Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3517/2021 15.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.1963-cü ildə doğulmuşdur. 1981-ci ildə Gəncə şəhərində 28 saylı tam orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamışdır. 01.10.1981-ci ildə Kirovabad (indiki Gəncə) X5 elektrik montajçısı vəzifəsinə qəbul olunmuşdur. Həmin işdə 15.02.1983-cü ilədək işləmişdir. 25.02.1983-cü ildən 01.02.1989-cu ilədək həmin zavodda izolyaçı işləmişdir. 06.02.1989-21.05.1996-cı ilədək həmin zavodda mühasib işləmişdir. 18.02.2001-ci ildə Gəncə Gil-Torpaq istehsalat sahəsi X8 makinaçı-kargüzar vəzifəsinə qəbul edilmişdir. 07.01.2020-ci ildən Gəncə Gil-Torpaq istehsalat sahəsi X5 3-cü dərəcəli izolyasiyaçı vəzifəsinə qəbul ounaraq, 02.05.2016-cı il tarixədək həmin vəzifədə işləmişdir. 02.05.2016-cı il tarixdən hazırki vaxtadək "xxxx" MMC-nin Nəqliyyat və İnzibati İşlər Departamentinin Təsərrüfat Administrasiyasında yol süpürən işləyir. 04.08.2020-ci il tarixdə cavabdeh inzibati orqana müraciət edərək, ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyon olunmasını xahiş etmişdir. Ərizə cavabdeh orqana rəsmi qaydada çatdırılsa da müraciətinə cavab verilməmişdir. Halhazırda ümumilikdə 37 il əmək stajı vardır ki, onun da 13 ilini Gəncə (keçmiş Kirovabad) X6 dördə ədəd Qazan sexinin izolyasiyasını və həmin sexdən 8-10 metr hündürlükdəki estakadalar vasitəsilə metal borularla istilik enerjisinin 300-500 metr məsafədə yerləşən buxarlandırma sahəsindəki səkkiz ədəd buxarlandırma qurğularındakı itkisiz verilməsi üçün həmin boruların izolyasiya işlərini və vaxtaşırı olaraq cari təmir işlərini icra etmişdir. İzolyasiyaçı peşəsinin xüsusiyyətində də qeyd edilmişdir ki, boru kəmərlərinin və texnoloji qurğuların zərərli ekoloji təsirlərdən deformasiya olunmuş yerləri izolyasiya materialları ilə doldurmaq, cari təmir işləri görmək. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 18.01.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə təqdim olunmuş iddiaya dair 01 iyun 2021-ci il tarixli **********2 №li yazılı etirazında (mülahizə) göstərilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi dəqiqləşdirici arayışın surətinə baxarkən məlum olur ki, arayışın üzərində verilmə tarixi, arayışı təqdim edən müəssisənin adı və rekvizitləri əks olunmamış, arayış möhürlə təsdiq edilməmişdir. Göstərilənlərə əsasən sözügedən arayışın həqiqiliyinə əsaslı şübhələr yaranır. Belə olan halda həmin arayışın mötəbər sübut kimi qəbul edilməsi mümkün hesab edilməməlidir. Bundan əlavə iddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik deyildir. Belə ki, hazırda iddiaçıya əmək pensiyasının təyin olunması üçün tələb olunan pensiya kapitalı 43.000,00 manat təşkil edir. Lakin onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı isə 24.678,95 manatdır. Bu səbəbdən də ona Filial tərəfindən əmək pensiyasının təyin olunması mümkün deyildir. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X11 məhkəmə iclasında yazılı etiraza uyğun verdyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq və iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; - iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1963-cü ildə Gürcüstan Respublikası Borjomi şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. - İİ- JQ seriyalı 495744 №li nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Şirinova Svetlana X1 ilə nikaha daxil olduqdan sonra ona Abbasova soyadı verilmişdir. - notarial qaydada təsdiq və tərcümə edilmiş ИT-İ seriyalı ******* nömrəli 23.06.1982-ci il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən Abbasova (Şirinova) Svetlana Radixanovna 01.10.1981-ci ildə “Azbaşenerji” Kirovabad X5 elektrik sexinə elektrik avadanlığın təmiri üzrə 1-ci dərəcəli elektrik montyoru kimi qəbul edilmiş, 15.02.1983-cü ildə işdən azad edilmişdir. 25.02.1983-cü ildə qazan (buxar) qrupuna 3-cü dərəcəli daşyonan vəzifəsinə təyin olunmuş, 19.01.1984-cü ildə işdən azad olunmuşdur. 01.02.1984-cü ildə “Cənubenerjiistilikizolyasiya” kombinatına 3-cü dərəcəli istilik izolyatorçu kimi qəbul edilmiş, 01.02.1989-cu ildə tutduğu vəzifədən azad olunmuşdur. 06.02.1989-cu ildə İstehsalat-Təmir müəssisəsi “X3 Sahəsi”nin Kirovabad təmir sahəsinə baş mühasib vəzifəsinə qəbul edilmiş, 21.05.1996-cı il tarixdə işdən azad edilmişdir. 18.09.2001-ci ildə “Gəncə Gil-Torpaq” istehsalat sahəsində X8 makinaçı-karkuzar vəzifəsinə qəbul edilmiş, 07.01.2002-ci ildə X6 mərkəzi təmir sexinin üçüncü dərəcəli izolyasiya sarıyıcısı vəzifəsinə keçirilmiş, 02.05.2016-cı ildə əmək müqaviləsinə xitam verilmişdir. 02.05.2016-cı ildə "xxxx" MMC-də yol süpürən vəzifəsinə təyin edilmiş, 30.09.2018-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" ASC-nin Sumqayıt “Alüminium” İstehsalat Sahəsi tərəfindən verilmiş 34 №li 13.05.2016-cı il tarixli arayışda göstərilmişdir ki, İddiaçı "xxxx" ASC-nin Gəncə “Gil-torpaq” İstehsalat Sahəsində (keçmiş Kirovabad Alüminium zavodu) aşağıdakı peşələrdə (vəzifə) güzəştli şərtlərlə işləmişdir: 25.02.1983-cü ildən 19.01.1984-cü ilədək Siyahı №2. Bölmə Xİİİ, yarımbölmə 13a, Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı Sobaçılar (2140000a-16600). İddiaçı Radixan qızı 2 saylı pensiya Siyahısı üzrə güzəştli şərtlərlə işləmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq; "xxxx" ASC tərəfindən verilmiş 18.06.2021-ci il tarixli 01-116 nömrəli cavab məktubunda göstərilmişdir ki, İddiaçı 07.01.2002-ci ildən 01.03.2006-cı ilədək "xxxx" ASCnin Gəncə “Gil-Torpaq” X4 Elektrik Mərkəzində izolyasiya sarıyıcısı peşəsində işləmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarında vətəndaşın işlədiyi peşənin adı güzəştli şərtlərlə pensiya təyini üzrə nəzərdə tutulmuş siyahıda yoxdur. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən cavab verilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin müraciətə cavab verməməsi imtina kimi qəbul olunmaqla, imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, qadın cinsindən şəxsin 55 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il, ümumi iş stajı minimum 20 il olmalı; 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İddiaçının mübahisəli əmək fəaliyyəti illəri nəzərə alınmaqla, bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Ümumi iş stajı” anlayışı ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.3-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddət sığortaolunanın sığorta stajına daxil edilir. Göründüyü kimi, iddiaçının 01.01.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Bununla yanaşı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar (“Güzəştli arayış”)da qeyd olunmuş məlumatlar əsas götürülməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasında qeyd olunan 07.01.2002-ci ildən 01.03.2006-cı ilədək "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” X4 Elektrik Mərkəzində işlədiyi izolyasiya sarıyıcısı peşəsi əmək şəraiti zərərli olan işlərə aid edilməmişdir. Bu isə o, deməkdir ki, iddiaçıya 55 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırda iddiaçıya əmək pensiyasının təyin olunması üçün tələb olunan pensiya kapitalı 43.000,00 manat təşkil edir. Lakin onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı isə 24.678,95 manatdır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3517/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3517/2021
15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver