Məhkəmə qərarları › İş №2-1(112)-3503/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3503/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3503/2025 23.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə qarşı “yeni məlumat vərəqəsinin tərtib edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin olunması üçün barəsində müvafiq məlumat vərəqinin tərtib olunaraq (əmək kitabçalarında göstərilən mülki iş stajı nəzərə alınmaqla) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1994- cü il tarixədək 155 nömrəli uşaq bağçasında, xx.xx.2001-ci ildən xx.xx.2004cü il tarixədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyində mülki şəxs kimi çalışmış (14 il, 04 ay, 22 gün), xx.xx.2004-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Müdafiə Nazirliyində qadın hərbi qulluqçu kimi xidmət keçmiş (12 il, 06 ay, 11 gün), xx.xx.2016-cı il tarixdə isə yaşa görə ehtiyata buraxılmışdır. Onun ümumi stajı 26 il, 11 ay, 10 gün təşkil edir. O, xx.xx.2024-cü il tarixdə etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə cavabdehə ərizə ilə müraciət edərək yaşa görə əmək pensiyasının təyin olunması üçün barəsində müvafiq məlumat vərəqinin tərtib olunaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsinə göstəriş verilməsini xahiş etmiş, lakin ona xx.xx.2024-cü il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, onun mülki iş stajı 14 il, 04 ay, 22 gün yox, cəmi 05 il, 04 ay 13 gün təşkil edir. Cavabdehin imtinasını qanunsuz hesab edir. Belə ki, ona məxsus olan əmək kitabçasında 155 №-li uşaq bağçasında işləməyi öz əksini tapmışdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.2024-cü il tarixədək olan redaksiyada) 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası almaq hüququ vardır. Lakin, istefada olan qadın hərbi qulluqçu çavuş İddiaçı 12 il 06 ay 08 gün hərbi xidmət keçdiyinə görə, yəni 20 təqvim ili xidmət etmədiyinə görə, bu maddənin müddəalarına əsasən pensiya almaq hüququna malik deyil. Bundan başqa Qanunun (xx.xx.2024-cü il tarixədək olan redaksiyada) 9.5.2-ci və 9.5.3-cü maddələrinə müvafiq olaraq hərbi xidmətdən yaşa görə buraxılmış, habelə buraxıldığı günə 45 və daha çox yaşı olan xəstəliyinə və səhhətinin məhdud imkanlarına, eləcə də ştatların ixtisarına görə buraxılmış hərbi qulluqçuların 25 təqvim ili və daha çox ümumi iş stajı olduğu, bu stajın 12 il 06 ayını hərbi xidmətdə keçirdiyi halda hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası almaq hüququ vardır. İddiaçı hərbi xidmətdən yaşa görə buraxılmasına, 12 il 06 aydan artıq hərbi xidmət keçməsinə baxmayaraq, onun 25 təqvim ili ümumi əmək stajının təşkil edilməsi üçün vacib olan mülki iş müddətinin müəyyən dövrü, yəni xx.xx.1983-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Bakı şəhərində 155 nömrəli uşaq bağçasında əmək fəaliyyəti ilə məşğul olduğu dövr şübhə yaratdığından iddiaçıya pensiya hüququnun yaranıb-yaranmaması məsələsi mübahisə predmetinə çevrilmişdir. Belə ki, iddiaçının 155 nömrəli uşaq bağçasındakı iş müddəti barədə məlumatlar ИT-l № ******* nömrəli əmək kitabçasında, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Müdafiə Nazirliyindəki mülki iş müddəti barədə məlumatlar isə AT-Vİİ № ******* nömrəli əmək kitabçasında qeyd edilmişdir. İddiaçının 155 nömrəli uşaq bağçasındakı iş müddəti barədə şübhəli məlumatlar nə həmin müəssisə tərəfindən, nə də ki Dövlət Arxivinin müvafiq filialı tərəfindən bugünədək təsdiq edilməmişdir. Bu səbəbdən də, iddiaçı barəsində məlumat vərəqinin tərtib edilərək cavabdehə göndərilməsi mümkün olmamışdır. İddiaçı iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, o, 155 nömrəli uşaq bağçasında xadimə və bu kimi digər vəzifələrdə çalışmışdır. Müdafiə Nazirliyinə işə qəbul edilərkən cavan olmuş və utandığı üçün əvvəllər işlədiyi vəzifələr barədə məlumat verməmiş, əvvəlki əmək kitabçasını təqdim etməmişdir. Bu səbəbdən ona yeni əmək kitabçası açılmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etirazın məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, iddiaçı Müdafiə nazirliyində işə qəbul edilərkən yazdığı tərcümeyi halında da əvvəlki iş stajı barədə məlumat verməmişdir. Bu isə iddiaçının həqiqətən 155 nömrəli uşaq bağçasında işlədiyini şübhə altına alır. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1983-cü il tarixdə 155 saylı uşaq bağçasına müvəqqəti olaraq aşbaz kömkçisi vəzifəsinə təyin edilmiş, xx.xx.1983-cü il tarixdə daimi xadimə vəzifəsinə keçirilmiş, xx.xx.1994-cü il tarixdə öz arzusu ilə işdən azad edilmişdir. İddiaçıya məxsus АТ-Vİİ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrinin Zirehli Tank Xidmətində kargüzar vəzifəsinə qəbul edilmiş, xx.xx.2004-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş iddiaçıya aid Xidmət dəftəçəsindən görünür ki, o xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrinin Zirəkli Tank Xidmətində kargüzar vəzifəsində işləyib, xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək məxfi bölmənin kargüzarı, xx.xx.2009-cu il tarixdən xx.xx.2013-cü il tarixədək kargüzarlıq rəisi, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək məxfi bölmənin kargüzarı, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək məxfi bölmənin kargüzarı vəzifəsində işləmişdir. xx.xx.2016-cı il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin a bəndinə əsasən yaşa görə istefaya buraxılmışdır. Azərbaycan Respuublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsində 155 nömrəli uşaq bağçasına aid əmr kitablarında İddiaçı barədə mövcud olan sənədlər təqdim edilmişdir. Həmçinin, bildirilmişdir ki, iddiaçının xx.xx.1983-xx.xx.1994-cü il tarixllərində 155 nömrəli uşaq bağçasında işlədiyi dövrə aid əməkhaqqı cədvəlləri Bakı Şəhəri üzrə Təhsil İdarəsində mövcud deyildir. Təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdən 155 saylı uşaq bağçasına müvəqqəti olaraq aşbaz köməkçisi vəzifəsinə təyin edilmiş, həmin bağçada müxtəlif vəzifələrdə (xadimə, fəhlə, aşbaz) çalışmış, daha sonra 30 may 1983-cü il tarixdə öz ərizəsi əsasında texnikuma qəbul olması ilə əlaqədar işdən azad edilmişdir. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının 21 noyabr 2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan Binəqədi rayon Təhsil şöbəsinin 155 saylı Uşaq bağçasının 1987-1994-cü illərə dair arxiv sənədlərində vətədaş İddiaçı əmək haqqı hesablanması barədə heç bir məlumat yoxdur. Binəqədi rayon Təhsil şöbəsinin əmr kitabları və 155 saylı Uşaq bağçasının 1983-1986-cı illərə dair arxiv sənədləri Dövət Arxivinin Bakı filialına təhvil verilməmişdir. xx.xx.2016-cı il tarixli məlumat vərəqinə əsasən iddiaçının təqvimi iş stajı 12 il, 06 ay, 08 gün, sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 325,00 manat, rütbə maaşı 100,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 20 faizi miqdarında əlavə 85,00 manat, ərzaq payı əvəzinə kompensasiya 64 manat, 2-ci məharət dərəcəsinə görə 10% miqdarında 32,50 manat olmaqla cəmi təminat xərcliyi 606,50 manat təşkil etmişdir. ЗТ seriyalı, 058771 nömrəli, 28 dekabr 1985-ci il tarixli diplomun surətinə əsasən iddiaçı 1983-cü ildə Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin N.K.Krupskaya adına Bakı mədəni-maarif məktəbinə daxil olmuş və 1985 ildə N.K.Krupskaya adına Bakı mədəni-maarif məktəbinin mədəni-maarif işi ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının 27 dekabr 1985-ci il tarixli qərarı ilə ona Klub işçisi, özfəaliyyət rəqs kollektivi rəhbəri ixtisası verilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, istefada olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı hərbi xidmət illəri təqvimlə - 12 il 06 ay 08 gün, mülki iş stajı - 05 il 04 ay 13 gün, ümumi əmək stajı isə 17 il 10 ay 21 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (01 yanvar 2024-cü il tarixə olan dəyişikliklərədək qüvvədə olmuş) 9.5.2-ci və 20.14.2-ci maddələrinin müddəalarına görə hərbi qulluqçunun xidmətdən buraxıldığı günə 25 təqvim ili ümumi əmək stajı olmalı, bu stajın 12 il 06 ayını hərbi xidmətdə keçirmiş olmalıdır. İddiaçı hərbi xidmət illəri 12 il 06 ay 08 gün olmasına baxmayaraq, onun mülki iş stajı kifayət qədər olmadığına görə, ümumi əmək stajı 25 təqvim ili təşkil etmir. Bu səbəbdən də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarına müvafiq olaraq İddiaçı barəsində “Məlumat vərəqi” tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Elektron məlumatlar bazasına daxil edilməsi qanuna müvafiq deyildir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində onun aylıq vəzifə maaşı barədə yeni məlumat vərəqinin tərtib edilərək müvafiq orqana göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, lakin iddiaçının tələbindən imtina edilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunda həmçinin göstərilmişdir ki, aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular (9.5.). Həmin Qanunun 9.5.1-ci maddəsinin xx.xx.2024-cü il tarixədək olan redaksiyasında göstərilirdi ki, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası almaq hüququ vardır. Qanunun həmin dövrə qədər qüvvədə olmuş 9.5.2-ci və 9.5.3-cü maddələrinə müvafiq olaraq hərbi xidmətdən yaşa görə buraxılmış, habelə buraxıldığı günə 45 və daha çox yaşı olan xəstəliyinə və səhhətinin məhdud imkanlarına, eləcə də ştatların ixtisarına görə buraxılmış hərbi qulluqçuların 25 təqvim ili və daha çox ümumi iş stajı olduğu, bu stajın 12 il 06 ayını hərbi xidmətdə keçirdiyi halda hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası almaq hüququ vardır. Göründüyü kimi iddiaçı Müdafiə Nazirliyində əvvəlcə mülki işçi kimi çalışmış, sonradan hərbi qulluqçu kimi xidmət keçmiş və xx.xx.2016-cı il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin a bəndinə əsasən yaşa görə istefaya buraxılmışdır. İddiaçı həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən 12 il 06 aydan hərbi xidmət dövrünün və 25 il ümumi stajının olmasına əsaslanaraq ona hərbi qulluqçu kimi əmək pensiyasının təyin edilməsi üçün məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh iddiaçının hərbi xidmət dövrünün 12 il 06 ay 08 gün, mülki iş stajının 05 il 04 ay 13 gün, ümumi əmək stajının isə 17 il 10 ay 21 gün təşkil edir, yəni 25 ildən az olması səbəbindən iddiaçıya imtina cavabı vermişdir. İddiaçının mübahisələndirilən əmək stajı dövrü onun ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasında əks olunmuş xx.xx.1983-cü il tarixdən xx.xx.1994- cü il tarixədək 155 nömrəli uşaq bağçasında işləməsi ilə bağlı əmək stajı dövrüdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-c il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaların 4.1.1-ci maddəsinin müddəalarına müvafiq olaraq əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajının 2006-cı il yanvarın 1-dək olan dövr “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə müvafiq olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçının qeyd olunan dövr üzrə əmək stajının həqiqiliyinin müəyyən edilməsi üçün işin məhkəmə araşdırması zamanı müvafiq sorğular verilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu məhkəməyə göndərilmiş 155 nömrəli uşaq bağçasına aid əmr kitablarına nəzər yetirdikdə onun əvəzçilik qaydasında aşpaz köməkçisi kimi işə qəbul edilməsi barədə xx.xx.1983-cü il tarixli, əvəzçilik qaydasında xadimə vəzifəsinə keçiliməsi barədə xx.xx.1983-cü il, qida blokuna fəhlə qəbul edilməsi barədə xx.xx.1983-cü il, digər işçinin işə çıxması ilə əlaqədar xadimə vəzifəsindən azad olunması barədə xx.xx.1983-cü il tarixli əmrlərin mövcud olması aşkar edilir. Yəni, iddiaçının 155 nömrəli uşaq bağçasında əmək fəaliyyəti ilə bağlı əmrlər yalnız 1983-cü ilə aiddir. Eyni zamanda Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iddiaçının xx.xx.1983xx.xx.1994-cü il tarixllərində 155 nömrəli uşaq bağçasında işlədiyi dövrə aid əməkhaqqı cədvəllərinin Bakı Şəhəri üzrə Təhsil İdarəsində mövcud olmadığı bidirilmişdir. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının 21 noyabr 2024-cü il tarixli məktubunda 155 saylı Uşaq bağçasının 1983-1986-cı illərə dair arxiv sənədlərinin Dövət Arxivinin Bakı filialına təhvil verilmədiyi, 1987-1994-cü illərə dair arxiv sənədlərində iddiaçıya əmək haqqı hesablanması barədə heç bir məlumat olmadığı bildirilmişdir. Digər bir diqqət çəkən məqam ondan ibarətdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş inzibati icraat materialları arasında iddiaçının hərbi xidmətə qəbulu zamanı yazdığı tərcümeyi-halı mövcuddur. Həmin tərcümeyi halda isə onun 155 nömrəli uşaq bağçasında işlədiyi dövrə dair heç bir məlumat öz əksini tapmamışdır. İddiaçı məhkəmə iclasında bunu hərbi xidmətə qəbulu zamanı “utandığı” üçün gizlətdiyini bildirsə də, həmin dəlil məhkəmə tərəfindən əsassız hesab edilir. Belə ki, iddiaçı tərəfindən əmək kitabçası da həmin vaxt təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 römrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na əsasən hərbi və xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada Dövlət Sosial Müdafiə Fonduna ötürülür. Məhkəmə hesab edir ki, iddiaçının 1983-1994-cü illərə dair əmək stajınını olması mötəbər sübutlarla təsdiq edilmədiyi üçün iddiaçıya pensiya təyini zamanı nəzərə alına bilməz. Cavabdehin imtinası qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi üçün barəsində məlumat vərəqəsinin tərtib olunaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar