Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3501/2025 25.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh nümayəndələri X5 və X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Baş İdarəsinə qarşı “xəsarətin şəhadətləndirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının yenidən şəhadətləndirilməsi və “Keçirilmiş kəskin disseminə olunmuş ensefalitdən sonrakı qalıq əlamətləri. Postinfeksion epileptik sindrom” diaqnozu ilə müəyyən edilmiş xəstəliyə məhz hərbi xidmət dövründə hərbi vəzifələrinin icrası zamanı tutulmasını və məhz bu dövrdə suçiçəyi xəstəliyinə yoluxmasını əks edən yeni Xəstəlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəmə dəftərxanası vasitəsilə tələbin dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının yenidən şəhadətləndirilməsi və “Postinfeksion epileptik sindrom” diaqnozu xəsarətinin “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışdır” kimi şəhadətləndirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbuı edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Ali Hərbi Məktəbində kursant olmuş və hərbi xidmət dövründə hərbi vəzifələrinin icrası zamanı xəstələnmiş və bu xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hərbi Həkim Komissiyası (sonradan “Komissiya” adlandırılacaq) tərəfindən ona “Keçirilmiş kəskin disseminə olunmuş ensefalitdən sonrakı qalıq əlamətləri. Postinfeksion epileptik sindrom” diaqnozu qoyulmuş və buna dair xx.xx.2021-ci il tarixdə №2101 saylı Xəstəlik haqqında şəhadətnamə verilmişdir. İddiaçı hərbi xidmət dövründə hərbi vəzifələrinin icrası zamanı bu xəstəliyə tutulsa da, Komissiya bu Şəhadətnamədə “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.” cümləsi ilə kifayətlənmiş və iddiaçının məhz hərbi vəzifələrinin icrası zamanı xəstələnməsini, habelə onun məhz bu dövrdə suçiçəyi xəstəliyinə yoluxmasını qeyd etməmişdir.Şəhadətnamədə iddiaçının xəstəliyinə dair dolğun və dəqiq məlumatların əks olunmaması sonuncunun hüquqlarını kobud surətdə pozur və 90% sağlamlığını itirmiş 1 -ci qrup əlil olmuş 19 yaşlı bu gənci dövlət tərəfindən verilmiş imtiyazlardan və zərərin ödənilməsini tələb etmək hüququndan məhrum edir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın rədd edilməsini xahiş etmiş və göstərmişdir ki, X12 Hərbi Məktəbinin rəisinin xx.xx.2020-ci il tarixli 228 №li əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 47-ci maddəsinin “V” bəndinə müvafiq olaraq X7 müvəffəqiyyətlə vermiş abuturiyent İddiaçı Ali Hərbi Məktəbin dəyişən heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir. Ali Hərbi Məktəbin rəisinin xx.xx.2020-ci il tarixli 246 №-li əmri ilə kursant İddiaçı 4-cü zabit hazırlayan tədris bölüyünün 5-ci zabit hazırlayan tədris taqımında kursant vəzifəsinə təyin edilmişdir. Ali Hərbi Məktəbin rəisinin xx.xx.2021-ci il tarixli 137 №-li əmri ilə 4-cü zabit hazırlayan tədris bölüyündə kursant İddiaçı Daxili Qoşunların hərbi hospitalına stosionar müalicəyə getmiş hesab edilmişdir. Ali Hərbi Məktəbin rəisinin xx.xx.2021-ci il tarixli 143 №-li əmri ilə Daxili Qoşunların hərbi hospitalında stosionar müalicədə olan zabit hazırlayan tədris taborunun 4-cü zabit hazırlayan tədris bölüyündə kursant əsgər İddiaçı, xx.xx.2021-ci il tarixdən Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına ambulator müalicəyə getmiş hesab edilmişdir. Ali Hərbi Məktəbin rəisinin xx.xx.2021-ci il tarixli 204 №-li əmri ilə kursant əsgər İddiaçı, xəstəliyə görə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin xəstəliklər cədvəlinin 22 “a” maddəsinin İİ qrafasının “D” bəndinə (həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır) əsasən həqiqi hərbi xidmətdən azad edilib, xx.xx.2021-ci il tarixdən hərbi qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nərimanov rayon idarəsinə göndərilmişdir. Müəyyən edilmişdir ki, X12 Hərbi Məktəbinin kursantı (1-ci kurs) olmuş, 2003-cü il təvəllüdlü İddiaçı 2021-ci il 9 iyun tarixdə bədən hərarətinin yüksək olması səbəbindən məktəbin tibb məntəqəsinə qəbul edilmiş, ixtisaslı müayinə məqsədilə iyun ayının 11-də Daxili Qoşunların hərbi qospitalına təxliyə olunmuşdur. “Kəskin respirator xəstəlik” diaqnozu ilə müalicə tədbirlərinin aparılmasına baxmayaraq, iyun ayının 14-də xəstədə anidən qıcolmalar başlamış, davamlı olaraq təkrarlandığından qospitalın reanimasiya şöbəsinə köçürülmüşdür. Qıcolmaların intensivliyi artdığından iyun ayının 19da xəstə “Epileptik status. Ensefalit” diaqnozu ilə Respublika Klinik Xəstəxanasına köçürülmüşdür. Həyata keçirilən tibbi tədbirlərə baxmayaraq, xəstənin vəziyyətində müsbət dinamika müşahidə olunmadığından, valideynləri tərəfindən (iltizamnaməsi əsasında) iyun ayının 27-də Səhiyyə Nazirliyinin tabeliyində olan Bakı Sağlamlıq Mərkəzinə köçürülmüşdür. Stasionar müalicəsi başa çatdıqdan sonra o, Hərbi-həkim komissiyasmda hərbi xidmət dövründə qazandığı xəstəliyə görə son şəhadətləndirilmə aparılmışdır, Daxili Qoşunların Hərbi-həkim komissiyasında xx.xx.2021-ci il tarixdə şəhadətləndirilərək, barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq onun hərbi xidmətə yararlılıq kateqoriyası barədə xəstəliyin səbəb əlaqəsi isə xəstəlikdir, hərbi xidmətdə alnmışdır kimi təyin edilərək xəstəlik haqqmda 2101 nömrəli qərar verilmişdir. Bununla əlaqədar, İddiaçı xəstəliyi ilə bağlı həqiqi hərbi xidmətdən təxris olunmuşdur. Şəhadətləndirilməyə dair sənəddə əks olunan məlumatlar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilmiş, Qərarın dəyişilməsinə əsas olmadığından Hərbi-həkim komissiyası İddiaçı təkrar şəhadətləndirilməsini məqsədəmüfaviq hesab etməmiş və onun şəhadətləndirilməsinə dair 2021-ci il 31 avqust tarixli qərar qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqmda Əsasnamə”nin 7.2-ci maddəsinin c) bəndi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışdır” bəndinin ona şamil olunması üçün əsas ola biləcək fakt olmadığından tələb olunan qərarın verilməsi mümkün deyildir və iddiası təmin edilməməlidir. İddiaçının mübahisələndirdiyi Daxili Qoşunların Hərbihəkim komissiyasının şəhadətnaməsində barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq, “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır”, “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərarı (xx.xx.2021-ci il tarixli, 2101 nömrəli) xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. İddiaçı həmin vaxtdan 3 il müddət keçdikdən sonra müvafiq şəhadətnamədə düzəliş edilərək xəstəliyin səbəbli əlaqəsinin dəyişdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndələri iddiaya etiraz edərək onun təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı hazırda barəsində əlverişli inzibati akt qəbul edilməsini xahiş edir ki, bu iddia inzibati mübahisə olmaqla düzgün inzibati orqana qarşı qaldırılmışdır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ vardır, çünki barəsində əlverişli inzibati akt qəbul edilməsini, yəni onun “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışdır” kimi şəhadətləndirilməsi barədə yeni inzibati akt qəbul edilməsini tələb edir. İddiaçı məcburetmə haqqında bu iddia tələbi üzrə məhkəməyə müraciət etməzdən öncə cavabdehə müraciət etmiş, tələbi təmin edilmədikdən sonra qanunla nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə, məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, hazırkı iddia təmin edilməməlidir. Belə ki, işdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon İdarəsinin xx.xx.2024-ci il tarixli 3-43-46/2-1508/2024 nömrəli arayışdan görünür ki, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X12 Hərbi Məktəbində kursant olmuşdur. DİN X6 xx.xx.2021-ci il tarixli müvafiq əmri ilə Ali Hərbi Məktəbdən xəstəliklə tərxis olunmuşdur. Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilmiş iddiaçıya məxsus epikrizdə göstərilmişdir ki, son klinik diaqnoz - Əsas xəstəlik- G04.0- Kəskin disseminə olunmuş ensefalit; Diaqnoz qeydi: Dəqiqləşdirilməmiş kəskin meninqoensefalit (viral/autoimmun?), Post infeksiyon epileptik sindrom, Ensefalitin qalıq əlamətləri; Əsas xəstəliyin ağırlaşması- G41.9- Dəqiqləşdirilməmiş epileptik status; Diaqnoz qeydi: Yanaşı xəstəliklər- J15.0- Klebsiella pneumoniae tərəfindən törədilən pnevmoniya; Ventilyatorla əlaqəli pnevmoniya, Yanaşı xəstəliklər- A41.5- Digər qram-mənfi mikroorqanizmlər tərəfindən törədilən sepsis; Diaqnoz qeydi: klebsiella pneumonia -karbapenem rezistent. İşdə olan 605/2021 saylə xəstəlik tarixindən çıxarış epikrizindən görünür ki, kursant İddiaçı DİN-in DQ-in Hospitalında yoluxucu xəstəlik və reanmasiya şöbəsində xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək stasionar müalicə olmuşdur. Diaqnoz: Kəskin respirator xəstəlik. Naməlum mənşəli epilepsiya. Epileptik status, sağ ağciyərin yuxarı payının kəskin ocaqlı pnevmaniyası. Ensefalit. Daxil olarkən şikayətlər: boğazda ağrı, hərarət, zökəm, halsızlıq. Obyektiv müayinənin nəticələri: Ümumi vəziyyəti ağır, huşu medikomentozdur. Dəri və görünən selikli qişalar soanotikdir. Nəbzi 1 dəqiqədə 125 vurğudur. A/t 110/70 mm.c, THDS-25`-28` SPO2-86-87%(nəmləndirən oksigen fonunda). Areskaltasiyada sağ ağciyərin yuxarı payında zəifdir. Palpasiyada qarnı yumşaq və ağrısızdır. Qaraciyər və dalq əllənmir. Dialez daim kateterlədir. Göz bəbəyi orta ölçülüdür. İşığa reaksiya saxlanılıb.Meningial əlamətlər mənfidir. Xəstədə tez-tez generalizə olunmuş tonik-klonik qıcolma tutmaları müşahidə olunur. xx.xx.2021-ci il tarixli 2101 nömrəli Xəstəlik haqqında şəhadətnamənin 8-ci bəndində göstərilmişdir ki, qısa anamnez: Xəstə uşaqlıq dövründə “Beyin funksiyasının pozulması patologiyası (Ensefalopatiya)” diaqnozu ilə Xətai rayon 9 saylı Uşaq poliklinikasında qeydiyyatda olmuş və 2005-ci ildə sahə nevropatoloqu tərəfindən beyin patologiyasının nəticəsi olaraq ona “Nitq inkişafının geriliyi” diaqnozu təyin edilmişdir. Xəstə xidmət etdiyi müddətdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Kəskin respirator xəstəlik”, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “Kəskin faringit”, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “Kəskin respirator xəstəlik”, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “Xroniki sinusitin kəskinləşməsi” diaqnozu ilə hərbi hissənin tibb məntəqəsində stasionar müalicədə olmuşdur. Xəstə xx.xx.2021-ci il tarixdə “Kəskin respirator xəstəlik” diaqnozu ilə Daxili Qoşunların qospitalına stasionar müalicəyə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə xəstədə tonik-klonik qıcolmalar müşahidə edilmiş, müvafiq müalicələr aparılmış, ixtisaslaşdırılmış müalicə məqsədilə xx.xx.2021-ci il tarixdə “Kəskin respirator xəstəlik. Naməlum mənşəli epilepsiya. Epileptik status. Sağ ağciyərin yuxarı payının kəskin ocaqlı pnevmoniyası. Ensefalit?” diaqnozu ilə Respublika Klinik Xəstəxanaya köçürülmüşdür (x/t- 605/2021). Xəstə xx.xx.2021-ci il tarixədək Respublika Klinik Xəstəxanada stasionar müalicədə olmuş (x/t-755 28), müalicəni davam etdirmək üçün Bakı Sağlamlıq Mərkəzinə köçürülmüş, xx.xx.2021-ci il tarixədək “Kəskin disseminə olunmuş ensefalit. Dəqiqləşdirilməmiş kəskin meninqoensefalit (Viral/autoimmun?). Postinfeksion epileptik sindrom. Ensefalitin qalıq əlamətləri. Dəqiqləşdirilməmiş epileptik status. Digər qram-mənfi mikroorqanizmlər tərəfindən törədilən sepsis. Klebsiella pneumonia-karbapenem rezistent. Klebsiella pneumoniae tərəfindən törədilən pnevmoniya. Ventilyatorla əlaqəli pnevmoniya” diaqnozu ilə stasionar müalicədə olmuşdur (x/t-L0114528-Y2********). Şəhadətnamənin 11-ci bəndinə əsasən Diaqnoz: keçirilmiş kəskin disseminə olunmuş ensefalitdən sonrakı qalıq əlamətləri. Postinfeksion epileptik sindrom. XBT: G04.0, G40.1. “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Şəhadətnamənin 12-ci bəndindən görünür ki, HHK-nın hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və sair yararlılıq haqqında qərarı: Xəstəliklər cədvəlinin, 22 “a” mad., İİ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı və DİN-in xx.xx.2008-ci il tarixli 559 nömrəli Təlimatı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”-yə qoşma) əsasən: “D”-həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasızdır. İşdə olan cavabdehin xx.xx.2024-cü il tarixli 3-13-14-1/2-1709/2024 nömrəli məktubdan görünür ki, İddiaçı Afıq oğlu 2021-ci il 31 avqust tarixində “Keçirilmiş kəskin disseminə olunmuş ensefalitdən sonrakı qalıq əlamətləri. Postinfeksion epileptik sindrom” diaqnozu ilə Hərbi-həkim komissiyasında hərbi xidmət dövründə qazandığı xəstəliyə görə son şəhadətləndirilmə aparılmışdır. Komissiya tərəfindən İddiaçı hərbi xidmətə yararlılığı barədə “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır”, xəstəliyinin səbəb əlaqəsi haqqında isə “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərarı verilərək 2101 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Şəhadətləndirilməyə dair sənəddə əks olunan məlumatlar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilmişdir. Qərarın dəyişilməsinə əsas olmadığından Hərbi-həkim komissiyası İddiaçı təkrar şəhadətləndirilməsini məqsədəmüvafiq hesab etməmiş və onun şəhadətləndirilməsinə dair 2021-ci il 31 avqust tarixli qərarı qüvvədə saxlanılmışdır. İddiaçı hazırda cavabdehin bu imtinasını mübahisələndirərək, onun aldığı xəsarətin “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi deyil, “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışdır” kimi şəhadətləndirilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən: - Bənd 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. -bənd 1.3. Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra — şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkimuçuş komissiyaları) yaradılır. -bənd 5.1. Hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbihəkim komissiyasına həvalə olunur. Şəhadətləndirilməni cərrah, terapevt, nevropatoloq, oftalmoloq, otorinolarinqoloq həkim-mütəxəssislər, zərurət olduğu halda isə digər ixtisaslardan olan həkimlər keçirirlər. Hərbi qulluqçunun hərbi xidmətə yararlılıq kateqoriyası haqqında qərar bu Əsasnamənin 2.6-cı bəndinə uyğun olaraq çıxarılır. -Bənd 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Hərbi-həkim komissiyası hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçən, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki: a) vətəndaş hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə hərbihəkim komissiyası tərəfindən şəhadətləndirilmiş və ya müalicə almış olsun, yaxud hərbi xidmətdən (orqanlarda xidmətdən) sağlamlıq vəziyyətinə görə buraxılmış olsun; b) vətəndaşda döyüş əməliyyatlarında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrinin aşkar nəticələri olsun; c) hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmış xəsarət, xəstəlik nəticəsində, yaxud hərbi xidmətdən (hərbi toplanışın qurtarmasından), orqanlarda xidmətdən buraxıldıqdan sonra 3 (üç) ay ərzində vətəndaşın əlilliyi müəyyən edilmiş olsun, yaxud o, vəfat etsin. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmətibbi eksperti tərəfindən təyin edilir. - bənd 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; b) “Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır”; c) “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”; ç) “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”; d) “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”; e) “Ümumi xəstəlikdir”. -c) “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti “a” yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ — İİ qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa; tibbi heyətdən olan şəhadətləndirilən şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa. İstinad olunan normalardan görünür ki, hərbbi qulluqçunun “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi şəhadətləndirilməsi üçün onun xəsarəti, yaxud xəstəliyi yuxarıda istinad edilən Əsasnamənin 7.2-ci bəndinin c bəndində göstərilən hallarından biri ilə əlaqədar baş verməlidir. İşdən görünür ki, iddiaçının şəhadətləndirilməsinə əsas xəstəlik olmuş, həmin xəstəlik isə Əsasnamənin istinad olunan bəndində göstərilən hallardan biri üzrə yaranmamışdır. Belə olan halda isə aydındır ki, iddiaçının hərbi xidmət dövründə aldığı xəstəliyin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi şəhadətləndirilməsi üçün hüquqi əsas olmamış, cavabdeh əsaslı olaraq onun müraciətinin təmin etməkdən imtina etmişdir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cavabdehə qarşı hazırkı məzmunda tələbi əsaslı sayıla və təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-3501/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3501/2025
25.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver