Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3500/2023 19.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, X8 qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş, xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, təqdim edilən və idarənin arxivində mövcud olan icarə müqaviləsində ayrılmış torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Həmçinin icarə müqaviləsində bağ sahəsinin nömrəsində düzəliş edilmiş, lakin düzəliş səlahiyyətli qurum tərəfindən təsdiq edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən ərazinin digər torpaq sahəsi ilə eyni hasar daxilində yerləşdiyi aşkar olunmuşdur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Alballıq-2 (Vişnyovka-2) bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1116a nömrəli bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Alballıq-2 (Vişnyovka-2) bağ massivində yerləşən 1116a nömrəli bağ sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti ilə 12 aprel 2004-cü il tarixində 32516 nömrəli müqavilə bağlayaraq icarəsinə verilmişdir. Həmin bağ sahəsində tərəfindən bağ evi tikdirib və ailəsi ilə birlikdə həmin tarixdən bağ evində yaşayırlar. Bağ sahəsində hasar və su çəkdirmiş və çoxsaylı meyvə ağacları əkmişdir. Göründüyü kimi bağ sahəsi təxminən 18 ilə yaxındır ki, istifadəsindədir və vergilər vaxtı-vaxtında ödənilir. Lakin göstərilən bağ sahəsini adına sənədləşdirə bilməmişdir. Göstərilən bağ sahəsinin adına hüquqi qeydiyyata alınması üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Cavabdehin imtinasını mövcud qanunvericiliyə zidd və ədalətsiz hesab edir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilən əsaslara istinad etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. a) İddianın mümkünlüyü Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. b) İddianın əsaslılığı İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 233 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində icarəyə, bağtikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşların növbəyə götürülmələri və bağ sahələri ilə təmin edilmələri barədə” Əsasnamənin 1-ci hissəsində qeyd olunmuşdur ki, İcarəyə, bağ-tikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşlar X6 və istismarı birliyində növbəyə götürülürlər. Bu məqsədlə Bağlar təsərrüfatı birliyinin nəzdində komissiya təşkil olunur. Komissiya vətəndaşlar tərəfindən Birliyə tədqim olunmuş sənədlərə baxır və vətəndaşların bağ növbəsinə götürülmələri barədə müvafiq Protokol imzalayır. Protokol imzalanan vaxtdan həmin protokolda qeyd edilmiş vətəndaşlar bağ növbəsinə götürülmüş hesab edilirlər. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən Bakı şəhərində bağ sahələrinin verilməsi hazırkı Əsasnamə ilə həyata keçirilir. Vətəndaşlara bağ sahələri ya idarəyə, ya da bağtikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində ayrılır. Dövlət imtiyazlı vətəndaşlar bağ sahələri ilə təmin edilmələrində müəyyən üstünlüklərə malikdirlər. Həmin Əsasnamənin 4-cü hissəsinə əsasən rəsmi sənədi olmadan 10 ildən artıq müddət ərzində bağ sahəsi götürüb abadlaşdıran vətəndaşların sənədlərinə Bakı şəhər İcra Hakimiyyəti aparatının nəzdində təşkil olunmuş komissiya tərəfindən baxılır və müvafiq sərəncam qəbul edilir. Sərəncama əsasən ümumi torpaq sahəsi 0,12 hektara qədər olduqda həmin bağ sahəsi (yaxud artıq olduqda 0, 12 hektarlıq hissəsi) aidiyyəti vətəndaşın adına təhkim edilir. İş materiallarında olan: - Bağ sahələrinin, tikililərinin uzunmüddətli icarəyə verilməsi haqqında 5817 saylı xx.xx.1965-ci il tarixli müqavilədən görünür ki, xx.xx.1964-cü il tarixli protokola əsasən Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Bağ təsərrüfatı Tresti Vişnyovka-2 qəsəbəsində yerləşən sahəsi 0,25 ha olan bağ sahəsini X9 icarəsinə vermiş, müqavilənin müddəti xx.xx.1965xx.xx.1971-ci illər müəyyən edilmişdir. - Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Bağ təsərrüfatı Tresti ilə X15 arasında bağlanmış 5817 saylı, 04 yanvar 1970-ci il tarixli bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqavilədən görünür ki, Bakı şəhər zəhmətkeş deputatları Sovetinin İcraiyyə Komitəsinin 1964-cü il tarixli, 12 saylı protokolu əsasında Vişnyovka-2 qəsəbəsində 0,25 ha sahəsi olan 1116 saylı bağ sahəsi və sahəsi 14,14 kv.m. olan tikili onun icarəsinə verilmişdir. Müqavilənin müddəti xx.xx.1980-cı ilədək müəyyən edilmişdir. - Arif Əliyev xx.xx.1980-ci ildə ərizə ilə Bağlar Təsərrüfatı İdarəsinə müraciət edərək, onunla bağlanmış müqavilənin müddətinin uzadılmasını xahiş etmiş, xx.xx.1980-ci il tarixli müqavilə əsasında müqavilənin müddəti xx.xx.1990-cı il tarixədək uzadılmışdır. - Arif Əliyev xx.xx.2002-ci ildə yenidən ərizə ilə Bağlar Təsərrüfatı İdarəsinə müraciət edərək, onunla bağlanmış müqavilənin vaxtının xx.xx.1990-cı il tarixdə qurtardığını bildirməklə, müddətinin uzadılmasını xahiş etmişdir. - X6 və istismarı birliyi ilə X15 arasında bağlanmış sonuncu 5817 saylı, 20 fevral 2002-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının 1964 nömrəli Sərəncamının 12 nömrəli protokolu əsasında Vişnyovka-2 qəsəbəsində 0,25 ha sahəsi olan 1116 saylı bağ sahəsi və sahəsi 14,50 kv.m. olan bina ona icarəyə verilmişdir. Müqavilənin müddəti xx.xx.2010cu ilədək müəyyən edilmişdir. 1116 saylı bağın inventarlaşdırma vərəqəsi tərtib olunaraq müqaviləyə əlavə edilmişdir. - X15 ərizə ilə X7 müraciət edərək, icarədarı olduğu Vişnyovka-2 ərazisində olan 1116 saylı 0,25 ha bağının 0,12 ha evli hissəsinin X2 adına, qalan 0,12 ha hissəsinin isə ailəvi dostu olan X10 adına sənədləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. İşdə olan X9 ailə üzvlərinin razılıq ərizələrindən görünür ki, onlar da 1116 saylı bağ sahəsinin yuxarıda qeyd edilən qaydada bölüşdürülməsinə etiraz etməmişlər. -İşdə olan ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, ölçüsü 0,12 ha olan, 1116 saylı bağ sahəsinə dair X3 mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. - X10 X7 ünvanlanmış xx.xx.2005-ci il tarixli ərizəsindən görünür ki, o “Vişnyovka-2” ərazisindəki 1116 nömrəli bağın 0,12 ha boş hissəsinin onun adına keçirilməsini xahiş etmişdir. - “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, Vətəndaşlara bağ sahələrinin ayrılması barədə» Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 83 saylı protokolundan görünür ki, Bakı şəhər İcra hakimiyyətinin 17.03.97-ci il tarixli 233 nömrəli Sərəncamına əsəsən vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələri aşağıdakı vətəndaşların adlarına sənədləşdirilmişdir: 1.7 2-ci Vişnyovkadakı 1116 №-li bağ – X16. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 54 saylı sərəncamından görünür ki, “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə X6 və İstismarı Birliyinin xx.xx.2004-cü il tarixli 83 saylı protokolu təsdiq edilmişdir. - X6 və istismarı birliyi ilə X16 arasında bağlanmış 35516 saylı, 12 aprel 2004-cü il tarixli müqavilədən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 54 saylı Sərəncamı əsasında Vişnyovka-2 qəsəbəsində 1116a saylı bağ sahəsi Həsənova (Sultanova) Nuranə Əli qızına icarəyə verilmişdir. Müqavilənin müddəti xx.xx.2014-cü ilədək müəyyən edilmişdir. -İşdə olan xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında Alballıq-2 (Vişnyovka-2) bağ massivində yerləşən 1116a nömrəli bağ sahəsinə baxış keçirilmiş, bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi qeyd olunmamışdır, faktki 1468,0 kv.m. olduğu müəyyən edilmişdir. Akta əsasən 1116 a saylı bağ sahəsi kimi göstərilən sahə 1116 saylı bağla bir hasar daxilindədir, ara sərhəddi şərtidir. 1116 saylı bağ özəldir. Sahədə hovuz var. Bağ sahəsinə dair icarə müqaviləsində və arxiv nüsxəsində bağın sahəsi göstərilməyib. 1116 saylı bağ sahəsinə keçid yolu nəzərə alındıqdan sonra sahə 1468,0 kv.m. təşkil edir. -İşdə olan xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, 1116a saylı bağ sahəsi kimi göstərilən ərazi 1116 saylı bağla bir hasar daxilində olmaqla ara sərhəddi şərtidir (1116 saylı bağ özəldir). Qeyd olunan qonşu 1116 saylı bağın keçid yolu bu sahənin daxilindən nəzərə alınmaqla saxlanılmalıdır. İstinad olunan sənədlərdən göründüyü kimi, həmin dövrün qanunvericiliyinə uyğun olaraq iddiaçı və mübahisəli bağın sahibi bağ sahəsinin onun adına sənədləşdirilməsi üçün səlahiyyətli orqana ərizə ilə müraciət etmiş, həmin orqan protokolla 1116a saylı bağın iddiaçının adına sənədləşdirilməsini qərara almış, daha sonra bu protokol sərəncamla təsdiq edilmiş və son olaraq həmin bağ sahəsinə dair iddiaçı ilə icarə müqaviləsi bağlanmışdır. İddiaçı hazırda bu sənədlərə istinadən 1116a saylı bağa dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən bağ sahəsinin ona verilməsi ilə bağlı müvafiq sərəncam və icarə müqaviləsini təqdim etmişdir. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, 1116a saylı bağ sahəsinin iddiaçıya ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri mövcuddur (həm sərəncam, həm də müqavilə arxiv saxlayıcılarında mövcuddur). Həmin sənədlər ləğv edilməmişdir və hazırda qüvvədədir. İddiaçının deməsinə əsasən ona ayrılmış bağdan həmin tarixdən etibarən fasiləsiz istifadə etmişdir, iş materiallarında bu halı təkzib edən hər hansı bir sübut mövcud deyil. Belə olan halda aydındır ki, iddiaçının qanuni əsaslarla ona ayrılmış və istifadəsində olan bağ sahəsinə hüquqlarının qeydə alınmasını tələb etmək hüququ mövcuddur. İşdən görünür ki, cavabdeh də iddiaçının tələbini təmin etməkdən imtina edərkən onun təqdim etdiyi sənədlərin mötəbərliyini mübahisələndirməmiş, aşağıdakı dəlillərə istinad etmişdir:
1. təqdim edilən və idarənin arxivində mövcud olan icarə müqaviləsində ayrılmış torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır;
2. icarə müqaviləsində bağ sahəsinin nömrəsində düzəliş edilmiş, lakin düzəliş səlahiyyətli qurum tərəfindən təsdiq edilməmişdir;
3. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən ərazinin digər torpaq sahəsi (1116 saylı bağla) ilə eyni hasar daxilində yerləşdiyi aşkar olunmuşdur. Birincisi, bu halların heç biri özlüyündə şəxsin qanunla yaranan hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Bundan başqa, cavabdehin birinci dəlili ilə bağlı qeyd edilməlidir ki, iddiaçının X7 ünvanlanmış xx.xx.2005-ci il tarixli ərizəsindən görünür ki, o “Vişnyovka-2” ərazisindəki 1116 nömrəli bağın 0,12 ha hissəsinin ona ayrılmasını xahiş etmişdir. Həmçinin işdən görünür ki, Arif Əliyev icarəsində olan 0,25 ha torpaq sahəsinin 0,12 ha evli hissəsinin X2 adına, qalan 0,12 ha hissəsinin isə ailəvi dostu olan X10 adına sənədləşdirilməsinə razılıq vermiş, xx.xx.2004-cü il tarixli müqavilə ilə həmin bağın 0,12 ha hissəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 97 saylı sərəncamı əsasında D.Səfərovun icarəsinə verilmişdir. Qeyd edilənləri və Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 233 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində icarəyə, bağ-tikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşların növbəyə götürülmələri və bağ sahələri ilə təmin edilmələri barədə” Əsasnamənin 4-cü hissəsini (ümumi torpaq sahəsi 0,12 hektara qədər olduqda həmin bağ sahəsi (yaxud artıq olduqda 0, 12 hektarlıq hissəsi) aidiyyəti vətəndaşın adına təhkim edilir) nəzərə alan məhkəmə hesab edir ki, 0,25 ha bağ sahəsinin iddiaçıya verilən sahəsinin ölçüsü də məhz 0,12 ha olmuşdur. Bağ sahəsinin nömrəsinə düzəliş edilməsinə gəldikdə məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunanlardan da aydın olur ki, mübahisəli bağ sahəsi 0,25 ha olmaqla nömrəsi 1116 olmuş, daha sonra bu bağ iki nəfərin arasında bölündüyündən iddiaçıya ayrılmış bağın eyniləşdirilməsi üçün 1116a kimi rəsmiləşdirilmişdir. Bu halın düzəliş olması və səlahiyyətli orqanın həmin düzəlişi təsdiq etməməsinə gəldikdə isə bu, iddiaçının deyil, bağ ayıran qurumun məsuliyyətində olmuşdur. Üçüncü dəlilə münasibətdə məhkəmə qeyd edir ki, işdə olan Sabunçu rayonu, “Vişnyovka-2” bağlar massivi, 1116 və 1116a saylı bağların bölgü sxemindən görünür ki, X5 1116 saylı bağ sahəsi-1200 kv.m., X11 1116a saylı bağ sahəsi-1455,0 kv.m. olmaqla torpaq sahəsinin bölgüsü aparılmış, tərəflər bölgü ilə razılaşmış, şikayət və əlavələri olmamışdır. Bölgü sxemi xx.xx.2017-ci il tarixdə notarial qaydada təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçının hazırda qeydə alınmasını xahiş etdiyi 1116a saylı bağ 1116 saylı bağ sahəsi ilə bir hasar daxilində olsa da, həmin bağın sahibləri torpaq sahəsinin bölgüsünü razılaşdırmış, bu bölgü sxem cavabdehin özü tərəfindən təsdiq edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin bu dəlilləri əsassız olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı qüvvədə olan etibarlı hüquqmüəyyənedici sənədləri təqdim etməklə istifadəsinə olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnun qeydə alınmasını tələb etməkdə haqlı, cavabdeh isə bu hüququn qeydə alınmasından imtina etməkdə haqsız olmuşdur. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual
qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, Sabunçu rayonu, Alballıq-2 (Vişnyovka-2) bağ massivində yerləşən sahəsi 0,12 ha olan “1116a” saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə iddiaçıya dövlət reyestrindən çıxarış verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova