Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3526/2022 06.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qameddin oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “11225,23 manat məbləğində vergi borcunun yazılmasına dair qərarının ləğv edilməsinə və həmin məbləğdə vergi borcunun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qameddin oğlu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “11225,23 manat məbləğində vergi borcunun yazılmasına dair qərarının ləğv edilməsinə və həmin məbləğdə vergi borcunun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qanunla müəyyən edilmiş qaydada fiziki şəxs kimi vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyata alınmaqla (VOEN **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və vergi orqanlarına müvafiq qaydada vergi hesabatlarını təqdim etmişdir. Lakin Bakı şəhəri Xətai rayon İcra şöbəsindən iddiaçıya məlum olmuşdur ki, cavabdehin qərarı ilə qanunsuz və əsassız olaraq ona 11225,23 manat məbləğində vergi borcu yazılmışdır. Bununla əlaqədar iddiaçı bildirir ki, o fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisi qismində müntəzəm surətdə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə cavabdehə vergi hesabatlarını vermişdir. İddiaçı qanunsuzluqla əlaqədar dəfələrlə cavabdehə müraciət etmiş, lakin buna baxmayaraq vergi hesabatları qanunsuz və əsassız olaraq qəsdən qəbul edilməmiş, bunun da nəticəsində cavabdehin qərarı ilə iddiaçıya qanunsuz və əsassız olaraq süni surətdə şişirdilmiş, qanunsuz hesablanmış və təhrif olunmuş rəqəmləri özündə əks etdirən 11225,23 manat məbləğində vergi borcu yazılmışdır. Ona görə də iddiaçı hesab edir ki, cavabdehin qərarı ilə ona 11225,23 manat məbləğində vergi borcunun yazılması qanunsuz və əsassız olduğundan, həmin məbləğ sadələşdirilmiş vergi ödəməsi sistemi ilə deyil, qanunsuz və əsassız olaraq həddən artıq şişirdilmiş rəqəmlərlə yazıldığına və buna hüquqi əsas olmadığına görə mübahisələndirilərək məhkəmə qaydasında cavabdehin qərarı ləğv edilməli və ona qanunsuz yazlmış 11225,23 manat məbləğində vergi borcu silinməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh vəsatət təqdim edərək iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 35.1; 46.2.1 və 46.2.4-cü maddələrinin tələblərinə düzgün əməl olunmamışdır. İddiaçı mübahisələndirdiyi borc məbləği vergi orqanı tərəfindən qəbul edilmiş inzibati aktın icra olunması nəticəsində yaranmamışdır. O, şəxsi hesab vərəqəsinə işlənmiş 11225.23 manat vergi borcunun əsassız olmasını iddia etməsinə baxmayaraq, mübahisələndirdiyi borc məbləğinin hesablanmasına əsas olmuş qərarları qeyd etməmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi çıxış edərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçının şəxsi hesab vərəqəsinə əsasən vergi borcu 11225,23 manat deyil, daha böyük məbləğdir. İddiaçı isə ərizəsində hansı dövr üçün vergi borcunun hesablanması barədə qərarın ləğv edilməsini arzu etdiyini dəqiq göstərməmiş və əsaslandırmamışdır. Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçının iddia ərizəsindən göründüyü kimi İddiaçı Qameddin oğlunun hazırda cavabdehə qarşı irəli sürdüyü tələblər 11225,23 manat məbləğində vergi borcunun yazılması haqqında Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qərarının ləğv edilməsindən və həmin məbləğdə vergi borcunun silinməsindən ibarətdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir və həmin qərarların qüvvədə olduğu halda vergi borcunun silinməsi vəzifəsi kimi vergi orqanının öhdəliyi yaranmır. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi də etirazında 11225.23 manat vergi borcunun hesablanmasına əsas olmuş qərarların iddiaçı tərəfindən qeyd edilmədiyini, həmin məbləğin vergi orqanı tərəfindən qəbul edilmiş inzibati aktın icra olunması nəticəsində yaranmadığını bildirmişdir. Məhkəmə iddiaçı iddia ərizəsində göstərilən borcun yaranması üçün əsas olmuş qərarları və onlara aid olan sənədləri cavabdehdən sorğu etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin təqdim etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********840100 nömrəli, 29 noyabr 2021-ci il tarixli və **********198600 nömrəli, xx.xx.2021-ci il tarixli qərarlarından göründüyü kimi iddiaçıya cavabdeh tərəfindən kameral qaydada vergi borcu vergi orqanının inzibati hesab edilən aktları əsasında hesablanmışdır. Həmin qərarlar əsasında iddiaçıya müvafiq olaraq 27257,62 manat və 185126,40 manat məbləğində vergi və ya sığorta haqqı hesablanılmış və ödənilməsi tələb olunmuşdur. Məlum olduğu kimi isə, vergi borcları vergi ödəyicisinin verdiyi vergi bəyannaməsinə və ya vergi orqanının həyata keçirdiyi yoxlaması üzrə tərtib etdiyi yoxlama aktına əsasən yaranır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddia ərizəsinə görə iddiaçının tələbi 11225,23 manat məbləğində vergi borcunun silinməsindən, 11225,23 manat vergi borcunun hesablanmasına əsas olmuş (əslində mövcud olmayan) qərarın ləğv edilməsindən ibarətdir. Məhkəmə tərəfindən 05 noyabr 2022-ci il tarixli məktub ilə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıdan iddia tələbinin dəqiqləşdirilməsinin zəruri olduğu bildirilmiş və 20 gün müddət təyin edilmişdir. Lakin iddiaçı məhkəmənin onun üzərinə qoyduğu vəzifəsini yerinə yetirməkdən çəkinmişdir. İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə məhkəmə iclasları xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərə təyin edilmiş, iddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq iclaslarda hər hansı üzürlü səbəb göstərmədən iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndində göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 3.3cü bənədinə görə, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi (xx.xx.2021-ci il) tarixdən məhkəmə prosesi ilə maraqlanmamış, məhkəmə iclaslarına gəlməmiş, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, qanun və məhkəmənin tələblərini yerinə yetirməmişdir. Görünür iddiaçı onun iddia ərizəsində göstərilmiş iddia tələbinə məhkəmə tərəfindən baxılmasını istəmir. Məhkəmə qeyd edir ki, vergi ödəyicisinə vergilər düzgün hesablanmadığı halda, onun bu məsələnin məhkəmədə mübahisələndirmək hüququ vardır, lakin yuxarıda qeyd edildiyi kimi, məhkəmə tərəfindən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsinə dair hüquqi yardım göstərilsədə, iddiaçı formal xətanın aradan qaldırılaraq vergi borcunun yaranmasına əsas olmuş vergi orqanının qərarlarını mübahisələndirmək iddiaçıya təklif olunsa da, iddiaçı iddia tələbini dəqiqləşdirməkdən yayınmışdır. Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, İddiaçı Qameddin oğlunun cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “11225,23 manat məbləğində vergi borcunun yazılmasına dair qərarının ləğv edilməsinə və həmin məbləğdə vergi borcunun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Qameddin oğlunun cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “11225,23 manat məbləğində vergi borcunun yazılmasına dair qərarının ləğv edilməsinə və həmin məbləğdə vergi borcunun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3526/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3526/2022
06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver