Məhkəmə qərarları › İş №2-1(112)-3511/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3511/2024

19.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3511/2024 19.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “borcun silinməsi” barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Yapsan” MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin Cəmiyyətə hesabladığı 294700.00 manat vergi borcunun ləğv edilməsi və dövlət büdcəsinə artıq ödnəilmiş 27090.25 manat pulun geri qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi təsisçisi və rəhbəri olduğu İddiaçı MMC-ə qarşı əsassız olaraq 294700,00 manat vergi borcu hesablamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Yapsan MMC-in gəlirlərini düzgün hesablamayaraq, İddiaçı MMC-yə 27 mart 2017-ci il tarixdən 4 avqust 2019-cü il tarixə 204000.00 manat əsas, 90000 manat faiz, ümumilikdə 294000.00 manat məbləğində vergi borcu yazmışlar. Bildirirlər ki, onlar vergi öhdəliklərini vaxtında yerinə yetirmişlər, heç bir vergi borcuları yoxdur, həmin borclar vergi orqanları tərəfindən qanunsuz və əsassız olaraq, qanunla müəyyən olunmuş əsaslar olmadan hesablanmışdır. Həmin borcun silinməsini dəfələrlə vergi orqanlarından tələb etsə də vergi orqanı onun əsaslı tələbini təmin etməmişdir. 27 mart 2017-ci il tarixdən 4 avqust 2019-cu il tarixədək Yapsan MMC olaraq dövlət lahiyəsi əsasında sifarişçi "xxxx" ASC və "xxxx" ASC məxsus yarımstansiyalarının tikilməsinə dair Podratçı şirkət olaraq "xxxx"QSC ilə müqavilə bağlayaraq yarımstansiyaların tikintisinə başlamışlar. "xxxx" QSC ilə aralarında bağlanmış müqavilə əsasında ********.00 manatlıq iş görülmüşdür. Müqavilə əsasında görülmüş işlərə görə İddiaçıMMC olaraq 670690.25 manat dövlət büdcəsinə vergi ödəmişlər. Onu da, qeyd etmək istəyirlər ki, İddiaçıMMC olaraq 270690,25 manat artıq dövlət büdcəsinə vergi ödəmişlər. Belə olan halda, onlar tərəfindən heç bir vergi öhdəliyi yaranmır, buna baxmayaraq, vergi orqanı əsassız vergi borcu hesablayaraq onun tutulmasını tələb edir. Cavabdeh tərəfindən məhkəməyə vəsatətlə müraciət edilərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, cavabdehə təqdim edilmiş iddia ərizəsindən göründüyü kimi, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəlləsinin 46.2.1-ci maddəsinin tələblərinə düzgün əməl olunmamışdır. Əvvəla qeyd edirlər ki, məhkəməyə təqdim olunan vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən də aydın olur ki, vergi ödəyicisinin dövlət büdcəsinə ödənilmiş hər hansı artıq ödəmə məbləği mövcud deyildir. Vergi borcunun ləğv edilməsi tələbi ilə bağlı bildirilir ki, İddiaçı MMC cavabdeh tərəfindən keçirilən kameral vergi yoxlaması ilə şəxsi vərəqəyə işlənmiş və mübahsələndirdiyi borc məbləğinin hesablanmasına əsas olmuş qərarı qeyd etməmiş və bununla bağlı tələbini əsaslandırmamışdır. Bildiririk ki, Yapsan” MMC-nin (VÖEN: **********) 294700,00 manat vergi borcu kameral qaydada hesablanmış vergilərdən və ona hesablanmış faizlərdən ibarətdir. İddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə 2019-cu il üzrə mənfəət vergisi hesablanmışdır. Həmçinin qeyd edirlər ki, xx.xx.2024-cü il tarixə İddiaçı MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsi üzrə büdcəyə ümumilikdə 663507,61 manat, o cümlədən vergilər üzrə 468023,05 manat, faiz üzrə 195484,56 manat ödənilməmiş borcu vardır. Vergi ödəyicisinin 468023,05 manat vergi borcunun tərkibi 384809,17 manat kameral vergi yoxlaması ilə hesablanmış vergilərdən, 180,00 manat maliyyə sanksiyasından və 83033,88 manat cari bəyannamələr üzrə hesablanmış vergilərdən ibarətdir. Baş İdarənin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********053600 saylı qərarı xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin elektron qutusuna göndərilmiş və xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən oxunaraq qəbul olunmuşdur (vəsatətə əlavə olunur). Buna baxmayaraq iddiaçı borcun silinməsi tələbi ilə bağlı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş və bununla İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati – İqtisadi Kollegiyasının "xxxx" MMC –nin Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı 2-1(102)-722/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarında vergi orqanı tərəfindən vergi ödəyicilərinin elektron qutusuna göndərilmiş qərarların vergi ödəyicisnə təqdim edilmiş hesab edilməsi məsələsinə aydınlıq gətirilmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının səlahiyyətli nümayədəsi məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbi barəsində məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə işə iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatətə uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1.-ci maddəsinə əsasən,sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçı iddia tələbində mübahisələndirdiyi borc məbləğinin hesablanmasına əsas olmuş ləğv edilməsini istədiyi qərarın tarixini, nömrəsini göstərmədiyindən, eləcə də, artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə iddia tələbi düzgün ifadə edilmədiyindən və bununla bağlı iş materiallarında vergi orqanına müraciət məktubu aşkar edilmədiyindən məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi (əlverişli iddia növündən istifadə edilməsi) və natamam faktiki məlumatların dəqiqləşdirilməsi barədə iddiaçıya hüquqi yardım məktubu göndərilmiş, bundan əlavə, məhkəmə iclaslarında da, hüquqi yardım göstərmək, işin halları və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə məhkəmə iclasları təyin edilmiş və bu haqda iddiaçıya məhkəmə bildirişləri göndərilmişdir. Lakin, iddiaçı məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, iddia tələbini dəqiqləşdirilməsinə və natamam məlumatların dəqiqləşdirilməsinə dair ərizə təqdim etməmişdir. Belə olan təqdirdə isə, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinə mövcud vəziyyətdə baxılması mümkün olmadığından iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı MMC-nin iddia tələbi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar