Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3512/2024 30.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən İddiaçı MMC-yə hesablanmış 209000,00 manat vergi borcunun hesablanmasına əsas olmuş qərarın ləğv edilməsi” barədə iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən İddiaçı MMC-yə hesablanmış 209000,00 manat vergi borcunun hesablanmasına əsas olmuş qərarın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi təsisçisi və rəhbəri olduğu İddiaçı MMC-ə qarşı əsassız olaraq 209000,00 manat vergi borcu hesablamışdır. ”Yapsan” MMC-in heç bir vergi borcu yoxdur, həmin borclar vergi orqanları tərəfindən qanunsuz və əsassız olaraq, qanunla müəyyən olunmuş əsaslar olmadan hesablanmışdır. Həmin borcun silinməsi dəfələrlə vergi orqanlarından tələb edilsə də vergi orqanı iddaçının əsaslı tələblərini təmin etməmişdir. Belə ki, İddiaçı MMC olaraq dövlət lahiyəsi əsasında sifarişçi Azərenerji ASC və Azərişıq ASC məxsus yarımstansiyalarının tikilməsi dair Podratçı şirkət olaraq "xxxx"QSC-ə müqavilə bagalayaraq yarımstansiyaların tikintisinə başlamışlar. Elektro İndustries” QSC ilə aralarında bağlanmış müqavilə əsasında ********.00 manatlıq dəyərində iş görülmüşdür və müqavilə öhdəlikləri iddiaçı tərəfindən yerinə yetrilmişdir. 2019-cu il tarixində İddiaçı MMC tərəfindən görülən işlərin dəyəri baradə 5600000.00 manat dəyərində "xxxx" QSC-ə qaimə-faktura göndərilmişdir. Qaiməfaktura əsasən "xxxx" QSC tərəfindən İddiaçı MMC 4950000.00 manat pul ödənilmişdir. "xxxx" QSC tərəfindən 651000.00 manat ödənilməmişdir və qaimə-fakturadan geri çəkməkdən imtina edirlər. Bu səbəbdən də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 651000.00 manat pulu mənfət kimi hesablayırlar. Buna görə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi təsisçisi və rəhbəri olduğu İddiaçı MMC-ə qarşı əsassız olaraq 209000,00 manat vergi borcu hesablamışlar. Belə olan halda iddiaçı tərəfindən heç bir vergi öhdəliyi yaranmır, buna baxmayaraq, vergi orqanı əsassız vergi borcu hesablayaraq onun tutulmasını tələb edir. Cavabdeh məhkəməyə vəsatət təqdim edərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN **********) cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya hesablanmış 294700,00 manat vergi borcunun ləğv edilməsinə və dövlət büdcəsinə artıq ödənilmiş 270690,25 manat pulun geri qaytarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı başqa bir iddia ərizəsi ilə 209000,00 manat vergi borcunun ləğv edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixə İddiaçı MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsi üzrə büdcəyə ümumilikdə 657376,70 manat, o cümlədən vergilər üzrə 468023,05 manat, faiz üzrə 189353,65 manat ödənilməmiş borcu vardır. Vergi ödəyicisinin 468023,05 manat vergi borcunun tərkibi 384809,17 manat kameral vergi yoxlaması ilə hesablanmış vergilərdən, 180,00 manat maliyyə sanksiyasından və 83033,88 manat cari bəyannamələr üzrə hesablanmış vergilərdən ibarətdir. Qeyd olunan məlumatlardan aydın olduğu kimi iddiaçı tərəfindən müxtəlif iddialarla mübahisələndirilən məbləğlərin əksəriyyətinin əsasını kameral vergi yoxlamaları nəticəsində qəbul edilmiş qərarlar təşkil etməkdədir. Məhkəməyə iddiaçının şəxsi hesab vərəqəsi təqdim edilmiş və şəxsi hesab vərəqəsində olan borcun açıqlaması xx.xx.2023-cü il tarixli **********378500 saylı vəsatətdə öz əksini tapmışdır. Lakin iddiaçı hər iki iddia üzrə keçirilmiş məhkəmə iclaslarında iştirak etməməklə yanaşı, onun tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair hər hansı ərizə də məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1.-ci maddəsinə əsasən,sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçı iddia tələbində ləğv edilməsini istədiyi qərarın tarixini, nömrəsini göstərmədiyindən məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi üzrə yardım göstərmək, işin halları və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə 23 aprel 2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərə məhkəmə iclasları təyin edilmiş və bu haqda iddiaçıya məhkəmə bildirişləri göndərilmişdir. Lakin iddiaçı məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, iddia tələbini dəqiqləşdirilməsinə dair ərizə təqdim etməmişdir. İnzibati Prosessual Məcəlləsinin 48.2.-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarına əsasən, 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq, iddia mümkün sayılmalıdır. 5.4. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə müəyyən etdi ki, Bakı İnzibati Məhkəməsində iddiaçının dövlət büdcəsinə olan vergi borclarının silinməsi barədə bir neçə iddia ərizəsi üzrə məhkəmə işləri vardır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10627/2022 saylı, xx.xx.2022-ci il tarixli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15278/2023 saylı, xx.xx.2023-cü il tarixli Sərəncamlarından görünür ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi”, “vergi borcunun ləğv edilməsi və ödənilmiş pulun geri qaytarılması” tələbləri ilə məhkəməyə müraciət edilmişdir. Halbuki vergi borcların hesablanması ilə bağlı vergi orqanının müvafiq qərarları bir iddia ərizəsi üzrə bir məhkəmə inzibati icraatında mübahisələndirilə bilər. Yəni, prosessual qənaət prinsipinə uyğun olaraq iddiaçı özünün pozulmuş hüquqların bərpası istiqamətində məhkəmədə qaldırılmış iddia tələbini dəqiqləşdirmək, onun şəxsi hesab vərəqəsində vergi borcu kimi qeyd edilmiş 657376,70 manat məbləğini əsassız və qanunsuz hesab etdiyi halda,həmin vergi borcunun hesablanması üçün əsas olmuş vergi orqanının bütün qərarlarının ləğv edilməsinə dair vahid iddia tələbini irəli sürmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.iyun 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. İnzibati Prosessual Məcəlləsinin 45.5.1. –ci maddəsinə əsasən, iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İş materiallarından göründüyü kimi, iddiaçının “qərarın ləğv edilməsi barədə” 2- 1(112)-10627/2022 saylı başqa məhkəmə işi də mövcuddur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən İddiaçı MMC-yə hesablanmış 209000,00 manat vergi borcunun hesablanmasına əsas olmuş qərarın ləğv edilməsi barədə iddia tələbi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova