Məhkəmə qərarları › İş №2-1(112)-3503/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3503/2021

02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3503/2021 02.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra və probasiya şöbəsinə qarşı icra sənədinin qaytarılmasının həvalə edilməsi tələbinə dair iddia ərizəsi üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra və probasiya şöbəsinə qarşı icra sənədinin qaytarılmasının həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinin İddiaçı X1 xeyrinə 2.900 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatı məzənnəsi ilə pulun tutulması barədə icra sənədinin geri qaytarılmamasının qanunsuz hesab edilməsi, həmin icra işi ilə bağlı icra sənədinin qaytarılması barədə müvafiq qərar qəbul edilməsinin Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinin öhdəliyinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən iddiaçı X1 iddiası təmin edilərək hazırki iş üzrə iddiaçı, cavabdeh İddiaçı 2900 ABŞ dolları ödəniş gününə Azərbaycan manatı məzənnəsi ilə və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul vəsaiti tutulması müəyyən edilmişdir. Qətnamə qüvvəsini almışdır. Qətnamənin icra edilməsi üçün icra vərəqəsi verilmiş və icrası Nizami rayon İcra şöbəsinə tapşırılmışdır. İcra məmuru icra vərəqəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. İcra işi ilə əlaqədar iddiaçı icra şöbəsinə gəlmiş və gəlirlərinin olub-olmaması barədə əmlakının olmaması barədə məlumat vermişdir. İddiaçı heç yerdə işləmir, məşğulluq mərkəzində işsiz kimi uçotdadır. Bundan sonra icra işi yaşadığı yer üzrə Sabunçu rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra işinin materiallarından görünür ki, iddiaçı heç yerdə işləmir, işsizlik kimi məşğulluq mərkəzində qeydiyyatdadır, müavinət almır. Tələbin yönləndirilə biləcək əmlakı yoxdur. Bundan sonra Sabunçu rayon İcra və probasiya şöbəsindən ona dəfələrlə zəng olunaraq, qətnaməni icra edilməsi tələb edilmişdir. İcra şöbəsinə icra işinin geri qaytarılması haqqında ərizə yazılsa da buna məhəl qoyulmamışdır. İddiaçı hesab edir ki,cavabdehin hərəkətsizliyi qanuna ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizə məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası sonuncu dəfə xx xxxxxx 2021-ci il tarixə təxirə salınmışdır. xx xxxxxx 2020-ci il tarixdə iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək himayəsində azyaşlı uşaq olduğundan məhkəməyə gələ bilmədiyini, iddianı müdafiə etdiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki, Baki şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(007)-138/2014 saylı qətnaməsi ilə İddiaçı X1 xeyrinə 2900 ABŞ dolları borc ödəniş gününə Azərbaycan manatı məzənnəsi ilə və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaititnin tutulması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən xx.xx.2014-cü il tarixdə qətnamə üzrə icra vərəqəsi verilərək, icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və sonuncu tərəfindən xx.xx.2014-cü il tarixli qərarı ilə icraata başlanılmışdır. Daha sonra icra vərəqəsi aidiyyati üzrə olunması üçün Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və sonuncu tərəfindən xx.xx.2018-ci il tarixli qərarı ilə icraata başlanılmışdır. Hazırda iddiaçı Bakı şəhəri Sabunçu rayon İcra və probasiya şöbəsinin üzərinə mülki iş üzrə çıxarılmış məhkəmə qətnaməsinin icrası ilə bağlı verilmiş icra sənədinin geri qaytarılması öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə iddiaçının hazırkı tələbinə hüquqi qiymət verilməsi ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarına istinad edilməsini zəruri hesab edir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” x xxxxx 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-cı maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibatı-iqtisadı məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1 -ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Bundan əlavə Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında'' Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” xx xxxxxxxx 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası inzibati Prossesual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxılır. Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” qərarında isə göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxlında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Həmin Qərarda qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Bundan əlavə məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə xx xxxx 1997-ci il tarixli Qərar). Beləliklə, yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də X3 Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra və probasiya şöbəsinə qarşı icra sənədinin qaytarılmasının həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar