Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-352/2024 21.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi ilə Tərəflərin iştirakı olmadan İddiaçı Cavabdehnə qarşı «diplomun verilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasinin X4 publik hüquqi şəxsinə qarşı «diplomun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı 2017 – 2018-ci tədris ilində Naxçıvan Dövlət Universitetinə iqtisadiyyat ixtisası üzrə qiyabi şöbəsinə qəbul olunmuşdur. O, 2020 – 2021ci tədris ilində Universiteti yaxşı qiymətlərlə başa vurub məzun olmuşdur. Təhsil haqqını tam ödəmişdir. Naxçıvan Dövlət Universiteti tərəfindən onun sənədləri digər tələbələr kimi diplom verilməsi üçün cavabdehə göndərilmiş, ona diplom verilməmişdir. Naxçıvan Dövlət Universitetinə verilmiş sorğu nəticəsində iddiaçıya məlum olmuşdur ki, ona Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən verilmiş A 091698 nömrəli bakalavr diplomu dövlət nümunəli deyil. O, Azərbaycan Dövlət Pedaqoji Universitetində əyani təhsi almış, oranı yaxşı qiymətlərlə bitirərək məzmun olmuş və ona diplom verilmişdir. İddiaçı hesab edir ki, onun hüquqları cavabdeh tərəfindən pozulur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin ona məzun kimi verdiyi diplumun hansı səbəbdən dövlət nümunəli olmaması onun günahı ola bilməz. İddiaçı Naxçıvan Dövlət Universitetinə qəbul olunan zaman diplom yoxlanılmış və hər hansı uyğunsuzluq aşkar olunmamışdır. Dövlət tərəfindən təhsil almaq hüququ təmin olunan vətəndaşın qnuni yolla təhsil almasından sonra ona diplom verilməsindən imtina olunması qanunvericiliyin tələbinə ziddir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 42, 60-cı maddələrinə, İPM-in 35.1-ci maddəsinə əsaslanaraq, Naxçıvan Dövlət Universitetində 2017 – 2020-ci tədris ilində iqtisadiyyat ixtisası (əlavə ali təhsil) üzrə məzun olduğundan iddiaçıya diplom verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsinin iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı Naxçıvan Dövlət Universitetində 2017 – 2021ci il illərdə “iqtisadiyyat” ixtisası (əlavə ali təhsil) üzrə məzun olduğundan ona diplom verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2017/2018-ci tədris ilində Naxçıvan Dövlət Universitetinin “iqtisadiyyat” ixtisası üzrə qiyabi şöbəsinə qəbul olunmuş, 2020/2021-ci tədris ilində Universiteti yaxşı qiymətlərlə başa vurub, məzun olmuşdur. Naxçıvan Dövlət Universiteti tərəfindən iddiaçının da adı qeyd olunan məzunların siyahısı Elm və Təhsil Nazirliyinə göndərilmişdir. Lakin digər məzunlardan fərqli olaraq iddiaçıya diplom blankı təqdim edilməmişdir. Nazirlik iddiaçının 1-ci baza ali təhsil haqqında sənədini araşdırarkən onun dövlət nümunəli olmadığını müəyyənləşdirmişdir. Belə ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi, Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən verilmiş A 091698 nömrəli diplom Nazirlik tərəfindən araşdırılmış və məlum olmuşdur ki, iddiaçının təqdim etdiyi A 091698 nömrə altında qeydə alınmış diplom Azərbaycan Dövlət Pedaqoji Universitetinin 2012 – 2016-cı illərdə təhsil almış məzunu X1 verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə»nin 6.1-ci bəndinə əsasən təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi Komissiyanın əsas vəzifələrindən biridir. Hazırda qüvvədə olan «Təhsil haqqında» Qanunun 26.2-ci maddəsinə görə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirir. «Təhsil haqqında» Qanunun 27.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Həmin Qanunun 27.2-ci maddəsində qeyd edilir ki, təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsasdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 noyabr 2000-ci il tarixli 1035 nömrəli əmri ilə təsdiq edilmiş və 23 noyabr 2000-ci il tarixdə Ədliyyə Nazirliyində qeydə alınmış «Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında Təlimat»ın 1.4-cü bəndinə əsasən təhsil sənədi blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilir. Beləliklə, qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçının 1-ci baza ali təhsil haqqında sənədi standartlarına və qanunvericiliyin tələblərinə cavab vermədiyinə görə iddia tələbi rədd edilməlidir. Göstərilənlərə və İPM-in 47, 68, 73.3-cü maddələrinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. iş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məhkəməyə ünvanlanmış 5 oktyabr 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən İddiaçı adına yazılmış A 091698 nömrəli diplom blankının hüquqi əsası yoxdur. Bu barədə naxçıvan Dövlət Universitetinə 24 fevral 2022-ci il tarixli 31-31-168/15 nömrəli məktub göndərilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin məhkəməyə ünvanlanmış 30 dekabr 2023-cü il tarixli (müvafiq sorğuya cavab olaraq) məktubunda qeyd olunmuşdur ki, A 091698 nömrəli diplomun X2 məxsus olduğu aşkarlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası X4nin məhkəməyə ünvanlanmış 10 yanvar 2024-cü il tarixli (müvafiq sorğuya cavab olaraq) məktubunda qeyd olunmuşdur ki, xx xxxxxx 1992-ci il təvəllüdlü Talıbova (əvvəlki soyadı Əsgərli) Səmarə Yunis qızı (şəxsiyyət vəsiqəsinin FİN kodu: xxxxxxx) ali təhsilin bakalavriat səviyyəsinə İİİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanlarında 700 ballıq şkala üzrə 2010-cu ildə DT altqrupunda 139 bal, XH altqrupunda 138 bal, 2012-ci ildə 151 bal toplayaraq, heç bir təhsil müəssisəsinə qəbul olmamış və barəsində X4 (əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. İş materiallarında olan Naxçıvan Dövlət Universitetinin iqtisadiyyat vəidarəetmə fakültəsinin 2 dekabr 2021-ci il tarixli 10/25369 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı həqiqətən 2017/2018-ci tədriq ilində iqtisadiyyat (əlavə ali təhsil) ixtisasına qəbul olmuş, 2020/2021-ci tədris ilində həmin ixtisası bitirmişdir. Təhsil aldığı müddətdə dərslərdə iştirak etmişdir. İş materiallarında olan Naxçıvan Dövlət Universitetinin 2 dekabr 2021-ci il tarixli 56a/3029 nömrəli arayışında qeyd olunmuşdur ki, tələbəsi İddiaçı illik təhsil haqqı 1.300 manat təşkil edir. Onun təhsi aldığı 2017 – 2021-ci illərə təhsil haqqı borcu yoxdur. İş materiallarında olan Naxçıvan Dövlət Universitetinin ünvan ünvanlanmış 1 mart 2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, tələbə İddiaçı 2017/2018-ci tədris ilində Naxçıvan Dövlət Universitetinin qiyabi şöbəsinin “iqtisadiyyat (əlavə ali təhsil)” ixtisasına qəbul olunmuşdur. İddiaçı 2020/2021-ci tədris ilində Universitetdən məzun olmuş və diplom almaq üçün sənədləri digər tələbələrlə birlikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən sənədlərin yoxlanılması zamanı İddiaçı adına Azərbaycan Dövlət Prdaqoji Universiteti tərəfindən verilmiş A 091698 nömrəli bakalavr diplomunun dövlət nümunəli olmadığı aşkarlanmış və həmin məzuna Nazirlik tərəfindən diplom təqdim edilməyəcəyi ilə bağlı Universitetə məlumat verilmişdir. Ona görə də, Naxçıvan Dövlət Universiteti tərəfindən İddiaçı diplom təqdim edilməsi mümkün olmamışdır. Beləliklə işin məhkəmə araşdırması ilə məlum olmuşdur ki, İddiaçı 2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini 2016-cı ildə bakalavr dərəcəsi ilə bitirməsi barədə A 091698 nömrəli diplomu Naxçıvan Dövlət Universitetinə təqdim edərək, əlavə ali təhsilalan kimi həmin Universitetə qəbul olunmuş və 2021-ci ildə təhsilini başa vurmuşdur. X7 Universiteti tərəfindən diplom təqdim edilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin (hazırkı Elm və Təhsil Nazirliyinin) onu diplom blankı ilə təmin etməməsi səbəbindən mümkün olmamışdır. Təhsil Nazirliyi isə, öz hərəkətini iddiaçının təqdim etdiyi Azərbaycan Dövlət Pedaqoji Universitetini 2016-cı ildə bakalavr dərəcəsi ilə bitirməsi barədə A 091698 nömrəli diplomun dövlət nümunəli olmaması ilə əsaslandırmışdır. «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. «Təhsil haqqında» Qanunun 1.0.7-ci maddəsinə əsasən bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsidir, 1.0.8-ci maddəsinə görə isə, bakalavriat – müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 82 nömrəli 29 aprel 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası»nın 3.1-ci bəndinə görə ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi (ali təhsil müəssisələrinin və AMEA-nın ehtiyacları nəzərə alınmaqla) əsasında çap etdirilir. Qaydanın 3.2-ci bəndinə görə diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-na (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında» 28 iyul 2022-ci il tarixli 1769 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi Cavabdeh adlandırılmışdır. Göründüyü kimi, mövcud qanunvericilik normaları təhsil müəssisələrinin məzunların sayına görə ali təhsil sənədi sayılan diplomun blankı ilə təmin olunmasını Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, diplomun (doldurulmuş və təsdiqlənmiş şəkildə) məzuna təqdim edilməsini isə təhsil müəssisəsinin özünün səlahiyyətlərinə aid etmişdir. Hazırkı işin hallarına görə iddiaçı Talıbova X3 Dövlət Universitetində 2017 – 2021-ci illərdə müvafiq ixtisa üzrə ali təhsil aldığını iddia edərək, ona diplom verilməsini cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən tələb edir. Halbuki, yuxarıda qeyd olunduğu kimi, hazırkı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətlərinə məzuna “diplomla təmin edilməsi” deyil, təhsil müəssisəsinin “məzunun sayıla uyğun olaraq diplom blankı ilə təmin edilməsi” aiddir. Məhkəmə qeyd edir ki, məzun qismində çıxış edən hazırkı İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi arasında inzibati münasibət də yaranmamışdır. Çünki, mövcud inzibati praktikaya görə ləğv olunmamış və fəaliyyəti dayandırılmamış təhsil müəssisəsinin məzunu həmin təhsil müəssisəsinin özünə müraciət edə bilər və mübahisənin də onlar arasında yaranması mümkündür. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçıya diplomun verilməsi məsələsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi səlahiyyətli olmadığından, həmin qurum tərəfindən hazırkı iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-352/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-352/2024
21.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver