məhəllədə “Memar Əcəmi” stansiyasında İİ əlavə keçid stansiyası üçün 2,5 torpaq sahəsi Bakı Metropoliteninin daimi istifadəsinə verilmişdir. İddiaçının isə həmin torpaq sahəsi ilə yanaşı olan ərazidə yaşayış binası tikmək niyyəti olduğu üçün bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciətdən sonra Bakı şəhər İcra Hakimiyyətinin 252 nömrəli, 20.04.2018-ci il tarixli sərancamı ilə Nəsimi rayonu, 3005-ci məhəllə, A.Məhərrəmov küçəsi, 40 saylı binanın şimal-qərb hissəsində yerləşən torpaq sahəsində icarə əsasında yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" QSC-dən müsbət rəy alınması şərtilə iddiaçıya və şəriki X10 icazə verilmişdir. Bundan sonra Memarlıq və Şəhərsalma Baş İdarəsinin Bakı Metropoliteni QSC-yə ünvanlanmış 23.04.2018-ci il tarixli məktubuna Bakı Metropoliteni QSC tərəfindən 14.05.2018-ci ildə müvafiq cavab verilmişdir. Həmin cavabda göstərilmişdir ki, təqdim olunmuş layihə və digər cizgilərə “Bakımetrolayihə” institutu tərəfindən baxılıb və vətəndaş İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllə, A.Məhərrəmov küçəsi, 40 saylı şimal-qərb hissəsində yerləşən torpaq sahəsində yaşayış binasının tikintisinə rəy verilmiş və binanın yerləşdiyi ərazinin geoloji şəraitinin əlverişli olması, tunelin binanın tikintisinə heç bir maneçilik törətməməsi təsdiq olunmuşdur. Bütün bu müsbət rəy, icazə və sərəncamlardan sonra iddiaçı 14 sentyabr 2018-ci ildə Bakı şəhəri İcra Hakimiyyəti başçısı ilə torpaq sahəsinin icarəyə verilməsi haqqında 1514 nömrəli torpaq icarə müqaviləsi bağlamışlar. İcarə müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 3005-ci məhəllə, A.Məhərrəmov küçəsi 40 saylı binanın şimalqərb hissəsində yerləşən torpaq sahəsi 49 il müddətinə onların istifadəsinə verilmişdir. 29.08.2019-cu il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi tərəfindən 27955 nömrəli rəy verilmiş və sözügedən torpaq sahəsindəki tikinti lahiyəsi razılaşdırılmışdır. Həmçinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 30.09.2019-cu il tarixdə 95 nömrəli obyektin tikintisinə icazə sənədi də verilmişdir. İcarəyə götürdükləri torpaq sahəsində yaşayış binasının tikintisi ilə bağlı bütün lazımı icazə və rəyləri almalarına baxmayaraq, əsassız və qanunsuz olaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının 28.10.2019-cu il tarixli, 345 nömrəli sərəncamı ilə İddiaçı və X10 yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında əvvəlki sərəncamı (20.04.2018-ci il tarixli) və bu Sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşmə işlərinin ləğv edilməsi qərara alınmışdır. Sözügedən torpaq sahəsində yaşayış binasının tikintisinə verilmiş icazənin ləğv edilməsi üçün heç bir qanuni və əsaslı səbəb yoxdur. Sərəncamda əsas kimi göstərilmiş “başqa şəxslərin hüquqları və qanunla qorunan maraqlarına, eləcə də ictimai maraqlara toxunması" xüsusatlarına heç bir hüquqi və ağlabatan izah verilməmişdir. Sadəcə söz topluluğu naminə formal olaraq əsas kimi göstərilmişdir. Həmçinin Bakı şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə sözügedən əraziyə formal baxış keçirilərkən də həmin baxışda onların iştirakı məqsədyönlü şəkildə təmin edilməmişdir. Nəticədə isə həm onların konstitusion hüquqları kobud şəkildə pozulmuş, həm də sahibkarlıq fəaliyyətinin qarşısı tamamilə alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin 28.10.2019-cu il tarixli, 345 nömrəli Sərəncamının ləğv edilməsi üçün iddiaçı cavabdeh orqana rəsmi qaydada müraciət etsə də, heç bir müsbət nəticə əldə edilməmişdir. Buna görə də Bakı şəhər İcra Hakimiyyətinin 28.10.2019-cu il tarixli, 345 nömrəli Sərəncamı məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, qeyd olunan torpaq sahəsinin bir hissəsi Bakı Metropoliteninin ərazisinə düşür və Bakı Metropoliteni onlar tərəfindən tikintinin aparılmasına icazə vermiş, müsbət rəy vermişdir. 20.04.2018-ci il tarixli 252 nömrəli sərancamla ayrılan həmin torpaq sahəsinin isə cəmi 3-4 sot hissəsi 54 nömrəli tam orta məktəbin ərazisinə düşür. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında bildirdi ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının 20.04.2018-ci il tarixli, 252 №-li Sərəncamı ilə vətəndaş İddiaçı və X7 müraciəti nəzərə alınaraq, Nəsimi rayonu, 3005-ci məhəllə, A.Məhərrəmov küçəsi, 40 saylı binanın şimal-qərb hissəsində yerləşən torpaq sahəsində icarə əsasında yaşayış binasının tikintisinin layihələndirilməsi üçün, "xxxx" QSC-dən müsbət rəy alınması şərtilə, vətəndaş İddiaçı və X10 icazə verilmişdir. Lakin 20.04.2018-ci il tarixli, 252 nömrəli Sərəncamla İddiaçı və X10 yaşayış binasının tikintisinin layihələndirilməsi üçün ayrılmış həmin torpaq sahəsi ünvan 3 ünvanında yerləşən Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbə aid idman meydançasının sol hissəsindəki torpaq sahəsi ilə üst-üstə düşdüyü üçün Bakı şəhər İcra Hakimiyyətinin başçısının 28.10.2019-cu il tarixli, 345 №-li Sərəncamı ilə 20.04.2018-ci il tarixli, 252 nömrəli Sərəncam və bu Sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşdirilmə işləri ləğv edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin başçısının 23.12.2008-ci il tarixli, 662 №-li Sərəncamına əsasən isə yeni metro stansiyalarının tikintisinin layihələndirilməsi üçün Nəsimi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsi, 3005-ci məhəllədə «Memar Əcəmi» stansiyasında İİ əlavə keçid stansiyası üçün 2,5 ha torpaq sahəsi Bakı Metropoliteninin daimi istifadəsinə verilmişdir. Həmin sərəncam ləğv edilməmişdir və hazırda qüvvədədir. Göstərilənlərə əsasən iddianın təmin edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İştirak etdiyi məhkəmə iclasında üçüncü şəxs X15 izahatında bildirdi ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının 20.04.2018-ci il tarixli, 252 №-li Sərəncamı ilə Nəsimi rayonu, 3005-ci məhəllə, A.Məhərrəmov küçəsi, 40 saylı binanın şimal-qərb hissəsində yerləşən torpaq sahəsində icarə əsasında yaşayış binasının tikintisinin layihələndirilməsi üçün, "xxxx" QSC-dən müsbət rəy alınması şərtilə, İddiaçı və ona icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin başçısının 28.10.2019-cu il tarixli, 345 №-li Sərəncamı ilə 20.04.2018-ci il tarixli, 252 nömrəli Sərəncam və bu Sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşdirilmə işləri ləğv edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin başçısının 28.10.2019-cu il tarixli, 345 №-li Sərəncamı qanunsuz və əsassızdır. İddia tələbini müdafiə edir, iddia tələbi qanuni və əsaslıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi X8 izahatında bildirdi ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının 20.04.2018-ci il tarixli, 252 №-li Sərəncamına əsasən iddiaçı tərəfindən tikinti işlərinin aparıldığı sahə Bakı şəhəri, Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbin ərazisi ilə üst-üstə düşmürsə, onlar iddia tələbinə etiraz etmirlər. Göstərilənlərə əsasən iddianın təmin edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İştirak etdiyi məhkəmə iclasında üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X9 izahatında bildirdi ki, təqdim edilmiş layihə və digər cizgilərə “Bakımetrolayihə” institutu tərəfindən baxılmışdır və iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllə, A.Məhərrəmov küçəsi, 40 saylı binanın şimal-qərb hissəsində yerləşən torpaq sahəsində yaşayış binasının tikintisi üçün rəy verilmişdir. Həmin rəyə əsaslanaraq binanın tikintisinə etiraz edilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İştirak etdiyi məhkəmə iclasında üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X5 izahatında bildirdi ki, qeyd olunan ərazidə tunelin yer səthindən yerləşmə dərinliyi 38.5 m, tunel ilə bina bünövrəsi arasında horizontal məsafə 16 m-ə bərabərdir. Bunu nəzərə alaraq göstərilən binanın həmin sahə içərisində tikilməsinə “Bakımetrolayihə” institutu etiraz etməmişdir. Tikinti işləri aparılacaq ərazi tunellərin texniki zonasının kənarında yerləşir. Göstərilənlərə əsasən iddianın təmin edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər üçüncü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin başçısının «Vət. İddiaçı və X10 yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında» 20.04.2018-ci il tarixli, 252 №-li Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, vətəndaş İddiaçı və X7 müraciətini nəzərə alaraq, Nəsimi rayonu, 3005-ci məhəllə, A.Məhərrəmov küçəsi, 40 saylı binanın şimal-qərb hissəsində yerləşən torpaq sahəsində icarə əsasında yaşayış binasının tikintisinin layihələndirilməsi üçün, "xxxx" QSC-dən müsbət rəy alınması şərtilə, vətəndaş İddiaçı və X10 icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" QSC tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Memarlıq Şəhərsalma Baş İdarəsinə ünvanlanmış 14.05.2018-ci il tarixli 40N-10/3-785 nömrəli məktubunda qeyd olunur: Təqdim olunmuş layihə və digər cizgilərə “Bakımetrolayihə” institutu tərəfindən baxılıb və vətəndaş İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllə, A.Məhərrəmov küçəsi, 40 saylı binanın şimal-qərb hissəsində yerləşən torpaq sahəsində yaşayış binasının tikintisi üçün rəy verilmişdir. Həmin rəyə əsaslanaraq binanın tikintisinə etiraz edilmir. İş materiallarında olan "xxxx" QSC Tikinti Departamentinin “Bakımetrolayihə” institutu tərəfindən "xxxx" QSC-nin İstismar üzrə baş mühəndisinə ünvanlanmış 02.05.2018-ci il tarixli BML-9/324 nömrəli məktubda qeyd olunur: Sizin RBM 72 saylı 23.04.2018-ci il tarixli məktubunuza əlavə olunmuş vətəndaş İddiaçı və Əsədov Asif tərəfindən yaşayış binasının tikintisi üçün Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsindən 16.04.2018-ci il tarixli 01/1035 saylı məktuba cavab olaraq aşağıdakıları bildiririk: 1. Binanın yerləşdiyi ərazinin geoloji şəraiti əlverişli sayılır; 2. Tunelin yer səthindən yerləşmə dərinliyi 38.5 m tunel ilə bina bünövrəsi arasında horizontal məsafə 16 m bərabərdir. Yuxarıdakıları nəzərə alaraq göstərilən binanın həmin sahə çərçivəsində tikilməsinə icazə vermək olar. Həmin məktuba əlavə edilmiş plan-sxemdə “Bakımetrolayihə” institutu tərəfindən edilmiş qeydlərdə göstərilir: 1. Binanın ərazidə yerləşmə planına baxıldı (D/o №01/1035, 17.04.2018-ci il). 2. Binanın yerləşdiyi geoloji şəraiti əlverişli sayılır (əsasən bərk balıqqulaqlı əhəngdaşı layları). 3. Tunelin yer səthindən yerləşmə dərinliyi 38.5 m, tunel ilə bina bünövrəsi arasında horizontal məsafə 16 m-ə bərabərdir. 4. Yuxarıda göstərilənləri nəzərə alaraq göstərilən binanın həmin sahə içərisində tikilməsinə “Bakımetrolayihə” institutu etiraz etmir. İş materiallarında olan "xxxx" QSC Tikinti Departamenti “Bakımetrolayihə” institutu tərəfindən "xxxx" QSC-nin sədr müavininə ünvanlanmış 03.11.2021-ci il tarixli BML-2/1287 nömrəli məktubda qeyd olunur: Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16.04.2018-ci ii tarixində 01/1035 nömrəli məktubla Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 40 saylı binanın şimal-qərb hissəsində yerləşən torpaq sahəsində yaşayış binasının tikintisinə münasibət bildirmək üçün "xxxx" QSC-nə daxil olan məktuba “Bakımetrolayihə” İnstitutu tərəfindən verilmiş rəy təkrarən araşdırılaraq məlum olmuşdur ki, tikinti işləri aparılacaq ərazi həqiqətən mənzil tunellərinin texniki zonasının kənarında yerləşir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tərtib edilmiş və 10.05.2018-ci il tarixdə 18/102 sayla qeydiyyata alınmış İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin Ayrıc Aktından və torpaq sahəsinin cizgisindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 20.04.2018-ci il tarixli 252 nömrəli sərəncamı ilə Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 3005-ci məhəllə, 40 saylı binanın şimal-qərb hissəsi cizgidə göstərilən sərhədlər daxilində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün ayrılmış 0.3551 hektar torpaq sahəsinin yeri və koordinatları müəyyən edilmiş, ayrılmış torpaq sahəsinin cizgisi çəkilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsinin 29.08.2019-cu il tarixli 27955 nömrəli rəyinin surətindən görünür ki, «Azərdövlətlayihə» DBLİ tərəfindən işlənilmiş, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmış şəhərsalma əsaslandırılması layihəsi təqdim edilmişdir. Nəticə: Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllə, A.Məhərrəmov küçəsi, 40 saylı binanın şimal-qərb hissəsində yaşayış binası (blok 1A, 1B və 1C) üzrə tikinti layihəsi razılaşdırılır. İş materiallarında olan Memarlıq və Şəhərsalma Baş İdarəsinin vətəndaş İddiaçı və X15 tərəfindən Nəsimi rayonu, 3005-ci məhəllə, A.Məhərrəmov küçəsi, 40 saylı binanın şimal-qərbində tikintisi nəzərdə tutulan yaşayış binasına dair ləyihəqabağı məlumatlarından görunur ki, Nəsimi rayonu, 3005-ci məhəllə, A.Məhərrəmov küçəsi, 40 saylı binanın şimal-qərbində yaşayış binasının tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20.04.2018-ci il tarixli, 252 saylı sərəncamı ilə 0,3551 ha torpaq sahəsi icarə əsasında ayrılmışdır. Ayrılmış torpaq sahəsinə dair döngə nöqtələrinin koordinatları (WGS-84, UTM-39) göstərilməklə 10.05.2018-ci il tarixli, 18/102 saylı ayrıc aktı tərtib edilmişdir. Ayrılmış torpaq sahəsinin Bakı xəritəsində yerləşdirilməsini əks etdirən cizgi tərtib edilmişdir. Ayrıc aktına uyğun olaraq, ayrılmış torpaq sahəsindən keçən yeraltı və yerüstü kommunikasiya xətlərinə dair "xxxx" ASC-nin 04.05.2018-ci il tarixli, 04/02- 3/6/6769 saylı, "xxxx" ASC-nin 03.05.2018-ci il tarixli, TMX-18/0318 saylı, “Azəriqaz” İBnin 10.05.2018-ci il tarixli, 29612 saylı və "xxxx" ASC-nin 07.05.2018-ci il tarixli, 07/80-06 saylı rəyləri alınmışdır. Tikinti üçün ayrılmış torpaq sahəsində tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 16.05.2018-ci il tarixli, ER-15/187 saylı, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 08.05.2018-ci il tarixli, 04-30/54-25 saylı, "xxxx" QSC-nin 14.05.2018-ci il tarixli, 40N-10/3-785 saylı və Fövqəladə Hallar Nazirliyi X14 Xidmətinin 21.05.2018-ci il tarixli, YTNƏŞ-0121 saylı ilkin rəyləri alınmışdır. Tikintisi nəzərdə tutulan yaşayış binasına dair Dövlət Şəhərsalma və Arxitektura Komitəsi «Azərmemarlayihə» DBLİ tərəfindən işlənilmiş şəhərsalma əsaslandırılması Memarlıq və Şəhərsalma Baş İdarəsinin 08.11.2017-ci il tarixli 18/03-8/3132 saylı məktubu ilə razılaşdırılmış və həmin şəhərsalma əsaslandırılmasına əsasən layihə konsepsiyası hazırlanmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin başçısının «Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi Tədbirlər haqqında» Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10.11.2008-ci il tarixli, 34 saylı sərəncamının icrası haqqında» 23.12.2008-ci il tarixli, 662 №-li Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, «Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi Tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2008-ci il tarixli, 34 saylı sərəncamına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.12.2008-ci il tarixli, 17/5918-12/26 saylı tapşırığını və Bakı Metropoliteninin 16.12.2008-ci il tarixli, 40N- 10/2-560 saylı müraciətini nəzərə alaraq, yeni metro stansiyalarının tikintisinin layihələndirilməsi üçün aşağıdakı ünvanlarda torpaq sahələrinin Bakı Metropoliteninin daimi istifadəsinə verilməsi qərara alınmışdır: Nəsimi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsi, 3005-ci məhəllədə «Memar Əcəmi» stansiyasında İİ əlavə keçid stansiyası üçün 2,5 ha torpaq sahəsi. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin başçısının «Bakı şəhər İcra Hakimiyyətinin başçısının 20.04.2018-ci il tarixli, 252 saylı sərəncamının ləğv edilməsi haqqında» 28.10.2019-cu il tarixli, 345 №-li Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin “Vət.İddiaçı və X10 yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” 20.04.2018-ci il tarixli, 252 nömrəli Sərəncamı və bu Sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşdirilmə işlərinin ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 15.03.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Mütəxəssis rəyindən görünür ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən torpaq sahəsi (Bakı şəhər İcra Hakimiyyətinin 20.04.2018-ci il tarixli 252 nömrəli sərəncamına əsasən vətəndaş İddiaçı və X10 yaşayış binasının tikintisinin layihələşdirilməsi üçün ayrılmış və A.Məhərrəmov küçəsi 40 saylı binanın şimal-qərb hissəsində yerləşən 3551 kv.m torpaq sahəsi) dövlət əmlakı kimi göstərilmiş ünvan 3 ünvanında yerləşən Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbin ərazisidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.03.2021-ci il tarixli 10/3865 nömrəli Ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəylərinə əsasən qeyd olunur ki, İddiaçı və X11 Bakı şəhər İcra Hakimiyyətinin 20.04.2018-ci il tarixli 252 nömrəli sərəncamına əsasən yaşayış binasının layihələndirilməsi üçün ayrılmış 3551 kv.m torpaq sahəsinin 2591 kv.m hissəsi dövlət əmlakı kimi göstərilmiş ünvan 3 ünvanında yerləşən Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbin ərazisi ilə üst-üstə düşür. Üstüstə düşən hissənin koordinatları aşağıdakı kimidir: X=399039.056, Y=4473957.250, X=399040.815, Y=4473964.612, X=399039.648, Y=4473964.891, X=399040.626, Y=4473968.708, X=399048.800, Y=4474000.742, X=399098.365, Y=4473989.024, X=399086.119, Y=4473937.393, X=399063.081, Y=4473942.871. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 31.08.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Mütəxəssis rəyindən görünür ki, Bakı İnzibati Məhkəməsinin eyni iddia və eyni məzmunlu müraciəti əsasında iş üzrə 08 sentyabr 2020-ci il tarixli 2- 1(112)-520/2020 nömrəli qərardadında ekspert qarşısında qoyulmuş suallarla bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15 mart 2021-ci il tarixli **********52 nömrəli məktubu ilə mütəxəssis rəyi təqdim edilmişdir. Təkrar ekspertizanın keçirilməsi ilə bağlı idiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən tikinti üçün qazılmış əraziyə təkrar baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Müraciətə əlavə edilmiş mülki iş materiallarında olan sənədlərə (BŞlH-nin 08.02.2018-ci il tarixli məktubu ilə təqdim edilmiş ayrıc aktının koordinatlarına) və naturada müəyyən edilmiş koordinatlara əsasən Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin elektron bazasında araşdırma aparılmış ölçülmüş ərazinin baza məlumatlarını və sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır (sxemlər əlavə edilir) – 1. Bakı şəhər İcra Hakimiyyətinin 20.04.2018-ci i1 tarixli 252 nömrəli sərəncamına əsasən vətəndaş İddiaçı və X10 yaşayış binasının tikintisinin layihələndirilməsi üçün ayrılmış və A.Məhərrəmov küçəsi 40 saylı binanın şimal-qərb hissəsində yerləşən 3551 kv.m torpaq sahəsi, ünvan 3 ünvanında yerləşən Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbin ərazisi kimi elektron bazada qeydə alınmış torpaq sahəsi ilə 2650 kv.m hissədə üst-üstə (düşür) düşməklə yanaşı təkrar ekspertiza zamanı ölçülmüş tikinti aparılması üçün qazılmış 1449 kv.m ərazi tamamilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 23.12.2008-ci il tarixli 662 saylı sərəncamı ilə Bakı Metropoliteninə ayrılmış torpaq sahəsi ilə də üst-üstə düşür (sxem əlavə edilir); 2. Qeyd olunan torpaq sahələrinin koordinatları müəyyən edilib (sxem əlavə edilir); 3. İddiaçı və X10 yaşayış binasının tikintisi üçün ayrılmış 3551 kv.m torpaq sahəsinin bilavasitə tikinti aparılması üçün qazılmış 1449 kv.m hissəsi Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbə aid torpaq sahəsi ilə eyni zamanda Bakı şəhər İcra Hakimiyyəti Başçısının 23.12.2008-ci il tarixli 662 saylı sərəncamı ilə Bakı Metropoliteninə ayrılmış torpaq sahəsi ilə də üst-üstə düşür; 4. Bakı şəhəri, Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbin binası ilə tikinti aparılması üçün qazılmış 1449 kv.m torpaq sahəsi arasındakı məsafə 90 metrdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.09.2021-ci il tarixli 10/1840 nömrəli Ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 30.11.2020ci il tarixli məktubuna əlavə edilmiş sxemlərə, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 31 avqust 2021-ci il tarixli, **********584 nömrəli məktubu ilə ekspertizaya təqdim olunmuş mütəxəssis rəyinə və rəyə əlavə edilmiş torpaq sahəsinin yerləşmə vəziyyətini əks etdirən sxemlərə əsasən, Bakı şəhər İcra Hakimiyyətinin 20.04.2018-ci il tarixli 252 nömrəli sərəncamına əsasən vətəndaş İddiaçı və X10 yaşayış binasının tikintisinin layihələndirilməsi üçün ayrılmış A.Məhərrəmov küçəsi 40 saylı binanın şimal-qərb hissəsində yerləşən 3551 kv.m torpaq sahəsinin ünvan 8 ünvanında yerləşən Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbin ərazisi kimi elektron bazada qeydə alınmış torpaq sahəsi ilə 2650 kv.m hissədə üst-üstə düşdüyü, eyni zamanda üst-üstə düşən hissədə tikinti aparılması üçün qazılmış 1449 kv.m ərazinin bütövlüklə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 23.12.2008-ci il tarixli, 662 nömrəli sərəncamı ilə Bakı Metropoliteninə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunur. Mütəxəssis rəyinə əlavə edilmiş sxemə əsasən bilavasitə tikinti aparılması üçün qazılmış 1449 kv.m torpaq sahəsinin koordinatları aşağıdakılardır: X=399043.76, y=4473950.45, X=399060.81, y=4473970.70, X=399103.91, y=4473939.69, X=399089.22, y=4473917.44. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 30.11.2020-ci il tarixli məktubuna əlavə edilmiş sxemlərə və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 31 avqust 2021-ci il tarixli, **********584 nömrəli məktubu ilə ekspertizaya təqdim olunmuş mütəxəssis rəyinə əsasən, İddiaçı və X10 yaşayış binasının tikintisi üçün ayrılmış 3551 kv.m torpaq sahəsinin bilavasitə tikinti aparılması üçün qazılmış 1449 kv.m hissəsi Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbə aid torpaq sahəsi ilə üst-üstə düşsə də, eyni zamanda həmin 1449 kv.m sahənin bütövlüklə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 23.12.2008-ci il tarixli, 662 №-li sərəncamı ilə "xxxx" QSC “Memar Əcəmi” st. İİ əlavə keçid üçün ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunur. Mütəxəssis rəyinə və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, Bakı şəhəri, Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbin binası ilə tikinti aparılması üçün qazılmış 1449 kv.m torpaq sahəsi arasındakı ən yaxın məsafənin 90 metr təşkil etdiyi müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-ci maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının 20.04.2018-ci il tarixli, 252 №-li Sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, 3005-ci məhəllə, A.Məhərrəmov küçəsi, 40 saylı binanın şimal-qərb hissəsində yerləşən torpaq sahəsində icarə əsasında yaşayış binasının tikintisinin layihələndirilməsi üçün, "xxxx" QSC-dən müsbət rəy alınması şərtilə, İddiaçı və X10 icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tərtib edilmiş və 10.05.2018ci il tarixdə 18/102 sayla qeydiyyata alınmış İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin Ayrıc Aktına və torpaq sahəsinin cizgisinə əsasən qeyd olunan ünvanda cizgidə göstərilən sərhədlər daxilində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün ayrılmış 0.3551 hektar torpaq sahəsinin yeri və koordinatları müəyyən edilmiş, ayrılmış torpaq sahəsinin cizgisi çəkilmişdir. Ayrıc aktına uyğun olaraq, ayrılmış torpaq sahəsindən keçən yeraltı və yerüstü kommunikasiya xətlərinə dair "xxxx" ASC-nin, "xxxx" ASC-nin, “Azəriqaz” İB-nin və "xxxx" ASC-nin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin və Fövqəladə Hallar Nazirliyi X14 Xidmətinin ilkin rəyləri alınmışdır. Tikintisi nəzərdə tutulan yaşayış binasına dair Dövlət Şəhərsalma və Arxitektura Komitəsi «Azərmemarlayihə» DBLİ tərəfindən işlənilmiş şəhərsalma əsaslandırılması Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış və həmin şəhərsalma əsaslandırılmasına əsasən layihə konsepsiyası hazırlanmışdır. Eyni zamanda təqdim olunmuş layihə və digər cizgilərə "xxxx" QSC Tikinti Departamentinin “Bakımetrolayihə” İnstitutu tərəfindən baxılmış və Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllə, A.Məhərrəmov küçəsi, 40 saylı binanın şimalqərb hissəsində yerləşən torpaq sahəsində yaşayış binasının tikintisi üçün rəy verilmiş, həmin rəyə əsaslanaraq binanın tikintisinə etiraz edilməmişdir. "xxxx" QSC Tikinti Departamentinin “Bakımetrolayihə” İnstitutu tərəfindən "xxxx" QSC-nin İstismar üzrə baş mühəndisinə ünvanlanmış 02.05.2018-ci il tarixli məktubdan görünür ki, binanın yerləşdiyi ərazinin geoloji şəraiti əlverişli sayılır, tunelin yer səthindən yerləşmə dərinliyi 38.5 m, tunel ilə bina bünövrəsi arasında horizontal məsafə 16 m-ə bərabərdir və bunlar nəzərə alınaraq göstərilən binanın həmin sahə çərçivəsində tikilməsinə icazə verilməsi mümkün hesab edilmişdir. “Bakımetrolayihə” İnstitutu tərəfindən plan-sxem tərtib edilmiş və plan-sxemdə binanın yerləşdiyi geoloji şəraitin əlverişli sayılması, tunelin yer səthindən yerləşmə dərinliyinin 38.5 m, tunel ilə bina bünövrəsi arasında horizontal məsafənin 16 m-ə bərabər olması və göstərilənləri nəzərə alaraq göstərilən binanın həmin sahə içərisində tikilməsinə “Bakımetrolayihə” İnstitutunin etiraz etməməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsinin 29.08.2019-cu il tarixli 27955 nömrəli rəyinə əsasən isə Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllə, A.Məhərrəmov küçəsi, 40 saylı binanın şimal-qərb hissəsində yaşayış binası üzrə tikinti layihəsi razılaşdırılmışdır. Lakin Bakı şəhər İcra Hakimiyyətinin başçısının 28.10.2019-cu il tarixli, 345 №-li Sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyətinin “Vət.İddiaçı və X10 yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” 20.04.2018-ci il tarixli, 252 nömrəli Sərəncamı və bu Sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşdirilmə işləri ləğv edilmişdir. Sərəncam onunla əsaslandırılmışdır ki, 20.04.2018-ci il tarixli, 252 nömrəli Sərəncamla İddiaçı və X10 yaşayış binasının tikintisinin layihələndirilməsi üçün ayrılmış və A.Məhərrəmov küçəsi 40 saylı binanın şimal-qərb hissəsində yerləşən 3551 kv.m torpaq sahəsi ünvan 3 ünvanında yerləşən Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbə aid idman meydançasının sol hissəsindəki torpaq sahəsi ilə üst-üstə düşür. Bununla bağlı məhkəmə qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının «Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi Tədbirlər haqqında» Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10.11.2008-ci il tarixli, 34 saylı sərəncamının icrası haqqında» 23.12.2008-ci il tarixli, 662 №-li Sərəncamı ilə «Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi Tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2008-ci il tarixli, 34 saylı sərəncamına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.12.2008-ci il tarixli, 17/5918-12/26 saylı tapşırığını və Bakı Metropoliteninin 16.12.2008-ci il tarixli, 40N-10/2-560 saylı müraciətini nəzərə alaraq, yeni metro stansiyalarının tikintisinin layihələndirilməsi üçün Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsi, 3005-ci məhəllədə «Memar Əcəmi» stansiyasında İİ əlavə keçid stansiyası üçün 2,5 ha torpaq sahəsi Bakı Metropoliteninin daimi istifadəsinə verilmişdir. Hazırki iş üzrə ekspertiza keçirilmişdir və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.09.2021-ci il tarixli 10/1840 nömrəli Ekspert rəyindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 20.04.2018-ci il tarixli 252 nömrəli sərəncamına əsasən vətəndaş İddiaçı və X10 yaşayış binasının tikintisinin layihələndirilməsi üçün ayrılmış A.Məhərrəmov küçəsi 40 saylı binanın şimalqərb hissəsində yerləşən 3551 kv.m torpaq sahəsi ünvan 8 ünvanında yerləşən Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbin ərazisi kimi elektron bazada qeydə alınmış torpaq sahəsi ilə 2650 kv.m hissədə üst-üstə düşür, eyni zamanda üst-üstə düşən hissədə tikinti aparılması üçün qazılmış 1449 kv.m ərazi bütövlüklə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 23.12.2008-ci il tarixli, 662 nömrəli sərəncamı ilə Bakı Metropoliteninə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. İddiaçı və X10 yaşayış binasının tikintisi üçün ayrılmış 3551 kv.m torpaq sahəsinin bilavasitə tikinti aparılması üçün qazılmış 1449 kv.m hissəsinin bütövlüklə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 23.12.2008-ci il tarixli, 662 №-li sərəncamı ilə "xxxx" QSC “Memar Əcəmi” stansiyası İİ əlavə keçid üçün ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi və Bakı şəhəri, Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbin binası ilə tikinti aparılması üçün qazılmış 1449 kv.m torpaq sahəsi arasındakı ən yaxın məsafənin 90 metr təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, qeyd olunan torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin başçısının 23.12.2008-ci il tarixli, 662 №-li Sərəncamına əsasən Bakı Metropoliteninin daimi istifadəsinə verilmişdir və həmin sərəncam ləğv edilməmişdir və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir, həmin torpaq sahəsi Təhsil Nazirliyinə qaytarılmamışdır, bunlarla əlaqədar hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İş üzrə keçirilmiş ekspert rəyi ilə də müəyyən edilir ki, iddiaçıya yaşayış binasının tikintisinin layihələndirilməsi üçün ayrılmış torpaq sahəsinin bilavasitə tikinti aparılması üçün qazılmış 1449 kv.m hissəsi bütövlüklə həmin sərəncamla "xxxx" QSC-yə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Öz növbəsində layihə və digər cizgilərə “Bakımetrolayihə” İnstitutu tərəfindən baxılmış, iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005ci məhəllə, A.Məhərrəmov küçəsi, 40 saylı binanın şimal-qərb hissəsində yerləşən torpaq sahəsində yaşayış binasının tikintisi üçün rəy verilmişdir və həmin rəyə əsaslanaraq binanın tikintisinə etiraz edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhər İcra Hakimiyyətinin başçısının 28.10.2019-cu il tarixli, 345 №-li Sərəncamı qismən (Bakı şəhər İcra Hakimiyyətinin başçısının 20.04.2018-ci il tarixli, 252 nömrəli Sərəncamı ilə İddiaçı və X10 yaşayış binasının tikintisinin layihələndirilməsi üçün icazə verilmiş və Bakı şəhəri, Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbə aid torpaq sahəsi ilə üst-üstə düşən torpaq sahəsinə aid hissə istisna olmaqla) ləğv edilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Bakı şəhər İcra Hakimiyyətinin başçısının 28.10.2019-cu il tarixli, 345 №-li Sərəncamı qismən (Bakı şəhər İcra Hakimiyyətinin başçısının 20.04.2018-ci il tarixli, 252 nömrəli Sərəncamı ilə İddiaçı və X10 yaşayış binasının tikintisinin layihələndirilməsi üçün icazə verilmiş və Bakı şəhəri, Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbə aid torpaq sahəsi ilə üst-üstə düşən torpaq sahəsinə aid hissə istisna olmaqla) ləğv edilsin. İddia digər hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 150 manat İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar