Məhkəmə qərarları › İş №2-1(112)-3508/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3508/2021

01.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3508/2021 01.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyilə iddiaçı Bakı şəhəri Yasamal Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “İnzibati tənbeh vermə haqqında MN № ******* saylı qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (ünvan: ünvan 1əyyən etdi: İddiaçı Bakı şəhəri Yasamal Bələdiyyəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X5 barəsində X6 Xidmətinin Bakı şəhəri İdarəsinin rəisi tərəfindən tətbiq edilmiş İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə 1500 manat (min beş yüz manat) İnzibati tənbeh vermə haqqında MN №1066011 saylı Qərarın müddəti keçdiyindən qərarın etibarsız hesab olunmasını” xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə müvafiq olaraq iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. 01 fevral 2021-ci il tarixdə keçirilmiş hazırlıq icraatı üzrə məhkəmə iclasında iddia tələbinə inzibati məhkəmədə baxılmasına yol verilmədiyindən və buna dair məhkəmə tərəfindən verilmiş təklifi (tövsiyəni) iddiaçı qəbul etmədiyindən iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmışdır. İddia ərizəsində bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdə X6 Xidmətinin Bakı şəhəri İdarəsinin rəisi tərəfindən Yasamal Bələdiyyəsinin sədri X5 barəsində ******* saylı inzibati Qərar tərtib etmişdir. İnzibati tənbeh vermə haqqında Qərarda vətəndaş X1 əmək müqaviləsindəki əmək qanunvericiliyinin tələbləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməklə, pozulması qeyd olunmuşdur. Bununla əlaqədar İXM-nin 114.1.1-ci maddəsinə istinad edilərək X4 İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə 1500 manat (min beş yüz manat) tənbeh növü tətbiq edilmişdir. X3 xx.xx.2018-ci il tarixdə Yasamal Bələdiyyəsi İcra Aparatının Vergi və ödənişlər şöbəsinə baş mütəxəssis vəzifəsinə təyin edilmiş və xx.xx.2019cu il tarixdə Bələdiyyədə ştat cədvəlində, struktur dəyişikliyinə uyğun olaraq Vergi və ödənişlər şöbəsinə müdir müavini vəzifəsinə təyin edilmiş və xx.xx.2020-ci il tarixdə səhhəti ilə əlaqədar olaraq öz tutduğu vəzifəsindən azad edilmişdir. Qanunvericiliyə müvafiq olaraq son haqq hesab hesablanmış və əmək haqqı kartına köçürülmüşdür. Bundan narazı qalan V.Atakişiyev DƏMX-nin Bakı şəhər idarəsinə müraciət etmiş və əmək hüquqlarının pozulmasından şikayətçi olduğunu bildirmişdir. Halbuki işdən azad olunma ilə bağlı heç bir qərəzli səbəb olmamışdır. Lakin, xx.xx.2020-ci il tarixdə X6 Xidmətinin Bakı şəhəri İdarəsinin rəisi tərəfindən Yasamal Bələdiyyəsinin sədri X5 barəsində ******* saylı inzibati qərar tərtib etmiş və qərarda vətəndaş X1 əmək müqaviləsinin əmək qanunvericiliyinin tələblərinə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməklə, pozulması qeyd olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdeh təyin edilmiş məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq tərəflərin nümayəndələrinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz sayılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən və işin faktiki hallarından da müəyyən edilir ki, iddiaçının tələbi cavabdeh tərəfindən barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləgv edilməsi ilə baglıdır. “İnzibati icraat haqqında” Qanunun 3.2.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 04 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələri inzibati xətalara dair mübahisələrlə bağlı münasibətlərə şamil edilmir. İnzibati xətalar haqqında işlər üzrə inzibati orqanın qəbul etdiyi inzibati aktlardan (qərarlardan) verilən şikayət və protestlərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.2.3 və 431.1.3-cü maddələrinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 17-ci bəndində qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İPM-in 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın məhkəmə, ərazi və predmet aidiyyəti və s.) cavab verməlidir. Bəhs olunanlara əsasən, inzibati xəta haqqında qərarlardan şikayətə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından və bununla da hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. İşin yuxarıda şərh edilən hallarına görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, hazırkı inzibati xəta haqqında qərardan şikayətlə aidiyyəti ümumi məhkəməyə şikayətlə müraciət hüququndan istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddia mümkün sayılmadığından iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması və məhkəmə icraatına cəlbetmə ilə bağlı məsələlərə baxılmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 38.2, 39, 85.1-ci maddəsini rəhbər tutaraq,məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar