Məhkəmə qərarları › İş №2-1(112)-3519/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3519/2024

17.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3519/2024 17.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi, tərcüməçi X6, İddiaçı, iddiaçının nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə (3-cü şəxs: X7) qarşı "akt qeydinin dəyişdirilməsi" tələbinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nərimanov rayon qeydiyyat şöbəsinin 08 oktyabr 1994-cü ilə atalığın müəyyən edilməsi barədə 164 saylı akt qeydi ilə ata qrafasında dəyişiklik edilərək ata qrafasında X8, vətəndaş qrafasında İddiaçı Qəzənfər oğlu kimi qeyd edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının bioloji anası X10, bioloji atası X2muşdur. Lakin sonradan bioloji valideynlərinin razılığı ilə 08 oktyabr 1994-cü il tarixli atalığın müəyyən edilməsi haqda 164 saylı akt qeydi ilə ata qrafasında dəyişiklik edilərək X7 yazılmışdır. Ata qrafasında X1 adı yazılmasına baxmayaraq o, bioloji valideynlərinin yanında yaşamış və onların tərbiyəsini almışdır. Onu atası olan X8 böyütmüşdür. Hazırda iddiaçı yetkinlik yaşına çatmış və onun bir qardaşı da var. Lakin onunla ata adlarının fərqli olması iddiaçıya pis təsir edir və mənəvi əzab verir. X7 uzun müddətdir ki, Azərbaycan Respublikası kənarında yaşayır və iddiaçının onunla heç bir əlaqəsi yoxdur. O, bioloji anasının yanında pasport qeydiyyatında olmaqla qardaşı ilə birlikdə yaşayır. Hətda qardaşı ilə soyadları belə eynidir, sadəcə ata adları müxtəlifdir. X1 hal-hazırda harada yaşaması barədə heç bir məlumatı olmadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəməyə yazılı etirazını təqdim etməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə əsasən iddiaçıya yardım etmək məqsədilə müvafiq tələblə səlahiyyətli məhkəməyə müraciət etmək hüququnun olması izah edilsə də, məhkəmənin təklifinə baxmayaraq iddiaçı işə baxılmasına təkid etdiyindən iddianın mümkünlüyü məsələsinə baxılması məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs təyin edilmiş məhkəmə iclasında iştirak etməmişlər. Üçüncü şəxs məhkəməyə ünvanlanmış ərizəsində işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsaslanaraq, onun iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o iddiaçının anasıdır. O, iddiaçının bioloji atası X4 1993-cü ildə rəsmi nikaha daxil olarkən aralarında yaş fərqi böyük olduğu üçün nikahlarının bağlanmasndan imtina edilib. Bundan sonra isə onların toyu olub və sonradan nikah bağlayıblar. Şərabçiyev Abdulla onun həyat yoldaşı Qəzənfərin xalası oğludur. İddiaçı anadan olanda Şərabçiyev Abdulla onlardan xahiş edib ki, uşağın atası kimi onu yazsınlar. Onların razılığı ilə Şərabçiyev Abdulla doğum akt qeydində uşağın atası kimi yazılıb. Hazırda bu iddiaçıya çox pis təsir edir və uşağın atası kimi öz bioloji atasının yazılmasını istəyir. Uşağın əsl atası isə vəfat etmişdir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə, iddiaçı və onun nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz sayılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İddiaçının nümayəndəsinin bildirdiklərinə əsasən, iddiaçı anadan olarkən o, iddiaçının atası olan İddiaçı Qəzənfər oğlu rəsmi nikahda olmamışdır. Bu səbəbdən onların razılığı ilə X7 doğum akt qeydində iddiaçının atası kimi yazılmışdır. Hazırda iddiaçı onun bioloji atasının İddiaçı Qəzənfər oğlu olduğunu bildirərək doğum akt qeydində atası kimi həmin şəxsin yazılması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur (44.1.). Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur (44.2.). Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur (44.3.). Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar (46.1.). Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər (47.1.). “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın - yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır (11.0.). Qeyd edilən hüquq normalarından göründüyü kimi uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Göründüyü kimi doğum akt qeydinə əsasən iddiaçının X7 iddiaçının atasıdır. İddiaçı həmin şəxsin deyil İddiaçı Qəzənfər oğlunun öz bioloji atası olduğunu hesab edirsə o, bununla bağlı X3 cavabdeh kimi göstərməklə nikah akt qeydinin etibarsızlığı barədə ümumi məhkəmədə iddia qaldırmalı, bundan sonra isə atalığın etiraf edilməsi faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə ümumi məhkəməyə müraciət etməlidir. Nə qədər ki, X5 iddiaçının atası olması faktı müəyyən olunmayıb, cavabdeh bununla bağlı akt qeydində dəyişiklik apara bilməz. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, işə inzibati məhkəmədə baxılmalı olmaması səbəbindən iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı “akt qeydinin dəyişdirilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına apelyasiya şikayəti verə bilər. Hakim: Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar