Məhkəmə qərarları › İş №2-1(112)-3526/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3526/2023

16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3526/2023 16.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinə (üçüncü şəxs X14 və X6) qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2006-cı il təvəllüdlü İddiaçı üçüncü şəxs (atası) Əlizadə Üzeyir oğlunun mülkiyyətində olan Nərimanov rayonu Kaveroçkin küçəsi 36 saylı evin 21 saylı mənzilinə pasport qeydiyyatına alınması vəzifəsinin Nərimanov rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının X14 ilə nikahları pozulmuş və birgə nikahdan olan övladları iddiaçının atasının mülkiyyətində olan mənzildə pasport qeydiyyatındadırlar və onların pasport qeydiyyatından çıxmasını mülkiyyətçi tələb edir. X2 Turan Üzeyir oğlunu mülkiyyətində olan Nərimanov rayonu, Kaveroçkin küçəsi 36 saylı evin 21 saylı mənzilə pasport qeydiyyatına salmağa könüllü razılıq verməmişdir, cavabdeh isə məhkəmə orqanına müraciət etməyi tövsiyyə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13941/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan iddiaçı Qanuni nümayəndə əsl İddiaçı ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13941/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X2 Turan Üzeyir oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X14 iddia tələbinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.2006-cı il təvəllüdlü İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsi, ev 52, mənzil 20 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-İ 830406 nömrəli, xx.xx.2006-cı il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası X14 oğlu, anası X7r. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Qanuni nümayəndə Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsi, ev 52, mənzil 20 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-3847/2018 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, X14 ilə Əlizadə (Kazımova) Aynurə Aydın qızı arasında xx.xx.2005-ci il tarixdə bağlanmış və Bakı şəhəri Səadət Sarayı tərəfindən 2518 nömrə ilə qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan uşaqları 23 avqust 2006-cı il təvəllüdlü İddiaçı və 12 may 2009-cu il təvəllüdlü X9 anası X5 yanında qalması, 23 avqust 2006-cı il təvəllüdlü İddiaçı və 12 may 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün X8 X5 xeyrinə hər uşağa görə 154 (bir yüz əlli dörd), cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləği aliment tutulması, aliment məbləğinin xx.xx.2018-ci il tarixdən etibarən tutulması qət edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********23 nömrəli məktubu ilə göndərilmiş mənzilə adir sənədlərin surətindən görünür ki: - xx.xx.2012-ci il tarixli AN–İ0280992 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X10 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 69.45 kv.m, yaşayış sahəsi 46.05 kv.m, 3 otaqdan ibarət olan mənzili alıcı X1. - xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən X14 ünvan 6-i hədiyyə alan X15 mülkiyyətinə verir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli, 018-29654- 1222 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu. T.Əliyev küçəsi ev 52, mənzil 20-də qeydiyyatda olan İddiaçı qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv ediliyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 50/2-3851 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 3 ünvana İddiaçı xx.xx.2015-ci il tarixdə “ASAN 1” xidmət mərkəzində qeydiyyata alınmışlar. Odur ki, məktubda qeyd olunan məsələ ilə bağlı “ASAN 1” xidmət mərkəzinə müraciət etməyiniz məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Qanuni nümayəndənln müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, 078-28164/C nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı ünvan 5 ünvanına qeydiyyata alınmağı üçün Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanununun 5-ci maddəsinin tələblərinə əsasən müvafiq sənədlərlə (dövlət reyestrindən çıxarış, icarə-kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s.) birlikdə RPİ-nin QMB-nə müraciət etməlisiniz. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə vətəndaşın qeyd olunan ünvana tərəfimizdən qeydiyyata alınmağınız qanuna müvafiq deyildir. Odur ki, bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyiniz məqsədə müvafiqdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən mənzilə qeydiyyata alınma ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, işin sadalanan hallarından görünür ki, İddiaçı 23 avqust 2006-cı il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan şəxsdir. İddiaçının atası X14, anası Qanuni nümayəndə olmaqla valideynləri arasında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsi, ev 52, mənzil 20 ünvanında qeydiyyatda olsa da hazırkı tələbində X11 mülkiyyətində olduğunu iddia etdiyi ünvan 6 ünvanına qeydiyyata alınmasını tələb edir. Bununla bağlı iddiaçı cavabdeh Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh yaşayış sahəsinə qeydiyata əsas verən “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 5-ci maddəsi ilə tələb olunan sənədlərin təqdim olunmadığını əsas gətirərək iddiaçıya imtina cavabı vermişdir. Hazırda iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edərək ünvan 6 ünvanına qeydiyyata alınmasını inzibati məhkəmə icraatında mübahisələndirir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 5-ci maddənin 2-ci bəndində nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. İşin hallarına görə iddiaçı mübahisəli ünvana qeydiyyat üçün istinad edilmiş Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlərdən heç birini (order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi) təqdim etməmişdir. Eyni zamanda sözügedən mənzil xx.xx.2021-ci il tarixdən X3 mülkiyyətindədir. Belə olan halda iddiaçının həmin evə mülkiyyət hüququ olan X3 qeydiyyata alınma üçün razılıq ərizəsinin təqdim edilməsi tələb olunur ki, iş üzrə belə bir razılıq nə inzibati orqana, nə də məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının hazırkı qeydiyyat ünvanının müəyyən edilməsi onun bilavasitə iradəsindən deyil, həm də yetkinlik yaşına çatmamış şəxs olmaqla qanuni nümayəndəsinin qeydiyyat ünvanından da asılıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 28.3-cü maddəsinə görə 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Həmin Məcəllənin 35.6-cı maddəsinə görə yetkinlik yaşına çatmayan fiziki şəxslərin qəyyumları və himayəçiləri öz qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə yaşamalıdırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Beləliklə, müəyyən olunur ki, yetkinlik yaşına çatmayanlar bir qayda olaraq qanuni nümayəndələri ilə birlikdə yaşayırlar. 14 yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin yaşayış yeridir. Qanunverici on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların yaşayış yerini onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin razılığı ilə müəyyən etmişdir. İddiaçının mübahisəli evdə yaşamasına dair sübut məhkəməyə təqdim edilməmişdir, bu işin mübahisələndirilməyən halıdır. Yetkinlik yaşına çatmayan iddiaçı qanuni qüvvəsini almış məhkəmə qətnaməsiylə anası Qanuni nümayəndə himayəsinə verilmişdir. Sonuncu isə sözügedən ünvanda yaşamır və həmin ünvanda da qeydiyyatda deyil. Himayəçi valideyn hazırda da iddiaçının qeydiyyatda olduğu ünvanda (ünvan 7inlik yaşına çatmayan iddiaçının yaşayış yerinin müəyyən edilməsi ilə bağlı valideynlərinin razılığa gəlməsi iş üzrə müəyyən olunmur, əksinə qətnamə ilə iddiaçı Qanuni nümayəndə himayəsinə verildiyindən hazırki halda iddiaçının yaşayış yeri himayəsinə verilmiş anası Qanuni nümayəndə yaşadığı yer sayılır. Belə olan halda iddiaçının qanuni nümayəndəsi ilə birlikdə yaşadığı ünvandan başqa ünvanda qeydiyyata alınması qanunvericiliyin tələbinə uyğun deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar