Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3504/2023 24.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı və onun vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında təkrar şəhadətnamənin alınması üçün sorğu göndərilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun xx.xx.1952-ci il tarixdə Gürcüstanın Marneuli rayonunun Xocorni bələdiyyəsinin Tsopi kəndində anadan olmuş İddiaçı - doğum faktının Gürcüstan Respublikasının Marneuli rayonu Xocorni kənd sovetliyi tərəfindən qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Gürcüstan Respublikasının müvafiq dövlət qurumlarından alınması üçün Gürcüstan Respublikasının müvafiq qurumlarına sorğunun göndərilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1952-ci il tarixdə Gürcüstanın Marneuli rayonunun Xocorni bələdiyyəsinin Tsopi kəndində anadan olmuşdur. Elə həmin ildə də Marneuli rayonu Xocorni kənd sovetliyi tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. X2 1931-ci ildə Gürcüstanın Marneuli rayonunun Xocorni kəndində anadan olmuş və Gürcüstanın Marneuli rayonunun Tsopi kəndində vəfat etmişdir. Anası Gürcüstan Respublikasının vətəndaşı olmuşdur. X4 1926-cı ildə Gürcüstanın Marneuli rayonun Tsopi kəndində anadan olmuş, və Gürcüstanın Marneuli rayonun Tsopi kəndində vəfat etmişdir. Atası Gürcüstan Respublikasının vətəndaşı olmuşdur. İddiaçı 1959-cu ildə Tsopi kənd ota məktəbinin birinci sinfinə getmiş, 1967-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmiş, 1969-cu ildə Bolnisi rayonunda sürücülük məktəbinə getmişdir. Lakin hərbi xidmətə çağırıldığı üçün orada təhsilini başa vura bilməmişdir. xx.xx.1970-ci il tarixdə Marneuli rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, hərbi xidməti Naxçıvan Muxtar Respublikasında keçmişdir. xx.xx.1972-ci il tarixdə hərbi xidməti başa vurmuşdur. Hərbi xidmətdə olduğu dövrdə - xx.xx.1972-ci il tarixdə - Naxçıvan Muxtar Respublikasında anadan olmuş xx.xx.1952-ci il təvəllüdlü X7 ilə nikaha daxil olmuşdur. Həmin vaxt onun pasportu olmadığı üçün hərbi biletlə nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra arvadına iddiaçının soyadına uyğun olaraq “İbadova” soyadı verilmişdir. Onların nikahı Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər VVAQ Şöbəsi tərəfindən qeydə alınmışdır. Nikaha daxil olduqdan sonra məzuniyyət götürərək arvadını Gürcüstanın Marneuli rayonunun Tsopi kəndində yaşayan valideynlərinin yanına aparmış və sonra özü geri dönmüşdür. Həmin nikahdan onların dörd övladı doğulmuşdur. Hərbi xidməti başa vurduqdan sonra Gürcüstanın Marneuli rayonunun Tsopi kəndinə qayıtmışdır. 1972-ci ilin noyabr ayında Marneuli rayonu X11 tərəfindən ilk dəfə pasportla təmin edilmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra Marneuli rayonunun Tsopi kəndində fəaliyyət göstərən mərmər zavodunda çalışmağa başlamış, təxminən iki il həmin zavodda çalışmışdır. Təxminən 1975-1976-cı ildə Marneuli rayon X11 tərəfindən SSRİ nümunəli pasportla təmin edilmişdir. Təxminən 1976-cı ildə işləmək məqsədilə Rusiya Federasiyasının Samara vilayətinin Çapayevsk şəhərinə getmiş, dörd il orada tikintidə briqadir kimi çalışmışdır. Daha sonra Rusiya Federasiyasının Krasnoyarsk, Tümen vilayətlərində tikintidə briqadir kimi işləmişdir. O, Rusiya Federasiyasında mövsümi işdə çalışdığı üçün Gürcüstana gedib-gəlirmiş. Axırıncı dəfə Gürcüstana təxminən 1991-ci ildə getmiş, daha sonra 2013-cü ilə kimi Rusiyada qalıb işləmiş və bir daha Gürcüstana qayıtmamışdır. SSRİ nümunəli pasportlar qüvvədən düşdükdən sonra o, Rusiya Federasiyası tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. Bu səbəbdən də o, 2013-cü ilin ortalarında Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət etmiş və Azərbaycandan Gürcüstana tranzit getmək üçün sənədlə təmin edilmişdir. O, Azərbaycana gəldikdən sonra Gürcüstan Respublikası vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədi olmadığı üçün Gürcüstana gedə bilməmiş, Azərbaycanda qalmalı olmuşdur. 2013-cü ildə, Azərbaycana gəldiyi vaxtdan Bakı şəhərinin ərazisində müxtəlif ünvanlarda kirayədə yaşamış, Azərbaycanda yaşadığı vaxtda tikinti şirkətlərində qaynaqçı kimi çalışmışdır. Azərbaycana gələndən təxminən 5-6 ay sonra Gürcüstan tərəfindən verilmiş SSRİ nümunəli pasportunu itirmişdir. Həmin vaxtdan sonra müxtəlif orqanlara müraciət etsə də, sənədlərini qaydasına sala bilməmiş, 2021-ci ildə doğum haqqında şəhadətnaməsini də itirmişdir. Tezliklə 70 yaşı olacaq, lakin doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədi olmadığı üçün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. Hazırda o heç bir dövlətin himayəsindən effektiv istifadə edə, şəxsi və sosial münasibətlərə daxil ola və vətəndaş kimi hüquqlarından yararlana bilmir. Şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyi üçün ona doğum haqqında şəhadətnamə lazımdır. Bu səbəbdən də onun doğum haqqında təkrar şəhadətnamə ilə təmin olunmağı zərurəti yaranmışdır. Lakin şəxsiyyətini təsdiq edən və sərhədkeçməyə əsas verən sənədi olmadığı üçün Gürcüstan Respublikasına gedib həmin sənədi ala bilmir. Hazırda o, Dövlət Miqrasiya Xidməti tərəfindən ünvan 2 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, xx/xx-2726 nömrəli imtina məktubu əsasında müraciəti təmin etməmişdir. Buna görə də o xx.xx.2022-ci il tarixdə Cavabdehnə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən sənəd tələb etmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun - xx.xx.1952-ci il tarixdə Gürcüstanın Marneuli rayonunun Xocorni bələdiyyəsinin Tsopi kəndində anadan olmuş İddiaçı doğum faktının Gürcüstan Respublikasının Marneuli rayonu Xocorni kənd sovetliyi tərəfindən qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Gürcüstan Respublikasının müvafiq qurumlarından alınaraq iddiaçıya təqdim edilməsi üçün Gürcüstan Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsini xahiş etmişdir. Lakin Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat Şöbəsi xx.xx.2022-ci il tarixli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinə istinad edərək iddiaçının şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədiyinə görə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı bu imtinanı əsassız sayır. Hesab edir ki, qeyd olunan Qaydanın 9.7-ci bəndi ona münasibətdə tətbiq edilə bilməz. Belə ki, həmin müddəa yaşayış yeri üzrə qeydiyyata alınıb artıq şəxsiyyət vəsiqəsi ilə təmin olunmuş şəxslərə aiddir. Onun vəziyyəti isə fərqlidir, şəxsiyyətini təsdiq edən sənədi yoxdur. Bu müstəsna haldır, lakin bu vıziyyət onun hüquqlarının pozulması ilə nəticələnməməlidir. Şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün o, vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT QAK tərəfindən himayə sənədi ilə təmin edilmişdir. Həmin himayə sənədi əsasında iddiaçı AR Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmışdır. Bu səbəbdən də cavabdehə müraciət edərkən ərizəsinə şəxsiyyətini təsdiq etmək üçün BMT QAK tərəfindən verilmiş himayə sənədini və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən AR Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayışı əlavə etmişdir. Bundan başqa, onun şəxsiyyəti, yəni kim olmağı artıq dövlət qurumları tərəfindən tanınır. Belə ki, BMT QAK-ın verdiyi himayə sənədi əsasında o AR Dövlət Miqrasiya Xidməti tərəfindən ünvan 2 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. İddiaçı şəxsiyyətinin BMT QAK-ın verdiyi himayə sənədindən müəyyən edildiyini bildirir və cavabdeh inzibati orqanın onun müəyyənləşdirilmiş şəxsiyyətini mübahiələndirməyə əsası olmadığını qeyd edərək imtinanı qanunazidd hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdehin iddiaya yazılı münasibəti (etirazı) daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdilər və tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni doğum haqqında təkrar şəhadətnamənin Gürcüstan Respublikasının müvafiq dövlət qurumlarından alınması üçün həmin ölkənin aidiyyəti qurumlarına sorğunun göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlıdır. İddiaçı qeyd olunan tələbi ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən arzuladığı faktiki xarakterli hərəkətlər həyata keçirilmədikdən sonra, seçdiyi yer üzrə Cavabdehnə qarşı iddia qaldırmışdır. İrəli sürülmüş iddia öhdəliyin icrası növündə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sabunçu rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli, xx/xx-2726 saylı məktubundan görünür ki, iddiaçının doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı müraciətinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 9.7 bəndinə əsasən, “Yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığı götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə,təkrar şəhadətnamələr verilə bilər”. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir”. Yuxarıda qeyd olunanlara əsasən şəxsiyyət vəsiqənizin olmaması səbəbindən doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün deyildir. - Naxçıvan Muxtar Respublikasının Babək rayonu VVADQ Şöbəsi tərəfindən xx.xx.1972-ci il tarixdə verilmiş AZ№212392 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1952-ci il tarixdə Gürcüstanın Respublikasının Marneuli rayonunun Copi kəndi kəndində doğulmuş İddiaçı xx.xx.1952-ci il təvəllüdlü X7 nikaha daxil olmuş, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında 08 sentyabr 1972-ci il tarixdə, 28 nömrə ilə qeyd edilmişdir. - Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 9xx-xx-00198 nömrəli Himayə Sənədininin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, sənəd xx.xx.1952-cı il tarixdə anadan olmuş İddiaçı verilmişdir. Bu sənədi daşıyan şəxs BMT QAK-ın mandatı altında olan şəxsdir. Sənəd xx.xx.2023-cü il tarixədək etibarlıdır. Himayə sənədində “mühüm qeyd” kimi 3 məsələ göstərilmişdir: - BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi hökümət orqanlarından adı çəkilən şəxsin Azərbaycan Respublikası ərazisində qalmasına şərait yaradılmasını və məcburi geri qaytarılmasının qarşısının alınmasını xahiş edir. - Bu sənəd səfər üçün istifadə oluna bilməz - Bu sənədin surəti Daxili İşlər Nazirliyinə, Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə göndərilir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqınların Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2022-ci il tarixli, K/595 nömrəli arayışının surətindən görünür ki, xx.xx.1952-ci il təvəllüdlü, BMT QAK-ın himayəsində olan İddiaçı (Asad İbadov) (Himayə Sənədi № ***-*******7) Dövlət Miqrasiya Xidməti tərəfindən 19 sentyabr 2022-ci il tarixindən 30 sentyabr 2023-cü il tarixinədək ünvan 4 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olması, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı anket məlumatları ilə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu ilə sənədləşdirilmiş şəxs aşkar edilməmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli məktubdan görünür ki, İddiaçı müraciətinə cavab olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın tələblərinə uyğun şəkildə Dövlət Miqrasiya Xidmətinə müraciət etməsi tövsiyə olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı qaçqın statusunun verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti daxil olmamışdır. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı dövlət sərhədindən hərəkti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. - AR Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı (İbadov Asad) xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ünvan 2 ünvanına olduğu yer üzrə qeydiyyata alınması üçün əsas olan sənəd BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş ***-*******7 nömrəli himayə sənədi olmuşdur. İşin faktiki hallarından görünür ki xx.xx.1952-ci il təvəllüdlü olmaqla X1 rayonunun Tsopi kəndində anadan olmuş iddiaçı hazırda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin verdiyi himayə sənədinə əsasən vətəndaşlığı olmayan şəxs kimi BMT QAK-nın mandatı altında olan şəxsdir. AR Dövlət Miqrasiya Xidməti həmin sənəd əsasında iddiaçını ünvan 2 ünvanı üzrə olduğu yer üzrə qeydiyyata almışdır. İddiaçı şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə sənədləşdirilməmişdir. İddiaçı ona məxsus sənədlərlə doğumun qeydə alındığı ölkəyə gedə bilmir və lazımi sənədləri əldə edə bilmir. İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, lakin sonuncu iddiaçının şəxsiyyət vəsiqəsini təqdim etmədiyini əsası ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, hazırkı tələbin hüquqi əsasını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları" təşkil edir. Həmin Qaydaların: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir; - 9.7-cı bəndinə əsasən, (...) 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-cı maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bununla yanaşı, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir. Hər iki müddəaların mənasından aydın olur ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsınə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin: - 3.0.2-ci maddəsinə əsasən vətəndaşlığı olmayan şəxs - heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir. - 21.1-ci maddəsinə görə Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). - 21.6-cı maddəsinə əsasən BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. - 74.1-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. - 74.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində yaşayan və ya müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Sadalanan normaların tələblərindən çıxış edərək məhkəmə qeyd edir ki, qanunvericilik aktlarında vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd kimi himayə sənədi müəyyən olunmasa da, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində həmin sənəd şəxsin şəxsiyyəti müəyyən edilməklə yaşadığı yer üzrə qeydə alınması üçün əsas hesab olunur. Hazırkı iş üzrə iddiaçı vətəndaşlığı olmayan şəxsdir və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən vətəndaşlığı olmayan şəxs kimi himayəyə götürülmüşdür. Bu barədə ona himayə sənədi verilmiş və Dövlət Miqrasiya Xidməti həmin himayə sənədi əsasında iddiaçının vətəndaşlığı olmayan şəxs kimi statusunu tanıyaraq onu olduğu ünvan üzrə qeydiyyata almışdır. Oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin sərgilədiyi hüquqi mövqeyə görə, yuxarıda istinad olunan Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirilməsinə imkan verən hər hansı digər rəsmi sənədi ehtiva edir. Bu mənada BMTnin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən şəxsə verilmiş himayə sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilər. Məhkəmə bu mövqedən çıxış edərək hesab edir ki, hazırkı iddia təmin edilməli və iddiaçıdan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi və iddiaçının Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında İddiaçı xx.xx.1952-ci il tarixdə Gürcüstanın Marneuli rayonunun Xocorni bələdiyyəsinin Tsopi kəndində doğum faktının Gürcüstan Respublikasının Marneuli rayonu Xocorni kənd sovetliyi tərəfindən qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Gürcüstan Respublikasının müvafiq dövlət qurumlarından alınması üçün həmin ölkənin aidiyyəti qurumlarına sorğunun göndərilməsi vəzifəsi Cavabdehnə həvalə edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçıdan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi və iddiaçının Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında İddiaçı xx.xx.1952-ci il tarixdə Gürcüstanın Marneuli rayonunun Xocorni bələdiyyəsinin Tsopi kəndində doğum faktının Gürcüstan Respublikasının Marneuli rayonu Xocorni kənd sovetliyi tərəfindən qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Gürcüstan Respublikasının müvafiq dövlət qurumlarından alınması üçün həmin ölkənin aidiyyəti qurumlarına sorğunun göndərilməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-3504/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3504/2023
24.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver