Məhkəmə qərarları › İş №2-1(112)-3511/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3511/2025

20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3511/2025 20.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filalına qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “dövlət sosial sığorta haqlarının şəxsi fərdi hesabında əks olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filalının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filalına qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “dövlət sosial sığorta haqlarının şəxsi fərdi hesabında əks olunması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filalına (bundan sonra mətndə Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filalı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 2018-ci ilin dördüncü rübünün məcburi dövlət sosial sığorta haqlarının şəxsi fərdi uçotunda oturması, nazirliyin və DSMFnin tərəfindən onun və 6 ildə ölkə üzrə gedən inflyasiyalarda ona vurulan maddi və mənəvi zərərə görə 10.000 manat pulun fərdi uçotuna birbaşa köçürülməsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayır. 2016-cı ildən Bakı şəhəri Nəsimi rayonu Dövlət Sosial Müdafiə Fondunda 1-ci dərəcəli dövlət qulluqçusu kimi məsləhətçi vəzifəsində işləmişdir. İşlədiyi müddətdə hər ay əmək haqqından məcburi dövlət sosial sığorta (MDSS) ödəmişdir. 2018ci ilin 4-cü rübünün MDSS haqqları bu günə qədər onun fərdi şəxsi hesabında öz əksini tapmamışdır.6 ildir ki, bu barədə dəfələrlə müvafiq orqanlara həm yazılı, həm də 142 çağrı mərkəzinə müraciət etmişdir. Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən müraciəti əsasında yazılı surətdə bildirilmişdir ki, istər DSMF istərsə də, Nəsimi rayon DSMF tərəfindən təqdim olunmuş bəyannamədə onun əmək haqqı və digər tutulmaları barədə heç bir məlumat yoxdur. Lakin, onun Azərbaycan Beynəlxalq Bankından götürülmüş çıxarışlarında aldığı əmək haqqı göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, eyni zamanda iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri üçüncü şəxsə təqdim olunaraq, iddiaya qarşı öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə təqdim etmək təklif olunmuşdur. Cavabdehin və üçüncü şəxsin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filalının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 18 noyabr 2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı aid 2018-ci ilin 4-cü rübü üzrə əmək haqqı cədvəllərindən müəyyən olunur ki, DSMF Nəsimi rayon şöbəsi tərəfindən həmin şöbədə məsləhətçi vəzifəsində işləmiş İddiaçı 2018-ci ilin oktyabr, noyabr və dekabr ayları üzrə ödənilmiş əmək haqlarından məcburi dövlət sosial sığorta haqları tutulmuşdur. İddiaçının hazırki tələbi ilə bağlı müraciətlərinə verilmiş cavab məktublarında müraciətinin araşdırıldığı və əlavə məlumat veriləcəyi bildirilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması; 1.1.2. məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması– sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının bu Qanunun 14-1-ci maddəsində nəzərdə tutulan hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına kompensasiyası məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sığortaedənlərə (sığortaolunanlara) ödənilən əvəzsiz maliyyə vəsaitidir; ... Maddə 2. Sosial sığortanın formaları Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Maddə 3. Sosial sığortanın prinsipləri Sosial sığortanın prinsipləri aşağıdakılardır: sosial sığortanın müntəzəmliyinə dövlət təminatı; sosial sığortanın ümumiliyi; sosial sığortanın işçilərə əmək qabiliyyətinin itirildiyi hər bir halda təminat verməsi; sosial sığorta subyektlərinin hüquq bərabərliyi; dövlət sosial sığortasının məcburiliyi; məcburi dövlət sosial sığortasının idarə edilməsində ictimai təşkilatların iştirakının təmin olunması. ... Maddə 9. Sığortaçının hüquq və vəzifələri Sığortaçının hüquqları aşağıdakılardır: müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq ... Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin və sığortaolunanların uçotunu aparmaq; məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq; məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq; Maddə 9-1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 9-1.2. Artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 11. Sığortaolunanların hüquq və vəzifələri Sığortaolunanların hüquqları aşağıdakılardır: onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək; könüllü (əlavə) sosial sığorta üçün sığortaçını müstəqil seçmək; sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək; ... Sığortaolunanların vəzifələri aşağıdakılardır: sosial sığorta haqqını vaxtında ödəmək; sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etmək. Maddə 12. Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən vətəndaşlığı olmayan şəxslər və əcnəbilər (qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il mayın 1-dən 5 il müddətində), həmçinin texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2023-cü il yanvarın 1-dən 10 il müddətinə) vətəndaşlığı olmayan şəxslər və əcnəbilər istisna olmaqla); seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri; vəkillər kollegiyasının üzvləri; mediatorlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər— məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar ... Maddə 14. Məcburi dövlət sosial sığorta haqqı Maddə 14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Maddə 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. ... Maddə 14.6. Bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. ... Maddə 19. Məcburi dövlət sosial sığortasının vəsaitləri 19.1. Məcburi dövlət sosial sığortasının vəsaitləri dövlət sosial müdafiə fondunda cəmləşdirilir, bu Qanuna və başqa müvafiq normativ hüquqi aktlara uyğun olaraq sosial sığorta ödəmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanma xərclərinin və digər xərclərin maliyyələşdirilməsinə sərf edilir. Sığorta vəsaitlərinin başqa məqsədlərə yönəldilməsinə yol verilmir. ... Maddə 20. Məcburi dövlət sosial sığortası vəsaitlərinin mənbələri Məcburi dövlət sosial sığortasının vəsaitləri aşağıdakı mənbələr hesabına yaradılır: məcburi və könüllü (əlavə) sosial sığorta üzrə daxil olan sığorta haqqı; dövlət büdcəsindən ayırmalar; “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılması; 1.1.2. fərdi şəxsi hesab – hər bir sığortaolunana sığortaçı tərəfindən sosial sığorta nömrəsi ilə açılan, fərdi uçot məlumatlarının əks olunduğu hesab; ... 5.2-1. Sığortaolunanın fərdi şəxsi hesabının bağlanması onun fərdi uçot məlumatlarına əsasən sosial sığorta ödəmələrinin, o cümlədən ötən dövr üçün sosial sığorta ödəmələrinin təmin edilməsindən imtina olunması üçün əsas deyil. 5.3. Sığortaolunanın fərdi şəxsi hesabında olan məlumatlar dövlət sosial sığorta sistemində uçota alındığı vaxtdan müntəzəm olaraq sığortaçı tərəfindən dəqiqləşdirilməlidir. 5.4. Sığortaolunanın fərdi şəxsi hesabı sığortaçı tərəfindən sığortaolunanın bütün ömrü boyunca, ölümündən sonra isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün saxlanılır və həmin hesabdakı vəsait indeksləşdirilir. 5.6. sığortaolunanın fərdi şəxsi hesabında olan məlumatlar sığortaçı tərəfindən mərkəzləşdirilmiş qaydada saxlanılır və məlumatların ehtiyat bazası yaradılır. ... Maddə 8. Sığortaolunanın hüquq və vəzifələri 8.1. Sığortaolunan aşağıdakı hüquqlara malikdir: 8.1.1. fərdi şəxsi hesabında qeydə alınan məlumatlarla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə tanış olmaq və ya sığortaçıdan həmin məlumatları almaq; 8.1.2. özü haqqında fərdi uçot məqsədləri üçün sığortaedənin sığortaçıya təqdim etdiyi məlumatları sığortaçıdan, bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrinə münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) və ya sığortaedəndən almaq; 8.1.3. fərdi şəxsi hesabında əks olunan məlumatlarla razı olmadıqda, həmin məlumatların dəqiqləşdirilməsi barədə sığortaçıya, bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrində nəzərdə tutulmuş məlumatlara münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya sığortaedənə müraciət etmək; 8.1.4. fərdi şəxsi hesabında əks olunan məlumatlar bu Qanunla müəyyən olunmuş hallarda dəyişdikdə, bu barədə sığortaçıya və ya sığortaedənə yazılı məlumat vermək. 8.2. Sığortaolunanın aşağıdakı vəzifələri vardır: 8.2.1. sığortaedənə bu Qanunun 5.2.2 – 5.2.9-cu maddələrində nəzərdə tutulan məlumatları təqdim etmək; 8.2.2. bu Qanuna əsasən fərdi şəxsi hesabına daxil edilməli olan fərdi məlumatları sığortaçıya təqdim etmək. Maddə 9. Sığortaedənin hüquq və vəzifələri 9.1. Sığortaedən aşağıdakı hüquqlara malikdir: 9.1.1. sığortaolunandan bu Qanunun 5.2.2 – 5.2.9-cu maddələrində nəzərdə tutulan məlumatların təqdim edilməsini tələb etmək, sığortaolunanın təqdim etdiyi məlumatları dəqiqləşdirmək; 9.1.2. sığortaolunanlara dair təqdim edilmiş fərdi uçot məlumatlarında aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dürüstləşmiş məlumatları elektron, habelə yazılı formada təqdim etmək. 9.2. Sığortaedənin aşağıdakı vəzifələri vardır: 9.2.1. sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməli olan məlumatları sığortaçıya, bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrində nəzərdə tutulmuş məlumatları isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu Qanuna və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən tam və düzgün təqdim etmək 9.2.2. sığortaolunan haqqında bu Qanunun 5.2.2 – 5.2.9-cu maddələrində nəzərdə tutulan məlumatları aşağıdakı müddətdə sığortaçıya təqdim etmək: ... Maddə 10. Sığortaçının hüquq və vəzifələri 10.1. Sığortaçı aşağıdakı hüquqlara malikdir: 10.1.1. Sığortaedəndən və sığortaolunandan bu Qanunla müəyyən edilmiş məlumatların vaxtında və dürüst təqdim edilməsini tələb etmək; 10.1.2. Sığortaedənin fərdi uçot barədə təqdim etdikləri məlumatların dürüstlüyünü yoxlamaq; 10.1.3. Sığortaedənin fərdi uçot qaydalarını pozan təqsirkar vəzifəli şəxslərinə ilk dəfə yazılı xəbərdarlıq etmək, növbəti qanun pozuntuları hallarında isə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət tədbirləri tətbiq etmək. 10.2. Sığortaçının vəzifələri aşağıdakılardır: 10.2.1. Sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək; 10.2.1-1. Sığortaedən tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqını sığortaolunanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqına münasibətdə proporsional bölüşdürərək fərdi şəxsi hesablarda qeydə almaq; 10.2.2. sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək, habelə fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək; 10.2.4. bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar vermək və səlahiyyətləri daxilində müvafiq normativ aktlar qəbul etmək. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial sığorta ehtiyatından istifadə” Qaydası

1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun ... 1.0.17-ci maddəsinə uyğun olaraq sosial sığorta ehtiyatından istifadə qaydasını tənzimləyir. ... 1.2. Bu Qaydada istifadə olunan anlayışlar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

2. Sosial sığorta ehtiyatının formalaşdırılması 2.1. Sosial sığorta ehtiyatı sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarından fərdi şəxsi hesabın sığorta hissəsinə və idarəetmə xərclərinə yönəldilən hissə çıxıldıqdan sonra qalan məbləğdə formalaşdırılır. 2.2. İdarəetmə xərclərinin təsdiq edilən məbləğdən artıq olan hissəsi və istifadə edilməmiş qalığı sosial sığorta ehtiyatına aid edilir.

3. Sosial sığorta ehtiyatının istifadəsi 3.1. Sosial sığorta ehtiyatından aşağıdakı istiqamətlər üzrə istifadə edilir: 3.1.1. əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununu ilə müəyyən olunmuş əmək pensiyasının minimum məbləğinə çatdırılmasına; 3.1.2. məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər üzrə xərclərin maliyyələşdirilməsinə; 3.1.3. dövlət sosial müdafiə fondunun büdcəsində nəzərdə tutulan digər ödəmələr üzrə xərclərin maliyyələşdirilməsinə.

MƏHKƏMƏNİN MÖVQEYİ

Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi onun 2018-ci ilin dördüncü rübünün məcburi dövlət sosial sığorta haqlarının şəxsi fərdi uçotunda oturması, nazirliyin və DSMF-nin tərəfindən onun və 6 ildə ölkə üzrə gedən inflyasiyalarda ona vurulan maddi və mənəvi zərərə görə 10.000 manat pulun fərdi uçotuna birbaşa köçürülməsinə nail olmaqdan ibarətdir. Başqa sözlə desək, iddiaçının hazırki iddia tələbi iki hissədən ibarətdir:

1. 2018-ci ilin İV rübü üzrə əmək haqqından tutulmuş sosial sığorta haqqının fərdi hesabda əks etdirilməsi;

2. dəymiş maddi və mənəvi zərərin əvəzinin fərdi uçotuna birbaşa köçürülməsi.

Məhkəmə ilkin olaraq iddia tələbinin əmək haqqından tutulmuş sosial sığorta haqqının fərdi hesabda əks etdirilməsinə münasibət bildirərək, qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinə Azərbaycan Respublikasının inzibati prosessual qanunvericiliyi baxımından şərh verilməsinə dair” 24 aprel 2019-cu il tarixli Qərarında da göstərilmişdir ki, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər də sosial təminat hüququnun predmetini təşkil etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətlərin məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. ... Bu sahədə qanunverici “Sosial sığorta haqqında” Qanunda dövlət sosial sığortasının məcburiliyi prinsipini qəbul etmiş, sığortaedənin üzərinə uçota durmaqla, dövlət sosial sığorta haqqını ödəməklə, sığortaçıya müvafiq hesabatları, arayışları təqdim etməklə bağlı vəzifələr qoymuş, qarşı tərəfin (məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın) isə bununla bağlı səlahiyyətlərini dəqiq şəkildə müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, məcburi sosial sığorta haqları sosial sığorta haqlarının bir növü olaraq, Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Məcburi sosial sığorta haqları sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu zaman həmin vəsait dövlət sosial müdafiə fondunda cəmləşdirilir, bu Qanuna və başqa müvafiq normativ hüquqi aktlara uyğun olaraq sosial sığorta ödəmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanma xərclərinin və digər xərclərin maliyyələşdirilməsinə sərf edilir. Ödənilmiş məcburi sosial sığorta haqları şəxsin pensiya kapitalının, həmçinin sosial sığorta ehtiyatının formalaşmasında mühüm rol oynayan göstəricidir. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı münasibətlər “Sosial sığorta haqqında” Qanunla tənzimlənir. Həmin Qanuna əsasən, sosial sığorta münasibətlərinin iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Belə ki, sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. Sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslərdir. Həmçinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, həmin Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək sığortaedənin vəzifəsidir. Qeyd olunan hüquq normalarının təfsirinə görə, sığortaedəndən və sığortaolunandan qanunla müəyyən edilmiş məlumatların vaxtında və dürüst təqdim edilməsini tələb etmək dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hüququ, həmin şəxslər tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək isə sığortaçının vəzifəsidir. Nəzərə almaq lazımdır ki, sığortaçının sığortaolunan barədə təqdim olunan məlumatların fərdi şəxsi hesaba dürüst və vaxtında daxil edilməsi üzrə öhdəliyi sığortaedənin və sığortaolunanın məsuliyyət sferasına aid məlumatları sığortaçıya təqdim etmək vəzifəsindən azad edən hal kimi təfsir oluna bilməz. Belə ki, sığortaçı yalnız ona təqdim olunmuş məlumatların dürüst və vaxtında emal olunması üçün cavabdehlik daşıyır. Məhkəmə qeyd edir ki, cavabdehin qanunda nəzərdə tutulmuş səlahiyyətləri publikhüquqi xarakter daşıdığından o, həmin səlahiyyətlərin icrasından imtina edə bilməz və bunun üçün əsaslar olduğu halda, məcburi dövlət sosial sığortasının məqsədləri üçün sığortaedəndən və sığortaolunandan qanunla müəyyən edilmiş məlumatları tələb etməli, sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etməlidir. Hazırda mübahisələndirilən dövr üzrə məcburi dövlət sosial sığorta haqları bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda istinad olunan normalara (“Sosial sığorta haqqında” Qanunun 18-ci maddəsinin xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyasına) görə, cavabdeh məcburi dövlət sosial sığortası sahəsində idarəetməni, eləcə də məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarəti həyata keçirir. Həmin səlahiyyətlər çərçivəsində sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını qəbul edir. Məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə, cavabdeh sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda, sığortaedənin hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır, eləcə də ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün məhkəmədə iddia qaldırır. Eyni zamanda, mübahisəli dövrdə qüvvədə olan və yuxarıda göstərilən qanunvericiliyin normalarının tələbləri baxımından məcburi dövlət sosial sığorta haqlarının tutulub aidiyyəti üzrə ödənilməsi işəgötürənin – sığortaedənin, məcburi dövlət sosial sığorta haqlarının toplanmasına nəzarət etmək isə cavabdeh inzibati orqanın və eləcə də iddiaçının işlədiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi Rayon Xidmət Nümayəndələyinin üst qurumu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi olmuşdur. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürən (sığortaedən) üzərində məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsinə nəzarət funksiyasını icra etməmiş, son nəticədə tabeliyində olan cavabdeh inzibati orqan tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi əsas gətirilərək iddiaçının sosial təminat hüququnun məhdudlaşdırılmasına əsas olmuşdur. Eyni zamanda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən nəzarət funksiyası çərçivəsində məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin təmin edilməməsi və ya bunun üçün müvafiq tədbirlərin görülməməsi, yuxarıda istinad olunan normaların birgə təhlili baxımından onun məsuliyyət sferasına aid olan və həmin normalarda təsbit olunmuş vəzifələrin lazımi şəkildə yerinə yetirilməməsi və buna görə məsuliyyət daşıması anlamında təfsir olunmalıdır. Belə ki, mübahisəli dövrdə qüvvədə olan və istinad olunmuş qanunvericiliyin normalarının tələbləri baxımından məcburi dövlət sosial sığorta haqlarının toplanmasına nəzarət etmək, eyni zamanda, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının aidiyyəti üzrə sığortaolunanların fərdi hesablarında qeydə alınmasını təmin etmək cavabdeh inzibati orqanın vəzifəsi olmuşdur. Lakin cavabdeh inzibati orqan iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsinə, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabında qeydə alınıb-alınmamasına münasibətdə qanunvericilikdən irəli gələn funksiyalarını icra etməmiş, son nəticədə iddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabında qeydə alınmadığını əsas gətirərək iddiaçının sosial təminat hüququnu məhdudlaşdırmışdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, işçidən məcburi dövlət sosial sığorta haqqının tutulması və ödənilməsi işəgötürənin – sığortaedənin məsuliyyət sferasına aid məsələdir. İşəgötürənin məcburi dövlət sosial sığorta haqlarını qanunamüvafiq qaydada vaxtında və tam ödəməməsi işçinin (hazırkı halda iddiaçının) sosial təminat hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz. Başqa sözlə desək, sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək sığortaedilənin yox, sığoratçının vəzifələrinə aiddir. Odur ki, iddiaçı əmək haqqından tutulmuş məcburi dövlət sosial sığorta haqqının onun fərdi hesabının sığorta hissəsində qeydə alınmasını təmin etmək vəzifəsi daşımır. Belə olan halda, iddiaçıdan tutulmuş məbləğin ödənilmədiyinə, eləcə də göstərilən məbləğin onun fərdi hesabının sığorta hissəsində qeydə alınmadığına görə iddiaçının hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Əlavə olaraq məhkəmə həm də onu qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə işəgötürən tərəfindən iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqları tam şəkildə tutulmasına baxmayaraq, işəgötürən tərəfindən mübahisəli dövr üzrə məcburi dövlət sosial sığorta haqqı bəyannaməsində iddiaçının əmək haqqı və digər tutulmalar barədə birbaşa olaraq adı göstərilməmişdir. Lakin işin faktiki hallarından müəyyən olunur ki, işəgötürən tərəfindən digər işçilərə münasibətdə 2018-ci ilin 4-cü rübü üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Odur ki, cavabdeh orqan, iddiaçının əmək haqqısından tam şəkildə tutulan məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabında qeydə alınmasından imtina etməkdə haqlı olmamışdır. Beləliklə, cavabdeh inzibati orqan yuxarıda qeyd olunan və təyinatı aşkar göstərilən ödənişləri qəbul etməsinə baxmayaraq, məcburi dövlət sosial sığortasının məqsədləri üçün zəruri məlumatların fərdi şəxsi hesaba daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etməmişdir. Yuxarıda qeyd edilənlərə onu deməyə əsas yaradır ki, iddiaçıya işəgötürən tərəfindən əmək haqqı ödənilərkən, ondan sosial siğorta haqqının cavabdehə ödənilməməsi iddiaçının hər hansı bir günahkar hərəkətləri nəticəsində baş verməmişdir. Qeyd edilmiş qanunvericiliyin tələblərini nəzərə almaqla məhkəmə bildirir ki, inzibati orqan verilmiş səlahiyyətlər çərçivəsində məcburi sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifələrini icra etmədiyi təqdirdə isə, sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. Eyni zamanda, iddiaçının həmin ödənişin onun fərdi hesabının sığorta hissəsinə köçürülməsində hüquqi marağı da aydındır görünür. Belə ki, həmin ödəniş onun əmək pensiyası hüququnun təmin olunmasına xidmət edir. Məhkəmə yekun olaraq qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbinə ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərindən çıxış etməklə də qiymət verilməlidir. Buna görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Lakin ödənilmiş həmin vəsaitin onun fərdi hesabında qeydə alımaması vəziyyəti iddiaçının iradəsi və hərəkətləri nəticəsində deyil, müvafiq dövlət orqanının öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı.

Məhkəmə iddia tələbinin maddi və mənəvi zərərin əvəzinin ona məxsus fərdi uçota köçürülməsinə münasibətdə isə onu qeyd etməyi zəruri hesab edir ki, şəxsin ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb hüququ onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər. Belə ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə: ... Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. ... Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. … Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda istinad olunan istinad olunan maddəyə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən zərər dedikdə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Başqa sözlə desək, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Vurulmuş maddi zərərlə bağlı məhkəmə qeyd edir ki, yuxarıda istinad olunmuş normaya əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Bundan başqa, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla, hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 2) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 3) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. İstinad olunan norma anlamında inzibati orqanın mülki məsuliyyətinin yaranması üçün aşağıdakı şərtlərin birlikdə və eyni zamanda mövcud olması tələb olunur: inzibati orqan tərəfindən şəxsə münasibətdə qərarın (inzibati aktın) qəbul olunması (yaxud da hərəkət və ya hərəkətsizlik edilməsi); həmin qərarın (inzibati aktın, yaxud da hərəkət və ya hərəkətsizliyin) qanunsuz olması; inzibati orqanın qanunsuz inzibat aktı (hərəkət və ya hərəkətsizliyi) nəticəsində şəxsə ziyan vurulması. Məhkəmə diqqətə çatdırır ki, maddi və mənəvi zərərin tutulmasının əsasları bir birindən fərqlidir. Belə ki, qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Başqa sözlə desək, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Eyni zamanda, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün də qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxs mülki məsuliyyətə cəlb edilə bilməz. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iddia tələbininin dəlillərini cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi ziyanın tutulması hissəsində əsassız hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması, sübut olunmur. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir halda maddi məsuliyyətin mövcudluğu üçün yuxarıda adıçəkilən müddəalardan da göründüyü kimi maddi zərərin mövcudluğu, yəni iddiaçının istinad etdiyi məbləğin maddi zərər altında vurulması real olaraq təqdim edilən sübutlarda öz əksini tapmalıdır. İddiaçı isə həmin halları sübut edə bilməmişdir. Hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi də sübuta yetirilmir. Belə olduqda, iddiaçı mənəvi zərərin əvəzini tələb etmək hüququna malik olmur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Xidmət Nümayəndəliyi tərəfindən 2018-ci ilin dördüncü rübü üzrə İddiaçı xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının onun şəxsi fərdi hesabında əks olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filalının üzərinə qoyulsun. İddia qalan hissədə təmin olunmasın. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar