Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3522/2024 15.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında, yeraltı avtodayanacaq tikilisində yerləşən 23 kv. metr ölçülü "xxxx" saylı qeyriyaşayış sahəsinin Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatının aparılması və bununla bağlı ona çıxarış və texniki pasportun verilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, ünvan 7, zirzəmi mərtəbəsində (yeraltı avtodayanacaq tikilisində) yerləşən 23 kv. metr ölçülü 11 saylı qeyri-yaşayış sahəsinin (qaraj) uzərində iddiaçının mulkiyyət huququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və iddiaçıya daşınmaz əmlakın dövlət reyestrdən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən "xxxx" saylı qeyri-yaşayış sahəsi ləğv olunmuş "xxxx" mənzil-tikinti koorperativinin (bundan sonra mətndə "xxxx" MTK) 1999-2022-ci illərdə tikib tamamladığı çoxmənzilli, çoxmərtəbəli yaşayış binası kompleksinin yeraltı avtodayanacaq tikilisinin tərkib hissəsidir. Qeyriyaşayış sahəsi yer altındadır, sıra obyektlərdən biridir, divarları və qapısı vardır. Bina kompleksi 2002-ci il tarixində istismara qəbul olunub və istifadəyə verilmişdir. Yeraltı avtodayanacaq tikilisinin özü isə Bakı ŞİH başçısının xx.xx.2021-ci il tarixli 4-3186/17 N-li məktubu ilə razılaşdırılmışdır. 2020-ci ilin may ayının 6-da "xxxx" MTK rəsmi qaydada ləğv edilmiş, onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilmiş, həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatından çıxarılmışdır. Bu barədə AR Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin X5 Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə “Kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında” **********06 nömrəli bildiriş təqdim edilmişdir. Nərimanov rayonu, İ.Dadaşov küçəsində yerləşən 48 və 50 saylı çoxmənzilli yaşayış binası kompleksi sakinlərinin bina kompleksini birgə idarə etmək və birgə idarəçilikdən irəli gələn məsələlərin birgə operativ həlli üçün "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (bundan sonra "xxxx" MMMC) qeyri-kommersiya hüquqi şəxsi qurulmuşdur. Buna qədər bina kompleksində kommunal xidmət və idarəçilik məsələləri, payçıların üzvlük və üzvlükdən azad olunması, payların addan-ada keçirilməsi, sair rəsmiləşmə işləri xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmış, 1999-2002-ci illərdə həmin yaşayış kompleksinin tikintisini aparmış "xxxx" MTK tərəfindən həyata keçirilirdi. "xxxx" MTK Nərimanov rayonu, İ.Dadaşov küçəsində yerləşən, kompleks şəklində olan 48 və 50 saylı binaların tikintisini həyata keçirmək üçün qurulmuşdu. 2002-ci il tarixdə bina istismara verildikdən və sakinlər tərəfindən binanın tərkib hissələri olan mənzillər və qeyri - yaşayış sahələri üzərində mülkiyyət hüquqları əldə edildikdən sonra MTK faktiki olaraq öz fəaliyyətini başa vurmuşdu. Həmin tarixdən MTK yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi mülkiyyətində olan əmlakın idarə edilməsini, istismarını, bu əmlaka sahibliyin və ondan istifadənin təmin edilməsini həyata keçirirdi. 11 saylı sözügedən qeyri-yaşayış sahəsini o, ilkin hüquq sahibi, Kənan MTK-nın üzvü X1 almış və obyektin sahiblik və istifadəsinə sənədləşdirilmişdir. Həmin tarixdə ona maliyyə arayışı da verilmişdi ki, obyektin dəyəri, pay haqqı tam şəkildə ödənilmişdir. X4 özü ərizə ilə MTK-ya müraciət edərək 11 saylı qarajın adına sənədləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Həmin vaxtdan indiyə kimi obyekt sahibliyindədir. Ona məxsus qeyri-yaşayış obyekti istifadə təyinatına görə qaraj olsa da digər qaraj sahibləri tərəfindən bu obyektlər daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmışdır. Yəni onun obyektilə eyni sırada və eyni məkanda yerləşən qeyri-yaşayış sahələrinin daşınmaz əmlakın dövlət reyestrində bu qaydada qeydiyyata alınmasının artıq inzibati praktikası vardır. O, həmin binada yaşayır, orada mənzili vardır, MTK-nın üzvü və payçısıdır. Sözügedən qeyri-yaşayış sahəsindən qaraj kimi istifadə edir, obyekt onun faktiki istifadəsində və sahibliyindədir. Bu ilin mart ayında 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, sözügedən əmlakının adına qeydiyyatının aparılmasını, çıxarış və texniki sənəd verilməsini xahiş etmişdir. Cavabdeh orqan hüququnun qeydiyyatından, çıxarış və texniki sənəd verilməsindən imtina etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 07 noyabr 2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi yazılı etirazında göstərmişdir ki, qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsində nəzərdə tutulmuş mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) təqdim edilməmişdir. Həmçinin təqdim edilən layihə ləğv prosesində olan "xxxx" MTK-nın möhürü ilə təsdiqlənməmişdir və təqdim edilmiş maliyyə arayışında tarix qeyd edilməmişdir. Bundan başqa, təqdim edilən sənədlərdən görünür ki, "xxxx" MTK ləğv prosesində olmuş, lakin sənədlər ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) tərəfindən imzalanmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60.4-cü maddəsinə əsasən ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş layihə ilə faktiki ölçülərdə uyğunsuzluq mövcuddur. Belə ki, təqdim edilən layihədə qeyri-yaşayış sahəsinin ölçüsü 35,9 kv. m, faktiki isə 23,1 kv. m. təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarında olan: “Bakıkondisioneri” EİB-nin nəzdində təşkil edilmiş "xxxx" MTK ilə MTK-nın üzvü X4 arasında bağlanmış xx.xx.2001-ci il tarixli 45 №li müqavilədən (surəti) müəyyən olunur ki, sonuncu kooperativin Bakı şəhəri, Nərimanov rayonu, ərazisində Atatürk prospekti, 1981ci məhllədə tikəcəyi kooperativ yaşayış binasından 23 kv. təşkil edən qaraj almaq üçün kooperativə müraciət etmişdir. "xxxx" MTK-nın üzvlərinin ümumi yığıncağının xx.xx.2017-ci il tarixli, 42 №-li protokolundan çıxarışından müəyyən olunur ki, İddiaçı koorperativə üzv qəbul olunmaqla, ünvan 3 ünvanında yerləşən koorperativ binasının 0 mərtəbəsində, 2-ci girişində, sağ tərəfdə yerləşən və ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsinin payçısı hesab edilmişdir. X4 tərəfindən "xxxx" MTK-ya ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, o, İ.Dadaşov 48 A ünvanda ona məxsus 11 nömrəli ümumi sahəsi 23 kv. m. olan qarajın İddiaçı adına sənədləşdirilməsini xahiş etmişdir. “Bakıkondisioneri” EİB-nin nəzdində təşkil edilmiş "xxxx" MTK ilə MTK-nın üzvü İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 45/1 №li müqavilədən müəyyən olunur ki, ünvan 4 ünvanında lahiyə-smeta sənədlərinə uyğun göstərilmiş və ümumi sahəsi 23 kv. metr olan qarajı almaq üçün İddiaçı tərəfindən müraciət edilmiş və bununla bağlı tərəflər arasında müqavilə bağlanmışdır. "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışından müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən yeraltı qaraj və sağlamlıq mərkəzi "xxxx" MTK-ya məxsusdur. Bu yeraltı qarajın sahəsi 23 kv. metr olan 11 №-li qeyri-yaşayış sahəsinin dəyəri 2162 (iki min bir yüz altmış iki) manat payçı İddiaçı tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. Azərbaycan Repspublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş: - MA seriyalı, ******* №-li “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışdan müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 1368 nömrəli reyestr kitabının 125061 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə № ********** qeydiyyat nömrəsilə qeydiyyata alınmışdır. - RX seriyalı, ******* №-li “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 185 nömrəli reyestr kitabının 17346 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə № ********** qeydiyyat nömrəsilə qeydiyyata alınmışdır. "xxxx" MMMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 27 №-li arayışında qeyd olunmuşdur ki, kompleksinin idarəçilikdən irəli gələn məsələləri hal-hazırda bina sakinlərinin təsis etdikləri "xxxx" MMMC qeyri-kommersiya hüquqi şəxsi tərəfindən həyata keçirilir. Bina sakini və binada mənzil tərkib hissəsi mülkiyyətçisi olan İddiaçı 1999-2020-ci illərdə fəaliyyətdə olmuş "xxxx" MTK-nın üzvü və payçısı olmuşdur. ünvan 7 ünvanında yerləşən "xxxx" saylı qeyri-yaşayış sahəsi 2001-ci ildən 2019-cu ilədək MTK üzvü və payçısı X2 qanuni sahibliyində və faktiki istifadəsində olmuşdur. 1999-cu il tarixində tərəflərin öz aralarındakı razılığa əsasən payın güzəşti qaydasında "xxxx" saylı qeyriyaşayış sahəsi İddiaçı sahiblik və istifadəsinə keçmişdir. "xxxx" MTK tərəfindən İddiaçı müvafiq maliyyə arayışı verilmiş, gələcəkdə müvafiq dövlət orqanında rəsmiləşmə aparılması üçün işgüzar praktikaya uyğun olaraq müqavilə imzalanmışdır. Hər iki şəxs (Payı güzəşt edən və Payı əldə edən) MTK üzvü olduğu üçün və 2017-ci ildə Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə edilmiş müvafiq dəyişikliklə bağlı MTK-nın müvafiq səlahiyyəti olmadığından iki MTK üzvünün öz aralarında payın güzəşti qaydasında daşınmaz əmlak obyektinin verilib-alınması məsələsinə dair MTK üzvlərinin ümumi iclasının çağırılması uyğun görülməmişdir. "xxxx" MMMC bina mülkiyyətçilərinin səlahiyyətli qurumu adından bildirilir ki, ünvan 7 ünvanında yerləşən "xxxx" saylı qeyriyaşayış sahəsinin DƏDKR publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində ləğv edilmiş "xxxx" MTK üzvü və payçısı olmuş, hal- hazırda bina tərkib hissəsi mülkiyyətçisi, "xxxx" saylı qeyri-yaşayış sahəsinin qanuni sahibi və faktiki istifadəçisi İddiaçı adına qeydiyyata alınmasına, ona müvafiq çıxarış və texniki sənəd verilməsinə etiraz olunmur. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-35-2/2-208/2024 №-i məktubu ilə məhkəməyə təqdim edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının” xx.xx.2002-ci il tarixli Aktından müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, 1981-ci məhəllədəki 50 saylı yaşayış binası Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 350 saylı sərəncamına əsasən istismara qəbul edilmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********04 №-li xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0.6cı maddəsində nəzərdə tutulmuş mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) təqdim edilməmişdir. Həmçinin təqdim edilən layihə Ləğv prosesində olan "xxxx" MTK-nın möhürü ilə təsdiqlənməmişdir. Bundan başqa, təqdim edilən sənədlərdən görünür ki. "xxxx" MTK ləğv prosesində olmuş, lakin sənədlər ləğvetmə komissiyası (təsviyyəçi, ləğvedici) tərəfindən imzalanmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60.4-cü maddəsinə əsasən ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Bundan əlavə, təqdim edilmiş maliyyə arayışı, layihə ilə faktiki ölçülərdə uyğunsuzluq mövcuddur. Belə ki, təqdim edilən layihədə qeyri-yaşayış sahəsinin ölçüsü 35,9 kv. metr, maliyyə arayışında 23 kv. metr qeyd edilmiş, faktiki isə 23,1 kv. metr təşkil edir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə.139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə.139-1.1.6. Mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Maddə. 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülk Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Qanunun həmin maddəsinə görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əsas hesab olunur. Həmin Qanunun 10-cu maddəsində hüquqların dövlət qeydiyyatı üçün təqdim edilməli olan sənədlərin siyahısı göstərilmişdir. Bu maddəyə görə, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 4 oktyabr 2016-cı il tarixli Qərarı). İş materiallarından müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci il tarixdə "xxxx" MTKnın üzvlərinin ümumi yığıncağının protokoluna əsasən həmin koorperativə üzv qəbul olunmuş və hal – hazırda da həmin MTK-da ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan yaşayış və qeyri-yaşayış sahələri mövcuddur. Mübahisəli qeyri-yaşayış (qaraj) sahəsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, həmin qaraj ilkin olaraq 2001-ci ildə qanunvericiliyin tələblərinə uyğun MTK-ya üzv qəbul edilmiş X2 adına, daha sonra isə onun yazılı razılığı ilə 2019-cu ildə həmin MTK-nın üzvü olan hazırki iddiaçının adına rəsmiləşdirilməklə, sonuncunun faktiki istifadəsində və sahibliyindədir. Həmçinin iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən mübahisəli qarajın dəyəri (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı) MTK-ya tam ödənilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (həmin Qanunun 19.1, 19.2, 24.2-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, ünvan 7, zirzəmi mərtəbəsində (yeraltı avtodayanacaq tikilisində) yerləşən 23 kv. metr ölçülü 11 saylı qeyri-yaşayış sahəsinin (qaraj) uzərində iddiaçının mulkiyyət huququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyi DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidr. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 7, zirzəmi mərtəbəsində (yeraltı avtodayanacaq tikilisində) yerləşən 23 kv. metr ölçülü 11 saylı qeyri-yaşayış sahəsinin (qaraj) uzərində İddiaçı mulkiyyət huququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3522/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3522/2024
15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver