Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3524/2022 19.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov prospekti, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 9 saylı evin, 101 saylı mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 9 saylı evin, 101 saylı mənzili Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətini 27.03.1981-ci il tarixli, 29 saylı qərarına əsasən verilmiş 30.03.1981-ci il tarixli, 183970 nömrəli order əsasında onun istifadə və sahibliyindədir. Bakı şəhəri Xətai rayon MKTB 27 saylı MKİS tərəfindən verilmiş 23.07.2021-ci il tarixli, 819 nömrəli arayışdan da görünür ki, yuxarıda qeyd edilən orderdə göstərilmiş “Əhmədli kvartal 2945-49 ev 3, mənzil 101” ünvanı hazırda Qədir Məmmədov küçəsi, ev 9, mənzil 101 ünvanıdır. Həmçinin, DİN-in ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan da, görünür ki, o, Qədir Məmmədov küçəsi. Ev 9, mənzil 101 ünvanında 19.01.2004-cü ildən qeydiyyatdadır. Daha sonra o, müvafiq sənədlərlə cavabdeh inzibati orqana müraciət edərək, yaşadığı, qeydiyyatda olduğu, faktiki mülkiyyət hüquqlarını həyata keçirdiyi evin mülkiyyət hüququ əsasında ona məxsus olması barədə dövlət reyestrində müvafiq qeydlərin aparılması və bununla bağlı çıxarışın verilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin müraciətinə cavab olaraq ünvanladığı 29.09.2021-ci il tarixli, **********12 nömrəli bildirişli müraciətindən imtina edərək bildirmişdir ki, müraciətlə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti sorğular verilmiş, cavab olaraq Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti qeyd olunan mənzilə dair verilmiş 30.03.1981-c il tarixli, 183970 saylı orderin daimi verildiyi, fond Müdafiə Nazirliyinə aid olduğu, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən isə mənzilin Müdafiə Nazirliyinin mənzil fonduna deyil, Daxili Qoşunların mənzil fonduna aid olduğu bildirilmişdir. Cavabdeh inzibati orqan müraciətindən imtina edilməsini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsi ilə əsaslandırmışdır. Hesab edir ki, cavabdeh inzibati orqanın ona qanuni əsaslarla ayrılmış mənzilinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina etməsi əsassızdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsi, 9 saylı evin, 101 saylı mənzilinə dair təqdim etdiyi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 27.03.1981-ci il tarixli, 29 saylı qərarına əsasən verilmiş 30.03.191-ci il tarixli, ******* saylı order ilə bağlı 1 sayıl Bakı Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti qeyd edilən mənzilə dair verilmiş 30.03.1981-ci il tarixli, 183970 saylı orderin daimi verildiyi, fond Müdafiə Nazirliyinə aid olduğu, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən isə mənzilin Müdafiə Nazirliyinin mənzil fonduna deyil, Daxili Qoşunların mənzil fonduna aid olduğu bildirilmişdir. Bu səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamış və barədə vətəndaşa **********12 saylı, 29.09.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də, xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Nərimanov rayon X3 İcraiyyə Komitəsinin 27.03.1981-ci il tarixli, 29 saylı qərarına əsasən verilmiş 30.03.1981-ci il tarixli, 183970 nömrəli orderdən görünür ki, İddiaçı adına ailə tərkibi 4 nəfər olmaqla (özü, arvadı, 2 oğlu) Əhmədli qəsəbəsi, məhəllə 2945- 49, ev № 3, blok 6, mərtəbə 6 ünvanı üzrə 3 otaqlı, yaşayış sahəsi 38.6 kv.m olan 101 №-li mənzil verilmişdir. İşdə olan Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəis müavininə ünvanlanmış 1/789 nömrəli, 06.09.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 9 №-li evin 101 №-li mənzili üzrə hüquqların dövlət qeydiyyatının aparılmasına dair müraciəti ilə əlaqədar bildirirlər ki, Nərimanov rayon X3 İcraiyyə Komitəsinin 27.03.1981-ci il tarixli, 29 №-li qərarı ilə vətəndaş İddiaçı adına ailə tərkibi 4 nəfər olmaqla (özü, arvadı, 2 oğlu) Əhmədli qəsəbəsi, məhəllə 2945-49, ev № 3, blok 6, mərtəbə 6 ünvanı üzrə (hazırki Q.Məmmədov küçəsi, ev № 9) 3 otaqlı, yaşayış sahəsi 38.6 kv.m olan 101 №-li mənzilə 30 mart 1981-ci il tarixli, 183970 №-li daimi yaşayış orderi verilmişdir. Orderin kötüyü Nərimanov rayon İcra Hakimiyyətindədir. İddiaçı N №-li hərbi hissənin qulluqçusudur, fond Müdafiə Nazirliyinə aiddir. İşdə olan 2 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın surətindən görünür ki, İddiaçı 19.01.2004-cü il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Qeydiyyatda başqa şəxslər yoxdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********12 nömrəli, 29.09.2021-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişin surətindən görünür ki, iddiaçının Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsi, 9 saylı evin, 101 saylı mənzilinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, 23.07.2021-ci il tarixli ərizəsinə baxılaraq bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsi, 9 saylı evin, 101 saylı mənzilinə dair təqdim etdiyi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 27.03.1981-ci il tarixli, 29 saylı qərarına əsasən verilmiş 30.03.1981-ci il tarixli, 183970 saylı order ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti qeyd olunan mənzilə dair verilmiş 30.03.1981-ci il tarixli, 183970 saylı orderin daimi verildiyi, fond Müdafiə Nazirliyinə aid olduğu, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən isə mənzilin Müdafiə Nazirliyinin mənzil fonduna deyil, Daxili Qoşunların mənzil fonduna aid olduğu bildirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İşdə olan 27 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən 67 nömrəli, 18.01.2022ci il tarixli saylı arayışdan görünür ki, İddiaçı Q.Məmmədov küçəsi, ev 9 ünvanında yerləşən 101 nömrəli mənzilində qeydiyyatdadır. Göstərilən ünvana Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 30.03.1981-ci il tarixli, 183970 saylı order daimi orderdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən iddiaçının müraciətindən **********12 nömrəli, 29.09.2021-ci il tarixli məktubla imtina edilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəldikdə isə, iddia mahiyyəti etibarı ilə əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Nərimanov rayon X3 İcraiyyə Komitəsinin 27.03.1981-ci il tarixli, 29 nömrəli Qərarı ilə İddiaçı adına ailə tərkibi 4 nəfər olmaqla (özü, arvadı, 2 oğlu) Əhmədli qəsəbəsi, məhəllə 2945-49, ev 3, blok 6, mərtəbə 6 ünvanı üzrə (hazırki Q.Məmmədov küçəsi, ev 9) 3 otaqlı, yaşayış sahəsi 38.6 kv.m olan 101 nömrəli mənzilə 30 mart 1981-ci il tarixli, 183970 nömrəli daimi yaşayış orderi verilmişdir. Həmin orderdə iddiaçının ailə tərkibi 4 nəfər (özü, arvadı və 2 oğlu) göstərilsə də, hazırda həmin ünvanda özündən başqa heç kim qeydiyyatda yoxdur. İddiaçı sözügedən mənzilin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə ərizə ilə müraciət etmiş, onun müraciətindən mənzil Fondunun Müdafiə Nazirliyinə aid olduğu, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən isə mənzilin Müdafiə Nazirliyinin mənzil fonduna deyil, Daxili Qoşunların mənzil fonduna aid olduğunun bildirilməsi əsas gətirilərək imtina edilmişdir. Məhkəmə ilk öncə iddianın əsaslılığı ilə bağlı qeyd edir ki, mənzilə dair ilkin hüquqmüəyyənedici sənəd olan order 30 mart 1981-ci il tarixdə, 183970 nömrə ilə iddiaçıya 4 nəfər ailə tərkibi ilə verilmiş, iddiaçı həmin mənzilə 2004-cü il tarixdən qeydiyyata alınmış, halhazırda da, həmin mənzildə yalnız özü qeydiyyatdadır. Göründüyü kimi, iş materiallarına əsasən həmin mənzilin 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinə uyğun olaraq Nərimanov Rayon X3nin İcraiyyə Komitəsinin 30 mart 1981-ci il tarixli daimi orderi əsasında verilmiş yaşayış sahəsi olduğu müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X1 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçəməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əsas hesab edilir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: - mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; - mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; - yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; - özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi iddiaçının mübahisəli mənzilə dair “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüquqlarının qeydiyyata alınmasına əsas olan sənədi, 01 oktyabr 2009-cu il tarixədək verilmiş orderi mövcuddur. Bu səbəbdən də, onun mənzilə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Cavabdeh tərəfindən iddiaçının müraciətindən mənzil fondunun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin deyil, Daxili Qoşunların mənzil fonduna aid olması əsas gətirilərək, iddiaçının müraciətindən imtina edilsə də, məhkəmə həmin imtinanı əsaslı hesab etmir. Belə ki, sözügedən mənzilə dair iddiaçının adına daimi order verilməklə, onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş əsaslarla gözlənilən mülkiyyət hüququ yaranmışdır. Belə olan halda, cavabdehin iddiaçının müraciətindən imtina üçün istinad etdiyi yuxarıda göstərilən arqumentlər formal olmaqla, iddiaçının hüquqlarını məhdudlaşdıran hal olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinin 1-ci hissəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 9 saylı evin, 101 saylı mənzilinin İddiaçı adına (mülkiyyət hüquqü üzrə) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin mənzilə dair çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3524/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3524/2022
19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver