Məhkəmə qərarları › İş №2-1(112)-3502/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3502/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3502/2021 28.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı, İmişli Regional Ədliyyə İdarəsi və Biləsuvar rayon İcra və Probasiya Şöbəsi üçüncü şəxs qismində göstərilməklə “şikayət ərizəsinə cavabdeh tərəfindən qanunamüvafiq qaydada cavab verilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 02 mart 2020ci il tarixli şikayət ərizəsinə cavab verməməsinin qanunsuz, əsassız hesab edilməsi və 02 mart 2020-ci il tarixli şikayət ərizəsinə cavab verməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Daha sonra iddiaçı 19.01.2021-ci il tarixli ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 10 fevral 2020-ci il tarixli şikayət ərizəsinə cavab verməməsinin qanunsuz, əsassız hesab edilməsi və 10 fevral 2020-ci il tarixli şikayət ərizəsinə cavab verməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia üzrə məhkəmə icraatının müzakirəsi məqsədilə əlaqədar məhkəmə iclası 28 aprel 2021-ci il tarixə təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə dəftərxanası vasitəsilə məktub ünvanlayaraq, məhkəmə proseslərinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. 3-cü şəxs İmişli Regional Ədliyyə İdarəsi idarədə iş yükünün ağır olması ilə əlaqədar olaraq məhkəmə prosesinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi hər iki şikayət ərizələrinə dair iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddia ərizəsindən belə aydın olur ki, iş üzrə İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə 10 fevral 2020-ci il və 02 mart 2020-ci il tarixlərində müraciət etmiş, iddiaçının müraciətinə cavab verilməmişdir. Hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddiaçı onun şikayət ərizəsinə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İş üzrə məhkəmə sorğusuna cavab olaraq cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qeyd etmişdir ki, İddiaçı Ədliyyə Nazirliyinə ünvanlanmış 02.03.2020-ci il tarixli müraciətinə digər orqanlardan daxil olan aidiyyəti müraciətlərlə birgə 14.04.2020-ci il tarixdə cavab verilmişdir. Həmin cavab məktubunun surəti iş materiallarına əlavə edilmişdir. Göstərilənlərə əsasən Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi üzrə mübahisə mövcud olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin hərəkətlərindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müxtəlif vaxtlarda şikayət ərizələri ünvanlamış, həmin şikayət ərizələrinə cavab verilmədiyini qeyd etmiş, lakin iş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının cavab verilmədiyi iddia etdiyi şikayət ərizələrinə dair cavabdeh inzibati orqan tərəfindən 14.04.2020-ci tarixdə 04/11-3279 nömrəli müvafiq məktubla iddiaçıya cavab ünvanlanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı, İmişli Regional Ədliyyə İdarəsi və Biləsuvar rayon İcra və Probasiya Şöbəsi üçüncü şəxs qismində göstərilməklə “şikayət ərizəsinə cavabdeh tərəfindən qanunamüvafiq qaydada cavab verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayəti verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar