Məhkəmə qərarları › İş №2-1(112)-352/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-352/2021

26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-352/2021 26.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Təhsildə X1rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi üçümcü şəxs qimində inzibati məhkəmə icraatına cəlb edilməklə diplomun tanınması tələbinə dair inzibati işə məhkəmənin (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən verilmiş və Rusiya Federasiyası tərəfindən təsdiq olunmuş ona məxsus olan diplomunun tanınması və şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə vəzifə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının razılığı ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir. Məhkəmənin 12.03.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2000-ci ildə Türkmənistan Respublikasının vətəndaşı kimi Rusiya Federasiyasının X3 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı filialına qəbul olunnmuşdur. Əyani və ödənişli (ildə 830$) təhsil almaqla yanaşı digər xərclərinidə (yemək, yaşamaq, yol xərci və viza üçün 3 aya 40$) çəkərək ali təhsil almaq üçün valideynləri pul xərcləmişdir. 2005-ci ildə həmin İnstitutun magistr dərəcəsini bitirmiş və Azərbaycan vətəndaşı ilə ailə qurduğu üçün Azərbaycan vətənaşlığını qəbul edib Masallı rayon Göyəçöl kənində qeydiyyata alınmışdır. Ali təhsil sənədi olan diplomun qanuna uyğun olmasını təsdiq etmək üçün 2018-ci ildə Rusiya Federasiyasının Təhsil Nazirliyinə müraciət etmiş və araşdırılma aparıldıqdan cəmi 40 gün sonra diploma apostel vuraraq təsdiq etmişdirlər. 19 oktyabr 2018-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin elektron portalında qeydiyyatdan keçməklə tələb olunan bütün sənədləri daxil edib və ödənişləri ödədikdən sonra araşdırlımasına başlaması barədə elektron poçt ünvanına (mailto:camilaqarzayevna@gmail.comElektron ünvan ) məktub göndərilmişdir. Müraciətindən 5 ay sonra 08 aprel 2019-cu il tarixdə müsahibədə iştirak etməyi üçün onu Bakı şəhərinə Akkreditasiya və Nostrifikasiya İdarəsinə dəvət etmişlər. Yaxın zamanda müraciətinin cavablanacağı müsahibə zamanı bildirilsə də heç bir məlumat daxil olmamışdır. Bunun üçün təkrar həmin idrəyə müraciət etmiş və yay tətilindən sonra cavab veriləcəyi bildirilmişdir. 16 oktyabr 2019-cu il tarixdə müraciətinə aşağıda qeyd olunmuş mətndə cavab göndərildi: “Ali təhsil sənədlərinizin araşdırılması zamanı müəyyən edilmişdir ki, Siz Rusiya Federasiyasmın X3 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı filialında təhsil almısınız. Diqqətınızə çatdırırıq ki, Rusiya Federasiyasının adıçəkilən ali təhsil müəssisəsinə Azərbaycan Respublikası ərazisində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün Təhsil Nazirliyı tərəfindən xüsusı razılıq (lisenziya) verilməmişdir. Göstərilənlər nəzərə alınaraq, 1997-ci ildə imzalanmış “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensıyanın İ bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü ıl tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, F6DC7B3F7E nömrəli müraciətiniz üzrə aldığınız ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir”. Bu cavab onu çox sarsıtmışdır. O bütün sənədləri ilə birlikdə həmin dövrdə İnstitutun Bakı filialının direktoru olmuş, hal-hazırda Milli Məclisin deputatı olan Bəxtiyar Əliyevlə görüşmüş və sənədləri təqdim etmişdir. X9 bütün sənədlərin qaydasında olduğunu, İnstitutunun qanuni fəaliyyət göstərdiyini və lisenziyasının olduğunu bildirib, yalnız yuxarıda adı çəkilən İnstitutun filıalının nə direktoru, nədəki rəhbəri olmadığını söyləmişdir. Baxmayaraq ki, müvafiq sədənlərdə Bəxtiyar Əliyevin həm adı, soyadı, həm də imzası var. Bunu onunla birlikdə həmin İnstitutda təhsil alan bütün tələbələr təsdiq edirlər. İndi hər iki tərəf, yəni həm Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi, həm də Azərbaycan Respublikası Milli Məclisin deputatı Bəxtiyar Əliyev ona məhkəməyə müraciət etməyini tövsiyə edirlər. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.2-ci bəndinə əsasən “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır”. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması vş ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.3-cü bəndinə əsasən təhsilin məzmunununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. Azərbaycan Respublikası “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.2-ci bəndinə əsasən “ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada həyata keçirilir: Ekspertiza-xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; Xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi. Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində yaradılmış ali təhsil sahəsində ixtisasların tanmması və ekvivalentliyin müəyyən edilməsi üzrə ekspert qrupu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaları (Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları), “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsini (Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfındən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyyələr”in V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 26-cı və 37-ci paraqraflarını rəhbər tutaraq, iddiaçının ixtisas üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq qurumları tərəfindən sənədləri araşdırılarkən, aldığı ixtisasın Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən edilmişdir. İddiaçı təhsil aldığı bildirilən Rusiya Federasiyası X3 Əlaqələr, İqtisadiyyat və Hüquq institutunun Bakı filialınm təhsil fəaliyyətini həyata keçirməsinə xüsusi razılığı (lisenziya) və akkreditasiyası mövcud olmamışdır. Rusiya Federasiyası X3 Əlaqələr, iqtisadiyyat və Hüquq İnstitutunun Bakı filialı və bəzi əcnəbi ali təhsil müəssisələrinin Azərbaycsyı Respublikasındakı filialları Azərbaycan Respublikasının Qanunları və ondan irəli gələn normativ-hüquqi aktların tələblərinin icrasına məhəl qoymadan qanunsuz (lisenziya olmadan) fəaliyyət göstdiklərinə görə Təhsil Nazirliyin kollegiyası, lisenziya komissiyası və məhkəmə qərarları ilə fəaliyyətləri dayandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 19.06.2009-cu il Fərmanı ilə təsdiq edilmiş “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Təhsil fəaliyyətinin lisenziyalaşdırılması və təhsil müəssisəsinin akkreditasiyası qaydaları barədə qeyd edilmişdir. Qanunun 1.0.5. akkreditasiya - təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyənləşdirilib təsdiq edilməsi proseduru; 1.0.8-1. beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı beynəlxalq təşkilat və ya xarici dövlət tərəfindən müəyyən edilmiş standartlara uyğun tətbiq edilən və məzunlarına iki və daha çox xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ verən təhsil proqramıdır (İB Diploma Programme (X6 Proqramı), Advanced Level of General Certificate of Educa'tion (Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi) və Advanced Placement (Yüksək yerləşdirmə) təhsil proqramıdır). 16.01. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələri istisna olmaqla, hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziya almalıdır. Təhsil müəssisələrinə lisenziya müddətsiz verilir. 16.02. Xarici hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin öz ölkələrində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınması dövlətlərarası müqavilələrlə müəyyən edilir. 16.03. Təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır. Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildən bir həyata keçirilir. 16.04. Təhsil müəssisəsinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən edilmiş qaydada yaratdığı dövlət akkreditasiya xidməti həyata keçirir. Akkreditasiya müvafiq keyfiyyət sənədinin - sertifikatın verilməsi ilə başa çatır. 16.5. Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. 27.1. Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün lisenziyası olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın 1.2-ci maddəsinə əsasən “Təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, müəssisənin maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmış dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti 5 il müddətinə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə 3 il müddətinə) uzadılması üçün hüquqi təminat yaradır”. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, qeyri-qanuni fəaliyyət göstərmiş təhsil müəssisəsinin diplomu qanuni sayıla bilməz. Bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə görə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildə Türkmənistanın Krasnovodsk şəhərində doğulmuşdur. Yaşayış yeri Masallı rayonu, Gəyəçöl kəndidir. - Rusiya Federasiyası Sankt-Peterburq şəhəri Ali İxtisas Təhsili Qeyri-dövlət Təhsil Müəssisəsi “X3 əlaqələr, iqtisadiyyat və hüquq İnstitutu” tərəfindən verilmiş qeydiyyat nömrəsi 9647 olan, 30.11.2006-cı il tarixli diplomunun və həmin diploma əlavənin azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı təhsil forması əyani, təhsil müddəti 5 il olmaqla 2000-ci ildə “X3 əlaqələr, iqtisasiyyat və hüquq İnstututu”na qəbul olunmuş, 2003-cü ildə “X3 əlaqələr, iqtisasiyyat və hüquq İnstututu”nun adı Ali İxtisas Təhsili Qeyri-dövlət Təhsil Müəssisəsi “X3 əlaqələr, iqtisadiyyat və hüquq İnstitutu”olaraq dəyişdirilmiş, İddiaçı 2005-ci ildə Ali İxtisas Təhsili Qeyri-dövlət Təhsil Müəssisəsi “X3 əlaqələr, iqtisadiyyat və hüquq İnstitutu”-nu bitirmiş, Dövlət Attestasiya Komissiyasının 29 iyun 2005-ci il qərarı ilə o, “hüquqşünaslıq” istiqaməti üzrə “hüquqşünas” bakalavr dərəcəsi ilə təltif edilmişdir. - Qeyd olunan diploma Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən 16.02.2018-ci il tarixdə apostol möhürü vurulmaqla, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 16.10.2019-cu il tarixli elektron məktubdan görünür ki, ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, o, Rusiya Federasiyasının X4 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitunun Bakı Filialında təhsil almışdır. Diqqətinə çatdırılır ki, Rusiya Federasiyasının adıçəkilən ali təhsil müəssisəsinə Azərbaycan Respublikası ərazisində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməmişdir. Göstərilənləri nəzərə alınaraq, 1997-ci ildə imzalanmış “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın İ bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən F6DC7B3F7E nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 01.05.2020-ci il tarixli 05/1958/2-11 nömrəli məktuba əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 22.04.2020-ci il tarixli, İN-X/O-4179/2020 nömrəli məktubundan görünür ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində Rusiya Federasiyasının X3 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı filialına sözügedən fəaliyyət növü üzrə lisenziya verilməsinə dair məlumat qeydə alınmamışdır. Eyni zamanda bildirilir ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1 nömrəli əlavəsi olan “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 5-ci maddəsinə əsasən təhsil fəaliyyəti üzrə (dövlət məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, məktəbəqədər təhsil müəssisələri; dövlət ümumi təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla); peşə təhsili müəssisələri; orta ixtisas təhsili müəssisələri; ali təhsil müəssisələri; əlavə təhsil müəssisələri; dini orta ixtisas təhsil müəssisələri; ali dini təhsil müəssisələri) hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının, nümayəndəliyinin və fərdi sahibkarın lisenziya alması tələb olunur. - Azərbaycan Respublikası X12 tərəfindən məhkəməyə göndərilmiş 28.09.2020-ci il tarixli, 09/04-09/2387 nömrəli məktubdan görünür ki, xx xxxxxx 1982-ci il təvəllüdlü İddiaçı (şəxsiyyət vəsiqəsinin FİN kodu: xxxxxxx) ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün müraciət etməmiş və barəsində X12 (Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. - Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış 00-03- 69/TKTA №-li, 04.03.2020-ci il tarixli məktubdan görünür ki, X10 X3 Əlaqələr, iqtisadiyyat və Hüquq İnstitutunda 2000-2005-ci illər ərzində “Hüquqşünaslıq” ixtisası üzrə qiyabi şəkildə bakalavr təhsili almışdır. Xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunan sənədlərinin araşdırılması nəticəsində vətəndaşın xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması haqqında 16.04.2008-ci il tarixli qərar verilmiş və vətəndaşa müvafiq qaydada şəhadətnamələr təqdim olunmuşdur. Qeyd edilir ki, sənədlərinin ekspertizası çərçivəsində E.Rzayevin təhsil aldığı ali təhsil müəssisəsinə göndərilmiş sorğuya verilən cavabda vətəndaşın qiyabi əsaslarla təhsil aldığı öz təsdiqini tapmış, lakin onun X3 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı filialında təhsil alması ilə bağlı hər hansı məlumat qeyd olunmamışdır. Əlavə olaraq, E.Rzayevin 2000-2005-ci illər ərzində sərhəd gedişgəliş məlumatları araşdırılmış və vətəndaşın ümumi təhsil müddəti ərzində təhsil alınan ölkənin ərazisində olduğu müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2000-ci ildə Rusiya Federasiyası Sankt-Peterburq şəhəri Ali İxtisas Təhsili Qeyri-dövlət Təhsil Müəssisəsi “X3 əlaqələr, iqtisadiyyat və hüquq İnstitutu”nun Bakı Filialına “Hüquqşünaslıq” ixtisası üzrə daxil olaraq təhsil almış və Dövlət İmtahan Komissiyasının 29 iyun 2005-ci il qərarı ilə ona “Hüquqşunas” ixtisası verilmişdir. İddiaçı təhsil aldığı müəssisəni bitirməsinə dair qeydiyyat nömrəsi 9647 olan, 30.11.2006-cı il tarixli diplom verilmiş, həmin diplom Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən apostol olunmuşdur. İddiaçı diplom üzrə ixtisasının tanınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan iddiaçının təhsil aldığı ali təhsil müəssisəsinə Azərbaycan Respublikası ərazisində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməməsini əsas gətirərək iddiaçının müraciətini təmin etməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun: - 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. - 27.4-cü maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. - 29.0.21-ci maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biridir. - 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Przidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin: - 1.1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyriformal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. - 2.2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. - 13.12.2020-ci il tarixədək qüvvədə olmuş 3.1.4-cü bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentiliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. - 3.1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. - 3.1.8-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: - 1.1-ci bəndinə görə bu Qaydalar "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. - 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. - 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. - 1.4-cü bəndinə görə isə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. - 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. - 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. - 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; - təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); - xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. 29.03.2010-cu il tarixədək qüvvədə olmuş “Azərbaycan Respublikasında tədris müəssisələrinin qeydiyyatdan keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 4 fevral tarixli, 69 nömrəli qərarına əsasən Respublikada fəaliyyət göstərən dövlət və qeyri-dövlət mülkiyyətinə mənsub olan bütün tədris müəssisələri — ali, orta ixtisas, texniki-peşə və ümumtəhsil orta məktəbləri, litseylər, kolleclər, gimnaziyalar və onların müvafiq filialları, məktəbəqədər tərbiyə və məktəbdənkənar müəssisələr, menecer məktəbləri, müxtəlif hazırlıq, təkmilləşdirmə və ixtisasartırma kursları Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi tərəfindən 1992-ci il martın 1-dən başlayaraq qeydiyyata alınması, qeydiyyata alınmış tədris müəssisələrinin akkreditasiyası və onların tədris-metodiki təminatı respublika Xalq Təhsili Nazirliyinə həvalə edilməsi qərara alınmış, Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinə bir ay müddətinə «Tədris müəssisələrinin yaradılması, qeydiyyatdan keçirilməsi, akkreditasiyası və ləğv edilməsi qaydaları haqqında Əsasnamə» layihəsini hazırlaması və təsdiq üçün Nazirlər Kabinetinə təqdim etməsi tapşırılmış, Respublika bank və maliyyə orqanlarına Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyində qeydiyyatdan keçməmiş tədris müəssisələri üçün hesab açmamaları tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.06.1992-ci il tarixli, 358 nömrəli qərarı ilə “Azərbaycan Respublikası tədris və tədris-tərbiyə müəssisələrinin yaradılması, qeydə alınması, yenidən qurulması və ləğv edilməsi qaydası haqqında” Əsasnamə təsdiq edilmişdir. Həmin Qərarın 12-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri yalnız dövlət qeydiyyatına alındıqdan sonra xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada lisenziya ala bilər. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 2-ci hissəsinə görə Xarici hüquqi və fiziki şəxslər, xarici hüquqi şəxslərin filialları və nümayəndəliklərinin öz ölkələrində müvafiq fəaliyyət növləri ilə məşğul olmaq üçün aldıqları xüsusi razılıqların (lisenziyaların) Azərbaycan Respublikasında tanınıb tanınmaması dövlətlərarası sazişlərlə müəyyən edilir. Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər Azərbaycan Respublikasında şəhərsalma fəaliyyətini bu fəaliyyətə xüsusi razılığı (lisenziyası) olan Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsi ilə müştərək həyata keçirirlər. Qalan bütün hallarda həmin fəaliyyətlə məşğul olmaq üçün qanunvericiliyə müvafiq qaydada xüsusi razılıq (lisenziya) alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 15 aprel tarixli 49 nömrəli qərarı ilə təsdiq edilmiş və 28.09.2010-cu il tarixdək qüvvədə olmuş “Ali və orta ixtisas təhsili müəssisələrinin attestasiyası və akkreditasiyası haqqında” Əsasnamənin: - 1.1-ci bəndinə əsasən bu Əsasnamə Azərbaycan Respublikasının Təhsil Qanununa və digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır və tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün ali və orta ixtisas təhsili müəssisələrinin (bundan sonra - təhsil müəssisələri), onların filial və şöbələrinin (o cümlədən digər ölkələrin təhsil müəssisələrinin Azərbaycanda olan filial və şöbələrinin) attestasiya və akkreditasiya qaydalarını müəyyən edir. - 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yerləşən bütün təhsil müəssisələrinin (o cümlədən digər ölkələrin təhsil müəssisələrinin Azərbaycanda fəaliyyət göstərən filial və şöbələrinin) attestasiyası və akkreditasiyası tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən daimi fəaliyyət göstərən akkreditasiya komissiyası və hər bir təhsil müəssisəsini attestasiyadan keçirmək üçün attestasiya komissiyası yaradılır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət təhsil müəssisələri istisna olmaqla, hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziya almalıdır. Təhsil müəssisələrinə lisenziya müddətsiz verilir. Xarici hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin öz ölkələrində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınması dövlətlərarası müqavilələrlə müəyyən edilir. Təhsil müəssisəsinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. Akkreditasiya müvafiq keyfiyyət sənədinin - şəhadətnamənin verilməsi ilə başa çatır. Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. Göründüyü kimi qanunvericiliklə digər ölkələrin təhsil müəssisələrinin Azərbaycanda fəaliyyət göstərən filial və şöbələrinin aidiyyati orqanlarda müvafiq qeydiyyatını məcburi şərt kimi müəyyən edilmişdir. Hazırki işin hallarına görə isə iddiaçının 2000-2005-ci illərdə təhsil almasını iddia etdiyi Rusiya Federasiyası Sankt-Peterburq şəhəri Ali İxtisas Təhsili Qeyri-dövlət Təhsil Müəssisəsi “X3 əlaqələr, iqtisadiyyat və hüquq İnstitutu”nun Bakı filalının müvafiq qaydada dövlət qeydiyyatına alınması və Azərbaycan Respublikası ərazisində qanuni əsaslarla fəaliyyət göstərməsi müəyyən edilmir. Belə olan halda məhkəmə cavabdeh inzibati orqanın İddiaçı Rusiya Federasiyası Sankt-Peterburq şəhəri Ali İxtisas Təhsili Qeyri-dövlət Təhsil Müəssisəsi “X3 əlaqələr, iqtisadiyyat və hüquq İnstitutu” tərəfindən verilmiş diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınmasından imtinasını qanuni və əsaslı hesab edir. “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. “Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur . "Mahmudov Rusiyaya qarşı iş üzrə" İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 26.07.2007-ci il tarixli qərarında isə məhkəmə qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq affırmamti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh inzibati orqanı tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar