Məhkəmə qərarları › İş №2-1(112)-3509/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3509/2023

20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3509/2023 20.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyadan tutulan məbləğin geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ədalətsiz qərarın ləğv edilməsi və pensiyasından tutulmuş bütün məbləğin ona geri qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə (bundan sonra – Cavabdeh) əvəz edilməsini, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının onun pensiyasından tutulma aparmasından ibarət hərəkətinin qanunsuz hesab edilməsi və tutulmuş 325,81 (üç yüz iyirmi beş manat 81 qəpik) manat pensiya məbləğinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, pensiyaçıdır. Arvadı 1-ci qrup əlil X4 05 may 2020-ci il tarixdə vəfat etmiş və bununla bağlı AZ-İİ №103123 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Vəfatla əlaqədar pensiyanın kəsilməsi üçün məlumat tərəfindən DSMF-yə sənəd təqdim etməklə və əlavə olaraq onlayn qaydada müraciət formasında vaxtında verilmişdir. Lakin hansısa əməkdaşın səhlənkarlığı səbəbindən iyun və iyul 2020ci il üçün ödənişlər edilmişdir. Sonra artıq ödənilmiş vəsait ona dəfn üçün müavinət verildiyi zaman nəzərə alınmış və müvafiq olaraq az ödənilmişdir. Yəni bununla Fond artıq ödədiyi vəsaiti müavinətdən tutaraq əvəzləmişdir. O, tələb olunan bütün sənədləri və məlumatları Fonda və digər lazımi yerlərə vaxtında və dəqiq çatdırmışdır. Buna baxmayaraq DSMF 2 (iki) ildən artıq vaxt keçdikdən sonra ona heç bir şifahi və ya yazılı xəbərdarlıq etmədən 2022-ci ilin avqust ayı üçün pensiyasından öz istəklərinə uyğun 55 (əlli beş) manat məbləğdə pul tutmuşdur. Tutulmanın səbəbini bilmədiyi üçün o, xx.xx.2022-ci il tarixdə “DOST” xidmətinə müraciət ünvanlamış və 05 sentyabr 2022-ci il tarixdə cavab almışdır. Cavabda göstərilmişdir ki, arvadının pensiyası artıq ödənildiyi üçün onun tutulması iddiaçının pensiyasına yönəldilmişdir. Artıq ödəməni müəyyənləşdirmək üçün onlara iki il vaxt tələb olunmuş, müvafiq olaraq bu tutulma növbəti aylar üzrə də aparılmış və 2023-cü il ərzində də məbləğ bitənədək aparılması nəzərdə tutulmuşdur. O, özü də 2-ci qrup əlildir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında iddia tələbinin təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, İddiaçı İ qrup əlilliyə görə əmək pensiyası almaq hüququ olan bəzi kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü olan X2 xx.xx.2020-ci il tarixdə vəfat etməsi səbəbindən, xx.xx.2020-xx.xx.2020-ci il tarixədək olan dövr üzrə 183,87 (yüz səksən üç manat, 87 qəpik) manat və iddiaçıya xx.xx.2020-ci il tarixədək olan dövr üzrə 141,94 (yüz qırx bir manat 94 qəpik) manat məbləğ, ümumilikdə 325,81 (üç yüz iyirmi beş manat 81 qəpik) manat məbləğ artıqalma yaranmışdır. Qeyd olunanlara əsasən iddiaçıya X2 xx.xx.2020-ci il tarixdə vəfat etməsi səbəbindən, xx.xx.2020-xx.xx.2020-ci il tarixədək olan dövr üzrə 183,87 manat və xx.xx.2020-ci il tarixədək ümumilikdə 325,81 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Bu səbəbdən yaranmış 325,81 manat artıqalma iddiaçıya təyin edilən yaşa görə əmək pensiyasından 2022-ci ilin avqust ayından tutularaq bərpa edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirakı etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2015-ci il tarixli, 1236 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən yaşa görə 167,53 manat əmək pensiyası təyin edilmişdir. İşdə olan əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli, **********8 nömrəli qərardan görünür ki, İddiaçı həmin tarixə olan 316,65 manat pensiya məbləği yenidən hesablanaraq 320,21 manat müəyyən edilmişdir. AZ-İİ seriyalı 103123 nömrəli, xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı İ qrup əlilə qulluğa görə xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. İ qrup əlilliyə görə əmək pensiyası almaq hüququ olan bəzi kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan X3 (Suraxanı rayonu, iş № 923403) xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra 283,87 (iki yüz səksən üç manat 87 qəpik) manat və İ qrup əlilə qulluğa görə İddiaçı 141,94 (bir yüz qırx bir manat 94 qəpik) manat, ümumilikdə 425,81 (dörd yüz iyirmi beş manat 81 qəpik) manat məbləğində vəsaitin audit yoxlaması nəticəsində xx.xx.2020-xx.xx.2020-ci il tarixədək olan dövr üzrə artıq ödənildiyi aşkar edilmişdir. Venera Məmmədova xx.xx.2020-ci il tarixdə vəfat etməsinə baxmayaraq, onun ölümü haqqında şəhadətnamə xx.xx.2020-ci il tarixdə əldə edilmişdir. Mübahisələndirilən dövrdə Respublika üzrə təqaüdlərin ödənişi xx.xx.2020-ci il tarixində həyata keçirilmişdir. Venera Məmmədovanın ölümü haqqında məlumat Filiala gec daxil olduğundan təqaüdün və müavinətin ödənişinin Filial tərəfindən dayandırılması mümkün olmamışdır. X5 ölümü barədə məlumat “Sosial ödənişlər” Alt Sistemindən xx.xx.2020-ci il tarixdə əldə edildiyindən Filial tərəfindən xx.xx.2020-ci il tarixdən təqaüdün ödənişi dayandırılmışdır. Hər hansı rəsmi sənəd və ya məlumat Filiala daxil olmadığından xx.xx.2020-ci il tarixədək 2020-ci ilin may, iyun, iyul aylarında təqaüdün və İ qrup əlilə qulluğa görə müavinətin ödənişinin həyata keçirilməsi davam etdirilmişdir. Artıq ödənilmiş 425,81 (dörd yüz iyirmi beş manat 81 qəpik) manat məbləğində vəsaitlə bağlı "xxxx" ASCdən alınmış məlumata əsasən mərhum X2 ölümündən sonra kart hesabında qalan 100,00 (bir yüz manat 00 qəpik) manat məbləğində vəsait Filialın sosial müavinət və təqaüd hesabına qaytarılmışdır. Bu baxımdan qalıq borc 325,81 (üç yüz iyirmi beş manat 81 qəpik) manat məbləğində vəsaitin bərpa edilməsi məqsədilə və aktiv əmək pensiyası olduğundan tutulma İddiaçı əmək pensiyasına yönəldilmiş və bu barədə sonuncuya rəsmi qaydada **********3 nömrəli xx.xx.2022-ci il tarixli məktubla məlumat verilmişdir. Hazırda İddiaçı əmək pensiyasından hər ay 54,31 (əlli dörd manat 31 qəpik) manat olmaqla tutulma aparılaraq, ümumi 271,55 (iki yüz yetmiş bir manat 55 qəpik) manat vəsait bərpa edilmiş, xx.xx.2023-cü il tarixə qalıq borc 54,26 (əlli dörd manat 26 qəpik) manat təşkil edir. Venera Məmmədovanın ölüm tarixindən sonra sonuncunun və ona qulluğa görə İddiaçı kart hesablarına köçürülmüş vəsaitlər isə əsassız qaydada kartdan çıxarılaraq mənimsənilmişdir. İş materiallarından görünür ki, iddiaçı əmək pensiyasından tutulmalarla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, aidiyyəti üzrə göndərilmiş müraciətə Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən baxılmış və bildirilmişdir ki, ona (Suraxanı rayonu, iş № 923403) xx.xx.2019-cu il tarixindən bəzi Bəzi kateqoriyalı şəxslərə qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. İ qrup əlilliyə görə əmək pensiyası almaq hüququ olan bəzi kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü alan X2 (Suraxanı rayonu, iş № 923403) xx.xx.2020-ci il tarixində vəfat etməsi səbəbindən, xx.xx.2020-xx.xx.2020-ci il tarixinədək olan dövr üzrə 183,87 (yüz səksən üç manat 87 qəpik) manat və ona xx.xx.2020-xx.xx.2020-ci il tarixinədək olan dövr üzrə 141,94 (yüz qırx bir manat 94 qəpik) manat məbləğ, ümumilikdə 325,81 (üç yüz iyirmi beş manat 81 qəpik) manat məbləğ artıqalma yaranmışdır. Yaranan 325,81 (üç yüz iyirmi beş manat 81 qəpik) manat artıqalma ona təyin edilən yaşa görə əmək pensiyasından (Suraxanı rayonu, iş № 323987) 2022-ci ilin avqust ayından tutularaq bərpa edilir. Beləliklə, işin sadalanan hallarından məlum olur ki, iddiaçıya təyin edilmiş pensiya ödənişindən tutulan artıq ödəmə aşağıdakılardan ibarət olmuşdur:

1. İ qrup əlilə (Venera Məmmədovaya) qulluğa görə iddiaçıya ödənilən 141.94 manat;

2. İ qrup əlilliyə görə əmək pensiyası almaq hüququ olan bəzi kateqoriya şəxslərə təsis edilmiş Azərbaycan Respublikası Prezident təqaüdü üzrə Venera Məmmədovaya ödənilən 183,87 manat. İddiaçı hazırda onun pensiyasından aparılan bu tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş 325,81 manat məbləğin geri qaytarılmasını xahiş edir. Məhkəmə iddiaçının bu tələbi ilə razılaşır və iddiaçıdan tutulmuş həmin məbləğlərə münasibətdə aşağıdakıları qeyd edir. İ qrup əlilə (Venera Məmmədovaya) qulluğa görə iddiaçıya ödənilən 141.94 manatın iddiaçıdan tutulması ilə bağlı: Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 643 nömrəli Fərmanı ilə “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği 50 manat müəyyən olunmuşdur. Həmin fərmanın 3-cü hissəsi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bir ay müddətində Fərmanın 1-ci hissəsi ilə təsis edilən təqaüdün ödənilməsi qaydasının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”nın xx.xx.2020-ci il tarixə olan redaksiyasına əsasən: - Bənd 1.1. Bu Qayda “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün (bundan sonra – təqaüd) ödənilməsi mexanizmini müəyyən edir. - Bənd 1.2. Təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə verilir. - Bənd 1.5. Müraciət müddətindən asılı olmayaraq, təqaüd 2019-cu il aprelin 1-dən tez olmamaqla, onu almaq hüququ yarandığı gündən təyin edilir. - Bənd 1.6. Bu Qaydanın məqsədləri üçün İ dərəcə əllilliyi olan şəxsin ailə üzvü dedikdə, onun valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), övladları (o cümlədən övladlığa götürülənlər), onların ərləri (arvadları), bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, bacıları, qardaşları, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların ailə üzvü dedikdə isə onların valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), bacıları, qardaşları, ərinin (arvadının) valideynləri, bacıları və qardaşları nəzərdə tutulur. - Bənd 2.1. Təqaüd təyin olunması üçün İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxs (bundan sonra – Şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) “X1 Sistemi”nin “Sosial ödənişlər altsistemi”ndə tələb olunan məlumatları daxil edərək elektron qaydada və ya Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri üzrə müvafiq şəhər, rayon şöbəsinə (bundan sonra - Şöbə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 1 nömrəli əlavəyə uyğun kağız üzərində müraciət edir. Müraciətə daxil olduğu gündən 5 (beş) iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. - Bənd 3.5. Aşağıdakı hallarda təqaüdün ödənişi dayandırılır: 3.5.1. İ dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq, habelə Şəxs vəfat etdikdə və ya yaşayış yerini dəyişdikdə; - Bənd 3.6. Təqaüdün ödənişi bu Qaydanın 3.5.1-3.5.4-cü yarımbəndlərində göstərilən hallardan birinin yarandığı gündən, 3.5.5-ci yarımbəndində göstərilən halda isə müraciət edildiyi gündən dayandırılır. - Bənd 3.8. Təqaüdün ödənişinin dayandırılmasına səbəb olan hallar barədə təqaüd alan şəxs, təqaüd alan şəxs vəfat etdikdə, qulluq edilən şəxs və ya onun yaxın qohumları Şöbəyə 5 (beş) iş günü müddətində məlumat verməlidir. Nazirliyin X1 sisteminə inteqrasiya edilmiş dövlət orqanlarının elektron informasiya sistemləri və ehtiyatlarından istifadə etməklə Şöbə tərəfindən təqaüdün ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi və yaxud düzgün olmayan məlumatların verilməsi nəticəsində artıq təqaüd ödənildiyi aşkar edildikdə, təqaüd alan şəxs artıq ödənilmiş məbləği “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən nağdsız qaydada Şöbənin hesabına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edildikdə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Qeyd edilən normalardan görünür ki, İ dərəcə əlilliyi olan şəxs şəxs vəfat etdikdə ona qulluq edən şəxsə ödənilən təqaüdün ödənişi dayandırılır, əgər artıq ödəniş olmuşsa, həmin vəsait təqaüd alan şəxs tərəfindən könüllü olaraq nağdsız qaydada Şöbənin hesabına geri qaytarılır, geri qaytarmaqdan imtina olunduqda isə yaranmış mübahisəyə məhkəmə qaydasında baxılır. Lakin işin yuxarıda istinad olunan hallarına əsasən müəyyən edilir ki, İ dərəcə əlilliyi olan şəxs V.Məmmədova xx.xx.2020-ci ildə vəfat etmiş, cavabdeh həmin şəxs vəfat etdikdən sonra ona qulluğa görə iddiaçıya artıq ödəniş edildiyini aşkar etmiş, həmin məbləğin qaytarılması ilə bağlı iddiaçının razılığının olub olmamasını araşdırmamış, iddiaçının razılığını almamış artıq ödənilmiş təqaüdü ona ödənilən pensiya ödənişindən tutmuşdur. Halbuki yuxarıda da qeyd edildiyi kimi birincisi, iddiaçı özü könüllü olaraq həmin pulu nağdsız qaydada cavabdehə qaytarmalı, iddiaçı razı olmadıqda isə cavabdeh müvafiq məbləğin tutulması ilə bağlı inzibati məhkəməyə müraciət etməli idi. Cavabdeh bu hala dair etirazında “İnzibati icraat haqqında” Qanunun 82-ci maddəsinə istinad etsə də, məhkəmə bu istinadı əsaslı saymır. Çünki “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. Həmin Qanunun 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Lakin bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, belə başqa qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarında müəyyən edilmişdir. İ qrup əlilliyə görə əmək pensiyası almaq hüququ olan bəzi kateqoriya şəxslərə təsis edilmiş Azərbaycan Respublikası Prezident təqaüdü üzrə Venera Məmmədovaya ödənilən 183,87 manat ilə bağlı: Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli 128 nömrəli Fərmanı ilə “Ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən İ qrup əlilliyi olan şəxslərə” Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsmiş və onun aylıq məbləği 100 manat müəyyən edilmişdir (xx.xx.2020-ci il tarixə olan redaksiyasına əsasən). İşdən görünür ki, cavabdeh Venera Məmmədovanın xx.xx.2020-ci il tarixdə vəfat etdiyini nəzərə alaraq ona artıq ödənilən 183,87 manat vəsaiti iddiaçıya ödənilən yaşa görə əmək pensiyasının məbləğindən tutmuşdur. Məhkəmə qeyd edir ki, artıq ödənilmiş həmin təqaüdün tutulması ilə bağlı qanunvericiliklə hər hansı bir əlavə qayda müəyyən edilmədiyindən cavabdeh həmin məbləğin tutulması ilə bağlı “İnzibati icraat haqqında” Qanunun Vİ fəslində nəzərdə tutulmuş qaydada icraat aparmalı, həmin icraat nəticəsində artıq ödənilmiş vəsaitin kim tərəfindən qəbul olunduğu müəyyən edilməli və bu icraat çərçivəsində müəyyən etdiyi borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul etməli və həmin aktın icrasını Qanunun 82-ci maddəsinə uyğun təmin etməli idi. Lakin işdən görünür ki, cavabdeh qanunun istinad edilən normalarına əməl etməmiş, hər hansı icraat aparmadan, Venera Məmmədovanın kart hesabına ödənilən vəsaitin kim tərəfindən qəbul edildiyini müəyyənləşdirmədən, inzibati akt qəbul etmədən həmin məbləğin iddiaçıya təyin edilmiş əmək pensiyasından tutulmasını həyata keçirmişdir. Cavabdehin inzibati icraat üzrə qanunvericiliyin tələblərini pozmasını nəzərə alan məhkəmə hesab edir ki, iddiaçıya təyin edilmiş əmək pensiyasından tutma aparmasından ibarət cavabdehin bu hərəkəti qanunsuzdur, iddiaçının qanunla müəyən edilmiş hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu səbəbdən həmin hərəkət qanunsuz hesab edilməli və müvafiq məbləğin iddiaçıya geri qaytarılması cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bunan sonra –İPM) 34.1ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasından 325,81 manat məbləğin tutulmasından ibarət hərəkəti qanunsuz hesab edilsin. İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasından tutulmuş 325.81 manat pensiya məbləğinin İddiaçı geri qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar